İlham ƏLİYEV: “Kəlbəcər
bizimdir!”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.
AZƏRTAC müraciəti təqdim edir.
Prezident İlham
Əliyevin xalqa müraciəti
-Əziz həmvətənlər. Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Əziz kəlbəcərlilər,
gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad
olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində
səbirsizliklə gözləyirdi. Kəlbəcər
rayonu 1993-cü il aprelin 2-də
işğal edilmişdir. Günahsız insanlar
öz dədə-baba torpağından vəhşicəsinə
qovulmuşdur. Kəlbəcərin tarixi
abidələrinə, təbiətinə böyük ziyan
vurulmuşdur.
Kəlbəcər rayonunun işğal altına
düşməsi böyük faciə idi. Hər bir
rayonun işğal altına düşməsi böyük faciə
idi. 1992-ci ilin may ayında Şuşa
və Laçın rayonlarının işğal altına
düşməsindən sonra Kəlbəcərin də
işğal altına düşməsi Ermənistanla
Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı.
Hər kəs yaxşı bilir ki,
keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan
Respublikası ilə sərhədi yox idi. Ermənistanı
Dağlıq Qarabağdan Laçın rayonu
ayırırdı, Laçın dəhlizi
ayırırdı. Laçın, Şuşa
və ondan sonra Kəlbəcər rayonlarının
işğal altına düşməsi böyük ərazidə
Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi
bağlantı yaratdı və düşmənin məqsədi
məhz bundan ibarət idi. Kəlbəcərin
işğal altına düşməsindən sonra demək
olar ki, Ermənistanla Dağlıq Qarabağ arasında bir
çox yollar vasitəsilə əlaqə yaradıldı və
ilk növbədə, silahlar, texnikalar, canlı qüvvə
göndərilmişdir. Eyni zamanda, Ermənistanın
sonrakı işğalçılıq siyasətinə də
bu, böyük üstünlüklər təmin etmişdir.
Kəlbəcər rayonunun işğal altına
düşməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan
Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir. Bütövlükdə
torpaqlarımızın işğal altına düşməsində
əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir. Çünki əgər 1992-ci ildə onlar qanunsuz
yollarla hakimiyyətə gəlməsəydilər, əgər
dövlət çevrilişi etməsəydilər, bəlkə
də, torpaqlarımız işğal altına düşməyə
bilərdi. Əlbəttə ki, tarixə qayıdıb nə
ola bilərdi, nə olmaya bilərdi demək
çox çətindir. Ancaq hər halda,
torpaqlarımızın işğal altına düşməsində
onların birbaşa iştirakı, əli var və bu məsuliyyəti
onlar daşıyır. Çünki
1992-ci ilin yaz aylarında hakimiyyət uğrunda mübarizə
pik həddə çatmışdı. Azərbaycanda
daxili çəkişmələr baş alıb gedirdi, xaos,
böhran yaranmışdı, siyasi böhran
yaranmışdı və hakimiyyət uğrunda mübarizə
çox ciddi fəsadlara gətirib
çıxarmışdı. Ermənistan
isə bundan istifadə edərək torpaqlarımızı zəbt
etməyə davam edirdi. Şuşa və
Laçının işğal altına düşməsindən
sonra vəziyyət kritik həddə çatdı. Bundan istifadə edən Azərbaycan Xalq Cəbhəsi
dövlət çevrilişi edərək hakimiyyətə gəldi.
Ancaq ondan sonra nə oldu? Ondan
sonra bütün səylərini öz laxlamış hakimiyyətini
möhkəmləndirmək, ölkəmizdə repressiyalar təşkil
etmək, senzuranı tətbiq etmək və digər
antidemokratik addımlar atmağa yönəltdi.
Torpaqlarımız işğala məruz qalırdı,
mülki əhalimiz öz dədə-baba torpaqlarından didərgin
salınırdı, Azərbaycan Xalq Cəbhəsi, onun rəhbərliyi
ancaq bir məqsədi güdürdülər ki, öz ciblərini
doldursunlar, öz yaxın adamlarını vəzifələrə
təyin etsinlər və öz hakimiyyətinin
ömrünü uzatsınlar. Kəlbəcərin
işğal altına düşməsi bax, bu çirkin addımların
nəticəsi idi. Başqa cür ola
da bilməzdi. İndi gənc nəsil
xatırlamır, ancaq bilməlidirlər ki, o vaxt Azərbaycana
kimlər rəhbərlik edirdi, hansı bilik sahibləri,
hansı səriştə sahibləri. O adamların
heç bir təcrübəsi yox idi. O adamlar - o vaxt rəhbərlikdə
təmsil olunmuş adamlar, yüksək postlar tutmuş adamlar
bir gün belə heç bir idarəyə, heç bir
kiçik bir müəssisəyə rəhbərlik etməmişdilər.
Onlar ölkəni, xüsusilə böhranlı
vəziyyətdə olan ölkəni necə idarə edə
bilərdilər? Amma onların vəzifə
hərisliyi, tamahı, iştahası, görməmişliyi Azərbaycanı
bax, bu vəziyyətə gətirib çıxardı. Baxın, görün, Azərbaycanı o vaxt kimlər
idarə edirdi?! Parlamentin sədri
kiçik elmi işçi idi, özü də uğursuz bir
elmi işçi idi. Dövlət katibi - komsomoldan
çıxmış karyerist, özü də sonrakı mərhələdə
öz liderinə xəyanət etmiş, onun
kürsüsünə, kreslosuna göz dikmiş, onun
ölümünə hamıdan çox sevinmiş və ondan
sonrakı həyatını, sadəcə olaraq, xarici dairələrin
idarəsi altında keçirən bir adam.
Onlardan hansı idarəçilik gözləmək
olardı? Onlardan hansı vətənpərvərlik
gözləmək olardı? Hansı
peşəkarlıq gözləmək olardı? Xarici işlər naziri. Heç bir dildə
danışa bilməyən təsadüfi bir adam,
fizika müəllimi. Hansı ki, ümumiyyətlə, başa
düşmürdü xarici münasibətlər nədir,
beynəlxalq norma, prinsiplər nədir? Sadəcə olaraq, turist kimi ora-bura gedirdi və
ağzına gələni danışırdı. Müdafiə naziri, riyaziyyat müəllimi.
Riyaziyyat müəllimi müdafiə naziri ola
bilərmi? Məhz bu riyaziyyat müəllimi Şuşanı
düşmənə təhvil verdi. Deyirdi
ki, Şuşa əldən gedərsə,
başıma güllə vuracağam. Bu günə
qədər orada-burada sülənir. Şuşanı
biz qaytarmışıq, biz. Siz
satmısınız onu, xalq xainləri. Daxili
işlər naziri. Quldurluq baş alıb
gedirdi, jurnalistlər həbs olunurdu, döyülürdü,
canlı efirdə maşınların yük yerinə atılırdı.
Bu idi Azərbaycan Xalq Cəbhəsinin rəhbərləri.
Baş nazir elmi kommunizm üzrə kiçik
elmi işçi idi. Baxın, bu təzadlara
baxın. Ölkə iqtisadiyyatını bazar
iqtisadiyyatı prinsipləri əsasında qabağa
aparmağa məsul olan adam elmi kommunizm
üzrə kiçik elmi işçi idi. Hansı
idarəçilik, hansı islahatlar, hansı müdafiə
qabiliyyəti təmin oluna bilərdi? Bizim
dərdimiz və faciəmiz budur ki, təsadüfi adamlar
hakimiyyətə gəldilər, hakimiyyəti qanunsuz yollarla qəsb
etdilər və ölkəmizi uçuruma apardılar.
Əgər Heydər Əliyev 1993-cü ildə
xalqın tələbi ilə gəlməsəydi, Azərbaycan
nəinki öz qalan torpaqlarını itirəcəkdi,
ümumiyyətlə, dövlətçilik əldən gedəcəkdi. Öz
laxlamış hakimiyyətini saxlamaq üçün vətəndaş
müharibəsi başlamışdılar. Öz əsgərlərini əsir
götürmüşdülər. Gəncəni
bombalamışdılar. Bunu heç kim
unutmasın! Bilməyənlər bilsinlər və gənc nəsil
bunu bilsin, kim bizi bu bəlaya saldı? Kim bu bəlanın səbəbkarıdır? Kim bir milyon insanın ağır vəziyyətə
düşməsinin səbəbkarıdır? O
vaxtkı Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti.
Əslində, indi paralel aparsaq, onların obrazı elə bil
kollektiv Paşinyandır - savadsız, biliksiz, iradəsiz,
qorxaq, fərari, idarəetmədə heç bir təcrübəsi
olmayan, xarici dairələrin təsiri altında olan,
onların əli ilə idarə olunan və öz ölkəsini
məhv edən. Bax, kollektiv Paşinyandır
onlar. Onları tanımayanlar, əgər
onlar haqqında hər hansı bir təsəvvür yaratmaq
istəsələr, Paşinyana baxsınlar. Onun addımlarına baxsınlar və onun
simasında o vaxtkı Azərbaycan Xalq Cəbhəsinin və
ölkə rəhbərliyinin simasını görəcəklər.
Kəlbəcər bizim qədim
torpağımızdır. Qədim Azərbaycan
torpağıdır. Kəlbəcər ərazi
baxımından bizim ən böyük rayonlarımızdan
biridir. Kəlbəcərin tarixi abidələri
bizim böyük sərvətimizdir. Həm
məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir.
Azərbaycan xalqı onu yaxşı bilir və
bütün dünya bilməlidir ki, Kəlbəcərdə
mövcud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə
məxsusdur. Bunu təsdiqləyən bir
çox tarixi sənədlər var. Bu, heç kəsə
sirr deyil. Sadəcə olaraq, erməni
"tarixçiləri” və saxtakarlar qədim alban kilsələrini
saxtakarlıqla erməniləşdiriblər, öz
yazılarını oraya əlavə ediblər və bu kilsələri
özününküləşdiriblər. Tarixə
baxmaq kifayətdir, hər kəs görsün ki, 1830-cu illərdə
çar Rusiyası alban kilsəsini ləğv etdi, alban kilsəsinin
bütün mülkiyyətini erməni Qriqoryan kilsəsinə
verdi və erməni keşişləri,
onların havadarları bu kilsələri mənimsəməyə
başladılar. Qafqaz Albaniyasının tarixini
silmək, unutdurmaq onların başlıca vəzifəsi idi.
Amma biz imkan vermədik. Azərbaycanda
bu məsələ ilə bağlı kifayət qədər
böyük elmi baza var, əsərlər var. Bu əsərlər
nəinki elm ictimaiyyətinə, bütövlükdə
dünya ictimaiyyətinə çatdırılır və
çatdırılmalıdır. Qafqaz
Albaniyası böyük dövlət olub. Onun paytaxtı Qəbələ şəhəri
olub. Qafqaz Albaniyasına aid olan tarixi abidələr,
kilsələr bizim tarixi-mədəni sərvətimizdir.
Biz bu kilsələri qoruyuruq. Mən bu kilsələrdə dəfələrlə
olmuşam, Şəki şəhərində, Qəbələ
rayonunda, Udi kilsəsində. Bildiyiniz kimi,
müharibə dövründə Heydər Əliyev Fondunun təşəbbüsü
ilə Nic qəsəbəsində qədim Udi Qafqaz
Albaniyası kilsəsinin təmir işləri
yekunlaşdı və bu kilsənin
açılışı oldu. Biz bu kilsələri
mədəni sərvətimiz kimi qoruyuruq. Ona görə,
heç kim narahat olmasın. Bu kilsələr bundan sonra da dövlət tərəfindən
qorunacaq. Azərbaycanın multikulturalizmlə,
dinlərarası münasibətlə bağlı
apardığı siyasət bütün dünya tərəfindən,
dünya liderləri tərəfindən təqdirlə
qarşılanır. Narahatlıq ifadə etmək istəyən
bəzi Qərb dairələri bizim dağılmış məscidlərə
baxsınlar, Ağdam, Şuşa, Zəngilan,
Cəbrayıl, Füzuli məscidlərinə və digər
məscidlərə. O məscidlər ya
dağıdılıb, ya da ki, təhqir edilib, donuzlar
saxlanılıb. Niyə bu, narahatlıq
doğurmurdu? Otuz il bu barədə
niyə heç kim məsələ qaldırmırdı, bizdən
başqa? Mən bu məsələni dəfələrlə
beynəlxalq tribunalardan, beynəlxalq kürsülərdən,
xarici həmkarlarımla təmaslar əsnasında
qaldırmışdım. Nə üçün buna
heç kim narahatlıq ifadə etmirdi? Nə
üçün bu məsələ ilə bağlı
heç kim beynəlxalq heyət göndərmək
istəmirdi? Bu suallara cavab istəyir Azərbaycan
xalqı. Biz bu cavabı bilirik. Ona görə bir daha demək istəyirəm, bizim
işimizə qarışmaq istəyən, yaxud da ki, nədəsə
ittiham etmək istəyən getsin, ilk növbədə,
güzgüyə baxsın.
Kəlbəcər rayonu füsunkar təbiətə, zəngin
mədəni irsə malikdir. Bizim bir neçə
böyük çayımızın mənbəyi Kəlbəcər
rayonundadır. Onların arasında ən
böyüyü Tərtər çayıdır, uzunluğu
200 kilometrdir. Bazarçay, Xaçınçay. Onların uzunluğu təqribən 200 kilometrə
yaxındır. Bu çaylar böyük ərazini
qidalandırır. Ancaq mənfur
düşmən bizi bu imkanlardan məhrum etdi. Çünki Tərtər çayı 1970-ci illərdə
ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə inşa edilmiş Sərsəng su anbarına
axıdılır. Sərsəng su
anbarı o vaxt o məqsədlə tikilmişdi ki,
Qarabağın Aran zonasında yerləşən 6-7 rayonda
suvarma işləri təmin edilsin. O vaxt Sərsəng su
anbarı inşa ediləndən sonra heç vaxt
suvarılmayan 100 min hektar ərazi artıq suvarılmağa
başlamışdır. Ağdam, Goranboy, Yevlax, Bərdə,
Tərtər və digər rayonlar oradan qaynaqlanırdı. Mənfur düşmən suyumuzu kəsdi. Yayda suyu kəsirdi, qışda buraxırdı və
su basırdı bütün torpaqları. Bax,
bizə qarşı ekoloji terror təşkil edilirdi. Ermənistan
terror dövlətidir, bu terrorun bir çox əlamətləri
var. Tarixi abidələrimizin dağıdılması,
mülki əhaliyə qarşı törədilən
soyqırımı, meşələrimizin
qırılması, çaylarımızın məcrasının
dəyişdirilməsi və digər əlamətlər var.
Baxın, Kəlbəcərdən başlayan Tərtər
çayının suyu Sərsəng su anbarında və ondan
sonra Suqovuşan su anbarında yığılırdı,
işğalçının maraqlarını təmin edirdi,
bizə isə su gəlmirdi. Biz Suqovuşan qəsəbəsini
alandan sonra indi artıq suyun verilməsi
başlamışdır və 100 min hektara suyun verilməsi nəzərdə
tutulur.
Kəlbəcər rayonunda böyük meşə əraziləri
vardır. Kəlbəcər rayonunda 24 min hektar meşə ərazisi
var. Bu, böyük sərvətimizdir. Mənfur
düşmən bu meşələri qırıb, talayıb,
satıb. Görün, son günlər ərzində
onlar hansı çirkin işlərlə məşğuldur,
meşələri yandırırlar ki, ekoloji faciə, fəlakət
yaratsınlar. Bu oğrular meşələri
qırırlar, aparırlar ki, Ermənistanda satsınlar.
Evləri yandırırlar, hansı ki, o evləri
onlar tikməyiblər. Onlar kəlbəcərlilərin
evlərinə giriblər, soxulublar, orada yaşayıblar.
Məktəbləri yandırırlar, apara bilmədikləri ev heyvanlarını öldürürlər.
Görün, biz kimlərlə, hansı vəhşilərlə
üz-üzə idik! Mən bir daha deyirəm və
hər dəfə də deyəcəyəm, bizim Qələbəmiz
təkcə Ermənistan dövləti üzərində əldə
edilmiş qələbə deyil, biz erməni faşizmini məhv
etdik.
Biz Kəlbəcəri bərpa edəcəyik, heç
kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə
kənd təsərrüfatı inkişaf edəcək,
xüsusilə heyvandarlıq. Bizim orada
böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin
təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən
bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur
olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə
qayıdır. Vaxtilə ora böyük
kurort zonası idi. Mənfur düşmən
hər tərəfi dağıdıb. İndi
o görüntülər var, hər kəs görə bilər.
Hamısını bərpa edəcəyik, Kəlbəcəri
yenidən quracağıq, kəndləri, Kəlbəcər
şəhərini. Tapşırıq
vermişəm ki, şəhərin yenidən qurulması ilə
əlaqədar baş plan hazırlansın, təkcə Kəlbəcər
şəhəri yox, bütün şəhərlər
üzrə və həyat qayıdacaqdır.
Kəlbəcərdə mənfur düşmən digər
cinayət də törədib, qanunsuz məskunlaşma
aparıb. Həm Ermənistan ərazisindən qanunsuz yollarla
orada insanlar məskunlaşıb, həm də xarici ölkələrdən.
Bu isə hərbi cinayətdir və Cenevrə
Konvensiyasına görə hərbi cinayət sayılır.
Biz düşməni məsuliyyətə cəlb
edəcəyik, cavab verəcəkdir, bütün hərbi
cinayətlərə görə, bütün
dağıntılara görə. Mən
Ağdam şəhərində olarkən bir salamat bina
tapmadım, Füzulidə də həmçinin, Cəbrayılda
da həmçinin. Hər tərəfi
dağıdıblar, elə bil ki, vəhşi qəbilə
keçib oradan.
Biz isə qurub-yaradanıq. Biz bu şəhərləri,
bu rayonları yenidən dirçəldəcəyik. Bu rayonların bərpası ilə bağlı
böyük planlarımız var. Artıq, bu planlar
reallaşır, infrastruktur layihələri icra edilməyə
başlayır. Şuşaya yeni yolun
çəkilişi artıq başlanmışdır. Sovet vaxtında Şuşaya getmək
üçün bir yol var idi - Ağdamdan Xankəndiyə,
oradan da Şuşaya. İndi biz Füzuli
rayonundan yeni yol çəkirik. Bu yol Xocavənd
rayonunun bir hissəsindən keçəcək. Göstəriş vermişəm ki, bu, tezliklə təmin
edilsin. Halbuki bu, böyük işdir, orada
yol olmayıb və meşələrin içi ilə yol
salınır, dərələr, təpələr, çox
ağır relyef var orada. Amma biz bunu edəcəyik.
Dəmir yollarını bərpa edəcəyik.
O cümlədən, Naxçıvan Muxtar Respublikasına gedən
dəmir yolunun bərpası ilə əlaqədar artıq
ilkin göstərişlər verilmişdir. Bərdə-Ağdam
dəmir yolunun bərpası ilə əlaqədar artıq
praktiki addımlar atılmışdır. Ağdam rayonunun bərpası və gələcəkdə
orada yaşayacaq insanların rahatlığı
üçün bu yol mütləq olmalıdır. Yəni, bütün bu işlər planlı şəkildə
aparılacaq və Azərbaycan vətəndaşları
görüləcək işlərlə bağlı müntəzəm
olaraq məlumatlandırılacaqdır. Bütün
işləri biz planlı şəkildə etməliyik. Bir daha demək istəyirəm, ilk növbədə,
dəymiş bütün ziyan beynəlxalq ekspertlərin
iştirakı ilə hesablanacaq. Ondan sonra
məhkəmə iddiaları. Ondan sonra
şəhərlərimizin, kəndlərimizin baş plan əsasında
yenidən qurulması, kənd təsərrüfatı, digər
infrastruktur layihələri, su, işıq ilə əlaqədar
lazımi tədbirlər. Ondan sonra yollar.
Biz düşməni Şuşadan qovanda oraya
gedən su xəttini sıradan çıxarıb. İndi Şuşada su yoxdur. Bax,
budur bu düşmən.
Bizim əsgərlərimiz görəndə ki, Ağdam
rayonunun bir kəndində erməni əhalisi vaxtında
çıxa bilməyib, onlara çıxmaq üçün
şərait yaradıblar. Onlara söz deyən
olmayıb. Amma mənfur düşmən
bizim meşələrimizi yandırır, evlərimizi
yandırır, su xəttini sıradan çıxarıb.
Hesab edir ki, bu, bizi dayandıracaq? Biz istənilən yerə su xətti çəkmişik
- ucqar dağlara çəkmişik, dağ kəndlərinə
çəkmişik. Hamısını bərpa
edəcəyik, hamısını. Artıq
müvafiq göstərişlər verilibdir və əminəm
ki, biz bu işləri vaxtında görəcəyik.
Düşmən Kəlbəcərə yeni eybəcər
bir ad verib. Onlar "Dağlıq Qarabağ
respublikası”nın xəritələrini düzəltmişdilər.
Hanı o xəritələr? Hamısı məhv oldu. O xəritələr,
sadəcə olaraq, kağız parçasıdır. Həm Dağlıq Qarabağ Muxtar Vilayətinin
bütün ərazisini, Şuşanı, eyni zamanda, ətrafda
yerləşən bütün 7 rayonu da aid etmişlər
"Dağlıq Qarabağ respublikası”na. Bu xəritələri dərc edirdilər, dərsliklərə
salmışdılar, sərgilərdə nümayiş
etdirirdilər. Bu xəritələri onlar
elə təqdim edirdilər ki, budur "Dağlıq
Qarabağ respublikası”. İndi nə
qalıb o xəritələrdə? Heç
nə. Azərbaycan öz ərazi
bütövlüyünün bərpası istiqamətində
lazımi addımlar atıbdır.
Mən bir daha danışıqlar dövrünə qayıtmaq istəyirəm. O vaxt dəfələrlə mənə deyilirdi ki, münaqişə yalnız sülh yolu ilə həll olunmalıdır. Deyə bilərəm ki, bütün beynəlxalq təşkilatlar, təmasda olduğum bütün böyük dövlətlərin liderləri dəfələrlə deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Bu, ifadələr açıq mətbuatda da var. Mən nə deyirdim? Deyirdim ki, var! Deyirdim ki, lazım olsa torpaqlarımızı hərbi yolla azad edəcəyik. Deyirdim ki, müharibə heç zaman istisna olunmur. Danışıqlar dövründə müxtəlif mərhələlərdə dəfələrlə təklif irəli sürülürdü ki, Azərbaycan tərəfi müharibə yolundan imtina etsin. Mən heç vaxt buna razılıq vermirdim. Ondan sonra məni ittiham etməyə başlayırdılar ki, İlham Əliyev müharibəyə başlamaq istəyir. Mən deyirdim ki, məsələni sülh yolu ilə həll etmək istəyirəm. Amma həll etmək istəyirəm. Ermənistan nə istəyirdi? Status-kvonu saxlamaq, əbədi etmək. Hesab edirdi ki, əgər 26-27 il ərzində buna nail olubsa, deməli, bundan sonra da nail olacaq. Hesab edirdilər ki, onların havadarları daim onları müdafiə edəcəklər, onların arxasında duracaqlar, onların əvəzinə müharibə aparacaqlar. Onlar, ümumiyyətlə, hesab edirlər ki, bütün dünya bunlara borcludur. Onlar bu ziyanlı və xəstə təfəkkürlə öz ölkəsini idarə etmək istəyirlər ki, kimsə gəlməlidir, bunlara mütləq kömək göstərməlidir. Bəs, siz özünüz nəyə qadirsiniz? Əgər hər zaman kiminsə ətəyindən yapışıb hansısa imtiyaz umursunuzsa, bəs, özünüz nəyə qadirsiniz? Bax, bu təfəkkür onların cəmiyyətini də demək olar ki, yanlış istiqamətə aparıb. Bu gün də hamıdan narazıdırlar. Bu gün də hamıya qarşı iddialar irəli sürürlər ki, nə üçün bizi heç kim müdafiə etmir. Sizi kim müdafiə etməlidir? Siz müstəqil ölkəsiniz, - əgər belə demək mümkündürsə, - müstəqil ölkə kimi də yaşayın, bu, birincisi. İkincisi, siz başqasının torpağını zəbt etmisiniz. Bir milyon insanı evsiz-eşiksiz qoymusunuz. Bütün binaları, evləri, şəhərləri dağıtmısınız. Siz özünüzü vəhşilər kimi aparmısınız. Haqq-ədalət sizin tərəfinizdə deyil, beynəlxalq hüquq sizin tərəfinizdə deyil, tarixi həqiqət sizin tərəfinizdə deyil. Amma hesab edirdilər ki, bu torpaqları əbədi saxlayacaqlar. Hesab edirdilər ki, vaxt keçəcək, nəsillər dəyişəcək. Azərbaycan xalqı bunu unudacaq, bu vəziyyətlə barışacaq. Səhv etdilər. Heç vaxt biz bu vəziyyətlə barışmaq fikrində deyildik. Mən Prezident kimi bu illər ərzində əlimdən gələni edirdim ki, Dağlıq Qarabağ məsələsi daim gündəlikdə olsun, özü də daim gündəliyin mərkəzində olsun. Həm ölkə daxilində vətənpərvərlik, milli qürur, həmrəylik hissləri daha da yüksək səviyyəyə qalxsın. Həm beynəlxalq müstəvidə daim bu məsələ gündəlikdə olsun. Hər kəs bilsin, həqiqət nədən ibarətdir, hər kəs bilsin, təcavüzkar kimdir, zərərçəkmiş tərəf kimdir və biz buna nail olduq. İndi dünyada hər kəs bunu bilir. Əgər Vətən müharibəsi dövründə xarici mətbuata diqqət yetirsək, görərik ki, əlbəttə, qərəzli, islamofob, anti-Azərbaycan, ermənipərəst məqalələr və reportajlar üstünlük təşkil edir. Ancaq, eyni zamanda, əvvəlki dövrdən fərqli olaraq bir çox obyektiv, həqiqəti əks etdirən reportajlar, məqalələr də dərc edildi. Deyə bilərəm ki, biz informasiya müharibəsində qələbə qazandıq. Biz döyüş meydanında qələbə qazandıq, informasiya məkanında qələbə qazandıq, siyasi müstəvidə qələbə qazandıq. Müharibənin nəticələri mən deyən kimi oldu. Mən ilk günlərdən deyirdim ki, bu məsələ öz həllini hərbi, siyasi yollarla tapmalıdır. Deyirdim ki, biz məsələnin hərbi yollarla həllini hər an dayandıra bilərik və buna hazırıq. Bir şərtlə, Paşinyan şəxsən özü deməlidir ki, nə vaxt o, bizim torpaqlarımızdan çıxır. Öhdəlik götürməlidir, tarix verməlidir. Deməlidir ki, nə vaxt bizim torpaqlarımızdan çıxır. Bu olan kimi, mən bizim hücum əməliyyatlarımızı dayandırıram. O, artıq cəzasını alıb. Halbuki o vaxt o, 7 şərti bizə irəli sürəndə demişəm: Mənim bir şərtim var, - sənin yeddi şərtini zibil yeşiyinə atıram, - rədd ol, çıx get torpağımızdan. Öz xoşunla çıx get. Əgər qulaq assaydı, bu rəzil vəziyyətə düşməzdi. Müharibənin nəticələri də mən deyən kimi oldu. Biz Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı hərbi yollarla azad etdik. Döyüş meydanında düşmənin belini qırdıq. Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox kəndin azad edilməsi ilə düşmən diz çökdü, kapitulyasiya aktına imza atdı. Hələ ki, bilmirəm harada. Bunu gizlədirlər. Yəqin ki, nə vaxtsa bizə deyəcəklər. Paşinyan, harada imzalamısan sən bu kapitulyasiya aktını? Ancaq məcbur olub bizim şərtlərimizi qəbul edib.
Müharibə bir daha göstərdi kim kimdir.
Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan
zəfər çalmış ölkədir. Kəlbəcər
bizimdir! Qarabağ Azərbaycandır!
Azərbaycan.-2020.- 26 noyabr.- S.1-2.