Qarabağ zəfəri yeni orden və medallarla əbədiləşdiriləcək

 

Milli Məclisin iclasında

 

Noyabrın 20-də parlamentin növbəti plenar iclası keçirildi. Milli Məclisin Sədri Sahibə Qafarova ilk olaraq Vətən müharibəsi ilə bağlı fikirlərini bildirdi. Qeyd etdi ki, noyabrın 10-da Azərbaycan Prezidentinin, Ermənistanın baş nazirinin və Rusiya Prezidentinin imzaladığı birgə Bəyanatla Ermənistan-Azərbaycan münaqişəsinə son qoyuldu. Hazırda bu bəyanatın şərtləri yerinə yetirilməkdədir. Bəyanata uyğun olaraq Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil olub.

Bu münasibətlə təbriklərini çatdıran Sahibə Qafarova əminliyini bildirdi ki, biz tezliklə Şuşanı, Ağdamı, Laçını, Kəlbəcərı, işğalçılar tərəfindən dağıdılmış digər şəhərlərimizi, yaşayış yerlərimizi yenidən qurub-yaradacağıq və tamamilə bərpa edəcəyik!

Milli Məclisin Sədri dedi ki, noyabrın 10-da imzalanan Bəyanat bütün regional ölkələr və bir çox dövlətlər tərəfindən dəstəklənib və alqışlanıb. Lakin çox təəssüflər olsun ki, bu Bəyanatdan narahat olan qüvvələr də var və onlar prosesin müsbət məcrada davam etməsinə maneçilik törətmək istəyirlər. Bu qüvvələr sırasında Fransanın bəzi siyasi dairələri də var və bu münaqişəyə münasibətdə onların ortaya qoyduğu mövqe heç də qəbuledilən deyil.

Spiker xatırlatdı ki, Fransa rəhbərliyi Azərbaycanın öz torpaqlarını beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində işğaldan azad etməsinə münasibətdə qərəzli yanaşma ortaya qoyur.

Bir müddət öncə isə Fransa Senatında təmsil olunan 5 ən böyük siyasi fraksiyanın liderləri tərəfindən Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində yaradılmış qeyri-qanuni rejimin tanınması məqsədilə qətnamə layihəsi irəli sürülüb. Cari ilin oktyabr ayında Fransa parlamentinin Aşağı Palatasında bənzər qətnamənin irəli sürüldüyünü xatırladan Sahibə Qafarova onu da bildirdi ki, bəzi fransız parlamentarilər hərbi əməliyyatların aktiv mərhələsində qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmiş və cinayətkar xunta rejimi ilə həmrəylik nümayiş etdirmişlər.

Parlament rəhbəri dedi ki, sadalanan faktlar Fransanın siyasi rəhbərliyinin ATƏT-in Minsk qrupunun həmsədri kimi vasitəçilik prinsiplərini pozaraq açıq şəkildə qərəzli mövqe ortaya qoyduğunu təsdiq edir. Belə anlaşılır ki, bu ölkənin bəzi siyasi dairələri tərəfindən atılan addımlar və hərəkətlər Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı yönəlib. Bu addımlar Fransanın beynəlxalq hüquq, BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktına uyğun müəyyən edilmiş öhdəlikləri ilə də ziddiyyət təşkil edir və Fransanın neytrallığına, ATƏT-in Minsk qrupunun üzvü kimi münaqişənin həllinə vasitəçilik mandatına kölgə salır. Vasitəçi mandatı beynəlxalq hüquqla müəyyənləşdirilmiş prinsiplərə söykənməli, məsuliyyətli və etibarlı davranışlarla müşayiət olunmalıdır. Vasitəçilər ölkələrin suverenliyinə hörmətlə yanaşmalı, qərəzsiz, obyektiv və ədalətli olmalıdırlar. Bu məsələlər beynəlxalq hüquqi sənədlərdə də aydın şəkildə əks olunubdur.

Milli Məclisin Sədri Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvlərinin bu məsələyə diqqət yetirməsini vacib saydı.

Məsələ ətrafında müzakirələrdə parlamentin komitə sədrləri Səməd Seyidov, Zahid Oruc, deputatlar Cavanşir Feyziyev, Məlahət İbrahimqızı, Sevil Mikayılova, Nigar Arpadarai, Fəzail Ağamalı, Arzu Nağıyev, Tural Gəncəliyev, Ceyhun Məmmədov, Aydın Mirzəzadə, Vahid Əhmədov çıxış edərək Fransanın tutduğu qərəzli mövqeyi tənqid etdilər. Çıxışlarda vurğulandı ki, ATƏT-in Minsk qrupunun həmsədri olaraq neytrallığını qoruya bilməyən və işğalçı Ermənistanın tərəfini tutan Fransanın mandatının ləğv edilməsi üçün hüquqi prosedurlara başlanılmalıdır.

Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. İqtisadi siyasət, sənaye və sahibkarliq komitəsinin sədr müavini Əli Məsimli "Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə (ikinci səsvermə) məsələni təqdim etdi. Bildirdi ki, Azərbaycan Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq adı çəkilən qanunun 19-cu maddəsində "əlillərin” sözünün "əlilliyi olan şəxslərin” sözləri ilə, "əlilin” sözünün isə "əlilliyi olan şəxsin” sözləri ilə əvəz edilməsi nəzərdə tutulur.

Məlumat dinlənildikdən sonra deputatlar bununla bağlı qanun layihəsinə ikinci oxunuşda səs veriblər.

Plenar iclasda çıxış edən Siyavuş Novruzov və Aydın Hüseynov noyabrın 21-də 28 yaşı tamam olan, Ümummilli Lider Heydər Əliyev tərəfindən yaradılmış Yeni Azərbaycan Partiyasının ölkəmizin müstəqilliyi tarixindəki və qazanılan nailiyyətlərdəki rolundan söz açaraq YAP üzvlərinə təbriklərini və xoş arzularını çatdırdılar.

Gündəlikdəki növbəti iki qanun layihəsini - "Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və "Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanun layihəsini (birinci oxunuş) təqdim edən Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, Ali Baş Komandan İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşdə bu müjdəni vermişdi. Azərbaycan Prezidenti bildirmişdi ki, "mən bütün bu 44 gün ərzində, ondan əvvəl və ondan sonra döyüş meydanında, arxa cəbhədə qəhrəmanlıq göstərmiş hərbçilərimizi təltif edəcəyəm. Azərbaycanda yeni ordenlər və medallar təsis ediləcək. Məhz Vətən müharibəsində fərqlənmiş hərbçilərə və mülki şəxslərə bu orden və medallar veriləcək. Bu orden və medalların adlarını da mən təklif etmişəm. Hesab edirəm ki, bu adlar da sizin xoşunuza, Azərbaycan xalqının xoşuna gələcək”.

Əli Hüseynli vurğuladı ki, təsis olunan yeni orden və medallar birmənalı şəkildə dövlətçilik atributlarını, hərbi və milli atributları əks etdirir. Hazırda Azərbaycanın 10 ordeni və 64 medalı var. Cənab Prezident tərəfindən isə yeni 2 orden - "Zəfər” və "Qarabağ”, 15 yeni medal təklif edilib.

İclasda spiker Sahibə Qafarovanın təşəbbüsü ilə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin canlı yayımda xalqa müraciəti birbaşa olaraq Milli Məclisin plenar iclas zalında yayımlandı. Deputatlar müzəffər Azərbaycan Ordusunun Qarabağda əldə etdiyi zəfərdən sonra imzalanan bəyanat çərçivəsində Ağdama daxil olması ilə əlaqədar Ali Baş Komandanın xalqa müraciətini qürur hissi ilə, diqqətlə dinlədilər.

"Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi və "Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi ilə əlaqədar qanun layihələri birinci oxunuşda qəbul edildi.

İclasda işğaldan azad edilmiş rayonlarda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi barədə iki qanun layihəsi də müzakirə edildi. "Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” və "Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında” qanun layihələrini təqdim edən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov dedi ki, hər iki məsələyə Toponimiya komissiyasında da baxılıb və müsbət dəyərləndirilib. Komitə sədri bildirdi ki, torpaqlarımızın işğal altında qaldığı dövrdə erməni vandalları tərəfindən Azərbaycanda 403-dək tarixi-dini abidə dağıdılıb ki, onlardan 67-si məscid, 114-ü məbəd, 192-si isə ziyarətgahlardır.

Qanun layihələri təsdiq edildi.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Torpaq Məcəlləsində, Mülki Məcəllədə, "Torpaq islahatı haqqında”, "Torpaq bazarı haqqında”, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, "Dövlət rüsumu haqqında”, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədi üçüncü oxunuşda parlamentin müzakirəsinə təqdim etdi. Qanun layihəsi üçüncü oxunuşda təsdiqləndi.

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (üçüncü oxunuş) Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verdi. Bildirdi ki, təqdim olunan layihə "Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2019-cu il 3 dekabr tarixli qanunun icrası ilə əlaqədar olub, uyğunlaşdırma xarakteri daşıyır. Qanun layihəsi üçüncü oxunuşda qəbul olundu.

Plenar iclasda "Hərbi qulluqçuların statusu haqqında”, "Əhalinin sağlamlığının qorunması haqqında”, "Yol hərəkəti haqqında”, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, "Avtomobil yolları haqqında”, "Özəl tibb fəaliyyəti haqqında”, "Dövlət qulluğu haqqında”, "Psixiatriya yardımı haqqında”, "Onkoloji yardım haqqında” və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (üçüncü oxunuş) Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun məlumatı dinlənildi.

Müzakirələr zamanı deputatlar bildirdilər ki, Vətən müharibəsində Qələbənin qazanılmasında müstəsna və əvəzsiz rol oynayan, Azərbaycan xalqının ürəyində bu gün xilaskar və qəhrəman şəxsiyyət kimi yer tutan Ali Baş Komandanımızın da təltif olunması vacibdir. Deputatlar bu mənada daha bir ordenin təsis edilməsi barədə təkliflərini irəli sürdülər. Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda təsdiq olundu.

"Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edən parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov diqqətə çatdırdı ki, qanuna edilən dəyişiklik "Əhalinin sağlamlığının qorunması haqqında” qanuna uyğunlaşdırma xarakteri daşıyır. Qanun layihəsi qəbul edildi.

"Dövlət qulluğu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı. Bildirildi ki, birinci oxunuşda olan təkliflərlə əlaqədar Dövlət İmtahan Mərkəzinin nümayəndəsinin iştirakı ilə geniş komitə iclası keçirilib. Dövlət qulluğu sisteminin təkmilləşməsini hədəfləyən təkliflər Dövlət İmtahan Mərkəzinə təqdim olunub, Dövlət Qulluğu Məcəlləsinin layihəsi hazırlanarkən həmin təkliflər nəzərə alınacaq.

Qanun layihəsi ikinci oxunuşda qəbul olundu.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Ətraf mühitin mühafizəsi haqqında” qanuna (birinci oxunuş) təklif edilən dəyişikliklər barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, layihə ölkə Prezidentinin "Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”na əsasən hazırlanıb.

Komitə sədri statistik məlumatlara istinadən plastik tullantıların ətraf mühitə vurduğu ziyan barədə geniş məlumat verdikdən sonra çıxış edənlər məsələ ilə bağlı rəy və təkliflərini bildirdilər. Qanun layihəsi birinci oxunuşda qəbul olundu.

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) haqqında Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Bildirildi ki, sənəd uyğunlaşdırma xarakteri daşıyır və ekoloji təhlükəsizliyi pozan həm vəzifəli şəxslər, həm də hüquqi şəxslər üçün ciddi məbləğdə cərimələr nəzərdə tutulub. Deputatlar qanun layihəsinə birinci oxunuşda müsbət münasibət bildirdilər.

İclasda son olaraq "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqındaqanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) məsələ müzakirə olundu. Deputat Aydın Mirzəzadə belə bir yubiley medalının təsis olunmasını təqdirəlayiq hal kimi dəyərləndirdi. Layihə səsə qoyularaq təsdiq edildi.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2020.-21 noyabr.- S.1; 4.