Vətən müharibəsində iştirakımla qürur duyuram

 

 

Əslində, Qarabağ müharibəsi bitməmişdi, sadəcə olaraq döyüşlər dayandırılmışdı. Torpaqlarımızın erməni işğalçılarından dinc yolla azad edilməsi məqsədi ilə uzun illər idi ki, danışıqlar aparılırdı. Amma son nəticədə məlum oldu ki, düşmən işğal etdiyi ərazilərimizdən danışıqlar yolu ilə çıxmaq istəmir.

 

Bu azmış kimi, illərlə işğalda saxladıqları əraziləri qaytarmaq əvəzinə, sentyabrın 27-də yeni torpaqlar ələ keçirmək üçün mövqelərimiz üzərinə hücuma keçdilər. Biz düşmən hücumunun qarşısını almaq üçün müdafiə olunmağa başladıq. Qəsbkarlar hücumlarını nə qədər gücləndirməyə çalışsalar da, geriyə addım atmadıq. Torpaqlarımızın azadlığı uğrunda bütün gücümüzlə müdafiə olunduq. Düşmənə sarsıdıcı zərbələr vurduq. Yağılar nə qədər güc göstərsələr də, güllələrimizdən yayına bilmədilər. Atılan hər güllə bir düşməni məhv etdi. Qısa müddət ərzində mövqelərimizi ələ keçirəcəyinə ümid edən işğalçıların arzuları puç oldu.

 

Biz igidliyimizlə, qəhrəmanlığımızla, dəqiq atəş zərbələrimizlə işğalçıların hücumlarını dayandırdıq. Azğınların gücü zəifləyən kimi əks-hücuma keçdik. Beləcə, ərazilərimizi dinc yolla qaytarmaq istəməyən erməni qəsbkarlarına bütün döyüşlərdə sarsıdıcı zərbələr vura-vura irəlilədik. Gərgin döyüşlərdən sonra düşməni illərdən bəri dayandığı mövqelərindən vurub çıxardıq. Zəfər dalınca zəfər qazandıq, uğur dalınca uğur qazandıq. Kənd-kənd, oba-oba, şəhər-şəhər ərazilərimizi erməni qəsbkarlarından azad etdik. Vətən müharibəsində iştirakımla qürur duyuram. Fəxr edirəm ki, bu gün üçrəngli bayrağımız Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Şuşada, Ağdamdaişğaldan azad edilmiş ərazilərimizdə dalğalanır. Çox qürurverici günlər yaşayırıq.

 

 

Rəşad Eyvazov,

Gizir

Azərbaycan.-2020.- 22 noyabr.- S.9.