Həsrətin sonu varmış
Bu həsrətə Ali Baş Komandan İlham Əliyev
son qoydu
Ağdam da azad edildi!
Şanlı Azərbaycan Ordusu tərəfindən!
İlham Əliyevin rəhbərliyi
ilə!
Nə yaxşı ki, Ağdamı döyüşərək azad etdik!
ATƏT-in Minsk qrupu "sülh yolu ilə” onu bizə qaytarmadı!
Belədə Ağdam uğrunda vuruşaraq həlak olan oğullarımızın ruhu narahat olardı!
Heç bilirsiniz Ağdamda
necə oğullar itirmişik?
Ürəyinin hökmü ilə
respublikanın hər yerindən könüllü olaraq gəlmiş,
doğma Azərbaycanımızın coğrafiyasını əks
etdirən igid, nər oğullar!
Biz ağdamlılar onların
hamısını öz ağdamlımız hesab edirik, xatirələrini
əziz tuturuq, heç zaman unutmuruq və unutmayacağıq
da!
Düşmən
torpaqlarımıza soxulanda Ağdam Qarabağın qeyri-rəsmi
mərkəzinə çevrilmişdi.
Azərbaycanın nəbzi burada
döyünürdü!
Əsl Azərbaycanın, vətənpərvər
Azərbaycanın!
O biri Azərbaycanın, siyasiləşmiş,
"Xalq Cəbhəsi”ndə birləşsə də,
xalqın düşmənə qarşı müharibə cəbhəsində
iştirak etməyən Azərbaycanın yox!
Onları hakimiyyət
düşündürürdü, vəzifə ehtirası idarə
edirdi!
İşğal olunmuş torpaqlar isə
belələrinə ölkə rəhbərliyinə
qarşı mübarizədə, onu hakimiyyətdən kənarlaşdırmaqda
gərək idi!
Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi hərbi müstəviyə
keçəndə, silahlandırılmış düşmən
torpaqlarımıza hücuma başlayanda "Həyat” və
"Azərbaycan” qəzetinin Qarabağ bölgəsi üzrə
xüsusi müxbiri - hərbi müxbiri olmuşam.
O zaman nə internet vardı, nə də
email poçt. Yazılarımızı ya kiminləsə
Bakıya göndərər, ya da özümüz gətirərdik.
Bir ayağımız
paytaxtda, biri bölgədə olardı. Odur ki,
paytaxtda və döyüş cəbhəsində vəziyyəti
şəxsən müşahidə edib öyrənmək,
müqayisəli şəkildə təhlil etmək
imkanımız vardı.
Yekun qənaət isə daim belə
olardı: Bakının müharibədən xəbəri
yoxdur!
Qarabağda qanlı döyüşlər
gedir, paytaxtda isə hakimiyyət uğrunda mübarizə!
İqtidara gələndən
sonra müxtəlif partiyalara parçalanan AXC Bakıda
"ikinci cəbhə” açmaqla əsl xəyanət yolu
tutmuşdu.
1992-ci ildə Parlament
çevrilişi edərək hətta Laçını və
Şuşanı müdafiə etməli olan zirehli
texnikanı, döyüşçüləri Bakıya gətirərək
müdafiəni zəiflətmişdilər. Düşmən
isə belə vəziyyətdən dərhal istifadə edirdi.
Əslində müharibə dövlət
səviyyəsində aparılmırdı: nə ordu
yaradılmışdı, nə də lazım olan silah-sursat
vardı!
Xalq öz gücü, öz
vəsaiti hesabına könüllü
özünümüdafiə dəstələri
yaradırdı. Müxtəlif adlar daşıyan belə
hərbi birləşmələr şəxsi igidliyə və
şücaətə arxalanır, adətən bir-birləri
ilə əlaqəli şəkildə hərəkət etmir,
vahid komandanlığa tabe olmurdular.
Silah, sursat, ərzaq təchizatı
sistemi hərbin tələblərinə uyğun deyildi.
Ancaq ozamankı ölkə
başçıları müdafiəni təşkil etmədiklərindən,
öz haylarına qaldıqlarından başqa çarə yox
idi.
Ağdamın
sayılıb-seçilən, sözü keçən igid
oğlanlarının təşəbbüsü ilə
müxtəlif könüllü özünümüdafiə
dəstələri yaradılmışdı. Sonralar bu
işə yeni yaradılan Müdafiə Nazirliyi də
qoşuldu. Rayonun yaşayış məntəqlərini
müxtəlif istiqamətlərdən aşağıdakı
dəstələr qoruyurdu:
Milli Qəhrəman Şirin Mirzəyevin
komandiri olduğu 836 nömrəli özünümüdafiə
alayı;
Milli Qəhrəman Allahverdi
Bağırovun özünümüdafiə batalyonu;
Milli Qəhrəman Asif Məhərrəmovun
(Fred Asif - B.S.) özünümüdafiə batalyonu;
Yaqub Rzayevin (Qatır Məmməd)
özünümüdafiə batalyonu;
Ərşad Nadirovun "Kötəl”
batalyonu;
Ədalət Zeynalovun
"Qıyaslı” batalyonu;
Həsən Sarıyevin
komandiri olduğu Papravənd rotası və başqaları
uzun müddət Ağdamın müdafiəsində
dayandılar.
Lakin düşmənin nizami ordu hissələrinin
mövcudluğu, daha üstün silahlar və texnika ilə təmin
edilməsi, AXC - Müsavat cütlüyünün ölkəni
vətəndaş müharibəsinə sürükləməsi,
igid oğul və batalyonların vahid ordu şəklində
birləşdirilməməsi acınacaqlı nəticəsini
verdi.
Göstərilən kütləvi qəhrəmanlıqlara,
verilən çoxsaylı şəhidlərə baxmayaraq,
Ağdamı qoruyub saxlamaq mümkün olmadı!
Batalyon komandirlərinin bir qismi isə
xəyanət əməlləri nəticəsində şəhid
oldu! Qeyd edək ki, Qarabağ müharibəsi
dövründə ölkə üzrə verilən iyirmi min
şəhidin altı minə yaxını Ağdamın
payına düşür.
Ölkədəki hərki-hərkilik
və sahibsizlik üzündən çəkilən
bütün əziyyətlərə, verilən qurbanlara
baxmayaraq, müharibədə mühüm strateji mövqeyə
malik Ağdam düşmən əlinə keçdi və beləliklə,
27 illik ayrılıq, həsrət, torpaq dərdi qövr etməyə
başladı.
Havadarlarının köməyi
ilə hücuma keçən düşmən 23 iyul
1993-cü ildə Ağdamı ələ keçirdi.
Həmin vaxtlarda yazdığım və
"Azərbaycan” qəzetinin 28 iyul 1993-cü il
tarixli nömrəsində dərc olunmuş "Müharibə
ya qeyrətlə udular, ya siyasətlə” adlı yazımdan
bir parçanı xatırladıram:
"Düşmən
Ağdama çoxdan dişini qıcatmışdı. Lakin
beşillik müharibə dövründə Ağdamın
qazandığı təcrübə, coğrafi mövqeyi elə
idi ki, onu digər rayonlar kimi "bir həmləyə almaq”
olmazdı. Həm də Ağdam Qarabağ
uğrunda (əslində isə "Böyük Ermənistan”ın
yaradılması yolunda) müharibədə sonuncu və həlledici
nöqtə olduğundan məqam gözləmək, geniş
hazırlıq görmək lazım idi. Şuşa,
Laçın, Kəlbəcər alınandan, Ağdərə
qaytarılandan sonra növbə Ağdama
çatmışdı. "Gəncə əməliyyatı”
nəticəsində (Surət Hüseynovun məlum qiyamı -
B.S.) respublikada yaranan gərgin vəziyyət isə əsl məqam
idi.
Ermənistan Rusiyadan
aldığı bütün silahı və zirehli
texnikanı, habelə güclü təlim keçmiş
külli miqdarda canlı qüvvəni Ağdamın üzərinə
göndərmiş, hücum əməliyyatı diqqətlə
hazırlanmışdı. "Gəncə əməliyyatı”
ərəfəsində döyüş texnikası və
canlı qüvvənin Gəncəyə və Bakıya
göndərilməsindən istifadə edən düşmən
mühüm strateji yüksəklikləri ələ
keçirərək orada möhkəmlənmişdi. 24 kənd alındıqdan sonra mühasirə vəziyyətinə
düşən Ağdam şəhərinin müdafiəçiləri
qaçmaq və təslim olmaq niyyətində deyildilər.
Ağdam 40 gün döyüşdü, 40
gün müdafiə olundu. Şəhərə
saysız-hesabsız top və "Qrad” mərmiləri
yağdırılsa da, müxtəlif növ silahlardan fasiləsiz
atəşə tutulsa da, hətta dinc sakinlər oranı tərk
etmir, kömək gələcəyinə, Ağdamın
saxlanılacağına ümidlərini itirmirdilər!
Heyhat! Rafaellinin (ATƏT-in o zaman fəaliyyətdə
olan sədri - B.S.)gəlib-getməsi də ermənini
ağıllandırmadı!
Ağdamın da düşmən
əlinə keçməsi,
yandırılıb-dağıdılması "bizim
apardığımız” müharibənin qanuni və məntiqi
yekunudur.
Müharibə ya qeyrətlə
udular, ya siyasətlə!”
***
Biz Ağdamdan
çıxanda abad şəhər, kənd və qəsəbələr,
işlək vəziyyətdə olan fabrik, zavod, müəssisələr,
barlı-bəhərli bağlar, üzüm plantasiyaları,
içi zəruri əşyalarla dolu evlər, mənzillər
qoymuşduq.
İndi isə
xatabalıqlara, dağıdılıb viranə qalmış,
bayquşlar ulayan məkana qayıtdıq.
Ağdamın erməni
faşistləri tərəfindən xarabazara çevrilməsini
bilirdim. Ara-sıra sosial şəbəkələrə
sızan şəkil və video çəkilişlərini
görmüşdüm. Dostlarımın,
qohumlarımın Google vasitəsilə Ağdamdakı xaraba
qoyulmuş evlərini tapıb baxdıqlarından da xəbərdardım.
Dəfələrlə mənə internet vasitəsilə
ruhlar şəhərinə çevrilmiş Ağdama
baxmağı tövsiyə də etmişdilər. Amma
heç vaxt ürəyim gəlməmişdi, baxa bilməmişdim
və baxmırdım! Düşünürdüm
ki, düşmən nə etməlidir, xüsusən faşist
xislətli düşmən?! Həm də istəyirdim
ki, Ağdam yadımda əvvəlki kimi, abad,
yaraşıqlı, döyüşkən, yağıya toy
tutan şəhər tək qalsın!
***
Erməni hər şeyi
öz xislətinə, murdar mahiyyətinə uyğun dəyişmişdir.
Bizə heç zaman
unutmayacağımız və unudulması mümkün olmayan
yaralar vurub qaçmışdır.
Bəli, biz güclü,
arxalı-köməkli düşmən qarşısında
doğma yurd-yuvamızı məcburən tərk etmişdik.
O dövrün ən varlı, ən
abad yaşayış məntəqələrindən
sayılan Ağdamı boşaltmışdıq.
Çünki zəif idik, nə
ordumuz vardı, nə rəhbərimiz, nə də sərkərdəmiz!
İndi isə cənab İlham
Əliyevin simasında məğrur sərkərdə və
müdrik rəhbəri olan qüdrətli ordu ilə geri
qayıtdıq!
Dağıdılmış,
xarabalıqlara çevrilmiş, tanınmaz vəziyyətə
düşmüş Ağdama qədəm qoyduq!
Düşmən arxasına baxmadan
qaçırdı!
Çünki onu İlham Əliyev
Qarabağdan iti qovan kimi qovurdu!
***
Uzun sürən ayrılıqdan,
doğma el-oba həsrətindən sonra, nəhayət, biz
Ağdama qayıtdıq!
Əsl həqiqət budur ki, bizi Ali
Baş Komandan İlham Əliyev Ağdama qaytardı!
Açıq desək,
çoxumuz "Biz tezliklə doğma yurda
qayıdacağıq” söyləsək də, əslində
qayıdışa ümidimizi tamamilə
üzmüşdük.
Bu, İlham Əliyev möcüzəsi
oldu!
Həm də bu möcüzəni
Prezidentimiz ölkəyə rəhbərlik etdiyi 17 ildə
yaratmış, bizi qələbəyə, qayıdışa
addım-addım yaxınlaşdırmışdı!
Həmin möcüzəli
addımlar hansılardır:
Dövlətin gücü
onun büdcəsi, maliyyə imkanları ilə
ölçülür.
* Ən əvvəl,
İlham Əliyev uğurlu daxili və xarici siyasəti, həyat
vəsiqəsi verdiyi transmilli layihələri hesabına Azərbaycana
çoxlu pul qazandırdı.
* Elə həmin siyasətlə də
dostlarımızın, sıx əməkdaşlıq etdiyimiz
ölkələrin sayını artırdı.
* Güclü ordu qurdu, qazanılan vəsait
və dostlar hesabına Azərbaycan Ordusunu ən yeni silahlarla
təchiz etdi.
* Ordumuz ən yeni, hədəfi dəqiq
vuran silahlarla, müasir taktiki variantlardan istifadə etməklə
hərbi əməliyyatlar aparmağı da öyrəndi.
* Ermənistanın küçədən
hakimiyyətə gəlmiş baş naziri Paşinyanın
naşı hərəkətlərindən, məsuliyyətsiz
bəyanatlarından onun öz əleyhinə məharətlə
istifadə etdi.
* Beynəlxalq qurum və təşkilatlarla
sıx və səmərəli əməkdaşlıq etdi,
BMT-nin tribunasından bacarıqla bəhrələndi.
* Qabaqcadan informasiya müharibəsinə
hazırlaşaraq bu sahədəki uğuru da təmin etdi.
* Şəxsən
özü dünya informasiya məkanında Azərbaycanın
haqq işinin təbliği və Paşinyanın
ifşası ilə bağlı intensiv və səmərəli
fəaliyyət göstərdi.
* Ənənəvi müttəfiqlərinin
Ermənistanı açıq-aşkar dəstəkləməsinin,
kömək göstərməsinin qarşısını irəlicədən
aldı.
* Türkiyə və Azərbaycan
dostluğunu, qardaşlığını indiyədək
olmamış səviyyəyə yüksəltdi.
* İldırım sürətli əks-hücum
əməliyyatı ilə düşməni tar-mar etdi!
Beləliklə, Prezident İlham
Əliyev Azərbaycan tarixinin yeni, ən şərəfli səhifəsini
yazdı!
***
Ağdam aran Qarabağın
qapısıdır.
Bu qapı həm də
Dağlıq Qarabağa açılır.
Ağdamın geriyə
qaytarılması müharibənin həlledici mərhələsi,
strateji uğurudur!
Qarabağa qayıdışın,
torpaqların işğaldan azad edilməsinin banisi və
müəllifi isə məhz cənab İlham Əliyevdir!
Qədirbilən xalqımız bunu
heç zaman unutmayacaq!
Ümidləri çiçəkləndirdiyinə,
doğma yurda dönüşü təmin etdiyinə görə
ağdamlılar da Ali Baş Komandana qəlbən minnətdardırlar!
Səni min yaşa, Ali Baş
Komandanım!
Qələbən mübarək, mənim
Prezidentim!
Gözün aydın, Azərbaycanım!
Qarabağ Azərbaycandır!
Bəxtiyar SADIQOV
Azərbaycan.- 2020.-21 noyabr.- S.1; 5.