Yaşam
savaşçısı
Vüqar Qurbanovun Vətən
müharibəsi gündəliyi
...Yaralı əsgəri götürüb gecənin qaranlığında Cəbrayıldan yola çıxan təcili yardım maşını zülməti yararaq çala-çuxur yollarla birtəhər irəliləməyə çalışırdı. Gecikmək olmazdı, hər ötən an xəstəni həyatdan bir az da qoparırdı. Maşında olan tibbi heyət elə buradaca yaralı əsgərə ilk yardım göstərir, ölüm təhlükəsini ondan uzaqlaşdırmağa çalışırdı. Lakin ağıllarına belə gətirmirdilər ki, elə bu dəqiqələrdə onlar özləri də ölümlə rəqs edirlər...
Bu tükürpərdici gerçəkliyi isə həmin zülmət gecədə, maşının ətrafında partlayan mərmilərin səsini eşidəndə anlamışdılar. İlk dəfə idi ki, ölüm bu qədər yaxından öz soyuq üzünü göstərmişdi onlara... O da müharibənin əsl dəhşətini, ağrı-acısını çox yaxından hiss etmiş, bir andaca doğmalarının gülümsəyən çöhrələri kino lenti kimi gözlərinin önündən keçmişdi. Çox həyəcanlanmışdı, elə bu an, bu dəqiqə hər şeyin bitəcəyini, bu dünyadakı yaşamının sonlanacağını düşünmüşdü...
O da yaşatmaq üçün savaşdı
Amma ömür dəftərinə hələ çox əsgərlərimizi ölümün pəncəsindən almaq, onları həyata döndərmək kimi xoşbəxt tale yazılmışdı Vüqar həkimin.
Onun da xalqımızın tarixin qızıl səhifələrinə həkk etdiyi 44 günlük qəhrəmanlıq salnaməsində payı oldu. O da sentyabrın 27-dən etibarən Vətənin harayına hay verənlərdən oldu. Könüllü olaraq cəbhəyə yollanıb, əsgər oldu. Amma əlinə silah almadı, torpaqlarımız uğrunda döyüşüb sinəsini gülləyə sipər edən igid oğullarımızı yaşatmaq üçün savaşdı. Vətən fədailərini həyata qaytarmaq uğrunda gecə-gündüz demədən çarpışdı...
Qurtara bildiyi canlar üçün özünü dünyanın bəxtəvəri saydı, İlahiyə sonsuz şükürlər etdi, bəzən isə insan övladının həkim qismində ölüm qarşısında aciz qaldığı, çarəsi tükəndiyi anlarda göz yaşlarına boğuldu, çox üzüldü, çox əzab çəkdi: "Bu nə kino idi, nə də televiziyada seyr etdiyimiz döyüş səhnələri. Normal şəraitdə çənə-üz travmaları ilə çox rastlaşmışdım, amma güllə, qəlpə yarası ilə yox. Buna görə də ilk anlarda istər-istəməz həyəcanlanırdım, çünki müharibə görməmişdim. Orada gördüyümüz yaralılar, sülh şəraitindəki yaralılardan çox fərqli idi. Bilisinizmi, o 44 gündə biz necə qorxmaz əsgərlərlə qarşılaşdıq, onların qəhrəmanlıqları ilə qürur duyduq?! Bilirsinizmi, həkimlərimiz həmin cəsur oğlanlarımızı sağaltmaq, ağrı-acılarını bir az da olsa azaltmaq üçün necə mübarizə apardılar?! Əslində, o 44 gündə yaşadıqlarımızı sözlə ifadə etmək çox çətindir, gərək ona canlı şahidlik edəsən...”
Tibb üzrə fəlsəfə elmləri doktoru, üz-çənə cərrahı, implantoloq Vüqar Qurbanov "Arxa cəbhənin qəhrəmanları”nda həkim kimi keçdiyi 44 günlük müharibə gündəliyini vərəqləyir...
Həkimliyə sevgi ona ailəsindən irsən ötürülüb
1986-cı ildə Gəncədə ziyalı ailəsində dünyaya gələn Vüqar Qurbanova həkimliyə sevgi də ailəsindən irsən ötürülüb. Babası tanınmış əməkdar həkim Qurban Qurbanov Azərbaycan səhiyyəsində 40 ilə yaxın baş həkim kimi fəaliyyət göstərib.
Ondan sonra isə sənətini oğlu, yəni Vüqarın atası Asif Qurbanov hərbi həkim kimi davam etdirib. Azərbaycan hərb sahəsində xüsusi yeri və rolu olan Əməkdar həkim hazırda hərbi tibb sahəsindən təqaüdə ayrılıb. Elə Vüqarın anası da həkimdir və hərbi hospitalda fəaliyyətini davam etdirir, yaralı əsgərlərə baxır.
Babasının, valideynlərinin yolu ilə gedən
Vüqar da həkimlik ixtisasına yönələrək,
2004-cü ildə yüksək balla Azərbaycan Tibb
Universitetinin Stomatologiya fakültəsinə qəbul olur. ATU-nu fərqlənmə
diplomu ilə bitirərək bu universitetin doktoranturasına
daxil olur. O,
tibb üzrə fəlsəfə doktoru elmi adını
aldıqdan sonra dövlət proqramı çərçivəsində
Türkiyənin Samsun 19 mayıs Universitetinin Ağız və
Üz-Çənə Cərrahiyyəsi kafedrasında asistent
doktor olaraq fəaliyyət göstərir. Və PHD, yəni
tibb üzrə fəlsəfə doktoru təhsilini ikinci dəfə
orada tamamlayıb, 2018-ci ildə vətənə dönərək
özəl bir klinikada üz-çənə cərrahı
implantoloq olaraq fəaliyyət göstərməyə
başlayır.
- Hərbçi,
hərbi həkim ailəsində böyümək çox
çətin idi. Açıq desəm, ümumiyyətlə,
gənclik dövrüm, orta təhsil, tələbəlik illərim
çətinliklərlə keçib. Atam
Birinci Qarabağ savaşında hərbi həkim kimi aktiv
iştirak edib. Müharibənin çox
şiddətli dövrlərində, bəzən elə olurdu
ki, aylarla atamın üzünü görə bilmirdik. O
zamanlar evdə bütün yük anamın üzərinə
düşürdü. Xatırlayıram,
Türkiyəyə getdiyim zaman orada da böyük çətinliklərim
oldu. İkinci dəfə təhsil alanda
yaşım 30-un üzərində idi. Təbii
ki, yaşın öz sözü var idi, ailə problemləri
var idi. Amma bütün bu çətinliklər
hər zaman mənə əlavə stimul verirdi və
onları aşmağı bacarırdım. Bəlkə də o dövrlərdə
yaşadığım çətinliklərin mənə
aşıladığı hisslər idi ki, 44 günlük
müharibə başlayanda yenidən o hissləri özümdə
duyaraq cəbhəyə yollandım.
Vətən
məni çağırdı
2020-ci
ilin başlanğıcı bütün dünya, o cümlədən
də Azərbaycan üçün ağır bir il oldu. Bəşəriyyət
COVID-19 adlı bir bəla ilə üz-üzə qaldı və
bu təhlükəli virusa yoluxan insanların həyatını
xilas etmək kimi müqəddəs missiya da həkimlərimizin
öhdəsinə düşdü. Vüqar həkim də
həmin həkimlərin sırasına qoşulub COVID-ə
qarşı ilk sırada savaşmaq istəyirdi, amma qismətində
2020-ci ilin sonlarını daha müqəddəs bir cəbhədə
mübarizə aparmaq var imiş...
- 27
sentyabrdan əvvəl bəzən fikirləşirdim ki, həkimlərimizin
hamısı ön cəbhədədir. Yəni
bu günün bəlası COVID-lə mübarizə
aparırdılar və fikirləşirdim ki, nə gözəl
ixtisasları var ki, onlar insanlara yardım edirlər, amma mənim
üz-çənə cərrahı olaraq heç kimə
faydam dəymir. Lakin fürsət elə gətirdi
ki, 2020-ci ilin sonlarına doğru, sentyabr ayında Vətən
məni də çağırdı. İxtisasım
da o qədər lazımlı oldu ki, elə ilk gündən,
yəni sentyabrın 28-dən bu proseslərə
könüllü qoşuldum və demək olar ki, bitən
günə qədər müxtəlif bölgələrdə
qürurla və fəxrlə fəaliyyət göstərdim.
Əvvəlcə
Gəncə Beynəlxalq Xəstəxanasında və Abbas Səhhət
adına şəhər xəstəxanasında,
daha sonra isə Füzulidə Diqnostika Mərkəzində fəaliyyət
göstərdim. Qeyd edim ki, həmin zaman
tanıdığım 100-ə yaxın həkim
könüllü olaraq bu prosesə qoşuldu. Bəzən deyirlər, cərrahlar hərbidə
formalaşır, onlar hərbi şəraitdə özlərini
sübut edirlər. Amma könüllü
olaraq bu prosesə qoşulan həkimlərimizin fikri bu deyildi.
Biz çalışdığımız qədər
minimum zərər verməklə, əsgərlər üzərində
ən müasir avadanlıqlardan, texnologiyalardan istifadə etməklə
uğurlu nəticələr almaq, bütün
yaralıları sağaltmaq idi.
Həm də biz həkimlər onlara həkimlikdən əlavə
mənəvi dayaq da dururduq. Çünki biz o
yaralı əsgərləri qarşılayan ilk insanlar idik.
Onlara verdiyimiz ilk sual susuzluqla, aclıqla,
telefonla əlaqəli idi. Çalışırdıq
mümkün qədər onları ailələri ilə
danışdıraq. Bəzən heç
ailələri ilə danışmaq istəmirdilər, deyirdilər
ki, "həkim, evdəkilər yaralı olduğumu bilməsinlər”.
Biz bu 44 gün ərzində çox cəsarətli,
çox qorxmaz insanlar gördük. Onların içərisində elələri
var idi ki, günlərlə döyüşdə idilər,
yaralı idilər, amma "susuzsanmı”, "acsanmı”
sualına, "həkim, yemək varsa yeyərəm”, "su
varsa içərəm” cavabı verirdilər. "Yemək,
su verin” sözünü bir dəfə də olsun onların
dilindən eşitmədik...
Göydə
Allah həmin yaralını saxladısa, yerdə də biz həkimlər
onun həyatını xilas etdik
Amma
Vüqar həkim bu 44 gün ərzində təkcə
müharibə yaralılarının deyil, cəbhədən
kilometrlərlə uzaqda yerləşən doğma Gəncəsinin
mənfur ermənilər tərəfindən artileriya atəşinə
tutulması nəticəsində dağıntılar
altında qalan mülki vətəndaşların da
imdadına yetməli olmuşdu...
- Gəncədə
4 dəfə böyük partlayış oldu. Hətta
iki mərmi xəstəxanamızın çox
yaxınlığına düşdü. Bomba
düşdükdən 10 dəqiqə sonra mən artıq
hadisə yerində idim. Orada
dağıntıların altından uşaqları
çıxarırdıq, dəqiqələr ərzində
20-25 yaralını xəstəxanaya təxliyə edə
bildik.
Bir müddət sonra Füzulidə olan dostum Fəxrəddin
həkim zəng etdi ki, "Vüqar, sən burada lazımsan”. Dərhal
Füzuliyə yollandım. Müharibənin
ən gərgin getdiyi günlər idi və ora tamam fərqli
idi.
Öncə orada formalaşmış bir kollektiv
yaratdıq. Bu kollektivin yaradılmasında üz-çənə
cərrahı, biz ona "052 komutanı” deyirdik, Oqtay Mehdiyevin
və Elgün Səmədovun böyük əməyi oldu.
İstər Gəncədə, istərsə də
Füzulidə olanda hər zaman şükür edirdim ki, nə
yaxşı ki buradayam. Bunu ona görə deyirdim ki, xeyli xəstəni
həyata qaytara bilirdik. Şəki şəhərindən
olan İlkin adlı yaralını isə heç zaman
unutmaram. Deməliyəm ki, əgər
göydə Allah həmin yaralını saxladısa, yerdə
də biz həkimlər onun həyatını xilas etdik.
Düz 8 saat onu əməliyyat etdim, çox
böyük travma almışdı. Üzün
göz nahiyəsindən boyuna doğru böyük bir ağac
parçası batmışdı və möcüzə nəticəsində
gözü zədələnmişdi. Mən
isə onu elə səliqəli şəkildə əməliyyat
etməli idim ki, gözü sağ qalsın və həyati
orqanları, damarları zədələnməsin.
Əslində, həmin xəstə Gəncəyə gəldikdə
heç kim inanmırdı ki, biz ona
kömək edə bilərik. Çox
düşündük ki, bəlkə xəstəni Bakıya
göndərək, amma vaxt itirmək olmazdı, xəstənin
tənəffüsündə ciddi narahatlıq var idi. Bəlkə də cavanlığımdan,
çılğınlığımdan irəli gəldi ki,
anidən qərar verdim və 5 saatlıq əməliyyatdan
çıxmağıma baxmayaraq, xəstəni əməliyyata
hazırlamalarını söylədim. Əməliyyat
ciddi bir briqada tərəfindən həyata keçirildi.
Çox şadam ki, bu briqadada aparıcı həkimlərdən
biri də mən oldum. Həmin əməliyyatı
uğurla bitirdikdən sonra bütün tibbi heyət bir-birini
qucaqlayıb təbrik etdi. Daha sonra onu
üç gün Gəncədə saxlayıb, Bakıya təxliyə
etdik.
Başqa bir xəstəm isə güllə yarası
almışdı və çox qan itkisi, qanaxma ilə gəlmişdi. Həmin xəstəni
haradasa 7-8 saatlıq bir əməliyyat nəticəsində
Bakıya çatdırdıq.
Çox xoşbəxtəm ki, xəstələrim
arasında həqiqətən ağırlaşmış və
həyatını itirən xəstə olmadı, onların hər
birini Bakıda olan xəstəxanalara yönəldə bildim.
Sülh
müqaviləsinə saatlar qalmış çox ağır
bir yaralı gəlmişdi
- Amma
ümumi profil olaraq, çox ağır xəstələr də
gəlirdi və onlardan həyatlarını itirənlər də
oldu. Hətta sülh müqaviləsinə
saatlar qalmış çox ağır bir yaralı gəlmişdi.
Orada həkimlərimiz həmin əsgərin həyatda
qalması üçün saatlarla işlədilər. Əlimizdən gələn hər şeyi edirdik ki,
təki həmin əsgər sağ qalsın. Hətta
son anda İlqar həkim ürək masajı etdi və ürəyinin
geri döndüyünü hiss etdik. Bu zaman keçirdiyimiz
sevinc hissini sözlə ifadə etmək çox çətindir.
Amma tibbin də öz qanunu var, müəyyən
bir müddət ürək fəaliyyət göstərsə
də, beyin oksigensiz qaldığı üçün biz o xəstəni
itirdik.
Və həmin
hadisədən saatlar sonra müharibənin başa
çatması ilə bağlı müqavilə
imzalandı...
Mən cəbhədə olub, həmin hadisələri,
oradakı yaralıları gördükdən sonra bu
müqavilənin hansı həyati anlama gəldiyini daha
aydın təsəvvür etdim.
Çalışdığım hər iki xəstəxananın
yaxınlığında tibbi ekspertiza bölməsi var idi,
ora şəhid olmuş insanlar gətirilirdi. Ora gətirilən
şəhidlərin ata-anasının naləsi hələ də
qulaqlarımdan getmir. Onlar deyirdilər
"kaş övladımız yaralı gələrdi,
gözü, əli, ayağı olmayaydı, amma nəfəsi
üstündə olaydı”. Bu cür
ürək dağlayan ifadələri hər saat eşidirdik.
Müharibənin bitməsi bütün bu faciələrin,
dəhşətlərin bitməsi demək idi.
Həm də qürurlandırıcı idi ki, biz bu
müharibəni qələbə ilə bitirdik. Bu qələbəni
bizə Ali Baş Komandan İlham Əliyev ərməğan
etdi, bu 44 gün ərzində dövlət
başçımızın necə əzmlə mübarizə
apardığını gördük. Təsəvvür
edin ki, əməliyyatlar sırasında belə, əməliyyatı
dayandırmadan televiziyanı qoşub Ali Baş Komandanın
çıxışını, tvitlərini gözləyirdik
ki, görək bu gün hansı torpağımız azad
olunub?
O həkimlərin
adlarını çəkməsəm olmaz...
Müsahibə boyu Vüqar həkim dönə-dönə
qürurla vurğulayırdı ki, bu qələbədə
ön cəbhənin hərbçiləri ilə
yanaşı, həkimlərin də payı oldu. Və o, söylədi ki, Gəncə
və Füzuli qəhrəmanları deyə iki qrupa
böldüyü həkimlərimizin, tibb işçilərimizin
hamısının mümkün olmasa da, heç olmasa bir
qisminin adını qeyd etməsək olmaz...
- Həqiqətən,
müharibə ərzində könüllü həkimlərimizdən
ibarət inanılmaz bir kollektiv formalaşmışdı. Gəncədə olan həkimlərimizin
aparıcı qüvvəsi Neftçilər Xəstəxanasının
həkim heyəti idi. Burada Elmir Əsgərov,
Musa həkim, neyrocərrahlarımız Zaur, Elşən,
anestezioloqumuz Fuad həkimin adlarını çəkmək
istəyirəm. Damar cərrahlarımız
Seymur Allahverdiyevin rəhbərliyi altında Gəncə şəhərində
çox uğurlu əməliyyatlar icra etdilər. Eyni zamanda da göz cərrahlarımızın fəaliyyətini
vurğulamalıyam.
Bir xüsusi nüansı da qeyd edim ki, Gəncədə
olanda Türkiyədən gənc könüllülərdən
ibarət bir həkim ordusu bizə dəstəyə gəldi,
onların çox faydasını gördük. Anestezioloq,
reanimotoloq Rəşad, Ərəstun, cərrah Araz həkimin
adlarını çəkmək istəyirəm. Füzulidən olan Elnurə həkim çox cəsarətli
işlər görürdü, eyni zamanda, orta tibb
bacıları Günay, Aynur xanım və daha adını
çəkə bilmədiyim yüzlərlə tibb
işçisinin hər birinin bu qələbədə
haqqı, payı oldu.
Onu da deməliyəm ki, Füzulidə çox öndə
olan qorxmaz həkimlərimiz var idi ki, onlar hərbi səhra cərrahiyyəsi
sistemində çalışırdılar, orada əməliyyat
edirdilər. Həmçinin oradakı tibb personalının əməyini
sözlə ifadə etmək çox çətindir.
Yenə də
deyirəm, bizim çox cəsarətli həkimlərimiz var.
Aralarında kolleqalarım, diş həkimləri,
üz-çənə cərrahları da var ki, biz onları şəhid verdik. Bu
həkimlərin ailələrinin qarşısında baş əyirəm.
Onların canı, qanı bahasına bu qələbəni
aldıq. O insanlar çox-çox cəsarətli idilər
ki, birbaşa ön bölgədə xidmət göstərirdilər,
bizə yuxu kimi gələn müharibənin tam içərisində
idilər.
Yaralı
əsgərlərimizə həyat verdi,
onlarla birgə yaşadı....
- Biz bu
müharibə zamanı şəhidlər verdik, dəyərli
insanlarımızı itirdik. Bu insanlar gələcək
nəsillərimizin firavanlığı, xoşbəxtliyi
üçün canlarından keçdilər. Biz də onların ailələrinə,
yaxınlarına, övladlarına baxmaq məcburiyyətindəyik.
Bu bir vətəndaşlıq borcu deyil, məcburiyyətimizdir.
Bu, artıq hər birimizin ailəsində üç yox, beş övladının olması anlamına
gəlməlidir. Vətən uğrunda şəhid
olanların övladlarının da haqqıdır ki, bizim
övladlarımız kimi təhsil alsınlar, həyat şəraitləri
olsun. Təbii ki, dölətimiz onlar
üçün hər şey edəcək, amma biz də
öz növbəmizdə şəhidlərin bizə əmanətlərindən
muğayat olmalıyıq.
Dünən bir yaralı əsgərimizin şəhid
olduğunu eşitdim. Hansı ki, onu yaralı olduğu
üçün hospitala göndərmişdik ki, müalicə
alsın. Amma o, qaçıb yenidən
müharibəyə qatılmışdı və növbəti
yarasından şəhid oldu. Baxın, biz
vətənini canından çox sevən bu cür
oğlanlar itirdik. Onların bu fədakarlıqları
qarşısında isə nə etsək, dəryada damla misalı qədər azdır...
"Əsl həkim hər xəstə ilə
yaşayıb öləndir”, Stefan Zveiqə məxsus bu fikirlər
isə elə Vüqar həkimin öz facebook səhifəsindəki
paylaşımındandır. Bəli, o da əsl həkim
olmağı bacaranlardan oldu. Yaradanın özündən
sonra, həkimlərə bəxş etdiyi xilasedici, həyata
qaytaran kimi müqəddəs missiyasını yerinə yetirərək,
elə müqəddəs Vətən savaşımızda da əsl
həkim kimi davranaraq yaralı əsgərlərimizə həyat
verdi, onlarla birgə yaşadı...
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2020.-
26 noyabr.- S.8.