Böyük Qələbəmiz
Müzəffər Ali Baş
Komandanımızın yenilməz iradəsinin, şanlı Ordumuzun qəhrəmanlığının nəticəsidir
Uzun
illər yurd həsrəti ilə yaşayan, doğulub
boya-başa çatdığı torpaqları azad görmək
istəyən həmvətənlərimizdən biri də Kəlbəcər
rayonundan olan, Nazirlər Kabineti Aparatının əməkdaşı,
Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə
2-ci dərəcəli dövlət müşaviri rütbəsi
almış, 3-cü dərəcəli "Vətənə
xidmətə görə” ordeni ilə təltif edilmiş
Qurban Sadıqovdur.
Bu günlər bütün Azərbaycan xalqı, bütün kəlbəcərlilər kimi Qurban Sadıqovun da sevincinin hədd-hüdudu yoxdur. Q.Sadıqov torpaqlarımızın mənfur düşməndən azad olunması, ərazi bütövlüyümüzün bərpa edilməsi, İkinci Qarabağ müharibəsində şanlı Qələbəmizin sevincini və Azərbaycanın dilbər guşələrindən biri olan Kəlbəcərlə bağlı təəssüratlarını AZƏRTAC-la bölüşərək deyib:
- Doğma Kəlbəcərim işğal altına düşəndə mənim 31 yaşım var idi. Düz 27 il idi ki, doğma Kəlbəcərin həsrəti ilə yaşayırdım. Bu 27 ildə anadan olduğum Nadirxanlı, müəllim işlədiyim Sarıdaş kəndi, Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsində, Rayon İcra Hakimiyyətində məsul vəzifələrdə çalışdığım Kəlbəcər şəhəri ilə bağlı xatirələrimi ürəyimdə gəzdirmişəm. Tale elə gətirib ki, 1993-2018-ci illər ərzində Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının qaçqınların və məcburi köçkünlərin problemləri üzrə şöbədə müxtəlif vəzifələrdə, o cümlədən şöbə müdiri vəzifəsində çalışmışam. Bunları deməkdə məqsədim odur ki, Ermənistanın hərbi təcavüzü nəticəsində öz doğma yurd-yuvasından didərgin düşmüş insanların taleyi mənə çox yaxın və doğma olub. Özümü çox xoşbəxt hiss edirəm ki, məhz bu sahədə Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin, Nazirlər Kabinetinin bütün göstəriş və tapşırıqları əsasında üzərimə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışmışam. Bir komanda olaraq çalışmışıq ki, yurd-yuvasından didərgin salınmış soydaşlarımızın mənzil-məişət, sosial problemləri yüksək səviyyədə həll edilsin. Həmçinin onların problemlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması sahəsində də əməli fəaliyyət göstərmişik. Yurd həsrətini, nisgilini həmin insanlarla bir yerdə yaşamış, bir yerdə kədərlənmiş, bir yerdə sevinmişik.
Artıq nisgilimiz, həsrətimiz, ağrı-acılarımız arxada qalıb. Biz sentyabrın 27-dən başlayaraq demək olar ki, hər gün qələbə sevinci yaşamışıq. Müzəffər Ali Baş Komandanımızın qələbə müjdələri hər bir azərbaycanlıya, hər bir məcburi köçkünə yerə-göyə sığmayan sevinc, dədə-baba torpaqlarına böyük qayıdışın çox yaxında olduğu günlərin unudulmaz duyğularını yaşadıb. Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində tariximizə Böyük Qələbə zəfərini yazıb. Bu şanlı Zəfərin, bu Böyük Qələbənin təməli məhz Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyəti illərində qoyulub. Xalqın təkidi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev iqtisadi və siyasi cəhətdən çətin günlər yaşayan Azərbaycanı inkişaf yoluna çıxardı. Dahi siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanı iqtisadi cəhətdən möhkəmləndirən "Əsrin müqaviləsi” imzalandı. Ulu Öndər bilirdi ki, müharibə aparan ölkə hərtərəfli güclü olmalıdır, həm iqtisadi, həm siyasi, həm də hərbi və diplomatiyada. Bu yerdə Lissabon sammitini xatırlamamaq mümkün deyil. Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasının baza formulu məhz 1996-cı ilin dekabrında keçirilən bu sammitdə müəyyən edildi. Ulu Öndər çevik və dəqiq diplomatik addımları ilə Azərbaycanın dünya birliyi tərəfindən müdafiə edilməsinə nail oldu. Bu sammitdə 53 dövlətin səsini qazanmaq o dövr üçün çox böyük uğur idi. Bu uğuru dövlətimizin başçısı son 17 ildə öz müdrik daxili və xarici siyasəti ilə daha da möhkəmləndirdi, dünyaya Azərbaycanın inkişaf modelini təqdim etdi, məcburi köçkünlərimizin doğma torpaqlarına qayıdacaqlarına olan inamını daha da artırdı. Bu böyük qayıdışa Ulu Öndərimiz də şəksiz inanırdı. Yaxşı yadımdadır, Ulu Öndər 2002-ci il sentyabrın 13-də Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində qaçqın və məcburi köçkünlərlə görüşdə demişdi: "Mən inanıram, tam inanıram ki, bizim bölgədə hər şey ədalət naminə dəyişəcəkdir. Azərbaycan xalqının bu əzab-əziyyətinə görə onun xeyrinə dəyişəcəkdir. Siz gələcəkdə mütləq və mütləq gedib hələ öz gözəl Göyçə torpağınızı da görəcəksiniz, öz doğma dağlarınızı, bulaqlarınızı, çaylarınızı da görəcəksiniz. Ata-babalarınızın qəbirlərini də görəcəksiniz. Mən buna heç şübhə etmirəm. Mən buna inanıram və bu inamla da sizin qarşınızda nitq söyləyirəm”.
Ulu Öndərin bu inamını Müzəffər Ali Baş Komandanımız, qəhrəman Prezidentimiz artıq reallığa çevirdi. Düşməni döyüş meydanında diz çökdürən, onu ağ bayraq qaldırmağa məcbur edən Ali Baş Komandanımız Qarabağın tacı olan Şuşanın işğaldan azad olunduğu gün - noyabrın 8-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi. Həmin ziyarət zamanı çıxışında dövlət başçısı Ulu Öndərin vəsiyyətini yerinə yetirdiyini bəyan etdi. Dedi ki, beynəlxalq təşkilatların kağız üzərində qalan qərar və qətnamələrini Azərbaycan döyüş meydanında icra etdi. Bu vəzifənin öhdəsindən şərəflə gələn Azərbaycan hüquqlarını bərpa etdi və ərazi bütövlüyünü təmin etdi. Bütün dünya Ali Baş Komandanımızın güclü siyasi iradəsini və rəşadətli Azərbaycan Ordusunun gücünü gördü.
Şəhərləri, qəsəbələri, kəndləri işğaldan azad olunan bütün soydaşlarımız kimi mən də doğma Kəlbəcərimin azadlığa qovuşması gününü səbirsizliklə gözləyirdim. Dövlət başçısının da qeyd etdiyi kimi, işğaldan azad edilmiş bütün torpaqlarımızda həyat yenidən öz axarına düşəcək və erməni vandalları tərəfindən viran qoyulan ərazilərimizdə bütün yaşayış məntəqələri və infrastruktur yenidən qurulacaq, inkişaf edəcək. Ən böyük arzum işğaldan azad olunmuş torpaqlarımızı həmin inkişafdan sonra qarış-qarış, kəndbəkənd gəzməkdir. İnşallah, bu, mənə də, bütün soydaşlarıma da nəsib olacaq.
Həqiqətən, 27 ilin həsrətindən sonra insanların üzündə sevinci görmək, xoşbəxtliyi hiss etmək çox gözəldir. Yaşasın, var olsun Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan! Yaşasın Azərbaycan xalqı, Azərbaycan dövləti və rəşadətli Azərbaycan Ordusu! Biz çox xoşbəxt xalqıq və daha da xoşbəxt və firavan yaşamağa layiqik. Biz bu xoşbəxt həyatı yaşayacağıq.
Mən bu qeydlərimi
möhtərəm Prezidentimizin artıq
dillər əzbərinə çevrilən bir
kəlamı ilə bitirirəm: Qarabağ
bizimdir! Qarabağ Azərbaycandır!
Azərbaycan.-2020.- 26 noyabr.- S.5.