Türkiyə-Azərbaycan birliyi
bölgəyə sülh və sabitlik gətirir
Maraqlara deyil, dəyərlərə əsaslanan
münasibət
Rəşadətli Ordumuz Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm bir tarix yazdı. Apardığımız Vətən müharibəsində qələbə qazandıq.
Azərbaycan xalqı hələ də 10 noyabr günü elan edilən bu böyük zəfərin bayram ovqatı içindədir. 2020-ci ilin 27 sentyabr günündən düşmənin hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatlarını uğurlu nəticə ilə başa çatdıran Azərbaycan Ordusu həm də yeni bir səhifə açdı. Bu səhifədən ölkəmizin və ümumilikdə regionun parlaq gələcəyi, Cənubi Qafqazda davamlı sülh və inkişafı təmin edəcək fərqli bir reallıq başlanır.
Bu günlər həm də Azərbaycan-Türkiyə arasındakı qardaşlıq münasibətlərinin yeni salnaməsidir. Türkiyə öz dəstəyini heç zaman Azərbaycandan əsirgəməyib. Azərbaycan da Türkiyənin hər zaman yanında olub. Doğma ölkənin apardığı haqq işinə yardım etməyi, həmrəylik nümayişini həmişə özünə mənəvi borc bilib. Son tarixi proseslər isə Ulu Öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə münasibətlərini dəyərləndirərək irəli sürdüyü "Bir millət, iki dövlət” formulunu gerçək həyatda bir daha reallığa çevirdi. Biz bu qələbəmizlə qardaş Türkiyə ilə yeni tarixi nailiyyətlərə imza atacaq, daha böyük uğurlar qazanacağıq.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə həmin məsələyə diqqət çəkərək birmənalı şəkildə bildirmişdir ki, bu, tarixin sınaqlarından çıxmış dostluq, qardaşlıq münasibətlərinin növbəti təntənəsidir: "Bu bayram qardaş Türkiyədə bizdəki kimi qeyd olunur. Bu, təbiidir. Çünki biz bir millət, iki dövlətik. Bu günlər ərzində əziz Qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana dəfələrlə öz təşəkkürümü bildirmişəm. Dünən də telefonla danışmışıq. Yenə də təşəkkürümü bildirdim. Türkiyənin siyasi və mənəvi dəstəyi bu Qələbənin qazanılmasında çox böyük rol oynamışdır. Çünki Prezidentin, Qardaşımın ilk saatlardan dediyi "Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” sözləri bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Bütün bu dövr ərzində həm Prezident, həm nazirlər, vəzifəli şəxslər daim bizə öz dəstəyini ifadə etmişlər. Görürsünüz, nə qədər heyətlər gəlir. Demək olar ki, hər həftə Türkiyədən bir neçə heyət gəlir. Türkiyədən bizə dəstək və həmrəylik nümayişi Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir”.
Haqq işimizə dəstək
Türkiyə hərbi əməliyyatların ilk günündən Azərbaycanın haqq davasında öz dəstəyini əsirgəmədi. Dağlıq Qarabağ münaqişəsində tarixi, hüquqi, mənəvi ədalətin bərqərar olması üçün səsimizə səs verdi. Dünyadakı gücü, təsir imkanları ilə Azərbaycanı ermənilərin havadarlarından qorudu. Torpaqlarımızı da özlərinin hünəri hesabına deyil, məhz havadarlarının əli ilə zəbt etmiş erməni işğalçılarının bu dəfə döyüş meydanında qəhrəman Azərbaycan əsgəri ilə üz-üzə qalmasına şərait yaratdı.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bu ölkənin ən yüksək mənsəbli dövlət rəsmiləri, millət vəkilləri, cəmiyyətin nüfuzlu simaları Azərbaycanın yanında olduqlarını bütün dünyaya açıq şəkildə çatdırdılar. Xalqımıza qarşı kənar təhdidləri uzaqlaşdırdılar. Türkiyə vətəndaşları Azərbaycanın haqq davasını bütün beynəlxalq aləmə çəkinmədən bəyan etdilər.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin "A Haber” televiziya kanalına verdiyi müsahibəsində haqlı olaraq bildirdi ki, əgər toqquşmaların ilk saatlarında Türkiyədən bu dəqiq mesajlar gəlməsəydi, bəlkə də bu işlərə başqaları qarışa bilərdi: "Türkiyənin bu mesajları hər kəsə "dur” dedi. Azərbaycan tək deyil. Türkiyə işin sonuna qədər Azərbaycanın yanındadır. Əlbəttə ki, bu gün Azərbaycan-Türkiyə birliyi artıq çox ciddi geosiyasi amilə çevrilibdir və bu, müsbət amildir. Bizim birliyimiz hər hansı bir ölkənin maraqlarına qarşı deyil. Biz, sadəcə olaraq, öz maraqlarımızı müdafiə edirik, öz yolumuzu davam etdiririk. Heç kim bizim işimizə qarışmasın... Sadəcə, biz deyirik ki, bizə də dəyməyin, kənarda durun. Dost olaq, tərəfdaş olaq, işbirliyi edək. Amma sizinki sizdə, bizimki bizdə. Biz bunu istəyirik və buna haqqımız çatır”.
Bir nömrəli müttəfiq: qoşa
qanada çevrilmiş
bayraqlar
Terroru dövlət siyasətinə çevirmiş Ermənistan döyüşlərdə ordumuzun qarşısında aciz durumda qaldı. Və hünər meydanındakı məğlubiyyətlərinin acısını yenə də öz terrorçu, faşist xislətinə uyğun olaraq mülki əhalinin qətliamı ilə çıxmağa çalışdı. Gəncədə, Bərdədə, Tərtərdə kütləvi sayda mülki əhalini qətlə yetirdi. Nə qədər mülki sakinimizin - körpələrin, qadınların, yaşlıların ölümünə bais oldu. Bu məqamlarda da Türkiyənin varlığını hiss etməyimiz, bu ölkənin dövlət rəsmilərinin Ermənistanın terrorçu siyasətinə qarşı verdikləri bəyanatlar, çağırışlar, Azərbaycana vaxtaşırı səfərləri böyük təsəllimizə çevrildi. Türkiyənin yüksək çinli dövlət rəsmiləri, nüfuzlu simaları ölkəmizə səfərlərini yenə davam etdirir, dövlət başçısı ilə görüşlərində, bəyanatlarında, müsahibələrində Türkiyənin hər an yanımızda olduğunu, qardaş Azərbaycanın timsalında haqqın, ədalətin bərpasında sonadək səy göstərəcəklərini bildiriblər. Türkiyənin hətta ən kritik hadisələr zamanı da ölkəmizi diqqətdən kənarda qoymaması, apardığımız haqq davasını nəzərində saxlaması Dağlıq Qarabağ məsələsinin bizim qədər Türkiyə üçün də şərəf məsələsi olduğunu göstərir.
Bu günlərdə Türkiyənin İzmir şəhərində baş verən təbii fəlakət, zəlzələ azərbaycanlıların da dərin kədərinə səbəb oldu. Belə bir vaxtda Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun, Türkiyə Respublikasının keçmiş Baş Naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, millət vəkili Binəli Yıldırımın başçılıq etdiyi nümayəndə heyətlərinin ölkəmizə səfərləri qardaş ölkənin Azərbaycana dəstəyinin əyani göstəricisi kimi hər birimizi mütəəssir etdi. TBMM-nin Sədri Mustafa Şentopun, Türkiyə Gənclər Fondunun, Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin nümayəndələrinin ölkəmizə və Gəncəyə gəlişləri, Türkiyə parlamentində təmsil olunan 4 partiyanın Azərbaycana birmənalı dəstək verməsi iki ölkə arasındakı dostluğun sarsılmaz tarixçəsinə çevrildi.
Azərbaycan xalqı təbii ki, bütün bunları böyük sevgi və məmnunluq hissi ilə izləyir. Evlərin eyvanlarında, iş yerlərində, avtomobillərində, küçələrdə Azərbaycan bayrağı ilə yanaşı Türkiyə bayrağının da olması qardaş ölkəyə sonsuz minnətdarlığın ifadəsidir. Bu tarixi anlar göstərir ki, biz bütün dövrlərdə - həm yaxşı, həm də çətin günlərdə bir-birimizin yanındayıq. Bu siyasi və mənəvi dəstək hər birimizi kənar maneəyə məhəl qoymadan haqq işimizi davam etdirməyə ruhlandırır. Bizi ədalət uğrunda apardığımız mübarizəyə daha da səfərbər edir.
Türkiyə Azərbaycanın qələbəsindən sonra ərazidə sülhün qorunması prosesində də yaxından iştirak edəcək. Bu məqsədlə yaradılacaq Monitorinq Mərkəzində Türkiyə hərbçiləri də xidmət aparacaqlar. Burada sülhün qorunmasına öz töhfələrini verəcəklər. Artıq bununla bağlı müvafiq memorandum imzalanıb. Türkiyə Böyük Millət Məclisi Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana sülhməramlıların göndərilməsinə dair qərar layihəsini təsdiqləyib. Türk hərbi heyəti Qarabağda qurulacaq Türkiyə-Rusiya müşahidə mərkəzində bir il müddətinə fəaliyyət göstərəcək. Ehtiyac olduqda müddət artırılacaq.
Azərbaycan tək deyil
Bu gün dünyada Azərbaycanla Türkiyə qədər bir-birinə yaxın olan, bir-birinə güvənən, qarşılıqlı dəstək verən və regionun inkişaf dolu gələcəyi üçün birgə çalışan başqa iki ölkə yoxdur. Bu, ilk növbədə, təbii ki, mənəvi bağlılıqlarımızdan, ortaq tariximizdən, mədəniyyətimizdən gəlir. Amma etiraf edək ki, dünyada tarixi bağlılıqlar etibarilə bir-birinə çox yaxın olub, amma müasir reallıqlardan irəli gələn hansısa maraqlara görə bir-birinə düşmən kəsilən, hətta qanlı müharibələr aparan xalqlar, dövlətlər də var. Ona görə hazırda Azərbaycanla Türkiyə arasındakı münasibətlərin bu səviyyədə olmasının bir əsas səbəbi də iki ölkənin dövlət rəhbərlərinin dostluq, qardaşlıq münasibətləridir.
Müasir dünyamızın iki parlaq lideri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu münasibətlərə nail ola biliblər. Onlar Azərbaycan - Türkiyə arasındakı münasibətləri iki qonşu ölkə arasındakı sıradan bir diplomatik əlaqələri iqtisadi-ticari tərəfdaşlıqların fövqünə ucalda biliblər. Bunu xarakterlərindəki ulu əcdadlarımıza xas comərdlik, qarşılıqlı güvən, verdikləri vədi tutmaları, səsləndirdikləri sözə də imzaları qədər dəyər vermələri ilə bacarıblar.
Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır. Və bu bütün dünya üçün bir nümunədir. Öz maraqları üçün min oyunlar oynayan, hər cür addımlara gedən, mənəviyyatsızlıqları sərhəd tanımayan xarici siyasi dairələr qarşısına Azərbaycan və Türkiyə Prezidentləri bu dəyərlərin gücü ilə çıxırlar. Onlara öz yerlərini göstərirlər. Bu iki liderin uca şəxsiyyətinə, mənliyinə, mənəviyyatına, dəyərlərə bağlılığına yaraşan da elə məhz budur!
Prezident İlham Əliyevin Türkiyənin dövlət başçısı haqqında səsləndirdiyi səmimi sözlər bir liderin digəri haqqında rəyindən də çox, bir insanın öz doğma qardaşının uğurları ilə qürur duyması qədər xoş, sevindirici və fərəhlidir. Bu il oktyabrın 16-da Türkiyənin "A Haber” televiziya kanalına müsahibəsində ölkə rəhbərimiz demişdir: "Rəcəb Tayyib Ərdoğan mənim qardaşımdır. Bizim çox yaxın münasibətimiz var. Həm prezidentlər kimi, həm də iki insan kimi. Ona mənim çox böyük hörmətim var. O, dünya lideridir. O, Türkiyəni böyük zirvələrə qaldırdı. Türkiyəni ucaltdı. Türkiyəni ləyaqətli, qürurlu dövlət kimi bütün dünyaya tanıtdırdı. Ona qarşı çox böyük ədalətsizliklər, haqsızlıqlar edilir, həm bəzi ölkələr tərəfindən, həm də təəssüf ki, Türkiyənin içində də bəzi siyasi qüvvələr tərəfindən. Təbii ki, mən bu işlərə qarışa bilmərəm. Amma bir insan kimi buna biganə qala bilmərəm. Çünki onun Türkiyə üçün gördüyü işlər genişmiqyaslıdır və bu gün Türkiyəni onun kimi sevən, onun maraqlarını müdafiə edən, öz sinəsini irəli verən ikinci bir insan yoxdur Türkiyədə. Bunu hər kəs bilməlidir. Azərbaycanda bunu hər kəs bilir. Türkiyədə də bir çoxları bilir, amma bilməyənlər üçün də mən demək istəyirəm ki, onlar da görsünlər. Çünki siyasi mübarizə hər yerdə var. Bir də milli məsələ var. Milli məsələdə hər hansı bir siyasi mübarizə olmamalıdır. Biz təhdid qarşısında birləşməliyik. Bu gün Türkiyəyə də hər tərəfdən hücum edirlər. Ona tab gətirmək, onun qarşısında sipər kimi dayanmaq çox böyük cəsarət tələb edir. Böyük peşəkarlıq, bilik, iradə tələb edir. Mənim qardaşım, bax, belə insandır və mən onu yaxından tanıdığım üçün bunu tam səmimiyyətlə deyə bilərəm. Ona bundan sonra da müvəffəqiyyətlər diləmək istəyirəm. Onun sözləri, onun addımları, onun varlığı bütün türk dünyası üçün önəmlidir və türk dünyasının birləşməsi, işbirliyinin dərinləşməsi istiqamətində biz bundan sonra da böyük səylər göstərəcəyik”.
Regionun gələcəyinə aydın baxış
İki ölkə rəhbəri arasındakı bu doğmalıq Azərbaycan və Türkiyə arasındakı ikitərəfli əlaqələrin bütün sahələrdə daha da genişlənməsinə öz müstəsna töhfələrini verir. Bu iki parlaq liderin gələcəyə aydın baxışının, həyata keçirdikləri düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq Azərbaycanla Türkiyə arasında bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat, ticarət, humanitar, regional təhlükəsizlik, hərbi və digər sahələrdə əməkdaşlıq ən yüksək səviyyədədir.
Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması, Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə Bakının Azadlıq meydanında keçirilmiş hərbi parad, Türkiyədə "STAR” neft emalı zavodunun fəaliyyətə başlaması, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP kimi enerji layihələri hər iki ölkə arasındakı birliyin, qardaşlığın möhtəşəm təntənəsidir.
Azərbaycanın haqq işinə digər türkdilli dövlətlərdən də müəyyən səviyyələrdə dəstək gəlir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Ticarət və Sənaye Palatasının noyabrın əvvəlində Bakıda keçirilən növbədənkənar toplantısı bunun bir nümunəsi idi. Toplantıda iştirak üçün paytaxtımızda qonaq olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifatı, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Adham İkramovu və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyevi Azərbaycan Prezidenti də qəbul etdi. Dövlət başçısı İlham Əliyev Azərbaycanın hazırda Vətən müharibəsi apardığı günlərdə bu toplantının xüsusi önəm daşıdığını vurğuladı: "Biz bunu bizə göstərilən dəstək və həmrəylik əlaməti kimi qəbul edirik, buna görə sizə təşəkkür edirik. Bu, növbədənkənar toplantıdır və bunun əsas məqsədi ölkəmizə mənəvi dəstəyin göstərilməsidir”.
Bütün bunlar türk dünyasının birliyinə, Azərbaycan Prezidentinin illər əvvəl də bəyan etdiyi kimi, XXI əsrin Türk dünyası əsrinə çevrilməsi üçün atılan xoş addımlardır. Eyni soy-kökə, ortaq tarixə, mədəniyyətə və müasir dünyamızda üst-üstə düşən iqtisadi-siyasi maraqlara malik türkdilli ölkələrin bir-birinin yanında olmasıdır. Hər kəs üçün faydalı münasibətlər mühitinin formalaşdırılması və inkişaf etdirilməsidir. Bu gün Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri başqa türkdilli ölkələr üçün də birlik modeli yaradır, nümunə göstərir. İki ölkənin təşəbbüsü ilə irəli sürülən qlobal layihələrdə digər türkdilli dövlətlərin də maraqları uzlaşır. Türk dünyasının möhkəm, dayanıqlı birliyi üçün zəmin gücləndirilir.
Azərbaycanla Türkiyə arasında uzun illərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətləri bir daha onu göstərir ki, iki ölkə arasındakı əlaqələr əbədidir və heç bir qüvvə Azərbaycan - Türkiyə dostluğunun, qardaşlığının qarşısını ala bilməz. İki qardaş ölkənin yaxından iştirakı ilə reallaşdırılan qlobal layihələr regionun mənzərəsini dəyişir. Cənubu Qafqazda sülh və təhlükəsizliyin təmin olunması, bu bölgənin yaxın gələcəkdə dünyanın inkişaf mərkəzlərindən birinə çevrilməsi üçün əsaslı zəmin formalaşdırır. Bu prosesə töhfə verən hər kəs bundan yalnız faydalanacaq.
Azərbaycan və Türkiyə bu gün regionda yeni bir reallıq yaradır. Qarabağ savaşı Böyük Qələbəmizlə başa çatandan sonra Cənubi Qafqaz çox ciddi və mühüm bir başlanğıca qədəm qoyur.
O başlanğıcın adı Sülhdür!
Sabitlik və İnkişafdır!
Bəşəriyyətin xoşbəxtliyi üçün çalışmaq istəyənlərin əl-ələ verib gələcəyə doğru addımlamasıdır!
Biz buna nail olacağıq!
İradə
ƏLİYEVA
Azərbaycan.-
2020.-19 noyabr.- S.1; 5.