Ermənistanda
repressiyalar güclənir
Ermənistanda müharibədəki
məğlubiyyət fonunda müşahidə olunan proseslərdən
biri də insan hüquqlarının, söz və fikir
azadlığı sahəsində durumun pisləşməsidir.
"4rd.am” saytı yazır ki,
baş nazir Nikol Paşinyanın siyasəti nəticəsində
son iki ildə ökədə demokratiyanın inkişafı
istiqamətində bir addım belə irəliyə
atılmayıb: "Əksinə, vəziyyət əhəmiyyətli
dərəcədə pisləşib. Bu gün
Ermənistan dünyada totalitar ölkələr
sırasında yer alır. Yerevanda
keçirilən etiraz aksiyalarında gördük ki, burada
insanlar daim polis repressiyası altındadır.
Siyasi məhbusların
sayına görə postsovet məkanında Ermənistan lider
hesab oluna bilər. Bütün bunlar beynəlxalq miqyasda da
ölkənin nüfuzuna ciddi zərbə deməkdir”.
"Nikol xaindir!”
Yerevanda artıq günlərdir
etirazçılar davamlı şəkildə mitinqlər,
yürüşlər keçirir, paytaxtın mərkəzi
küçələrini bağlayır və dövlət
orqanlarının işinə mane olmağa
çalışırlar. Onlar ağır məğlubiyyətə
görə baş nazir Nikol Paşinyanın məsuliyyət
daşıdığını və cavab verməli
olduğunu bildiriblər. Qarabağ
müharibəsi veteranları "Sisakan” könüllü dəstəsinin
komandiri Aşot Minasyanın müdafiəsinə qalxıblar.
Məhkəmə binası qarşısında
toplaşan erməni veteranlar "Nikol xaindir!” və
"Tribunal!” şüarları səsləndiriblər.
Xalq arasında nüfuzunu tam
itirən Paşinyan özünə qarşı edilən
bütün çıxışları birmənalı şəkildə
güc yolu ilə susdurmağa, etiraz aksiyalarını polis dəyənəyi
və rezin gülləsi hesabına dağıtmağa
üstünlük verir. Baş nazirin göstərişinə əsasən,
kütləvi həbslər həyata keçirilir, siyasi
partiya rəhbərləri, fəallar saxlanılır, həbs
edilir, deputatlara qarşı hücumlar təşkil olunur.
Baş verənlərlə
bağlı müxalifət partiyaları dəfələrlə
bəyanat yayaraq polis zorakılığını pisləyib. Bildirilir ki,
etiraz aksiyalarını dağıtmaq məqsədilə polis
özü əvvəlcədən təxribat təşkil
edir və bundan sonra hücuma keçərək qəddarlıqla
aksiyaları dağıdır. Bu zaman əsl
qəddarlıq nümayiş etdirilir, hətta qadınlara
qarşı da zorakılıq tətbiq edilir.
Bunun nəticəsidir ki, son
bir həftədə Yerevanda həbs olunanların sayı
artıb. Müxalifət hakimiyyəti siyasi
dözümsüzlükdə ittiham etməklə
yanaşı, rejimin daha da qəddarlaşdığını
bildirir. Həmçinin müxalif qüvvələr
hakimiyyətin repressiv və güc siyasəti
qarşısında geri çəkilməyəcəklərini,
apardıqları mübarizəni bundan sonra da qətiyyətlə
davam etdirəcəklərini bəyan ediblər.
Ermənistan müxalifəti
onu da bəyan edir ki, hakimiyyət öz mövqeyini qorumaq
üçün bundan sonra da onun əleyhinə yönələn
digər kütləvi etiraz aksiyalarını
zorakılıqla dağıtmaqda israrlıdır. Bu işdə
Paşinyan iqtidarının polislə yanaşı, Ermənistan
Milli Təhlükəsizlik Xidmətinin qüvvələrindən
də istifadə etdiyi vurğulanır. O da qeyd edilir ki,
hakimiyyət lazım gəlsə, hərbçilərin
gücündən də bu məqsədlə istifadə etməyə
hazırdı
Ermənistanın
"Respublika” partiyasının deputatı, keçmiş
prezident Serj Sarkisyanın ən yaxın adamlarından biri hesab
olunan Baqram Baqdasaryan N.Paşinyana sui-qəsd hazırlamaqda
ittiham olunur. B.Baqdasaryanın vəkilinin sözlərinə
görə, o, sadəcə müxalifətin mitinqlərində
iştirak edib, indi onu baş nazirə sui-qəsd
hazırlamaqda ittiham edirlər. Sübut
kimi isə hansısa telefon danışıqlarından kəsilmiş
fraqmentlər göstərilir.
Bütün bunlar bir daha Ermənistanın
mövcud hakimiyyətinin tam repressiv metodlara üstünlük
verdiyinin göstəricisidir. Maraqlıdır ki,
insan haqları haqqında gen-bol danışan Qərb dairələri
Ermənistanda baş verən bu
biabırçılığa göz yumurlar. Belə görünür ki, Ermənistan rəhbərliyi
həmin dairələrin gözündə xüsusi imtiyaza
malikdir, bu ölkədə hakimiyyət tərəfindən
insanları öldürmək, həbs etmək, işgəncə
vermək olar.
Sadə vətəndaşlar
təhqir olunur
Göründüyü kimi,
tənəzzül yaşayan Ermənistanda insan
hüquqları sahəsində dözülməz vəziyyət
yaranıb. Ölkədə məmur
özbaşınalığının tüğyan etməsi,
müstəqil məhkəmə hakimiyyətinin olmaması
insan hüquqlarının ümumi vəziyyətinin daha bərbad
hala düşməsi ilə nəticələnir. Amma Ermənistanda insan hüquqlarının durumunun
pisləşməsi ilə bağlı narahatlıqları
bölüşməyən hakimiyyət ciddi müqavimətlə
üzləşmədiyindən belə demək olarsa, daha da
azğınlaşıb, ona qarşı olanların
neytrallaşdırılması üçün sərt
repressiyalara start verib.
İnsan hüquqları sahəsində
bərbad durumun olmasına dair çoxsaylı faktların
üzərinə isə demək olar ki, hər gün yeniləri
əlavə olunur. Təqib və təzyiqin adi hal
aldığı Ermənistanda təkcə siyasi fəallar
deyil, onların yaxınları da basqılara məruz
qalır. Hüquq mühafizə
orqanlarının əməkdaşları "Ayrenik”
partiyasının sədri Artur Vanesyanın valideynlərinin mənzilinə
daxil olaraq orada axtarış həyata keçiriblər.
Bu xüsusda diqqətçəkən
məqamlardan biri də Yerevanda keçirilən etiraz
aksiyalarında yaşanıb. "İravnuk” qəzeti
yazır ki, etirazların başladığı ilk vaxtlar bir
çoxları təsadüfən həmin ərazidən
keçərkən onları da həbs ediblər. Həbsdə
saxlanılan iqtisadçı David Minosyanı
alçaldıblar: "Ona polis idarəsində deyiblər ki,
əyil, ayaqqabımdan öp”.
Baş nazir ordunu
Yerevana çağırdı
Baş nazir Nikol Paşinyan
"Facebook”dakı paylaşımında yazıb: "Bu
gün cəbhə bölgəsindən onlarca videoya
baxdım. Uşaqlar, haqlısınız. Yerevanda
sizi gözləyirəm. Hasarın
altında ulayanlarla məsələlərin birdəfəlik həlli
üçün. Sizinlə qürur
duyuram”.
Müxalifətçilər
bildirirlər ki, məhkəmələrdə siyasi rəqiblərinə
qarşı mübarizədə uğursuzluğa
düçar olduğuna görə, hökumətin
başçısı özünə sadiq hərbi birləşmələri
Yerevana çağırıb. Qeyd edək ki, bundan əvvəl
Ermənistan məhkəmələri istintaq orqanlarının
müxalifət liderlərinin cinayət məsuliyyətinə
cəlb edilməsi barədə qərarlarını ləğv
ediblər. Erməni müxalifətinin
fikrincə, hökumət başçısı narazı
insanları və müxalifəti ordunun siyasi proseslərə
müdaxiləsi ilə hədələdiyi üçün
bu vətəndaş müharibəsinə doğru ilk
addımdır.
Bu arada Paşinyan mətbuata
müsahibəsində Rusiya və Azərbaycan prezidentləri
ilə Qarabağla bağlı üçtərəfli
razılaşmanın bəndlərini dəyişdirməyin
mümkün olmadığını bildirib. Qeyd edib ki, bəndlərin
dəyişdirilməsi hərbi vəziyyətin dəyişdirilməsinə
səbəb olacaq. Baş nazir, eyni zamanda
yüzlərlə erməni hərbçisinin itkin
düşdüyünü bəyan edib.
Separatçı rejimin sabiq
"baş naziri” Anuşavan Danielyan deyib ki, Ermənistan
hakimiyyəti dərhal istefa verməlidir. Bildirib ki, Ermənistan
hökuməti üzvlərinin baş nazirin təslim bəyannaməsini
imzalamaq niyyətindən xəbərdar olub-olmamasından
asılı olmayaraq, bu 2,5 ildə baş
verən hər şey üçün hökumət məsuliyyət
daşıyır. Ancaq bu gün hökumət
üzvləri istefa verməklə vətəndaş
müharibəsinin qarşısını ala bilərlər.
Sabiq prezidentdən
etiraflar
Ermənistanın ilk
prezidenti Levon Ter-Petrosyan isə yaydığı bəyanatında
deyir ki, "erməninin sonrakı ağlı” mənasında
deyimdən böyük yalan yoxdur, əks halda erməni
xalqı 1915-ci ildəki faciədən və tarixi vətənlərini
itirəndən sonra yeni faciələr yaşamazdı. Vurğulayır
ki, təəssüf ki, axırıncı bəladan sonra belə
yaşanan hadisələr və onlara verilən reaksiyalar
göstərdi ki, biz "erməninin sonrakı ağlı” xəstəliyindən
yaxa qurtara bilməyəcəyik.
Sabiq prezident qeyd edib ki,
bununla bağlı həm Ermənistanda, həm də diasporda
hansı fikirlərin səsləndirildiyini izləmək kifayətdir. İstər Nikolun tərəfdarları,
istərsə də əleyhdarları bu bəladan sonra
"bir qarış da olsun torpaq yox” tezisindən əl çəkməyərək
"erməninin sonrakı ağlının” sağalmaz bir xəstəlik
olduğunu bir daha sübut etdilər: "Bizim nəsil bu
fenomenin yetkin xalqlar arasında təzahür etməsinin bir
sıra nümunələrinin şahidi olub. Bu
barədə 2007-ci ildəki
çıxışlarımın birində
danışmışam. Düşünürəm ki, təkrarlamamaq
üçün aşağıdakı sitat kifayətdir:
"Bir çox millətlər və dövlətlər fərqli
şəraitdə və fərqli səbəblərlə
milli fəlakətlə qarşılaşıblar. Ermənilər və yəhudilər
soyqırımına məruz qalıblar.
Sarsıdıcı məğlubiyyətdən
sonra Almaniya və Yaponiya tamamilə məhv edildi. Osmanlı Türkiyəsi,
Böyük Britaniya və Rusiya güclü
imperatorluqlarını itirdilər. Onların hər
biri faciələrini bənzərsiz hesab edir. Lakin milli faciəni yaşamış demək olar ki,
bütün xalqlar və dövlətlər həmin faciəni
ümidsizlik yox, güclənmək amilinə çevirdilər.
Təkcə tarixi komplekslərdən qurtulmaq
üçün yox, eyni zamanda, yenidən doğulmaq və
dünyanın ən firavan ölkələrindən biri olmaq
üçün özlərində güc tapdılar. Daim kədərlənmək, dünyadan şikayətlənmək
və ədalət istəmək əvəzinə bu xalqlardan
nümunə götürməyimizə nə mane olur?”
Göründüyü kimi,
Azərbaycan tərəfindən hərbi məğlubiyyətə
uğradılan Ermənistan tarixinin ən ağır və əzablı
günlərini yaşayır. Hazırda ölkədə
bütün sahələrdə ciddi və dərin xaos
hökm sürür. Bütövlükdə,
proseslərin gedişi Ermənistanı qarşıdakı
dövr ərzində daha çətin günlərin və
qarşıdurmaların gözlədiyini göstərir.
Elçin CƏFƏROV
Azərbaycan.- 2020.- 17 noyabr.- S.1; 7.