Koronavirusu yox etmək öz
əlimizdədir!
Yalnız məsuliyyətli davranmaqla
yoluxma zəncirini qıra və əvvəlki
həyatımıza qayıda bilərik
Artıq bir ilə yaxındır ki, Yer üzündəki bütün xəstəliklər arxa plana keçib. Ölkələri, dövlətləri, xalqları maraqlandıran bir əsas ortaq problem var. İnsan oğlu yalnız bir xəstəliklə, COVID-19-la mübarizəyə qalxıb, savaş aparır. Ölkə, dövlət, sərhəd, millət, varlı-kasıb tanımayan taclı düşmənlə...
Aylardır dünya səhiyyəsi, müxtəlif ölkələrin elm adamları bu yeni bəlanı "susdurmaq” üçün səfərbər olublar. Əczaçılıq şirkətləri, laboratoriyalar, ayrı-ayrı alimlər, həkimlər koronavirusa qarşı peyvənd axtarışına başlayıblar. O vaxtdan bəri də hamını bu sual maraqlandırır: Peyvənd nə vaxt hazır olacaq?
Pandemiyaya son qoymaq
üçün bir peyvənd kifayət deyil
Xeyli vaxtdır peyvəndlə bağlı aparılan müsbət işlər cəmiyyətə təqdim
olunur. Bu günlərdə
"Moderna” şirkətinin
istehsal etdiyi peyvəndin effektivliyinə
dair xəbərlər
də yayılıb.
Məlumata görə,
Amerikanın "Moderna”
şirkətinin ekspertləri
tərəfindən yaradılmış
peyvəndin üçüncü,
yəni sonuncu klinik sınaq mərhələsi zamanı
onun effektivliyinin 94,5 faiz təşkil
etdiyi məlum olub. Sınaqlar zamanı 95 nəfərin
koronavirusa yoluxması
səbəbindən onlara
peyvənd əvəzinə
plasebo təyin edilib. Xəstəliyi ağır formada
keçirən 11 nəfərin
hamısının nəzarət
qrupunda olan, yəni plasebo təyin olunmuş pasiyentlərdən ibarət
olduğu bildirilir.
Ümumdünya Səhiyyə Təşkilatının
(ÜST) rəhbəri Tedros
Adhanom Gebreyesus "Moderna” şirkətinin istehsal etdiyi vaksinlərin effektivliyini müzakirə edərkən
bildirib ki, klinik sınaqlar başa çatandan və vaksin bazara çıxarılandan
sonra ona qarşı məhdudiyyət
qoyulacaq: "Təklifə
əvvəldən məhdudiyyət
tətbiq ediləcək. Üstünlük, ilk növbədə, tibb işçilərinə, qocalara
və risk qrupuna daxil olan digər
kateqoriyadan olanlara veriləcək. Bu, ölüm hallarının
sayını azaltmağa
və səhiyyə sistemini dəstəkləməyə
imkan verəcək.
Lakin bundan sonra virusun
yayılması üçün
daha çox imkanlar yaranacaq”.
O, ÜST-ün vaksinlərin effektivliyi ilə bağlı xəbərləri "ehtiyatlı
nikbinliklə” qəbul
etdiyini və hazırda vəziyyətin
bir çox ölkələrdə ürəkaçan
olmadığını qeyd
edib. "Bəzi
ölkələrdə xəstələrin
sayının artması
bizi çox narahat edir. Avropada, Cənubi və Şimali Amerikada səhiyyə sistemləri
və tibb işçiləri bu sahədə daha çox çalışırlar”,
- deyə doktor Tedros vurğulayıb.
ÜST rəhbəri
onu da qeyd
edib ki, koronavirus pandemiyasına
son qoymaq üçün
bir peyvənd kifayət deyil. Təhlükəsizlik tədbirlərinin görülməsi,
kütləvi testlərin
aparılması və
yoluxanlarla təmasda olanların yoxlanması əvvəlki tək çox vacibdir.
Azərbaycan yoluxma sayı ilə bağlı pik dövrünü yaşayır
Artıq dünyada COVID-19 infeksiyasına
yoluxanların sayı
56 milyonu ötüb. Belə ki,
indiyədək 56 500 421 nəfər
koronavirusa yoluxub, 1 353
376 nəfər bu virusdan dünyasını
dəyişib. Hazırda dünyada
16 milyon nəfərə
yaxın aktiv koronavirus xəstəsi
var. Bütün ölkələrdə
virusa yoluxma və ölüm halları gündən-günə
artır, sanitar-epidemioloji
vəziyyət pisləşir.
Mənfi
tendensiyanın qarşısının
alnması məqsədilə
karantin rejimi sərtləşdirilir, müxtəlif
məhdudiyyətlər tətbiq
olunur.
Dünyanın bir parçası olan Azərbaycanda qonşu ölkələrlə
müqayisədə əhalinin
sayına görə yoluxma göstəricisi, eləcə də COVID-19 virusundan orta ölüm səviyyəsi
azdır. Bu da
dövlətimizin pandemiya
ilə daha effektiv mübarizə apardığını sübut
edir.
Bir aya yaxındır koronavirusla əlaqədar sanitar-epidemioloji durum ürəkaçan
deyil. Hətta Azərbaycan COVID-19-a ilk yoluxmanın qeydə alındığı vaxtdan
indiyədək olan dövr ərzində yoluxma sayı ilə bağlı pik dövrü yaşayır.
Ən yüksək yoluxma hələ də Bakı şəhərində
qalmaqdadır. Ölkə üzrə yoluxmanın 53,5 faizi paytaxtın
payına düşür.
Bunun bir səbəbi paytaxtda əhalinin sayının daha çox olması ilə bağlıdır.
Ancaq hazırkı durumda gündəlik yoluxmanın
artmasına təkan verən subyektiv amilləri də gözardı etmək olmaz. Təəssüf ki, hələ
də bu təhlükəli bəlaya
qarşı laqeyd yanaşan, karantin qaydalarına əməl etməyən insanlar çoxdur.
Heç kəs bu xəstəlikdən sığortalanmayıb
Səhiyyə Nazirliyinin
işçi qrupunun üzvü Günay Quluzadə deyib ki, yeni növ
koronavirus infeksiyası
ilə bağlı iki cür psixologiyaya
mənsub insanlar var. Bir qrup insanlar
ona ümumiyyətlə
inanmır, ikinci qrup insanlar isə
virus infeksiyasına yoluxmaqdan
çox ehtiyat edirlər. Hətta panik atak keçirənlər də
var.
Karantin dövrünün insanların
psixologiyasına da təsir etdiyini bildirən G.Quluzadənin sözlərinə görə,
qapanmalar, uzun müddət evdən bayıra çıxmamaq,
işə getməmək
və ya onlayn qaydada işləmək insanların
həm fiziki aktivliyinin azalmasına, həm də stresdən yaranan qidalanma pozğunluğuna səbəb olur. Həmin
müddətdə müəyyən
əhali qrupu arasında artıq çəki alanlar, az qisim
əhali arasında isə çəki itirənlər olur:
"Bu, qidalanmanın düzgün
olmaması nəticəsində
yaranan problemlərdi. Əlbəttə, belə həyat
tərzinə alışanlar
üçün normal həyata
qayıtmaq heç də asan olmur.
Lakin onlar mütəxəssislərin,
o cümlədən psixoloq
və psixiatrların yardımı ilə normal
həyata qayıtmaq imkanı əldə edə biləcəklər”.
Səhiyyə Nazirliyinin sözçüsü
bildirib ki, COVID-19, qrip və SARS fərqli xəstəliklər
olsa da, oxşar əlamətlərə
malikdir. Elə buna görə
də bəzən qriplə COVID-19-u səhv salırlar və çox zaman narahatlıq yarananda onu mövsümlə əlaqədar qrip bilərək həkimə
müraciət etməyə
tələsmirlər. Havaların kəskin dəyişməsi
qrip xəstəliyinin
artmasına və geniş yayılmasına səbəb olur. Lakin indiki dövrdə bu xəstəliyə yoluxma zamanı COVID-19 infeksiyasının olduğunu
da nəzərdən qacırmaq olmaz. Gecikmələr, həkimə müraciət
zamanı ləngimə
və yubanmalar çox vaxt xəstəliyin qrip olduğunu güman etmək nəticəsində
baş verir. Koronavirusa yoluxma zamanı xəstələr 3-4 gün
evdə qalaraq onun qrip olduğunu
bilərək ötüb
keçəcəyini gözlədiklərindən
infeksiya daha da dərinləşir.
Hətta
qriplə COVID-19-a eyni
vaxtda yoluxma da baş verə
bilər. Təbii
ki, oxşarlıqlar çoxdur, hər iki halda qızdırma
baş verir, boğazda ağrı və qıcıqlanma, öskürək ola bilər. Əsas kəskin fərq ondan ibarətdir ki, COVID-19-a yoluxma zamanı iybilmə və dadbilmə hissi itir. Daha ağır hallarda isə təngənəfəslik
və tənəffüsdə
çətinliklər yaranır.
Ona görə də bunun baş
verməməsi üçün
ilk simptomları hiss edən
kimi mütləq yubanmadan sahə həkiminə və ya tibb müəssisəsinə
müraciət etmək
lazımdır: "Dəfələrlə
deyilməsinə və
xəbərdarlıq edilməsinə
baxmayaraq, koronavirus infeksiyasına yoluxma zamanı onu gizlətmək istəyənlər
olur. COVID-19 infeksiyası
hava-damcı yolu ilə yayılır, ətrafda hər yerdə ona yoluxmaq mümkündür
və heç kəs də bundan sığortalanmayıb.
Üstəlik, ona yoluxmaq heç də istəyimizlə bağlı
deyil və yoluxduğuna görə cəmiyyət heç kəsi qınamır.
Ona görə də burda çəkiniləsi
və gizlədiləsi
bir şey yoxdur. Koronavirusu sağaldan və
onun müalicəsində
istifadə edilən konkret bir müalicə
üsulu yoxdur. Yeganə bir yol immun sistemin
güclənməsinə nail olmaq və orqanizmi
möhkəmləndirmək, ən başlıcası isə, üç qızıl qaydaya - maska, məsafə və gigiyenaya əməl etməkdən
ibarətdir”.
Bəli, mütəxəssislərin də
qeyd etdiyi kimi, koronavirusu yox etmək öz əlimizdədir. Unutmayaq ki,
qeydə alınan hər bir yeni
xəstəlik halı
yoluxma zəncirinin daha da uzanması
deməkdir. Hər
bir yeni xəstə ətrafında
olan onlarca insanın virusa yoluxmasına səbəb ola bilər.
Biz yalnız məsuliyyətli
davranaraq bu zənciri qıra və əvvəlki həyatımıza qayıda
bilərik.
Xəyalə MURADLI
Azərbaycan.- 2020.- 20 noyabr.- S.1; 2.