Dövlətçilik tariximizin ən şərəfli zəfəri

 

Prezident İlham Əliyev Azərbaycanın Qarabağda pozulmuş hüquqlarını tam bərpa etdi

 

İşğal altında olan torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsi Azərbaycanın möhtəşəm Qələbəsi ilə başa çatdı. Savaşın bu cür uğurlu sonluqla yekunlaşacağı əvvəldən bəlli idi. Çünki biz haqq işi uğrunda mübarizə aparırdıq və Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz öz vəzifəsini layiqincə yerinə yetirdi. Cəmi 44 gün ərzində işğal altında olan torpaqlarımızın böyük bir qismi azad olundu.

 

Bütün şərtləri qalib Azərbaycan diktə edir

 

27 il idi işğal altında olan Füzuli, Cəbrayıl, Zəngilan Qubadlı rayonlarında indi Azərbaycan bayrağı dalğalanır. Tərtərin, Xocavəndin, Laçının, Xocalının bir sıra kəndləri 44 günlük döyüşlərdə işğaldan təmizləndi. Nəhayət noyabrın 9-da Şuşanın azad edilməsindən sonra işğalçı Ermənistan Azərbaycanın şərtləri daxilində kapitulyasiyaya məcbur oldu.

44 gün ərzində ordumuz işğal altında olan 300-ə yaxın kəndi, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəklikləri azad etdi. Qoşunlarının əsas hissəsini Dağlıq Qarabağda saxlayan Ermənistanın hərbi texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Atəşkəs ərəfəsində işğalçı ordu artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırladırdı.

Prezident İlham Əliyev hələ hərbi əməliyyatların başlandığı ilk günlərdən Ermənistan qarşısında şərtlərini açıqlamışdı. Bu şərtlərə əsasən, düşmən işğal etdiyi Azərbaycan torpaqlarından qoşunlarının çıxarılması ilə bağlı qrafik verməli idi. Əgər vaxtında Ermənistanın siyasi-hərbi rəhbərliyi bu şərtləri qəbul etsəydi, döyüş meydanlarında minlərlə erməni əsgəri həlak olmazdı. İndi Ermənistanda bu məğlubiyyətə görə baş nazir N.Paşinyanı vaxtında düzgün qərarlar verməməkdə ittiham edirlər. Xüsusən müxalifət təmsilçiləri bildirirlər ki, Ermənistanın Azərbaycan qarşısında məğlubiyyətinin qaçılmaz olduğu bilinəndə baş nazir müharibənin dayandırılması üçün Azərbaycan Prezidenti İlham Əliyevin şərtlərini qəbul etməliydi.

Amma artıq gecdi. Bu gün Dağlıq Qarabağ probleminin həlli ilə bağlı tamamilə yeni reallıq yaranıb. Hətta müharibənin əvvəli və sonu arasında reallıqlar fərqlidi. Ermənilərin Dağlıq Qarabağda respublika yaratmaq iddialarına tamamilə son qoyulub. İndi Ermənistan faşist Almaniyasının taleyini yaşayır. Artıq bütün şərtləri qalib Azərbaycan diktə edir.

 

Ermənistana vurulan hüquqi-siyasi, iqtisadi və mənəvi zərbə

 

Azərbaycan bu müharibədə Ermənistana elə bir siyasi, iqtisadi və həm də mənəvi zərbə vurdu ki, işğalçı dövlət çətin bunun altından çıxsın. Hüquqi-siyasi zərbə ondan ibarətdir ki, bu məğlubiyyətlə Ermənistanın müasir tarixinin ən biabırçı səhifəsi yazıldı. Məlum olduğu kimi, dünya erməniliyi, erməni diasporu əsrlər boyu bütün dünyada "məzlum erməni xalqı” obrazını yaratmışdı. Təəssüf ki, bir çox hallarda onlar məqsədlərinə nail olmuş, ayrı-ayrı ölkələri öz çirkin niyyətlərinə inandıra bilmişdilər. Lakin bu müharibə bütün dünyada ermənilərlə bağlı yaranmış stereotipləri demək olar ki, kökündən dəyişdi.

Hərbi əməliyyatların davam etdiyi 44 gün ərzində heç bir beynəlxalq təşkilat Ermənistanın müdafiəsinə qalxmadı. Azərbaycan isə BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə əsasən öz hüquqlarını müdafiə etdiyini ilk gündən bəyan etdi. BMT Nizamnaməsinin 51-ci maddəsində yazılır ki, bu nizamnamədə heç nə təcavüzə məruz qalmış dövlətin fərdi və ya kollektiv özünümüdafiə haqqını gerçəkləşdirməsini əngəlləmir. Eyni zamanda Fransa istisna olmaqla, dünyanın heç bir dövləti açıq şəkildə Ermənistanı müdafiə etmədi. Beləliklə, Ermənistan siyasi baxımdan beynəlxalq ictimaiyyətdən dəstək almadı və bütün bunların fonunda beynəlxalq ictimaiyyət işğalçının məhz Ermənistan olduğunu gördü.

Erməni yalanlarına başqa bir zərbəni Prezident İlham Əliyev öz müsahibələri ilə vurdu. Dövlət başçısı müharibənin ilk günlərindən sonuna qədər tanınmış xarici KİV-ə verdiyi müsahibələrdə Dağlıq Qarabağ problemi ilə bağlı hüquqi məsələləri ən yüksək səviyyədə dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Cənab İlham Əliyev Dağlıq Qarabağın məhz Azərbaycan torpaqları olmasının hüquqi tərəflərini mükəmməl şəkildə izah etdi. Hətta erməni lobbisinin tapşırıqları ilə suallar ünvanlayan bəzi xarici KİV təmsilçiləri cənab Prezidentin cavabları qarşısında mövzunu dəyişməyə məcbur oldular.

Bu müharibənin Ermənistana vurduğu iqtisadi zərbənin təsiri də ölçüyəgəlməzdir. Milyardlarla dollar ziyanın yerini doldurmağa bu vəziyyətdə onilliklər də bəs etməyəcək. Təbii ki, bu fonda sosial sferada Ermənistanda vəziyyət daha da kəskinləşəcək.

Ən mühümü odur ki, Azərbaycan Ermənistana sağalmaz mənəvi zərbə vurdu. Düşmənin öz ordusu ətrafında yaratdığı mif darmadağın edildi, erməni xalqının tarixi, yenilməzliyi ilə bağlı sərsəm iddialar alt-üst oldu. İndi erməni xalqı üçün dünyada işğalçı kimi tanınmaq, həm də döyüş meydanında məğlub olmaq ən böyük mənəvi zərbədir. Əslində, işğal yolunu özləri seçmişdilər və belə bir taleyi yaşamaq da öz haqlarıdır.

 

İşğalçı güc yolu ilə BMT qətnamələrini yerinə yetirməyə məcbur edildi

 

Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən, işğalçı qoşunların qalıqları noyabrın 20-dək Ağdam, noyabrın 25-dək Kəlbəcər, dekabrın 1-dək isə Laçın rayonlarını tərk edəcəklər. Bu sənəd Ermənistanın məğlubiyyətinin hüquqi təsdiqidir. Beynəlxalq təşkilatların da bu razılaşmanı təqdir etmələri göstərdi ki, dünya ictimaiyyəti Ermənistanın kapitulyasiyasına tərəfdardır.

Qeyd edim ki, işğalçı qoşunların Kəlbəcərdən çıxarılması BMT-nin 822 saylı, Ağdamdan çıxarılması isə 853 saylı qətnamələrinin tələblərinin yerinə yetirilməsidir. 822 saylı qətnamə BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü il aprelin 30-da qəbul edilib. Sənəddə işğalçı qüvvələrin Azərbaycanın Kəlbəcər rayonunu və digər işğal olunmuş rayonları dərhal tərk etməsi tələb olunurdu.

1993-cü ilin iyul ayının 23-də Ermənistan silahlı birləşmələri Ağdam rayonunu işğal etdi. Bu hadisə göstərdi ki, Ermənistan BMT TŞ-nin qəbul etdiyi 822 saylı qətnaməyə əhəmiyyət vermir. BMT TŞ-nin iyulun 29-da keçirilən iclasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair növbəti - 853 saylı qətnamə qəbul olundu. Sənəddə bütün hərbi əməliyyatların dərhal dayandırılması, işğalçı qüvvələrin Ağdam rayonundan və Azərbaycanın digər işğal edilmiş rayonlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi.

Lakin sonrakı müddətdə Ermənistan bu qətnamənin də tələblərini yerinə yetirməkdən imtina edib. Bu baxımdan Kəlbəcərin və Ağdamın azad edilməsi ilə BMT-nin sözügedən qətnaməsi də icra ediləcək. İşğalçı Ermənistanı bu tələbi yerinə yetirməyə isə güc yolu ilə Azərbaycan məcbur edir.

Üçtərəfli bəyanata əsasən, Kəlbəcər noyabrın 15-dək təhvil verilməli idi. Lakin Ermənistan tərəfi yalnız bir yolun olması səbəbindən Rusiya vasitəsilə vaxtın uzadılması üçün müraciət edib. Azərbaycan bunu nəzərə alaraq, humanistlik nümayiş etdirib və Kəlbəcərin noyabrın 25-dək təhvil verilməsinə razılıq verib. Lakin bu günlərdə Kəlbəcər rayonunda baş verən vandallıq əməlləri ermənilərin həm də bir xalq olaraq hansı xislətə malik olduqlarını göstərdi. Ərazini tərk edən ermənilər Kəlbəcərdəki mülki obyektləri yandırır, ağacları kəsərək ətraf mühitə ciddi ziyan vurur, ekoloji terror həyata keçirirlər. Eyni zamanda maddi mədəniyyət abidələrinə qarşı vandalizm aktları törədilir. Təbii ki, Kəlbəcərin azad edilməsindən sonra bütün bunlar qiymətləndiriləcək və Ermənistanın bu cinayət əməlləri ilə bağlı beynəlxalq məhkəmələrə müraciətlər olunacaqdır.

 

Düşmənə qarşı təzminat davası açılacaq

 

Ümumiyyətlə, hazırda qarşıda duran əsas vəzifələrdən biri işğal dövründə Ermənistanın Azərbaycana vurduğu zərərin hesablanması və işğalçı barədə beynəlxalq hüququn tələblərinə uyğun ölçü götürülməsidir. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş dağıntılar 30 illik proses çərçivəsində ayrıca qiymətləndiriləcək. Məlum olduğu kimi, əvvəllər bu məsələni qaldıran zaman həmin ərazilərə giriş imkanı olmayıb, real faktlar əsasında bunu ortaya qoymaq çətin idi. İndi isə həmin ərazilər işğaldan azad edilib.

Bu günlərdə Cəbrayıl və Füzuli rayonlarına səfər edən Prezident İlham Əliyev Ermənistanın Azərbaycana vurduğu zərərə xüsusilə toxundu. Cəbrayıl şəhərinin mərkəzini göstərən cənab Prezident ermənilərin bir dənə salamat bina qoymadıqlarını bildirdi: "Beynəlxalq məhkəmələrdə cavab verəcəklər. Mən demişəm, bir dəfə də demək istəyirəm ki, beynəlxalq qurumlar gələcək, ekspertlər gələcək. Bütün ziyan hesablanacaq. 30 il ərzində bizə vurulmuş ziyan hesablanacaqonlara qarşı təzminat davası açılacaq. Bu günlərdə Kəlbəcəri dağıdan, meşələri qıran, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək”.

Azərbaycan Ordusunun Qarabağı və ətraf rayonlarımızı işğaldan azad etməsi ilə bu torpaqlarla bağlı xalqımızın milli hüquqları bərpa edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan dövlətinin yeganə hərbi problemini həll etdi.

Qarşıdakı dövrdə isə Ermənistan beynəlxalq hüquq müstəvisində cəzalandırılmalıdır. Döyüş meydanındakı Qələbəmiz tam əsas verir ki, Ermənistan Azərbaycana vurduğu mülki zərərə görə də kompensasiya ödəməyə məcbur edilsin.

Bu möhtəşəm zəfəri bütün xalqımız kimi, o cümlədən peşə bayramlarını qeyd etməyə hazırlaşan ədliyyə işciləri də dövlətçiliyimizin ən şərəfli məqamı kimi qarşılayır, bu müzəffər Qələbəni bizlərə yaşadan Ali Baş Komandana və Silahlı Qüvvələrimizə əbədi minnətdarlığımızı, borcumuzu bildiririk.

 

Marif KAZIMOV,

Gədəbəy Rayon Məhkəməsinin sədri

 

Azərbaycan.- 2020.-19 noyabr.- S.6.