Zəfəriniz mübarək!

 

 

Qarabağ yaramıza məlhəm olan Qələbəniz mübarək, oğlum İsmət Məmmədov! Sənin ömür yolun da maraqlıdır, döyüşlərdə zəfər qazanmağınız kimi.

 

Ali Baş Komandanımız İlham Əliyevin Azərbaycan Ordusunun müzəffər yürüşlərinin qələbə soraqlarını "Tvitter” səhifəsində paylaşdıqdan və televiziya ilə xalqa çatdırdıqdan sonra sevincimizin hədd-hüdudu olmayıb. Bu günlərimizə şükür olsun. Ermənistanın işğalı altında qalan torpaqlarımızdan qovulmuş, didərgin salınmış insanların duası sizi qorusun, bala!

 

Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin televiziyadakı müsahibələri, xarici ölkələrin jurnalistlərinin suallarına verdiyi cavablar, bir döyüşçü anası kimi, məni də çox qürurlandırıb! Ermənilərin işğal etdiyi ərazilərdə törətdiklərini gördükcə isə anlamışıq ki, siz ön cəbhədə necə vəhşi məxluqlarla döyüşmüsünüz! Halal olsun sizə anaların südü!

 

Hansı ana sevinməz bu zəfərə?! 30 il bundan öncə ermənilər xalqımıza divan tutdu. Torpaqlarımızı işğal etdi, Xocalıda elə dəhşətli soyqırımı törətdi ki, dilə gətiriləsi deyil.

 

Dövlətimizin gücü, xalqımızın birliyi, Ali Baş Komandanımızın mətin iradəsi ilə Ordumuz 44 gün ərzində düşməni diz çökdürdü. Ermənistan indiyə kimi törətdiyi vəhşiliyə görə layiqli cəzasını aldı. Vətənə xidmətdə sənin də payının olması, ana kimi, qəlbimi fərəhlə döyündürür.

 

ŞuşaAğdam məscidlərində verilən azan səsləri sizi qorusun, əziz əsgər və zabitlərimiz!

 

İsmət, oğlum, sən hərb sənətini seçəndən atan Əhməd Məmmədov, uzun illər məktəb direktorunun müavini olan baban Mahmud Məmmədov da qürur duyublar. Yalnız səninlə yox, kəndimizin igid oğullarının hamısı ilə fəxr edirik ki, Qarabağın işğaldan azad edilməsində, Vətən müharibəsində könüllü olaraq Bakıdan döyüşlərə yollandınız.

 

Əziz oğlum, sən komandirsən. Komandir əsgərin atası, qardaşı, doğması, əzizidir. Bilirik ki, qarda-yağışda, soyuqda onların qayğısını çəkirsiz. Kəndimizdən daha bir nəfərdən - Novruzov Füzuli Vahid oğlundan da bizə bir soraq ver. Eşitmişik ki, o da Şuşamızı azad edən əsgərlərimizdəndir. Anası Sitarə xanım da bütün əsgər və zabitlərimizlə, o cümlədən oğlu ilə fəxr edir, salamlarını sizə mənim məktubum vasitəsilə çatdırır.

 

Əziz oğlum, bu günlər dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı oğlu, qızı özünü Qarabağda, düşmənlə üz-üzə döyüşlərdə sanır. Demək, təkcə siz yox, həm də xalqımız Ali Baş Komandanımızın əmrinə müntəzir dayanaraq düşmənə sözünü deyir, onun çirkin niyyətini, terrorçu olduğunu aləmə yayır. Ermənilər yalnız sizin qabağınızdan qaçmır, həm də dünyada ifşa edilir. Bu da bizə və sizə imkan verir ki, onlara layiq olduqları yeri göstərək. Bizə Qələbə sevincləri yaşadırsınız, var olun!

 

 

Füruzə MƏMMƏDOVA,

Gürcüstanın Borçalı mahalının Dmanisi rayonunun Az.Gəyliyən kənd sakini

Azərbaycan.-2020.- 24 noyabr.- S.7.