Qarabağın çırağı gur
yanacaq
Bu regionda müxtəlif enerji mənbələrindən istifadə üçün böyük
potensial var
Erməni vandalları 1990-cı illərin əvvəllərində soydaşlarımızı Qarabağdan - öz ata-baba yurdlarından didərgin salmaqla yanaşı, işğal etdikləri ərazilərdə uzun müddət talançılıqla məşğul olublar. İndi bütün dünya gördü ki, işğalçılar bu torpaqlarda hansı vəhşilikləri törədiblər.
Şəhər və kəndlərdə evlərin əksəriyyəti dağıdılıb, tarixi abidələr uçurulub, muzeylər talan edilib, təbiətə böyük ziyan vurulub, məscidlər təhqir olunub.
Artıq mənfur düşməndən etdiyi vəhşiliklərin, törətdiyi qətllərin və soyqırımlarının qisası döyüş meydanında alınıb. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması üçün Azərbaycan dövləti əlindən gələni edəcək, işğaldan azad olunmuş şəhərlər və kəndlər yenidən qurulacaq.
Xoşbəxtlikdən, həmin ərazilərin təbiəti, torpağı, təbii ehtiyatları orada iqtisadiyyatın bir sıra sahələrinin inkişafına imkan verir. Belə ki, kənd təsərrüfatında həm əkinçiliyi, həm də heyvandarlığı, sənayedə emal, mədənçıxarma və digər sahələri inkişaf etdirmək üçün böyük potensial var.
Məlum olduğu kimi, erməni işğalçıları regionun energetika infrastrukturunu da dağıdıblar. Azərbaycan Respublikası Energetika Nazirliyinin bildirdiyinə görə, Qarabağ regionunda 10 elektrik şəbəkə rayonu (Şuşa, Xocalı, Xocavənd, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Kəlbəcər və Ağdam) üzrə 20 yarımstansiya mövcud olub. Eyni zamanda 2000 kilometrlik təbii qaz xətləri və 34 qazpaylayıcı qurğu istismar edilib. Qarşıda dağıdılmış və talan edilmiş infrastrukturun bir daha dəqiq qiymətləndirilməsi vəzifəsi dayanır.
Nazirlik, eləcə də, bölgədə energetika sahəsinin inkişafı üçün mövcud olan potensialı açıqlayıb. Belə ki, burada müxtəlif enerji mənbələrindən istifadə üçün böyük potensial var. O cümlədən hidroenerji yaradılması üçün geniş imkanlar mövcuddur. Ümumiyyətlə, Qarabağın ərazisi bərpaolunan enerji resursları ilə də çox zəngindir.
Qarabağ Azərbaycanda yerli su ehtiyatlarının formalaşdığı əsas rayonlar sırasında dayanır. Ölkənin yerli su ehtiyatlarının 25 faizi, yəni ildə təqribən 2 milyard 560 milyon kubmetr su ehtiyatları bu ərazidə formalaşır. Regionun Tərtər, Bazarçay (Bərgüşadçay), Həkəri kimi əsas və digər kiçik çayları böyük su enerji potensialına malikdir. Bunların bir hissəsindən hələ sovet dönəmindən istifadə edilir, qalanlarından isə gələcəkdə bəhrələnmək mümkün olacaq.
İşğaldan azad olunmuş ərazilərdə əvvəllər 3 iri su elektrik stansiyası (SES) fəaliyyət göstərib. Bunlardan biri - "Tərtər” SES 1976-cı ildə Tərtər rayonu ərazisində, Tərtərçayın üzərində "Sərsəng” su anbarı ilə birgə inşa edilib. Stansiya hər birinin gücü 25 meqavat olan 2 hidroaqreqatdan ibarətdir. Bəndinin 125 metrlik hündürlüyünə görə "Sərsəng” ölkədə ən hündür bəndli su anbarlarından biri sayılır.
Vaxtilə "Sərsəng” su anbarı 6 rayonun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 125 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. 1990-cı ildə stansiyanın il ərzində istehsal etdiyi elektrik enerjisi 81,9 milyon kilovat/saat olub. Lakin 1993-cü ildə stansiya işğala məruz qalıb. Təbii ki, bundan sonra kompleksə lazımi texniki xidmət göstərilməyib, istifadə olunan avadanlıqlar köhnəlib. Bu səbəbdən də indi, ilk növbədə, stansiyanın texniki vəziyyətinin qiymətləndirilməsinə, daha sonra isə bərpa işlərinin aparılmasına ehtiyac var.
Regiondakı digər mühüm enerji obyektləri "Xudafərin” və "Qız Qalası” su elektrik stansiyalarıdır. Cəbrayıl rayonundakı Xudafərin kəndindən bir kilometr şimal-qərbdə yerləşən "Xudafərin” SES layihəsinin ərazisi 1992-ci ildə işğal nəticəsində Ermənistanın nəzarəti altına düşmüş və beləliklə, tikinti dayandırılmışdı. Lakin İran tərəfdən stansiyanın inşası davam etdirilmişdir. Azərbaycan tərəfində bu enerji obyektinin hər biri 50 meqavat gücündə 2 hidroaqreqatdan ibarət olması planlaşdırılır.
Araz çayı üzərində tikintisi nəzərdə tutulmuş "Qız qalası” SES-in isə hər biri 20 meqavat gücündə 2 hidroaqreqatdan ibarət olacağı planlaşdırılır və stansiyanın İran tərəfindən inşaat işləri davam etdirilir.
"Xudafərin” hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, "Qız qalası” hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir. Bu hidroqovşaqların və su elektrik stansiyalarının tikintisi və istifadəsi Azərbaycanla İran arasında 2016-cı ildə imzalanmış sazişlə tənzimlənir.
Müzəffər Ordumuzun Cəbrayıl rayonunu işğaldan azad etməsi, İran İslam Respublikası ilə dövlət sərhədinin tam nəzarətə götürülməsi "Xudafərin” və "Qız qalası” hidroqovşaqları üzərində elektrik stansiyalarının inşasının başa çatdırılmasına imkan yaradır. Bu layihələr işğaldan azad edilmiş ərazilərin həm elektrik enerjisi ilə təmin olunmasında, həm də torpağın suvarılmasında xüsusi rol oynayacaq.
Qarabağın günəş enerjisi istehsalı üçün də potensialı böyükdür. Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Qarabağın cənub düzənlik hissəsi - Füzuli, Cəbrayıl, Zəngilan rayonları Naxçıvan Muxtar Respublikası ərazisindən sonra ikinci yerdə dayanır. Burada bir kvadratmetr üfüqi səthə düşən günəş radiasiyası ildə 1600-1700 kilovat/saat təşkil edir. Bu ərazilərin ümumi günəş enerjisi potensialı 3000-4000 meqavatdır. Ərazidə ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə potensialın daha dəqiq hesablanması həyata keçiriləcək.
Qarabağda, eləcə də, külək enerjisi istehsal etmək mümkün olacaq. Belə ki, regionun dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin saniyədə 7-8 metr olduğu geniş ərazilər mövcuddur. Kəlbəcər və Laçın rayonlarının Ermənistanla sərhəd ərazilərində küləyin orta illik sürəti saniyədə 10 metrə çatır. Ümumilikdə Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 300-500 meqavat kimi qiymətləndirilir. Ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə bu sahənin də dəqiq potensialı hesablanacaq.
Bütün bunlardan başqa, Kəlbəcərdə və Şuşada termal su ehtiyatları mövcuddur. Qarşıda dayanan vəzifələrdən biri də termal mənbələrdən enerji məqsədli istifadənin mümkünlüyünü tədqiq etməkdir.
Qarabağ bölgəsində, həmçinin daş kömür yataqları mövcuddur. Belə ki, Tərtər rayonunun Çardaqlı kəndində 8,5 milyon ton daş kömür ehtiyatı var.
İşğaldan azad olunmuş rayonlarımıza yeni layihələrlə gələcəyik. Bu layihələrlə yurd-yuvasına qayıtmış insanların həyatı rövnəqlənəcək. Qarabağın təbii resursları burada işığın da bol olmasına imkan verəcək. Qarabağın çırağı gur yanacaq.
Flora SADIQLI
Azərbaycan.- 2020.-17 noyabr.- S.1, 7.