İgidlərim,
oğullarım...
Əsgər teleqramları və
şairin cavabı
Xalq şairi Nəriman
Həsənzadəyə
Çox hörmətli, qeyrətli, vətənpərvər, sayılıb-seçilən ağsaqqalımız bizə göndərdiyiniz ərizə və məktub-teleqrama görə Sizə və övladlarınıza öz təşəkkür və minnətdarlığımızı bildiririk. Allah Ali Baş Komandanımıza, ordumuza və millətimizə yar olsun. Sizin bizə həsr etdiyiniz şeiri bir-bir hamımız oxuyub əzbərlədik. Sizin əlinizdən öpürük. Yəqin ki, yuxusuz qalıb bu şeiri ərsəyə gətirmisiniz. Allah sizin kimi ağsaqqaları var etsin. Allah millətimizi, birliyimizi əbədi etsin. Biz də söz veririk ki, Ali Baş Komandanımızın bütün əmr və tapşırıqlarını icra edib, torpaqlarımız uğrunda son damla qanımızadək döyüşəcəyik.
Nəriman müəllim, bir daha məktuba görə minnətdarıq.
Heydər
Quliyev, Elman Nəzərov, Ramil Ağayev,
Racu Nəbiyev, Təbriz Babayev, Ramil Hacıyev
Füzuli
rayonu "N” saylı hərbi hissə
Xalq şairi Nəriman
Həsənzadəyə
Xalqımızın şair oğlu, ürəyi Qarabağla döyünən gözəl
insan, müdrik ağsaqqal, gözlərin
aydın olsun. Qələbə
bizimlədir! Biz bunu bacardıq.
Bütün tarixboyu millətimizin
arzuladığı Milli
Qəhrəman qətiyyətli,
qüdrətli Ali Baş
Komandanımız sayəsində
rəşadətli Ordumuz
bu qələbəni qazandı!
Yaşasın Ali Baş Komandanımız!
Yaşasın rəşadətli
Ordumuz! Yaşasın bütün dünyada yumruq kimi birləşmiş
azərbaycanlılar və
Azərbaycan! Ruhunuz şad olsun, bayram edən şəhidlərimiz, gözünüz
aydın olsun, şəhid doğmaları,
gözünüz aydın
olsun, qarabağlılar,
gözünüz aydın
olsun, mənim ağsaqqalım, Nəriman
Həsənzadə!
Mənim gücüm və imkanım sənə İsa bulağından su və çox
sevdiyin Şuşadan torpaq gətirməyə çatar. Tezliklə görüşənədək.
Hörmətlə,
Heydər
QULİYEV,
Füzuli
rayonu, "N” saylı
hərbi hissə, polkovnik
Dünya susur.
Allah!
Allah!
Dünya
laldı,
Dünya kardı.
Düşmənimiz
Bir yalquzaq
canavardı.
Uladıqca dünya susur.
Qərbin
insan hüquqları
hanı belə?
niyə susur?!
Gəncə yanır,
Bərdə yanır.
Göydəkilər
göydə yanır,
yerdəkilər
yerdə yanır.
Paşinyanın
bombaları,
ulayırdı.
Ya biriydi
Ya ikiydi
Gecə
yarı,
ulayırdı.
Erməninin züy tutanı
havadarı,
ulayırdı.
Bu xarabə
bayquşları,
ulayırdı.
Yer
qisasa
çağırırdı
yer üzünü.
Bir görmüşdük,
Bir də gördük
ermənin
şər üzünü.
Şaumyan da
istəyirdi,
yüz il qabaq, -
bombalasın,
Gəncə, səni!
Cümhuriyyət vətənimsən,
öncə səni.
O uğursuz,
kor yapalaq!
Filankəsin
Silahdaşı,
"Əziz dostu”
Bakıda milləti qıran.
İstəyirdi...
Gec uçmuşdu
təyyarələr
Moskvadan!
İgidlərim,
oğullarım,
sizinkidir
Bu hisslərim,
duyğularım.
Bu hecalı,
qafiyəli
dualarım!
Şah İsmayil
səngərindən
Tanıdığım
gənc ərlərim!
Zabitlərim,
gizirlərim,
əsgərlərim!
Dağ yanında
bir dağsınız.
Yer tərpənsə,
uçmazsınız,
dayaqsınız.
Top dalında,
tank içində,
Yatmazsınız,
oyaqsınız.
Torpaqsınız,
Vətənsiniz,
Bayraqsınız.
Sizi görən
zəlil düşmən
Atəş açır: səngərimə
Sinəmdəki
mənim
şeir
dəftərimə.
Heydərlərim,
Ramillərim,
Racularım,
Mənim başıucalarım!
comərdlərim!
Təbrizlərim,
Elmanlarım,
Namiklərim.
Hərəniz bir
arxamsınız,
hərəniz bir
şah əsərim.
Nəriman
HƏSƏNZADƏ,
Xalq şairi
Noyabr 2020
Azərbaycan.-2020.- 24 noyabr.- S.6.