Nəqliyyat blokadasından çıxması
Naxçıvana iqtisadiyyatını daha
sürətlə inkişaf etdirməyə
imkan verəcək
Qars-İğdır-Naxçıvan dəmir yolu xəttinə qoşulduqdan
sonra muxtar respublika həm də beynəlxalq
marşrutların keçdiyi məkana
çevriləcək
Bütün müharibələrin başlanğıcı kimi, sonu da olur. Bu il sentyabrın 27-dən başlanan Vətən müharibəsi də 44 gündən sonra şanlı Azərbaycan Ordusunun möhtəşəm qələbəsi ilə sona çatdı. Döyüş meydanında Azərbaycan əsgəri Qarabağ münaqişəsinin nöqtəsini qoydu. İndi söz diplomatlarındır. Amma savaşı udduğumuz üçün bu müstəvidə də son sözün Azərbaycanın olacağına şübhə yoxdur.
u baxımdan noyabrın 10-da imzalanmış məlum sənəddə Prezident İlham Əliyevin tələbi ilə ilk baxışda Dağlıq Qarabağ münaqişəsinə aid olmayan, lakin ölkəmiz və regionumuz üçün çox vacib 9-cu maddənin salınması düşmən üzərində ilk mühüm diplomatik qələbəmiz sayılmalıdır. Həmin maddə Naxçıvanla birbaşa quru əlaqənin saxlanmasına imkan verir. Sözsüz ki, bu, ilk növbədə, Naxçıvan Muxtar Respublikasının nəqliyyat blokadasından çıxmasına şərait yaradır.
Prezident İlham Əliyevin vaxtında gördüyü tədbirlər sayəsində ölkəmiz hazırda şərq-qərb, şimal-cənub marşrutları ilə dünyanın mühüm nəqliyyat dəhlizinin önəmli qovşağına çevrilib. Yəni bu istiqamətlərdə gedən bütün yollar Azərbaycanda birləşir.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verildikdən sonra Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yüklərin Çindən Avropaya və əks istiqamətə daşınması həyata keçirilir.
Qeyd edək ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çinin nəhəng layihəsi olan "Bir kəmər, bir yol” təşəbbüsünün icrasında mühüm rol oynayır. Onu da vurğulamaq istərdik ki, bu marşrutun əldə edilməsi uğrunda qonşu dövlətlər bizimlə ciddi rəqabət aparırdılar. Lakin marşrut üzrə bütün işlərin vaxtında görülməsi sayəsində qonşu dövlətlərlə rəqabətdə qalib gəldik.
Azərbaycandan Naxçıvana dəmir yolu əlaqəsinin bərpası isə "Şərq-Qərb”, "Şimal-Cənub” dəhlizləri ilə bağlı yeni situasiya yaradır. Prezident İlham Əliyevin bu siyasi gedişi gələcəyə hesablanmış nəhəng geosiyasi və iqtisadi layihə kimi mühüm əhəmiyyət daşıyır. Çünki marşrutun fəaliyyətə başlaması Azərbaycanın mövcud nəqliyyat ötürücü imkanlarını daha da artıracaq. Bu, ölkəmizə geniş iqtisadi imkanlarla yanaşı, həm də böyük siyasi dividendlər gətirəcək. Əvvəla ona görə ki, Azərbaycan-Naxçıvan marşrutu mövcud Bakı-Tbilisi-Qars dəmir yolu marşrutundan 344 kilometr qısadır. Sözsüz ki, belə hal yük göndərən və yük qəbul edən tərəflər üçün çox sərfəlidir. Dövlətlərarası ticarətdə bu faktora xüsusi önəm verilir. Çünki məsafə qısaldıqca daşınma xərcləri ucuzlaşır.
Digər mühüm əhəmiyyət daşıyan fakt odur ki, alternativi çox olan hər bir marşrut daha etibarlı sayılır. Məsələn, hər hansı bir səbəbdən - istər siyasi, istərsə də təbii, yaxud texnogen qəzalar üzündən Bakı-Tbilisi-Qars marşrutu fəaliyyətini dayandırarsa, yüklərin Çindən Avropaya daşınması üçün Azərbaycan-Naxçıvan-Türkiyə marşrutundan istifadə etmək mümkün olacaq. Artıq Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu bildirib ki, qardaş ölkə Naxçıvana dəmir yolu inşa etməyi planlaşdırır. Nazir "Anadolu” agentliyinə müsahibəsində deyib ki, İğdır-Naxçıvan-Bakı dəmir yolu layihəsi hazırdır.
Bu da o deməkdir ki, Türkiyə və Naxçıvan arasında dəmir yolu əlaqəsi yaradılacaq. Sovet dövründən qalan dəmir yolu xətləri isə bərpa ediləcək. Türkiyəli nazir həmçinin vurğulayıb ki, bununla yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolu da mövcuddur. Bu iki xətt Türkiyənin Azərbaycana öz yük və sərnişin daşımalarını rahat həyata keçirməsinə imkan verəcək. Əlbəttə, bu imkandan Azərbaycan tərəfi də eyni dərəcədə istifadə edəcək.
Mütəxəssislər bildirirlər ki, yeni marşrutun fəaliyyətə başlaması təkcə bölgədə yerləşən ölkələrin deyil, digər qonşu dövlətlərin də iqtisadiyyatına müsbət təsir göstərəcək. Mehri üzərindən yeni marşrutun açılması ilə, Cənubi Qafqazda Türkiyə ərazisi də daxil olmaqla, geniş dairəvi yol ortaya çıxacaq. Bu isə yüklərin ən sərfəli olan dəmir yolu vasitəsilə daşınmasına imkan yaradacaq.
Naxçıvanla quru əlaqələrin təminatı ona ölkəmizin digər regionlarındakı nəqliyyat şəbəkələrinə daxil olmaq, məhsullarını həm Azərbaycan ərazisinə, həm də Avropa və Asiya məkanına çıxarmaq imkanı qazandıracaq. Bu da şübhəsiz ki, Naxçıvan MR iqtisadiyyatının uzun illərin blokadasından sonra daha sürətli inkişafına təkan verəcək. Bununla yanaşı, Qars-İğdır-Naxçıvan dəmir yolu xəttinə qoşulduqdan sonra muxtar respublika beynəlxalq marşrutların keçdiyi məkana çevriləcək.
Rüstəm KAMAL
Azərbaycan.- 2020.- 20 noyabr.- S.1; 8.