Torpaq onu qoruyanların hesabına Vətən olur
Vətən müharibəsi başlayan kimi qara buludları dəf etmək, azadlıq mücadiləsinə öz payını verməyə tələsən oğullardan biri də Fərahim Hüseynovdur. 1999-cu ildə Sumqayıtda doğulub. Valideynləri Ağdam rayonundandır. 1993-cü ildə onlar məcburi köçkün kimi Sumqayıta pənah gətirəndə bir gün ora qayıdacaqlarına əmin idilər.
- Mən həmişə inanmışam ki, nə zamansa bu, baş verəcək, - deyə Fərahimin atası İbrahim Hüseynov bildirir. - Çox çətinliklərlə üzləşdik. Əsla ümidimizi itirmədik. Burada ailə qurmuşam.
Fərahim Sumqayıt şəhər 13 saylı tam orta məktəbdə oxuduğu zaman ictimai işlərdə fərqlənirdi. "Şahin” hərbi-idman yarışlarında ilk dəfə məktəblərinə fəxri fərman da qazandırmışdı.
- Bir gün dərsdən evə gəldi, - İbrahim söhbətinə davam edir. - Onu belə görməmişdim. Düşündük ki, yəqin kiminləsə savaşıb. Anası Nurəngiz, bala, nə olub, deyə soruşanda, biz nə vaxtadək qaçqın olacağıq, cavabını verdi. Tutuldum, səbəbini soruşanda, mən babalarımın yurdunu görmək istəyirəm, dedi. Sonra da əlavə etdi ki, hamı yayda öz kəndinə gedir, biz isə oralara getmək barədə heç söz də açmırıq. Qoy böyüyüm, ermənilərin başını əzib, o yerlərə sizi özüm aparacam. Anası onu qucaqlayıb, ay mənim əsgər balam, vallah, sən dediyini eləsən, evimizin yuxarı başından sənin şəklini asacam, dedi.
Orta məktəbi qurtaranda test
imtahanından lazımi
balı toplaya bilmədi. Fərahim əsgəri xidmətə
yollandı. İlyarım həqiqi hərbi xidmət keçdi. Hərbi qaydalara vaxtında yiyələndi, əsgəri
şücaəti nəticəsində
komandanlığın dəfələrlə
təşəkkürünə, fəxri fərmanlara layiq görüldü.
Xidmətini baş çavuş
kimi bitirdi.
Atası
İbrahim ötən
günləri gözləri
yol çəkərək
xatırlayır:
- Vətən müharibəsi
başlayan gün evdə oturmuşduq. Xəbəri televiziyadan alan kimi
üzümə baxdı.
Sakitcə yerindən qalxdı: "Mən cəbhəyə getmək
üçün ərizə
verməyə gedirəm.
Bəsdi,
bu köpək uşağının qabağından
qaçdıq. İnşallah,
qələbə ilə
qayıdacam” - dedi. Bir an sakitlik
yarandı. Anası onun üzünə baxıb bildirdi: "Get oğul, yolun açıq olsun”.
Ordu sıralarına
könüllü kimi
yazılan Fərahim döyüşə gedəcəyi
anı 20 gün gözləməli oldu. Həmin günlər
Fərahim hər gün səfərbərlik
idarəsinə gedirdi.
Nəhayət, oktyabrın ortalarında
ona çağırış
gəldi.
- Evdə yır-yığış
edirdik. Onun mənə sərt
söz dediyini xatırlamıram. Amma
yola salanda üzünü bizə tutub belə dedi: "Ata, sizin buraxdığınız səhvi
biz düzəldəcəyik. Gələcək nəslə problem qoymayacağıq. Erməninin yerini,
kim olduqlarını onlara göstərəcəyik”.
Füzuli,
Zəngilan, Şuşa
uğrunda gedən döyüşlərdə iştirak
edən Fərahim öz əqidəsini vətən sevgisinə qatıb düşmənə
qan uddurdu. Bu günlər evlə danışan Fərahimə
atası, oğul, sən dediyini elədin, deyəndə, belə cavab verdi: "Bizim
düşməndən üstünlüyümüz
onda idi ki, içimizdəki sevgi Qarabağ boydadır. Bu sevgini
içində daşıyan
oğulların çiynində
torpaq Vətən olur”.
Akif ƏLİYEV,
Azərbaycan.-2020.- 24 noyabr.- S.7.