“Bakıdan birdəfəlik
Ağdama köçəcəyəm”
Aqil Abbasın Ağdam nisgili,
Qarabağ sevgisi, illər sonra gerçəkləşdirəcəyi
arzusu
Gecə yarıdan xeyli keçmişdi... Payıza xas olmayan bürküyə adət eləməmiş şəhər bərk tıncıxırdı. Bir yarpaq belə qımıldamırdı. Qəflətən bu buludsuz, bu aydın, bürküdən ulduzları da yorulub day sayrışmayan göylər sevincdən necə şaqqıldadı və qələbə müjdəsi necə səsləndisə, şəhər dik atıldı... Və dik atılan şəhər özünü atdı bayıra... 30 ilə yaxındır gözlədikləri Şanlı Zəfər gününü zurna-qavallı bir toy-bayram kimi qeyd etməyə...
Bu gün səhər qələbə sevinci ilə açılmışdı. O da divanda əyləşib televizorda şəhərin təntənəsini izləyir, qələbə qoxusunu ciyərlərinə çəkib xoşallanır, buludların arasından süzülən Tanrı işığına tamaşa eləyə-eləyə bu xoşbəxtliyin damları, torpağı, ağacları, pəncərələri döyəcləməsindən yaranan, Tanrıdan başqa heç bir bəstəkarın bəstələyə bilmədiyi qeyri-adi bir musiqiyə qulaq kəsilirdi...
Qəfildən oğlu arxadan kürəyini qucaqladı. Atasının yaşarmış gözlərinə baxıb dedi:
- Məşhur yazıçı oldun, xoşbəxtlikdi, millət vəkili oldun, xoşbəxtlikdi, film çəkdin, xoşbəxtlikdi, fəxri ad aldın, xoşbəxtlikdi... - hər uğurunda səninlə fəxr etdik, sevindik. Amma nə qədər nailiyyət qazansan da, heç zaman səni xoşbəxt görmədim, gözündə həmişə bir kədər vardı. Bu gün isə ilk dəfədir səni xoşbəxt görürəm...
Onu çoxları şən, deyib-gülən, zarafatcıl, bir az da söyüşcül biri kimi tanıyır. Elə mən də kənardan eşitdiklərimə istinadən o cür müsahiblə söhbət edəcəyimi düşünürdüm. Əslində, söhbətə başlamazdan öncə bir lətifə danışması xarakteri haqqında deyilənlərin doğruluğuna işarəydi. Amma bu gerçəklə bərabər bəlkə çoxlarının bilmədiyi bir həqiqət də varmış. Demə, bu dəli-dolu görüntünün altında kövrək, həssas, hətta bəzən ağlamağa bəhanə gəzən bir ürək döyünürmüş... Demə, bu 67 yaşlı ağsaçlı kişinin içində kövrək, gözüyaşlı bir uşaq yatırmış. Sanki anasından, vətənindən, ağ damlı evindən uzaq düşdüyü üçün özünü kimsəsiz sayan, yalnızlığını üzə vurmamaq üçün gülüşü özünə sipər seçsə də, heç nəylə yarasını sağalda bilməyən, illərlə içindən ağlayan nisgilli uşaq... Və düz 28 illik həsrətdən sonra bu "uşaq” yenidən doğma elinə, obasına, vətəninə, ağ damlı evinə qovuşub. İndi daha göz yaşlarını gizlin-gizlin içinə axıtmağa gərək yoxdu... İndi artıq sevincdən, vüsaldan ağlamağın vaxtıdı... Bəli, indi onun həyatının ən xoşbəxt çağıdı... Qarabağın azadlığına, öz balalarına qovuşduğu andır...
"Qarabağ söhbətləri”ndə bu dəfə tanınmış yazıçı, Əməkdar jurnalist, millət vəkili, "Şöhrət” ordenli Aqil Abbasla hər dəfə adını çəkəndə gözlərindən, ürəyindən güldüyü, kədərli xatirələri xatırladıqca kövrəldiyi Ağdamdan, Qarabağdan danışırıq.
Sinifdə mənə "kənddən gəlmiş” deyirdilər
- Mən həmişə özümə ağdamlı deyirəm. Çox adam da məni ağdamlı kimi tanıyır. Bunun da səbəbi var. Harda yaşayırsansa, dostların hardadırsa, səni qız üstündə harda döyüblərsə, ora sənə daha doğmadır. Bir də həmişə deyirdim, nə qədər ki, Ağdam işğaldadır özümü ağdamlı biləcəm, Ağdam azad olunandan, camaat qayıdandan sonra deyəcəm ağcabədiliyəm. Bu gün isə tək mən yox, hamımız ağdamlıyıq, şuşalıyıq, qarabağlıyıq.
Ağcabədinin Bayat kəndinin Kolanlı obasında dünyaya gəlmişəm. Babamın və babamın atasının məzarı ordadır. Amma əslimiz Kəlbəcərə gedib çıxır. Yeddi babamın üçünün məzarı Kəlbəcərdədir, gedib axtarıb tapmışdım orda. Ola bilsin, atamda o nostalji vardı deyə bizi tez-tez Kəlbəcərə aparırdı. 8 uşaqlı ailənin ən böyüyü olmuşam. 10 yaşıma qədər Bayatda yaşamışıq. Bizim kəndlə Ağdamın arası 18, Ağcabədinin arası isə 32 kilometr idi. Ona görə də atam uşaqların məktəb məsələsinə görə Ağcabədiyə nisbətən daha çox inkişaf eləmiş Ağdama köçməyə qərar verdi. Ağdam böyük mədəniyyət mərkəzi idi. Orda 10 məktəb, 3 kinoteatr, 2 muğam evi, dövlət teatrı, 4 texnikum vardı. Ağdam texnikumunun fortepiano şöbəsində tək azərbaycanlılar yox, Leninqraddan, Moskvadan, Kiyevdən gəlib təhsil alanlar da vardı.
Çox səliqəli şəhər idi. Odur ki, biz Ağcabədidən Ağdama köçdük. 2 nömrəli məktəbə getdim. Ora beynəlmiləl məktəb idi. Özü də əvvəl məni sinifdə bəyənmirdilər, "kənddən gəlmiş” deyirdilər. Ancaq 4-cü sinifdə dərsləri məndən köçürməyə başladılar, ondan sonra dostlaşdıq. Həm də gördülər qəşəng dalaşıram. Sinfimizdə təxminən 25 oğlan vardı. Sinif yoldaşlarımın 5-6-sından başqa hamısı Ağdam uğrunda gedən döyüşlərdə şəhid oldu. Mənim Ağdama bu qədər bağlı olmağımın bir səbəbi də məhz budur...
Dağın başına ağ daşlarla "AQİL” yazdım
- Uşaqlıqdan gəzməyi sevirəm. Azərbaycanı
kənd-kənd gəzmişəm. Elə bir yer yoxdur ki, orda
olmayım. Tək Ağdamı yox, bütün Qarabağı
ayaqyalın gəzmişəm. Qarabağın
elə bir kəndi, dağı, bulağı yoxdur ki, ora ayaq
basmayım. Dünyanın da, demək olar,
hər yerində olmuşam. Amma Kəlbəcər
gözəllikdə cənnətməkan heç bir ölkədə
yoxdur. Hara getmişəm, hətta
İsveçrədə həmişə demişəm ki,
bura Kəlbəcərin yanında heç nədir. Yayda biz ən çox Kəlbəcərə
gedirdik. 5 dəfə Kəlbəcərə
gedəndə bir dəfə Turşsuya gedərdik. Kəlbəcərin
yaylaqlarını bittə-bittə tanıyırdım... İstisuda "Keti-Meti” dağı var. Ora
çıxmaq çox çətindi. 9-cu
sinifdə oxuyanda 15 oğlan yığışdıq ki,
qalxaq o dağa. Təxminən 5 nəfər
axıra qədər gedə bildi. Qalanları
yarı yolda geri qayıtdı. Çıxdım
dağın başına və ağ
daşlarla 10 metr uzunluqda, yarım metr enində "AQİL”
sözü yazdım. İçini də daşla doldurdum ki, ot bitməsin. O ad bir kilometr uzaqlıqdan baxanda
görünürdü. Yəqin hələ də
dağın başında qalır. Kəlbəcərdən
Ağdərəyə qədər 10-15 bulağın
başında ağacların da üstünə adımı
yazmışdım. Eləcə də
Şuşada, Turşsuda. O vaxt bu dəb idi... Qarabağda elə bulaqlar var ki, adamın əlini buz
kimi kəsir. Biz həmişə mərcə girirdik
görək kim bulağın içindən
5 daş götürə biləcək. Çox adam götürə bilmirdi. 5-ci
daşı götürmək istəyəndə əli
soyuqdan keyiyirdi, bütün daşlar tökülürdü
suya. Qeyri-qarabağlılar bilməz,
köklü qarabağlılar, özlərini xan-bəy nəvəsi
sayanlar İsa bulağının suyunu bəyənməzdilər
ki, adamı köpdürür. Zarıslı
bulağını xoşlayırdılar. Doğrudan,
bu suyun dünyada əvəzi yox idi. Nə qədər
yeyirsən-ye, üstündən bircə stəkan o sudan içəndən sonra elə
acırdın ki...
Ümumiyyətlə,
Ağdamda yayda heç kim soyuducudan su
içmirdi. Həyətdəki kranı
açırdın, 2-3 dəqiqə axandan sonra suya əlini
tuturdun buz kəsirdi. Yəni sözüm odur ki, mən
Qarabağı beş barmağım kimi
tanıyıram. Hətta hər hansı videoya o
dəqiqə deyirəm bura filan yerdir və məlum olur ki,
düz tapmışam.
"Qrad”
Seyid Lazım ağanın 10 metrliyində torpağa girdi,
partlamadı
-
Ağdam mənim üçün bir başqa aləmdir. Ağdam general Murtuz Quliyevdir, Xudu Məmmədovdur,
Rafiq Əliyevdir, Famil Mehdidir, Adilə Namazovadır.
Ağdam Qədir Rüstəmovdur, Arif Babayevdir, Səxavət
Məmmədovdur, Rəmişdir. Ağdam Allahverdi
Bağırovdur, Fred Asifdir... Ağdam dünyanın
ən gözəl, ən varlı şəhəriydi. Mən Nyu Yorkda körpünün altında yatan
bomjlar görmüşəm. Ağdamda belə
şey olmayıb. Şəhərdə imkansız adam yox idi. Məhlədə 8 ev
idik, amma 13 maşın vardı. Ağdam
böyük ticarət mərkəzi idi. Qarabağ
xanı Pənah xanın çox fərmanları olub,
"Batmanqılınc”ı da onun haqqında yazmışam.
Pənah xan Şuşanı paytaxt seçəndən
sonra Ağdamı da Qarabağın mərkəzi şəhəri
elan etdi. İndiki dillə desəm, tapşırdı
ki, kim Ağdama investisiya qoysa, ondan vergi
alınmayacaq. İmkanlı adamlar
Qarabağın ətrafından gəlib orda dükanlar
açdılar. Fikir verin, Ağdamdan Bərdəyə,
Ağcabədiyə, Füzuliyə 48, Şuşaya 37,
Laçına və Yevlaxa 73, Ağdərəyə 37 km, Kəlbəcərə
80, Xankəndiyə 27 kilometrdir. Düz mərkəzdədir.
Ona görə oranı seçmişdi Pənah
xan. Ağdam da bu səbəbdən
inkişaf etdi. Qarabağın hər
bölgəsindən şənbə-bazar günləri
Ağdam bazarına gəlirdilər. Özü
də bazar olduqca səliqə-sahmanlı idi. Ət, toyuq, meyvə-tərəvəz, yağ-pendir
satılan yerlər ayrı idi. 200 dəmirçi
sexi vardı. Sadıq Murtuzayev sonradan bazara
bitişik ticarət mərkəzi tikdirdi, geyim
dükanlarını ora köçürdü. Özü də Ağdama atılan ilk "qrad”
oranı yandırdı. Çox qəribə
hadisə olmuşdu o vaxt. Ağdamda məşhur
Seyid Lazım ağa vardı. Ağdamlıların
inam yeriydi. Hamının cibində,
maşınlarında onun şəkli olardı. Bazarda Seyid Lazım ağanın bir yeri vardı,
kreslo qoyurdular otururdu. Nəzir vermək istəyənlər
ora gəlirdi. Məsələn, kiminsə
balası instituta girəndə gəlirdi onun yanına, Seyid də
o uşağın cibinə pul qoyurdu. Bir dəfə
bir "qrad” Seyidin 10 metrliyində torpağa girdi,
partlamadı. Partlasaydı, azı 300 adam
ölərdi. Hamı deyirdi Seyidin cəddi
qoymadı "qrad” partlasın. Seyid
Lazım ağa müharibədən sonra öldü. Ağdamın Çəmənli kəndində dəfn
olundu. Arzu adlı bir yəhudi onun məqbərəsini
tikdirdi, o ərazini abadlaşdırdı, ehsan yeri tikdi. İndi ora ziyarətgahdır.
Ağdam torpağının özü də bərəkətli,
zəngin torpaq idi. Kəndləri də varlı idi,
çünki əkib-becərirdilər. Ağdam
ildə 200 min ton üzüm istehsal edirdi. Bu
da 160 min ton çaxır demək idi. Ağdamda
13 çaxır zavodu vardı. 70 min ton
pambıq verirdi. Əgər müharibə
olmasaydı, Qarabağ işğal edilməsəydi, bizim
dövlət büdcəmiz 80 milyard dollar olardı. Xankəndinin sənaye, Ağdamın sənaye və
kənd təsərrüfatı obyektləri, Füzuli
böyük sənaye və kənd təsərrüfatı
rayonu olaraq dövlətə nə qədər xeyir verəcəkdi.
O da qeyd olunmalıdır ki, dövlət qaçqın və
məcburi köçkünlərə nə qədər
qayğı göstərdi. Maaşları
saxlanıldı, kommunal xərclərdən azad olundular, hər
ailə üzvü çörəkpulu aldı. Nə qədər qəsəbələr tikildi, yeni
binalar inşa olundu. Bunlar hamısı xərcdi.
Yoxsa indi hamı bəy kimi dolanardı...
Ağdamın quruculuğunda xüsusi xidmətləri
olan, canla-başla işləyən 3 katibin adını
çəkmək istəyirəm. Nadir Abbasov şəhəri
səliqəyə salıb. Ağdamın
içində qobu vardı, kanalizasiya ora axırdı. Şəhərin başından
çıxacağına qədər uzanırdı. Nadir Abbasov suyu borulara aldı, qobunun
üstünü örtdü. Ağdam Rayon Partiya Komitəsi,
univermaq onun üstündə tikilmişdi, park da
salmışdı. Heç kim
inanmırdı ki, orda üfunət iyi verən qobu vardı. Oranı cənnətə çevirdi. İkinci, Telman Orucov Ağdamın kənd təsərüffatını,
iqtisadiyyatını yüksəltdi, zavod, fabriklər tikdirdi.
Sadıq Murtuzayev də heyvandarlığı
yüksəltdi, şəhəri abadlaşdırdı, Əmək
sarayı, Mədəniyyət evi və başqa binalar,
böyük heyvandarlıq kompleksi tikdirdi. 3
yerdə - Şelli, Abdal Gülablı və Şahbulaqda
istirahət zonası yaratdı. Yerli camaat
orda pulsuz istirahət edirdi. Lap əvvəl isə
Ağdamda Kommunal təsərrüfat idarəsinin rəisi Məşədi
Abbas olub. O da Ağdamda böyük abadlıq
işləri görüb. Muxtar Əliyev
isə Qaraağacı qəbiristanlığını düzəltmişdi.
O cür qəbiristanlıq Avropada var. Gecə hər yanda
işıqlar yanırdı. 3 km uzunluğunda, 2
km enində 2-3 min yaşı olan qədim qəbiristanlıq
idi. Qacar nəslinin məzarları da orda
idi. 1965-ci ildə İran şahı
şah nəslinin nəşini köçürdü ordan.
Camaat o məzarların üstündə məqbərə
tikmişdi.
"İmarət” qəbiristanlığı isə
ağdamlıların Fəxri xiyabanı sayılırdı. Qarabağ
xanlarının məzarları o qəbiristanlıqda idi.
Pənah xan, İbrahim xan orda dəfn olunublar.
Murtuzayev o məzarların üstündə məqbərə
tikdirdi. Natəvanın qəbrinin
üstündə isə büstünü qoydurdu. Yəqin ermənilər oranın hamısını
dağıdıblar. Amma eybi yox, ondan da
gözəlini tikəcəyik.
Atama
tapança vermişdim ki, əsir düşsən,
özünü vurarsan
-
Ağdamdakı evimizdə işğaldan 3-4 gün qabaq
olmuşdum. Qardaşımın ailəsini
çıxarmışdıq. Amma atam
işində-gücündə idi. Şıxbabalıda
sovxozda baş mühasib işləyirdi. İyulun
23-ü atam işdə olub. Fred Asifin əsgərləri
həmin ərazidə döyüşürdülər.
Ermənilər üç tərəfdən
şəhərə daxil olmuşdular. Əsgərlər
gəlib demişdi ki, "dayı, Ağdam yoxdu ey,
götürülüb”, nə gəzirsən burda və
sağ-salamat Qarqardan keçirmişdilər.
O vaxt
atama bir tapança vermişdim. Demişdim, bu
tapançanı ermənilərə atmaq üçün
vermirəm ha. Qəfil şəhərə
girərlər, əsir düşərsən, bilə-bilə
sənə nə işgəncə verirlər hamımız
diri ölərik. Səni and verirəm
inandıqlarına, əsir düşsən, özünü
vurarsan... Əsir sahibi olmaq ağır
şeydir. Mən görmüşəm o əzabı.
Bacımın əri Ağdam polis şöbəsində
işləyirdi, sahə müvəkkili, kapitan idi. Ermənilər yalandan demişdi sağdır, 6 aydan
sonra bildik şəhid olub. O 6 ayda
bacımın, ailəmizin nələr çəkdiklərini
görmüşəm. Sonra meyitini verdilər,
Ağcabədinin Avşar kəndində dəfn etdik, "Azərbaycan
bayrağı” ordeni ilə təltif edildi. Dəfn edəndən sonra hamı rahatlaşdı elə
bil. Mən çox əsirlər
görmüşəm. Bizdə də erməni
əsirləri vardı, amma gündə 3 dəfə yemək,
siqaret verirdik. Bizim əsirlərə isə ermənilər
dəhşətli işgəncələr verirdilər,
ac-susuz qoyurdular...
Şükür, atam əsir düşmədi. Fred Asifin əsgərləri
onu Qarqar çayından sağ-salamat keçirib Ağcabədiyə
yola salmışdılar. Atam uzun müddət
Bayat kəndində qardaşıoğlugildə qaldı.
Sonra Bakıya gətirdik. Amma bizimlə
yaşamadı, dedi bina evində qala bilmərəm. Montində
ona balaca bir həyəti olan ev aldım. Qarşısında xudmani bağ da vardı, atam orda
nərd oynayırdı. Yoldaşı
şəhid olan bacımla qızı da atamla o evdə
yaşayırdı. Atam Ağdamın yoxluğuna 5 il dözdü. 1998-ci ildə 71
yaşında rəhmətə getdi. Heç
xəstələnməmişdi də. Almanı
sevirdi. Hər gün 2 kilo alma yeyirdi.
Şərqşünaslıq məzunuydu,
Nizaminin "Xəmsə”sini farsca əzbərdən bilirdi.
Uzun illər Şərabçılıq
sovxozunun direktoru olsa da, ömrü boyu dilinə içki dəyməmişdi.
Qatı dindar da deyildi atam. Sadəcə
içkini sevməzdi. Şərab içən adam gözünün düşməni idi. Nə
Ağcabədi, nə də Ağdamda evimizdə məclislərdə
içki verilməyib. Mən də ilk dəfə
35 yaşımda dilimə içki vurmuşam. Ölənə kimi atam bilmədi içdiyimi,
siqaret çəkdiyimi. Özü də
bircə vəsiyyəti oldu mənə. Bizim
nəslin qəbiristanlığı Kolanıdadı. Amma bir qardaşım 1981-ci ildə 25 yaşında
qəzaya düşdü. Atam onu
Ağdamda Qaraağacı qəbiristanlığında dəfn
etdi. Dedi, mənim ürəyim oğlumu ziyarət etmək
istəyəndə Ağcabədiyə getməyəcəm
ki. Elə burdan-bura gedib ziyarət edərəm.
Anam da qardaşımın yoxluğuna dözmədi, 3-4 il sonra rəhmətə getdi. Onu
da elə qardaşımın yanında dəfn etdik. Atamı isə Ağcabədidə öz kəndimizdə
torpağa tapşırdıq. Atamın son
nəfəsində istəyi o oldu ki, Ağdam işğaldan
azad olunandan sonra ananla qardaşını mənim yanıma
köçürmə. Qəbirlərini təzədən
düzəltdirərsən, ermənilər
dağıdıblar. Başqa vəsiyyəti olmadı...
Çox şükür 22 ildən sonra atamın vəsiyyətini
yerinə yetirə biləcəm...
Qarabağ
savaşı dünya hərb tarixinə düşəcək
- Bilirsiz,
o vaxt heç kim inanmazdı ki, ermənilər
Ağdama girə bilər. Könüllü
batalyonları ləğv etmişdilər. Rayonun müdafiəsini də vermişdilər Surətin
709 saylı hərbi hissəsinə. Onlar
da erməni güllə atan kimi çıxdılar
Ağdamdan. Bircə Fred Asiflə Allahverdi
Bağırovun dəstəsi axıra kimi qalıb
döyüşdü. Azərbaycanın hər
yerindən ora köməyə gəlmişdilər. Kim Ağdamda yaralanıbsa, şəhid olubsa, o,
ağdamlıdır. Ağdam 6 mindən çox şəhid
verdi. Ağdamın 3 şəhidlik
qəbiristanlığı vardı. Sonuncusu
Uzundərədə idi. Ağdamdakı,
daha dəqiqi, Quzanlıdakı Şəhidlər xiyabanı
isə tam fərqlidir. Bu fərqlilik də
şəxsən mənim ideyamdır. Orda
həm 16 Milli Qəhrəmanımız uyuyur, həm də
Ağdamda şəhid olan insanların adları
yazılıb. Nizami Sadıqov icra
başçısı olanda bu xiyaban salınan zaman məsələ
qaldırdım ki, abidədə təkcə ağdamlı
şəhidlərin deyil, Azərbaycanın müxtəlif
bölgələrindən gəlib Ağdamda şəhid
olanların da adları yazılmalıdır, çünki
onların hamısı ağdamlıdır. Belə də etdik. Bütün
rayonların icra hakimiyyətlərinə məktubla müraciət
etdik ki, Ağdamda ölən şəhidlərin ad,
soyadlarını göndərin. Təəssüf
ki, müraciətimizə laqeyd yanaşdılar. Çoxu göndərmədi. Bir
yas yerində icra başçılarından birini
gördüm. Dedim, sizə bu məsələ ilə
bağlı məktub göndərmişdik, cavab vermədiniz.
Təəccübləndi ki, mən elə bir məktub
almamışam. Müavininə zəng elədi,
danladı ki, niyə yazıb göndərməmisən
siyahını. Sözüm ondadır ki, o
məktubların əksəriyyətini dərkənar
yazıb atıblar qırağa. Şəhidlərin
adlarının çoxunu özümüz
tapmışıq. Məsələn, Səttar
Möhbalıyevin qardaşı Əhməd Möhbalıyev
zabit idi. Naxçıvandan Ağdama
könüllü gəlib, bir komandir kimi orda şəhid olub.
Onun da adını yazdıq. Hələ də
bu iş davam edir. Həmin ərazini
abadlaşdırmışıq, namaz qılmağa yer var,
çayxanada isə çay pulsuzdur, ehsandır...
Biz o vaxt da qeyrətlə vuruşduq, bu gün də. Bu gün niyə
qalib gəldik? O vaxt komandanlıq, nizam-intizam, ordu yox idi.
İndi möhtəşəm ordu, ali
baş komandanlıq, nizam-intizam var. Planla, sxemlə işləyirlər.
Qarabağ savaşı dünya hərb tarixinə
düşəcək. Belə savaş
indiyə kimi görünməyib. Təsəvvür
edin ki, Şuşanın 3 tərəfi
sıldırımdır. Oranı alpinistlər
çıxa bilməz. Bizim xüsusi təyinatlılarımız
o sıldırımı çıxır, yaralı
yoldaşını da qoymur orda, çiyninə alır
qalxır yuxarı. Görün nə oğullar var.
Şuşanın azadlığı uğrunda 400 xüsusi təyinatlımız
650 erməni xüsusi təyinatlısı, 2 mindən çox
əsgərilə döyüşüb, erməninin 400
xüsusi təyinatlısının, 1500-dən çox əsgərini
məhv edib. Rus jurnalisti yazırdı ki,
Şuşadan gələn erməni hərbçilərin
çoxu tapança və bıçaq yaraları
alıblar. Bu o deməkdir ki, Şuşa
əlbəyaxa dava ilə işğaldan azad olunub. Bu, qəhrəmanlıq deyil, bəs nədir?!
Evlərimizin
qumuna, sementinə, əhənginə həm də sevinc
göz yaşlarımızı qatacağıq
- Mən
həmişə demişəm, mənim üçün
Ağdam yox, Şuşa önəmlidir. Şuşasız Ağdamı istəmirəm.
Deyirdim, kim Şuşanın azad
olunacağına, ora gedəcəyimizə inanmırsa, 2 metr kəndir
alıb özünü assın. İnsan
inamsız yaşamaz. Hər zaman
Qarabağı azad edəcəyimizə inanmışam. Həm də mən çox şey bilirdim. Ordudan xəbərim vardı. Milli
Məclisin Müdafiə komitəsinin üzvü olaraq hərbi
hissələrdə çox olurdum. Üstəlik,
Prezidentimizin apardığı siyasətə hər zaman
inanmışam. Bilirdim ki,
torpaqlarımızı erməni işğalından azad edəcəyik.
Elə də oldu. Qarabağı
azad etdik. Ermənistanı təslimçilik
bəyanatına imza atdırdıq. Sülh
müqaviləsi bağlananda xalq görəcək nələri
əldə etmişik. Hərdən sosial
şəbəkələrdə ağız büzənləri
görəndə hirslənirəm. İsti
yerlərində oturub yekə-yekə danışmaq
asandır. Mən bilirəm bu savaşda nə
qədər şəhid vermişik. Təkcə
Ağdamı, Kəlbəcəri və Laçını azad
edəndə bir o qədər şəhid verəcəkdik. Kəlbəcər alınmaz yerdi, orda mindən
çox kaha var. Oranı təmizləmək dəhşətli
şeydir. Bu torpaqları qansız, şəhid
vermədən, Prezidentin müdrik siyasəti nəticəsində
aldıq.
Təəssüf ki, Ermənistan bizim şəhər və
kəndlərimizi "şumlayıb”. Özü də
faşistlərdən betər "şumlayıb”. Təbii ki, bu, bizi ağrıdır. Amma əsas torpaqlarımızın azad
olunmasıdır, qalanı təfərrüatdır.
Cocuq Mərcanlını 4-5 ayın içində bərpa
edib, güllü-çiçəkliyə çevirən
dövlət dağıdılmış şəhər və
kəndlərimizin yenidən bərpası üçün yəqin
ki, çoxdan plan tutub. Qarabağı bir neçə ilə tikəcəyik.
Şükür, pulumuz, varımız da var. Nə
lazımdırsa, dövlət hər şeyi edəcək.
Bəlkə də şəhər və kəndlərimiz
azad olunub minalardan təmizləndikdən sonra icazə veriləcək
ki, hər kəs öz kənd-kəsəyinə gedə
bilsin. İnsanların əksəriyyəti
gedib öz həyətlərində çadır qurub
yaşayacaq və dağıdılmış ocaqlarını
özləri tikəcək. Daş tapan
daşla, daş tapmayan da lap çiy kərpiclə
yuvasını quracaq. 27 ildir hamı o
torpağa qayıtmaq istəyi ilə yaşayır. Hamı o günü səbirsizliklə gözləyir.
Bakıdakı cah-cəlaldansa, Ağdamdakı koma mənə
daha maraqlıdı, daha gözəldi, daha müqəddəsdi...
Tezliklə Qarabağa böyük köç
başlayacaq. Mən burdan ağdamlılara
müraciət edirəm. Ağdamlılar
bu gün də imkansız adamlar deyillər, daşdan pul
çıxara bilirlər. Qoy imkanı olan
öz evini özü tiksin, dövlətə çox yük
düşməsin. Gücü çatan əlini
qonşuya da uzatsın ki, o da evini tikə bilsin. Bilirəm, ağdamlılar bunu edəcək. Biri elə mən. Bir-birimizə
və dövlətə əl tutaq ki, daha tez tikib qurtaraq.
Üstəlik, daş da əlimizin altında.
Ağdamda iki daş karxanası vardı,
böyüyü də Şahbulaq. Bütün
Qarabağ həmin Şahbulağın daşıyla
tikilmişdi. Hər dəfə yolum
Şahbulağa düşəndə heyrətlənirdim ki,
burdan hər gün nə qədər daş
daşınır, amma dağ yerindədir. Elə bil Xəzər dənizindən dolçayla
su götürmüsən. Və onu da
deyim ki, Şahbulaq daşı Bakı karxanalarındakı
daşdan həm möhkəmliyinə, həm də
ağırlığına görə fərqlənir. İndi Şahbulaq yerində durur, Qarabağı
yenidən tikmək üçün on dəfələrlə
artıq daş ehtiyatı var.
Gənclərimiz hərb meydanlarında göstərdikləri
şücaəti indi də tikinti meydanlarında göstərəcəklər. Dəfələrlə
demişəm və yenə deyirəm, dağılmış
evlərimizi və yurdlarımızı daha gözəl və
daha yaraşıqlı tikəcəyik. Bilirsiniz
niyə? Çünki onun qumuna, sementinə,
əhənginə həm də sevinc göz
yaşlarımızı qatacağıq.
Çadırda
yaşaya-yaşaya atamın evini təzədən tikdirəcəyəm
-
Qarabağın işğaldan azad ediləcəyinə olan inam
əsərlərimdə də var. Bütün əsərlərimi
inam üzərində qurmuşam. "Çadırda
Üzeyir Hacıbəyov doğula bilməz” əsərimdə
bir müəllim obrazı var. Malıbəyliyə, ordan da
Xankəndinə gedir ki, evini yandıran Aşotu
öldürsün. Hər zaman
inanırdım ki, biz də nə vaxtsa gedəcəyik.
Mən Qarabağ müharibəsinin şahidi yox,
iştirakçısıyam. Özüm orada
doğulduğuma, yaşadığıma görə yox, sadəcə
müharibə başlayan gündən ön cəbhədə
səngərdə olmuşam. Orada
gördüyüm hadisələr, insanlarımızın
başına gətirilən faciələr "Dolu”nu
doğurdu. "Dolu” romanında mən təkcə
Qarabağ müharibəsini deyil, ümumiyyətlə,
müharibənin dəhşətlərini, bu dəhşətlərin
nəticələrini təsvir etmək istəmişəm.
Göstərmək istəmişəm ki, hər
bir müharibə ədalətsiz bir ideyanın nəticəsi,
buna səbəb olan ölkə isə ədalətsizliyin
tüğyan etdiyi bir məkandır. "Dolu”
uzun illər yazmaq istədiyim bir əsər idi. Hər dəfə yazmağa başlayırdım,
amma başqa bir əsər ortaya çıxırdı.
Nəhayət, günlərin bir günü -
2008-ci ildə Qarabağ müharibəsinin yazıçı
ürəyinə yağan "Dolu”su yarandı. Əsərin sonunda döyüşdə şəhid
olmuş insanların ruhlarının yenidən komandirin
ardınca işğal olunmuş torpaqlarımıza doğru
irəliləməsi əsərin bədii ideyasının əsasını
təşkil edir. Romanın əsas məqsədi
insanlarda bu ideyaya inam yaratmaqdır ki, zaman gələcək Azərbaycan
əsgəri əsərdə təsvir edilmiş qondarma sərhədi
aşacaq. "Dolu” filmində də müqəddəs
ruhlar bu sərhədi Ağdamın cəbhə xəttindəki
qadağa nöqtəsini keçib gedir və Azərbaycan
insanında haçansa bu sərhədi mütləq keçəcəyi
inamını yaradır...
Zaman
göstərdi ki, bu inam, bu ümid boş deyilmiş... Biz artıq bütün sərhədləri
keçdik. İndi Qarabağın
hansısa bölgəsinə getmək üçün sərhəd
aşmağa gərək yoxdur. İndi
öz torpağına uzaqdan həsrətlə, nisgillə
baxmaq geridə qaldı. İndi ürəyimiz istəyəndə
evimizə, yurdumuza gedəcəyik...
Mən indyə kimi deputat səlahiyyətimdən istifadə etməmişəm. Amma bu dəfə edəcəm. Yəqin Ağdama hamıdan tez gedəcəm. Birinci Pənah xanın qəbrini ziyarət edəcəm. Atamın anası o nəsildəndir. Ondan sonra anamla qardaşımın məzarını tapacam... Daha sonra evimizə gedəcəm. Həyətimizdə çadır quracam. O çadırda yaşaya-yaşaya atamın evini təzədən tikdirəcəm. Özü də əvvəl necə idisə o cür... Və Bakıdan birdəfəlik Ağdama köçəcəm. Oğlum da orda yaşamaq arzusundadır.
Bir istəyim də var. O vaxt Ağdamda 10 mindən çox qədim, müxtəlif növ kitabla zəngin böyük kitabxanam vardı. O kitabxanamın da 30-35 üzvü vardı. Oxuduqları kitabı qaytarıb, təzəsini götürürdülər. Mən Ağdama düşən kimi o üzvlər hamıdan qabaq gəlirdilər ki, təzə kitab gətirmisən? Ağdamda üç şəxsin böyük kitabxanası vardı. Jurnalist Surxay Əlibəylinin, Sadıq Murtuzayevin və mənim. Surxayın kitabxanasının yarısını nərddə mən udurdum. Uduzanda bir maşın kitabını yığıb gətirirdim evə... Evdə kitab saxlamaq çətindir deyə Ağdamın çıxacağında Şuşa yolunun üstündə həyət yeri götürmüşdüm, hasarını da yarımçıq da olsa çəkmişdim. Arzum o idi ki, orda bir ev-kitabxana tikim, hamının üzünə açıq olsun. Heyif ki, tək evim yox, o kitabların da hamısı yandı. Amma bu dəfə o arzumu yerinə yetirəcəyəm. Ölməyə də hələ hazırlaşmıram...
Əvvəl-əvvəl ağzını kəhrizin gözünə dayayıb neçə il həsrətini çəkdiyi, az qala dadını unutmaqda olduğu bal kimi sudan içəcək. Sonra əl-üzünü möhkəm-möhkəm yuyacaq, amma bu o qədər də ləzzət eləməyəcək. Soyunub girəcək kəhrizin göz yaşı kimi təmiz, bumbuz suyuna. Gözlərini yumacaq və xoşbəxt uşaqlığını xatırlayacaq...
...Tez-tez qaçıb gəlirdilər bura. Bu göz yaşı kimi təmiz, bu bumbuz suda çimişməkdən doymazdılar. Onda onların özləri də göz yaşı kimiydilər, amma bumbuz deyildilər, od-alovluydular, təzə-təzə qızların ürəklərini yandırıb-yaxan vaxtlarıydı. Ən çox sevdikləri isə kəhrizdəki balaca balıqları tutmaq idi. Bəzən bu balıqları tutmaq üçün saatlarla yarışırdılar. Amma heç biri bu yarışda qalib gələ bilmirdi...
Gözlərini yumacaq, onunla bu kəhrizdə çimə-çimə böyüyən dostlarını xatırlayacaq. Çoxu müharibədə şəhid olmuşdu...
Uşaqlıqda olduğu kimi, əlini atıb balaca balıqlardan birini də tutacaq, üz-gözündə sevinc açacaq. Neçə iliydi bu xatirələrin, bu şirinliyin, bu duruluğun həsrətini çəkmişdi.
Uzaqdan, lap uzaqdan, eyy lap uzaqdan Qədir Rüstəmovun səsi gələcək:
- Bu dərənin uzunu, Tanrı qaytardı quzunu...
... Qəflətən minlərlə at ağız-ağıza verib necə kişnəyib, göylər necə şaqqıldayacaqsa, çöllər diksinəcək, ağaclar diksinəcək, çaylar diksinəcək, dağlar diksinəcək. Şimşəklər göy üzünü parça-parça eləyəcək. Və göy üzündən də yuxarıdan necə bir Dolu başlayacaqsa, camaat dik atılacaq və sevinclə özünü atacaq bayıra...
Xəyalə MURADLI,
Azərbaycan.-2020.- 26 noyabr.- S.7.