Anar Kərimov
və BMT-nin Sivilizasiyalar
Alyansı üzrə ali nümayəndəsi
Migel Angel Moratinos arasında onlayn görüş keçirilib
Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov BMT-nin Sivilizasiyalar Alyansı (BMTSA) üzrə ali nümayəndəsi Migel Angel Moratinos ilə onlayn formatda görüş keçirib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycan mədəniyyətinə dəymiş ziyan, habelə Prezident İlham Əliyevin “Bakı prosesi” təşəbbüsü, bu təşəbbüs çərçivəsində 2021-ci ildə baş tutacaq 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili, eləcə də Azərbaycanın beynəlxalq miqyasda mədəniyyətlər və dinlərarası dialoqa töhfələri ilə bağlı müzakirələr aparılıb.
A.Kərimov son 30 ildə Ermənistanın apardığı təcavüzkar və işğalçı siyasəti nəticəsində Azərbaycanın vaxtilə işğal edilmiş və hazırda işğaldan azad olunan ərazilərində mövcud olan tarixi-mədəni abidələr və mədəniyyət infrastrukturunun acınacaqlı vəziyyəti, ölkəmizin bütün bu illər ərazində sülh və dialoq təşəbbüsləri barədə Ali Nümayəndəyə ətraflı məlumat verib.
Nazir qeyd edib ki, BMTSA 2010-cu ildən etibarən “Bakı prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun tərəfdaşıdır. O, həmçinin BMTSA-nın 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakıda yüksək səviyyədə keçirildiyini bildirmişdir. Migel Angel Moratinos Azərbaycan ilə mədəniyyətlər və dinlərarası dialoq sahəsində əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edərək bu sahədə birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu ifadə edib.
A.Kərimov BMTSA-nın BMT-nin baş katibi tərəfindən “Dini abidələrin qorunması üzrə Fəaliyyət Planı”nın icrasına məsul qurum kimi mandatını xatırladaraq Azərbaycanın mənşəyindən asılı olmayaraq bütün ibadət məkanlarının qorunması ilə bağlı təşkilatla əməkdaşlığa hazır olduğunu qeyd edib.
M.Moratinos dini abidələrin qorunmasının təşkilatın prioritet fəaliyyət istiqamətlərindən olduğunu, bu sahədə Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edərək konkret layihələrin reallaşdırılmasının vacibliyini vurğulayıb.
Sonda regionda mədəniyyətlər
və dinlərarası münasibətlərin inkişafı
ilə bağlı təşəbbüs və layihələrin
icrası və həmin layihələrin yaxşı nümunə
kimi Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunda təqdim
edilməsi barədə razılığa gəlinib.
Azərbaycan.-2020.- 25 noyabr.- S.8.