Bu möhtəşəm günləri heç vaxt unutmayacağıq

 

Torpaqlarımızın hər qarışı mənim üçün müqəddəs və əzizdir. Yurdumuzun uzun illər işğalda qalması biz hərbçiləri çox narahat edirdi. Günlərin birində döyüşlərin başlanacağını və bu narahatçılığa son qoyulacağını gözləyirdik.

 

Axır ki, həmin gün qapımızı döydü. Qorxmadan, cəsarətlə, hünərlə döyüşlərə atıldıq. Böyük igidlik və rəşadət göstərərək torpaqlarımızı erməni işğalçılarından təmizlədik. Yurdumuzu qəsbkarlardan azad etdiyimizə görə bu gün üzümüz gülür, könlümüz açılır. Təkcə biz yox, illər uzunu əzablarla dolu olan köçkünlük həyatı yaşayan insanlarımız da sevinirlər. Onlar yaxın vaxtlarda doğma ocaqlarına qayıdacaqlarının sevincini yaşayırlar. Bu qüruru, bu fərəhi qaçqınlara, köçkünlərə bəxş etdiyimizə görə özümüzü xoşbəxt sanırıq. Artıq Vətən müharibəsi qələbəmizlə başa çatıb, düşməni məğlubiyyətə uğratmışıq, onları diz çökdürmüşük. Atəş səsləri kəsilib, silahlar susub. İndi yer də, göyrahat nəfəs alır. İnşallah, çox qısa müddət ərzində köçkünlər bu yerlərə qayıdacaq, zəhmətləri ilə kənd-kəsəklərimizi cənnətə döndərəcəklər. İşğaldan azad edilmiş şəhər və kəndlərdə həyat əvvəlki axarına düşəcək.

 

Mən daha çox Şuşa şəhərinin işğaldan azad edilməsinə sevindim. Bayrağımızın burada dalğalandığını görəndə xoş hisslər keçirdim. Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də çıxışlarının birində demişdir: "...Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir. Qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edib. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar”. Şükürlər ki, uğurlu döyüşlərdən sonra Azərbaycan Ordusu üçrəngli bayrağımızı Şuşada dalğalandırdı! O möhtəşəm günü heç vaxt unutmayacağıq.

 

 

Mübariz YARALIYEV,

Azərbaycan.-2020.- 22 noyabr.- S.9.