Vandalizmin son həddi

 

Gedirlər. Çünki Ermənistan silahlı qüvvələrinin otuz ilə yaxın işğal altında saxladıqları torpaqların əsl sahibləri geri qayıdır.

Amma gəldikləri kimi getmirlər. XX əsrin son onilliyində yurdlarını tərk etmək məcburiyyətində qoyduqları azərbaycanlılardan qurulu evlər qalmışdı. Sahibləri o evlərdən yalnız canlarını götürüb getməli olmuşdular. Yollarda da erməni silahlılarının təqibindən qurtula bilməmişdilər. Onlarca azərbaycanlını da o qaçhaqaçda şəhid etmişdilər. Sağ qalanlar gözlərinin önündə qətlə yetirilən doğmalarını, əzizlərini heç dəfn etməyə imkan tapmamışdılar. Güllə yarası alanlar, soyuq, şaxtalı-boranlı havada yollarda donan, sağlamlıqlarını itirənlər çox olmuşdu.

 

 

 

Vandallar təbiətə aman vermirlər...

 

 

 

O vaxtlar - 1990-cı illərdə ermənilər işğal nəticəsində daxil olduqları kəndlərimizi, qəsəbələrimizi, şəhərlərimizi dağıdıb talan etdilər. Nəinki evlərimizdəki, hətta muzeylərimizdə saxlanılan qiymətli əşyaları yağmaladılar. Ancaq ermənilər o yerlərə doğmalaşa bilmədilər. Çünki o yerlər tarixi Azərbaycan torpaqlarıdır. Heç ruhlar şəhəri buna imkan vermədi. Odur ki, cəhənnəmə çevirdikləri cənnət guşəmizdə duruş gətirə bilmədilər. Ermənistan dövləti özü belə burada qurduğu qondarma respublikaya, Azərbaycan torpaqlarını əbədi işğal altında saxlaya biləcəyinə inandı. İnansaydı, otuz ilə yaxın müddəti silahlanmağa, istehkamlar qurmağa deyil, az da olsa qurub-yaratmağa sərf edərdi.

Bu illər ərzində Ermənistanın təşvişi, xofu heç bitmədi. Amma xülyalarından da əl çəkmədi. İşğal etdiyi Azərbaycan torpaqlarına nəinki Ermənistandan, hətta digər ölkələrdən ermənilərin köçüb gəlmələrinə, burada məskunlaşmalarına səy göstərdi. İndi isə həmin ermənilər zəbt etdikləri Azərbaycan torpaqlarını, azərbaycanlıların evlərini tərk edirlər. ... gəldikləri kimi getmirlər.

 

Azərbaycanlılar 1990-cı illərdə evlərindən yalnız əyinlərindəki paltarla çıxdılar. Gedəndə evlərinə od vurub yandırmadılar. Çünki bu yerlərdə əcdadları ömür sürmüşdü. Uluları kimi sağ ikən yaşayış, ölərkən məzar yerləri kimi baxdıqları yurdun köksünə dağ çəkməyə, yandırmağa qıymadılar. Evlərindən çıxarkən qıfılladıqları qapılarının açarlarını otuz ilə yaxındır saxlayan azərbaycanlılar var. Ancaq artıq o açarların açacağı qapılar qalmayıb. Ermənilər talan ediblər, apardıqlarını aparıb, apara bilmədiklərini yandırıblar.

 

O zaman azərbaycanlılar "yağılara qalmasındeyib nəinki evlərini yandırdılar, həm indi ermənilərin od vurduqları meşələrin bir çöpünə qıymadılar. Apara bilmədikləri mal-qaralarına belə acıdılar. Son dəfə toyuq-cücələrinin dənini, suyunu, mal-qaralarının yemini verdilər. Hinlərinin, tövlələrinin qapısını açıq qoydular. İtlərini zəncirdən açıb buraxdılar. "Heyvanlar yazıqdır, acından ölməsindedilər.

 

 

 

 

Məktəbi yandıran erməni "məktəb direktoru

 

 

 

 

İndi işğalçı ermənilər torpaqlarımızı tərk edərkən nəinki evlərə, təbiətə, dilsiz-ağızsız heyvanlara belə aman vermirlər. Apara bilmədikləri mal-qaranı tələf edirlər.

 

Ermənilərin gedərkən əl çəkmədikləri insanlığa yaraşmayan hərəkətlərini, qəddarlıqlarını, vəhşiliklərini əks etdirən kadrları bütün dünya təəccüblə seyr edir. İşğalçılar isə torpaqlarımızı tərk edərkən heç nədən çəkinmirlər.

 

Rusiya, Azərbaycan Ermənistan arasında imzalanmış razılaşmaya uyğun olaraq işğal etdikləri torpaqlarımızdan getməli olan erməni işğalçıları bütün yaşayış inzibati binaları məhv edirlər. Ermənistan KİV-in isə heç utanmadan verdiyi məlumatlardan biri Azərbaycanın işğaldan azad edilcək Kəlbəcər rayonunda bir məktəb direktorunun rayonu tərk edərkən tədris binasını yandırmasıdır.

 

Məsələyə Azərbaycan Respublikası Təhsil naziri Emin Əmrullayev münasibət bildirib. O, qeyd edib ki, Kəlbəcərdə qanunsuz məskunlaşdırılmış ermənilərin köçürülməsi zamanı direktorun məktəbi nümayişkaranə şəkildə yandırması təəssüf doğurur bu, vandalizmdir. Nazir diqqətə çatdırıb ki, bütün bu hallar nazirlik tərəfindən sənədləşdirilir müvafiq kanallarla beynəlxalq təşkilatlara çatdırılır. Emin Əmrullayev vurğulayıb ki, ermənilər ərazilərimizi işğal edən zaman oranı tərk edən azərbaycanlılar məktəbə, eləcə digər infrastruktura toxunmamışdı: "İndi isə işğal altında olmuş Cəbrayılda, Füzulidə, Qubadlıda bütün infrastruktur yerlə-yeksan edilib”.

 

Nazir təəssüflə qeyd edib ki, Azərbaycanda 10 nəfər şagird düşmən tərəfindən atılan raket hücumları nəticəsində həlak olub: "Müharibə dövründə 340 min şagirdin təhsil aldığı məktəblər risk zonasına daxil olduğundan orada təhsilin təşkili, ümumiyyətlə, mümkün olmayıb. Düşmənin atdığı raket zərbələrindən 50 məktəb bu ya digər dərəcədə zərər görüb. Bəzi məktəblər isə ümumiyyətlə, yararsız hala düşüb”.

 

Azərbaycan əsgəri yalnız döyüş meydanında düşmənə layiq olduğu cavabı verib. Ermənistan silahlı qüvvələri isə məktəbləri, evləri hədəf almaqdan, uşaqları qətlə yetirməkdən heç vaxt çəkinməyib. Şübhəsiz, onların bu qeyri-insani davranışlarında məktəb binasını yandırmağa qadir olan həmin o erməni məktəb direktoru kimi müəllimlərinin böyük rolu var.

 

Sadə olduğu qədər də dərin bir həqiqət mövcuddur. Əsl müəllim şagirdlərinə yalnız savad vermir, elm öyrətmir, həm də nəsillər yetişdirir, tərbiyə edir. Müəllim şagirdləri üçün insanlıq nümunəsi olmalıdır. Bizə müəllimlərimiz başqalarının vətənini işğal etməyi, qocasını, qadınını, uşağını öldürməyi, ümumiyyətlə, düşmən belə olsa döyüşçü olmayanın canına qəsd etməyi, təbiətə zərər vurmağı, talançılığı öyrətməyiblər. Müəllim adını şərəflə daşıdıqları, şagirdlərinə ləyaqətli olmağı öyrətdikləri üçün onlara hörmət və rəğbətimiz sonsuzdur.

 

 

 

 

Tarixin yaddaşında hər kəs öz əməlləri ilə qalacaq

 

 

 

 

Bunu da unutmaq olmaz. Tarixin yaddaşı güclüdür. Hər kəs öz əməlləri ilə xatırlanacaq. Kəlbəcərdə işğal nəticəsində zəbt etdikləri yerləri tərk edərkən məktəb binasını yandıran erməni direktorun bəd əməli isə yalnız özünə deyil, həm də hər zaman xalqına utanc gətirəcək. Təəssüf ki, bunu hələ də dərk etmək iqtidarında deyillər.

 

Hazırda Azərbaycan hökuməti işğaldan azad edilən bütün bölgələrdə Ermənistanın vurduğu zərəri hesablayır və yenidənqurma çərçivəsində tədbirlər görülür. Bununla yanaşı, ərazilər mina və partlamamış mərmilərdən təmizlənir.

 

İşğaldan azad edilən doğma yurdlarını uzun illər sonra yenidən görənlər kədərli mənzərələrlə qarşılaşırlar... Evlərindən geriyə yalnız uçulub dağılmış daşları qalıb. Buna baxmayaraq özlərini xoşbəxt hiss edirlər. Çünki o yurd yerlərini yenidən abad görəcəkləri, orada ömür sürəcəkləri günlər uzaqda deyil.

 

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2020.- 22 noyabr.- S.10.