Müharibə dövrünün
uşaqları...
"Onlar döyüş meydanında bizim qarşımızda duruş gətirə bilmirlər və çalışırlar ki, bu acı məğlubiyyətin əvəzini dinc insanlardan çıxsınlar... Bu, qəsdən törədilmiş cinayətdir. Məhz mülki əhalinin yaşadığı yerləri məqsədyönlü şəkildə atəşə tutublar. Bildiyiniz kimi, çoxlu itkilərimiz var, yaralılarımız var, o cümlədən uşaqlar, qadınlar, qocalar. Bu, bir daha erməni faşizminin yırtıcı mahiyyətini göstərir. Bu, bir daha göstərir ki, biz erməni faşizminin belini qırmaqla bölgəmizi böyük bəladan, böyük faciədən xilas etmiş oluruq...”
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti,
Ali Baş Komandan
Çağıran Vətəndirsə, övladı mütləq
səsinə səs verəcək. Hər dövrdə belə
olub. İndi də belədir.
Sentyabrın 27-dən bəri davam edən Vətən mübaribəsinin
qəhrəmanları da
onlar - gənc yaşlarında tarix yazan Azərbaycan igidləridir. Dar günündə Vətənin
qeyrət qalasına dönüblər, namərd
düşmənin qarşısına
sipər çəkiblər.
Bir də bu günlərin - Vətən mübaribəsi
dövrünün uşaqları
var. Onların vətənpərvərliyini
seyr etmək də ayrı bir qürur verir. Duyğularını anlamaq çətin
deyil. Çünki hisslərini özlərinə,
yaşlarına xas tərzlərdə göstərə
bilirlər. "Dava-dava” oyununu bu günlərdə hər zamankından daha çox sevirlər. Hər biri əlinə
silah alıb yağı düşməni
qovmaq, torpaqlarımızı
işğaldan azad edərək qəhrəman
olmaq istəyir.
Oyundan yorulanda
da fikirlərindən,
xəyallarından cəbhədə
gedən döyüşlər
çıxmır. Böyük qardaşlarının,
atalarının, əmilərinin,
dayılarının qəhrəmanlıqlarından,
azğın düşməni
necə geri çəkilməyə məcbur
etdiklərindən qürrələnə-qürrələnə
danışırlar.
Ancaq aldıqları
xəbərlərin hamısı
sevindirici deyil. Ermənistan silahlı
qüvvələri nəinki
döyüş bölgələrində,
hətta cəbhədən
uzaq məsafələrdə
yerləşən Gəncə,
Bərdə, Beyləqan
və digər ərazilərdə yaşayan
mülki əhalini raket və ağır
artilleriya hücumlarına
məruz qoyur. Namərd düşmən Azərbaycanın
dinc, günahsız vətəndaşlarını evlərində
qətlə yetirir.
Həlak
olanlar arasında nəinki onların yaşıdları - uşaqlar,
hətta onaylıq Narin də var. Körpə Narin oktyabrın 17-də ermənilərin
törətdikləri ikinci
Gəncə terrorunun qurbanı oldu.
Ermənilərin Gəncəyə atdıqları
raket atəşi zamanı dağıntılar
arasından xilas edilən yaralılar arasında uşaqlar da az deyil. Onlardan biri də Ömər Nəsirovdur.
"Daşın altında qaldım. Qorxdum... Bu, heç vaxt yadımdan çıxmayacaq...”. Azyaşlı Ömərin
söylədiyi bu sözlər nəinki onun özünün, heç bir azərbaycanlının yaddaşından
silinməyəcək...
Xain düşmən zərbəsilə
neçə-neçə ailəyə
od düşdü,
ocaqlar söndü. İnsanlar əzizlərini, doğmalarını
itirdilər. Ermənistan ordusu
neçə-neçə azərbaycanlı
uşağı atasız,
anasız, bacısız,
qardaşsız, nənəsiz,
babasız qoydu.
Oktyabrın 11-də Ermənistandan Gəncəyə
atılan raket zərbəsindən dağılan
binada yaşayan balaca Nilay da
terror aktı baş verən gecə atası Adil Əliyevi, nənəsini itirdi. Həmin gecə yaralanmış
anası Günay Əliyeva isə cəmi bir gün
sonra xəstəxanada
həyatla vidalaşmalı
oldu.
Səkkiz
yaşlı Hüseynlə
on altı yaşlı
bacısı Sevilin valideynləri - Anar və Nurçin
Əliyevlər erməni
faşistlərinin Gəncəyə
atdıqları raket hücumu nəticəsində
həlak oldular.
Erməni silahlı bölmələrinin oktyabrın 17-də gecə saatlarında Gəncə şəhərini raket atəşinə tutması nəticəsində xoşbəxt həyatları yarımçıq qalanlardan biri də Şahnəzərovlar ailəsi oldu. Ermənistan ərazisindən atılan raketin yaratdığı dağıntılar altından ailənin yalnız bir üzvü - 2017-ci il təvəllüdlü Xədicə Şahnəzərova sağ çıxarıldı. Azyaşlı qızın atası Röyal, anası Züleyxa və yaşyarımlıq bacısı Məryəm isə erməni terrorunun qurbanları oldular. O, dəhşətli günlərdə baş verənləri anlamayan üç yaşlı Xədicənin doğmalarını axtaran ürkək baxışları hər kəsi qəhərləndirdi.
Erməni işğalçıları bu uşaqları yalnız valideynsiz qoymadı, həm də onları ömrün qayğısız illəri adlandırdığımız uşaqlıq sevincindən məhrum etdi. Ancaq hər zamankı kimi yenə də qəddar düşmənin arzusu gözündə qalır. Ermənistan silahlı qüvvələrinin bütün bəşəri dəyərləri heçə sayaraq mülki əhalini hədəf seçmələri, günahsız insanları şəhid etmələri, yaralamaları Azərbaycan əhalisini qorxutmur. Erməni cinayətlərinin şahidi olan, əzizləri qətlə yetirilən bu uşaqları da həyatları boyu gözlərində, könüllərində daşıyacaqları nisgil daha da mətin, güclü edəcək. Çünki onlar mərd Azərbaycan xalqının övladlarıdırlar.
Bu gün ölkəmizin hər yerində uşaqların geyimlərinin üzərində, çantalarında, velosipedlərində Azərbaycan bayrağı daşıdıqlarını seyr etmək də bir başqa qürur mənbəyimizdir. Şübhəsiz, böyüklərindən öyrənirlər. Bu günlərdə Azərbaycan bayrağı Vətənə sevginin, cəbhədə döyüşən əsgərlərimizə dəstəyin və qələbəyə inamın simvoluna çevrilib.
Bu yaxınlarda İmişli rayonuna gedəndə gördüm. Yolboyu evlərin, hasarların, darvazaların üstündə vurulan üçrəngli bayrağımız dalğalandıqca elə gözəl mənzərə yaranır ki, baxmaqdan doymursan. Bir mənzərə də üzümüzdə təbəssüb, qəlbimizdə fəxr, fərəh yaradır. Kənd uşaqları velosipedlərinə Azərbaycan bayrağı vurmaqla kifayətlənməyiblər. Velosipedlərinin önünə bərkitdikləri kartonların üzərində "Qarabağ Azərbaycandır” yazıb, böyük bir nida qoyublar.
Məşhur "Bizim Cəbiş müəllim” filmində səslənən mahnı da bu günlərdə uşaqların dilinin əzbəri olub: "Çağırsa ellər gedərəm davaya”...
Böyük bacım danışır ki, İkinci Qarabağ müharibəsi yeni başlamışdı, bir gün qızımın uşaqları - Aynişanla Vəli hövlnak bizə gəldilər. "Nənə, bizə bayraq ver” dedilər. Aynişana bayraq verdim. Dərhal çantasına keçirib çiynindən aşırdı. Vəli bacısından kiçik olduğundan ona dedim ki, sənin çantana gücün çatmır, həm də sən dağınıqsan, bayrağı necə gəzdirəcəksən. Uşaq ağlamsındı: "Nənə, vallah mən bayrağa gözüm kimi baxacam” dedi.
Azərbaycanda bu gün doğma bayrağına gözü kimi baxan uşaqlar böyüyürlər. Gələcək onlarındır. Onlar Füzulisi, Ağdamı, Qubadlısı, Cəbrayılı, Zəngilanı, Laçını, Kəlbəcəri, Ağdərəsi, Xocavəndi, Xankəndi, Şuşası... ilə bütövləşən, daha da güclənən, qüdrətli Azərbaycanımızın gəncləri olacaqlar. Vaxt gələcək, bu uşaqlar İkinci Qarabağ müharibəsi barədə uşaqlıqda eşitdiklərindən danışacaqlar. Bu müharibə haqqında bəlkə də ən yaxşı əsəri yazacaq, ən təsirli filmləri, rəsmləri onlar çəkəcəklər. Və ümidimiz, inamımız və arzumuz budur ki, bu uşaqlar nəinki Azərbaycanda, bütün ölkələrdə sülhün, əmin-amanlığın bərqərar olduğu bir dünyada yaşaya bilsinlər.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2020.- 22 noyabr.- S.9.