Pandemiya şərtlərinə əməl etməklə koronavirusa qalib gələ
bilərik
Koronavirus pandemiyası Yer üzünün birnömrəli təhlükəsi olmaqda davam edir. Təəssüf ki, 2020-ci il boyu dünya ölkələrinin COVID-19-a qarşı apardığı mübarizə tədbirləri elə də effektiv olmayıb.
Tətbiq olunan sərt karantin rejimləri sayəsində müəyyən stabilləşmələr əldə olunsa da, yumşaldılmalar zamanı virus daha da aqressiv bir sürətlə yayılmağa davam edib. Mütəxəssislər isə dünyanı alt-üst edən bu "taclı” bəlanın yayılmasına əhalinin pandemiya şərtlərinə tam əməl etməməsinin səbəb olduğunu söyləyirlər. Onlar ilin soyuq fəsillərində bütün tənəffüs yolları infeksiyalarının, o cümlədən yeni növ koronavirusun artacağı ilə bağlı xəbərdarlıqlar da etmişdilər.
Virus bütün dünyada
sürətlə yayılır
Son aylar bütün dünya peyvəndlərlə bağlı sınaqların nəticələrini gözləyir. Lakin bu günlərdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesusun açıqlamaları gözləntilərin əksinə olub.
Belə ki, ÜST-ün Baş direktoru peyvəndin COVID-19 pandemiyasının qarşısını ala bilməyəcəyini deyib. "Peyvənd əlimizdəki digər vasitələri tamamlayacaq, lakin onları əvəz etməyəcək. Peyvənd təkbaşına pandemiyaya son qoymayacaq”, - deyə o bildirib. Görünən odur ki, peyvənd ortaya çıxsa belə, COVID-19-la mübarizə hələlik bitməyəcək.
ÜST-ün məlumatına əsasən, dünyada koronavirusa yoluxanların sayı son bir həftə ərzində təxminən 4 milyon nəfər artıb ki, bu da pandemiyanın başlanğıcından bəri ən yüksək artımdır. Ölüm hallarının sayı isə 59 mindən çoxdur. Bundan öncəki həftədə göstəricilər müvafiq olaraq 3 695 495 və 54 835 nəfər idi.
ABŞ-da yoluxma sayı 1 milyondan, Hindistanda 306 mindən, İtaliyada 242 mindən, Fransada 203 mindən, Braziliyada 179 mindən çox artıb. Artım sayına görə,
sonrakı yerlərdə
Böyük Britaniya, Polşa, Rusiya, Almaniya və İspaniya qərarlaşıb.
Hazırkı dövrə
qədər dünyada
ümumilikdə 56 milyona
yaxın insan koronavirusa yoluxub, 1,3 milyondan çox
insan bu virusdan dünyasını
dəyişib.
Azərbaycanda ən çox yoluxma Bakının payına düşür
Dünyada olduğu kimi, son zamanlar Azərbaycanda da koronavirusa yoluxma sayında artım müşahidə
olunur. "Koronavirus.info” saytının yaydığı
ölkə üzrə
COVID-19-a yoluxma statistikasına
nəzər saldıqda
görürük ki, ən yüksək yoluxma Bakı şəhərinin payına
düşür - 53.5 faiz.
Abşeronda yoluxma
13.8, Aranda 11.3, Gəncə-Qazaxda
7.2, Lənkəranda 4, Şəki-Zaqatalada
3.3, Quba-Xaçmazda 3.2, Dağlıq
Şirvanda 1.9, Yuxarı
Qarabağda 1 faizdir. Ən az
yoluxma göstəricisi
Naxçıvandadır: 0.06 faiz.
Bakının rayonları üzrə koronavirusa yoluxma statistikasında hazırda
ən yüksək yoluxma Binəqədi rayonundadır. Belə ki, Binəqədidə koronavirusa yoluxma 14.7, Xətaidə 12.7, Yasamalda
11.6, Sabunçuda 11.3, Suraxanıda
8.4, Nəsimidə 8.3, Nərimanovda
8.0, Nizamidə 7.3, Qaradağda
6.3, Xəzərdə 6.3, Səbaildə
4.8, Pirallahıda isə
0.3 faiz təşkil edib.
Son günlər koronavirusa yoluxma hallarının artmasını
nəzərə alaraq
Bakıda poliklinikalar gücləndirilmiş iş
rejiminə keçib.
Belə ki, poliklinikalarda həftənin şənbə
və bazar günləri də daxil olmaqla vətəndaşlara
COVID-19-la bağlı xidmətlər
göstəriləcək. Bura evdə müalicə alan
xəstələrin müşahidəsi,
yaxmaların götürülməsi
və kompleks vitaminlərin paylanması
daxildir.
Virusun yayılması
soyuq havada daha sürətlidir
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib ki, hələ yay aylarında üzü payıza və qışa doğru koronavirus infeksiyasına yoluxma hallarının artacağı
proqnozlaşdırılmışdı. Hazırda
havaların soyuq keçməsi ilə əlaqədar insanlar daha çox qapalı məkanlarda olur, təmaslar artır, digər tərəfdən isə otaqların pəncərələri
bağlı saxlanılır
və havanın dəyişdirilməsi az hallarda həyata keçirilir. Virusun yayılması soyuq temperaturda və rütubətin az olduğu
məkanlarda daha sürətli olur: "Qapalı məkanlarda rütubət daha azdır və bu məkanlarda virus təkcə asqıraq və öskürək zamanı deyil, həmçinin danışıq,
hətta nəfəsvermə
zamanı daha kiçik zərrəciklərin
daxilində ətrafa yayılır. Hətta bu yüngül
zərrəciklərin daha
uzaq məsafələrə
yayılması mümkündür.
Bu dövrdə immunitetin də zəifləməsi yoluxmaların
artmasına gətirib
çıxarır”.
Baş infeksionist
yoluxmaların sayını
azaltmaq üçün
otaqların tez-tez havalandırılmasının vacib
olduğunu bildirib:
"Otaqda eyni vaxtda olan insanların
sayını azaltmaq, məsafənin gözlənilməsi
ilə bərabər,
maskadan istifadəyə
ciddi və düzgün əməl etmək lazımdır. İstənilən karantin tədbiri
o vaxt effektiv olur ki, hamılıqla
və düzgün icra olunsun. Sağlam qidalanmaq, fiziki aktiv olmaq lazımdır”.
T.Eyvazov vurğulayıb
ki, payız-qış
aylarında kəskin
respirator virus infeksiyaları və o cümlədən
qriplə xəstələnmə
halları artır: Bu
infeksiyaların əlamətləri
bir-birinə xüsusən
xəstəliyin başlanğıcında
olduqca oxşardır və onların fərqləndirilməsi yalnız
həkim-mütəxəssis tərəfindən mümkündür.
Mütəxəssis özündə
hərarət, ümumi
zəiflik, əzginlik,
boğaz ağrısı,
öskürək və
s. kimi əlamətlər
hiss edən şəxslərə
ərazi poliklinikasına
vaxtında müraciət
etməsini tövsiyə
edib: "Özünümüalicə
ilə məşğul
olmaq düzgün deyil. Onu da qeyd etmək istərdim ki, hazırda qripə qarşı aparılmış vaksinasiya
da ümumi epidemik durumun yaxşılaşmasına öz
töhfəsini verəcək”.
Uşaqlar da xəstəliyi yüksək
temperaturla keçirirlər
TƏBİB-in İnfeksiya xəstəlikləri
üzrə işçi
qrupunun rəhbəri Vasif Əliyev məlumat verib ki, əvvəllər cavan insanlarda koronavirus xəstəliyinin
daha çox asimptomatik formada keçdiyinin şahidi olurduq. Amma indi bu yaş qrupunda COVID-19 virusunun daha ağır formasını
müşahidə edirik.
Onun sözlərinə
görə, klinik təcrübədə artıq
uşaqların da bu xəstəliyi yüksək temperatur ilə keçirdiyi müşahidə olunur:
"COVID-19-un əlamətlərinin insanlarda hansı səviyyədə müşahidə
edilib-edilməməsi individualdır.
Çünki virusa xas olan əlamətlərin
hamısı eyni insanda görünməyə
də bilər: "Şərt deyil ki, virusa xas
bütün əlamətlərin
hamısı bir insanda müşahidə edilsin. Ola bilər
ki, insanda bu əlamətlərin heç biri görünməsin, amma
virus daşıyıcısı olsun. Klinik simptomları olan xəstədə belə bu əlamətlər çox və ya az dərəcədə hiss edilər.
Məsələn, iy və dadbilmə bəzilərində
olmaya bilər. Amma elə şəxslər
ola bilər
ki, onda bu əlamətlər uzun müddət müşahidə olunsun və gec bərpa
edilsin. Digər tərəfdən, hərarətin ən çox rast gəlinən simptom olmasına baxmayaraq, koronavirus xəstələrində
hərarət qeydə
alınmaya da bilər. Buna görə də şərt deyil ki, koronavirusa yoluxan hər bir kəsin hərarəti yüksək
olsun”.
Mütəxəssislərin də xəbərdarlıq
etdiyi kimi, dünyanı bürümüş
və nə zaman yox olacağı
bilinməyən bu təhlükəli virusdan
yalnız şəxsi
məsuliyyət sayəsində
qurtulmaq mümkündür. Birmənalı olaraq pandemiya şərtlərinə əməl
etməli, maskadan istifadəni həyatımızın
bir parçasına çevirməli, maksimum şəkildə özümüzü
izolyasiya etməli, kütləvi toplantılardan
qaçmalı, mümkün
olduğu qədər
ictimai nəqliyyatdan kənar durmalıyıq.
Eyni zamanda şəxsi gigiyena qaydalarına əməl etməyi unutmamalıyıq.
Tam əminliklə
demək olar ki, hazırda bütün dünyada koronavirusa qalib gəlmək bu sadə qaydalara əməl edilməsindən
asılıdır.
Yasəmən MUSAYEVA
Azərbaycan.- 2020.- 19 noyabr.- S.1; 7.