O, torpaq uğrunda canından keçdi
Qarabağın yağı düşməndən azad edilməsi üçün sinəsini sipər edən əsgərlər, komandirlər, bu məktubu oğlum Seymura yox, sizə yazıram. Səbəbini də bildirirəm.
Azərbaycanın tarixi torpaqlarının ermənilər tərəfindən işğala məruz qalması xalqımızın haqlı hiddətinə səbəb olmuşdu. Oğlum Mehtiyev Seymur Hüseyn oğlu da bu vandallığı düşmənə bağışlamayacağına and içmişdi. Ona görə də ermənilərlə döyüşmək üçün fürsət axtarırdı.
Cəmi iyirmi beş illik ömür yolunu bir göz qırpımında başa vurdu. 1995-ci ildə Tovuz rayonunun Aşağı Öysüzlü kəndində dünyaya göz açıb, 24 oktyabr 2020-ci ildə isə Füzulidə yumdu gözlərini.
Balam orta təhsilini Tovuz şəhər Mahir Ələkbərov adına orta məktəbdə, ixtisas təhsilini isə Azərbaycan Texniki Universiteti nəzdindəki Bakı Nəqliyyat və Rabitə Kollecində almışdı. 2017-ci ildə həqiqi hərbi xidmətə getdi. Goranboy istiqamətində xidmət keçdi. Topçu, manqa komandiri, kiçik çavuş olmuşdu.
O, Vətən müharibəsi başlamamışdan dövlət sərhədinin Tovuz istiqamətində bu ilin iyulunda baş vermiş düşmən hücumu vaxtı cəbhəyə getməyə cəhd etdi. O zaman alınmadı. Sentyabrda hərbi komissarlığa getdi. Sevincək qayıtdı ki, "...alındı, ana, ermənilərin payını vermək mənə də qismət olacaq”. Könüllü yazılmışdı orduya, cəbhəyə getməyə tələsirdi. Yola düşəndə mənə "birdən şəhid olsam, ağlamazsan ha...”, deyib getdi. Soruşdum ki, hansı tərəfə aparırlar? Cavabı həm müəmmalı, həm də maraqlı oldu: "Hər yer Vətəndir, ana, hara gedəcəyimizin nə fərqi var?”
Əvvəllər Tərtər istiqamətində
idi. Sonra Füzulidən
gəldi səsi. Fürsət tapan kimi zəng
edirdi. Təsəlli verirdi ki, darıxmayın. O gedəndən
yuxum ərşə çəkilmişdi. Hər
zəngində mənə
təsəlli verir, elə hey, "özünə
yaxşı bax, ana”,deyirdi. "Qoy qayıdım gəlim. Səni "Seymurun anası”
kimi tanıyacaqlar.
Düşmənin başını
əzə-əzə gedirik,
iti qovan kimi qovuruq...”
Sən demə,
balam məni şəhid olub tanıdacaqmış. Atası hələ də
özünə gələ
bilmir. Deyir, özü, yüyürə-yüyürə
şəhid olmağa
getdi. Əsas döyüş yolu
Füzulidən keçdi.
Uşaqlar deyir ki, Aşağı Veysəlli, Aşağı
Əbdürrəhmanlı və
digər kəndlərin
alınmasında top atəşləri
ilə düşmənə
qan uddurdu. Füzulidə gedən ağır
döyüşlərdə xüsusi fəallıq göstərdi. Füzulidə olanda bizimlə bir neçə dəfə telefon əlaqəsi saxladı.
...Oktyabrın 24-də yenə
mənə zəng etdi, atası, qardaşı ilə də danışdı. Ordumuzun qəhrəmanlığı sayəsində
düşmənin pərən-pərən
düşdüyünü bildirdi. Dedi ki, "biçirik ey onları, iti qovan kimi
qovuruq, qaçırlar
qorxaqlar. Murdar ayaqları bir
də bu torpağa dəyməyəcək,
az qalıb”.
Oktyabrın 25-də isə... Cəmi bir
gün qabaq bizə ümid verən, inamımızı
möhkəmləndirən Seymur o gün düşmən gülləsindən
gözlərini əbədi
yumdu.
Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan
azad edən müzəffər ordumuzun
komandirləri, əziz
əsgər balalar, oktyabrın 26-da Seymur canından əziz bildiyi Vətən torpağına tapşırılarkən,
onunla sonuncu dəfə vidalaşmağa
gələnlərin sayı-hesabı
yox idi. Sən demə, Seymur məni belə tanıdacaqmış. Bu, bizə, əlbəttə
ki, qürur verir. Hər bir ana övlad toyu arzulayar, qol qaldırıb oynayar.
Bu, bizə qismət
olmasa da, Seymurum Tanrının dərgahına yüksəldi.
Ana qəlbim sızlasa
da, deyirəm, Vətən sağ olsun!
Vətəni oğullar qoruyar, mənim döyüşkən
balalarım. Bilirəm ki, Vətən
uğrunda şəhid
olanlara "ölüb”
demirlər. İndi xalqımız
Ordumuzun zəfərini
qeyd edir. O zəfərdə mənim
Seymurumun da payı var. Tarix yazılanda, bu torpağı qanları, canları bahasına azad edənlərdən söz düşəndə,
oğlumun da adı çəkiləcək.
Seymurumun
özü ilə bağlı arzuları yarımçıq qaldı.
Lakin Vətənlə
bağlı arzuları
yerinə yetdi...
Şərəfin - şəhidliyin mübarək,
oğlum! Vətən
və xalqımız onu qoruyan oğulları
ilə qürur duyur!
Nüşabə MEHTİYEVA,
Tovuz şəhəri, şəhid
anası
Azərbaycan.-2020.- 24 noyabr.- S.7.