Böyük Qələbənin
sonsuz sevinci
2020-ci ilin 27 sentyabr - 10 noyabr tarixləri 30 ilə yaxın davam edən erməni işğalına son qoyulması, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası, milli qürur hisslərimizin yüksəlməsi və uzun illər həsrətində olduğumuz Böyük Qələbənin şanlı tarixidir.
Şuşanın və digər əzəli torpaqlarımızın azad edilməsi ilə nəticələnən zəfər yürüşü xalqımızın son yüzillik ərzində qazandığı ən möhtəşəm tarixi Qələbəyə çevrildi. Azərbaycan bu qələbəni qazanmaqla tarixinin, sözün əsl mənasında, qızıl səhifəsini yazdı. Bu Qələbə Azərbaycan tarixində baş verən elə bir misilsiz hadisədir ki, yüz illər sonra gələn nəsillər də bu hadisəni böyük qürur və iftixar hissi ilə xatırlayacaqlar. Əminliklə söyləmək olar ki, bütöv və qüdrətli Azərbaycanın uzunmüddətli perspektivdə strateji inkişafının təməl daşına çevrilən bu Qələbə xalqımız üçün əsl tarixi həqiqət anı missiyasını daşıyacaqdır.
Yaşadığımız günlər bütün dünyaya Azərbaycanda Dövlət-Xalq-Lider birliyinin sarsılmaz olduğunu nümayiş etdirdi. Beynəlxalq arenada rastlaşdığımız çoxsaylı ədalətsiz yanaşmalar və qarşılaşdığımız ikili standartlar xalqımızın Böyük Qələbəyə olan inamını bir an belə sarsıtmadı, Azərbaycan xalqının, dövlətinin və Azərbaycan Liderinin dəmir iradəsinə təsir göstərmədi.
Möhtəşəm tarixi Qələbənin əldə edilməsi həm də möhkəm ictimai-tarixi və hərbi-siyasi zəminə əsaslanır. Öz doğma torpaqlarının işğalından ötən 30 il ərzində xalqımız təkcə bu möhtəşəm zəfəri səbirlə gözləməmiş, həm də özünün qətiyyətli liderinin, Müzəffər Ali Baş Komandanının, ölkə Prezidentinin rəhbərliyi altında bu tarixi həqiqət anına doğru günbəgün addımlamışdır. Şübhəsiz ki, Azərbaycanın bu tarixi Qələbəsinin bilavasitə müəllifi və memarı ölkə rəhbəri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir. Azərbaycan Respublikasının son 17 illik möhtəşəm inkişafı, tariximizin bu şərəf və şöhrət dolu anları məhz onun adı və titanik fəaliyyəti ilə bağlıdır.
Tarixinin ən çətin məqamlarında Azərbaycan xalqı həmişə öz oğullarının, liderlərinin qeyrətinə sığınmışdır. Tarixin ibrət dərsləri bir daha göstərir ki, böyük tarixi şəxsiyyət zirvəsinə yüksələn əsl lider olmadan xalqın həyatını zənginləşdirən möhtəşəm hadisələri, tarixi qələbələri təsəvvür etmək mümkün deyil. Hər bir xalqın həyatında elə həqiqət anı yetişir ki, məhz həmin anda xalq bütün dünyaya özünün kimliyini tanıdır. Azərbaycanlılar üçün əsl həqiqət anına çevrilən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Böyük Qələbə bir daha bütün dünyanın gözü qarşısında Azərbaycan xalqını işğala boyun əyməyən, tarixi ədalətsizliklə barışmayan, öz haqları uğrunda mübarizə aparan yenilməz bir xalq kimi nümayiş etdirdi.
2003-cü ildən ölkəyə rəhbərlik edən cənab İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasəti, xalqımızın haqq işini və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq yolunda sərf etdiyi gərgin əmək, qazanılan diplomatik uğurlar, rasional və balanslaşdırılmış siyasət, xalqın rifahının yüksəlməsini hədəfləyən düzgün sosial-iqtisadi platforma son nəticədə dondurulmuş hesab edilən münaqişənin kökündən həllini, "status-kvo”nun aradan qaldırılmasını, "təmas xətti”nin ləğv edilməsini və nəhayət, Azərbaycanın tarixi Qələbəsini təmin etdi.
Böyük Qələbənin qazanılmasında Müzəffər Azərbaycan Ordusunun, Şanlı Azərbaycan Əsgərinin müstəsna rolu danılmazdır. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və yaradılan, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin formalaşdırıb gücləndirdiyi Şanlı Azərbaycan Ordusu tarixi Qələbənin qazanılmasında öz sözünü dedi.
Yaxın tariximizə nəzər saldıqda məlum olur ki, Şanlı Azərbaycan Ordusunun Böyük Qələbəyə gedən ən qısa yolu 2016-cı ilin Aprel döyüşlərindən keçir. Xain düşmənin təxribatının qarşısını almaq məqsədilə həyata keçirilən 2016-cı ilin şanlı Aprel döyüşləri, sözün əsl mənasında, Müzəffər Azərbaycan Ordusunun sınaq yürüşü idi. Lələtəpənin, Cocuq Mərcanlının və digər strateji ərazilərin mənfur düşməndən azad edilməsi cənab Prezidentin qeyd etdiyi kimi, "tarixi torpaqlarımıza Böyük Qayıdış”ın başlanğıcını qoydu. Aprel döyüşləri Azərbaycan əsgərinin öz gücünə inamını artırdı, Azərbaycan Ordusunun gücünü düşmənə göstərdi, xalqın öz ordusuna olan etimadını daha da yüksəltdi.
Mənfur xislətindən yaxa qurtara bilməyən və Aprel döyüşlərindən dərs almayan düşmən yenidən öz çirkin niyyətini həyata keçirərək 2020-ci ilin 12 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti təxribata əl atdı. 13-14 iyul tarixlərində Müzəffər Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar düşmənə növbəti dəfə sarsıdıcı zərbə endirdi. Düşmənin 100-ə qədər canlı qüvvəsi və çoxlu sayda döyüş texnikası məhv edildi. Lakin mənfur düşmən görünür bu dəfə də düçar olduğu acı məğlubiyyətdən lazımi nəticə çıxara bilmədi.
Azərbaycanın əzəli torpaqları hesabına "ikinci erməni dövləti” yaratmaq xülyasından əl çəkə bilməyən, hər vasitə ilə doğma torpaqlarımızı qəsb etməyə çalışan mənfur düşmən 2020-ci ilin 27 sentyabr tarixində növbəti təxribata əl atdı. Şanlı Azərbaycan Ordusu bu dəfə də Müzəffər Ali Baş Komandanın qətiyyəti və iradəsi sayəsində düşmənə sarsıdıcı zərbələr endirdi. Azərbaycan Ordusunun Tarixi Qələbəyə qədər davam edən budəfəki hərbi əməliyyatları düşmənin minlərlə canlı qüvvəsinin, hərbi və zirehli texnikasının məhv edilməsi, bir-birinin ardınca doğma torpaqlarımızın işğaldan azad olunması ilə nəticələndi.
Möhtərəm Prezidentin qeyd etdiyi kimi, "düşmən bu dəfə başından elə ağır zərbə aldı, bir də çətin ki, özünə gələ bilsin”. Lakin döyüş meydanında Müzəffər Azərbaycan Ordusunun zərbələrinə tab gətirə bilməyən və qəhrəman Azərbaycan Əsgərinə cavab vermək iqtidarında olmayan mənfur düşmən öz xain xislətinə sadiq qalaraq Azərbaycanın dinc mülki əhalisini sivil dünyanın gözü qarşısında raket atəşinə tutdu. Belə ki, 2020-ci ilin 4 oktyabr, 11 oktyabr və 17 oktyabr tarixlərində cəbhə bölgəsindən 60 km aralıda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncəni, ikinci mühüm sənaye şəhəri Mingəçeviri, 28 oktyabr tarixində isə Bərdə şəhərini raket atəşinə tutan erməni cəlladları bir daha özlərinin əsl mahiyyətini bütün dünyaya nümayiş etdirdilər.
Düşmənin məkrli planlarını düzgün qiymətləndirən Azərbaycan bu dəfə də atdığı addımlarla erməniləri utandırmağı, bütün dünyanı isə heyrətə salmağı bacardı. Həmişə olduğu kimi, bu dəfə də dinc və humanist mövqe sərgiləyən Azərbaycanın Müzəffər Ali Baş Komandanın qeyd etdiyi kimi, "Biz erməni deyilik, biz qisasımızı döyüş meydanında alacağıq” prinsipi ilə hərəkət edərək düşmənə layiq olduğu yerini göstərdi.
Şanlı Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşü 30 ilə yaxın müddətdə erməni işğalında olan əzəli torpaqlarımızın azad edilməsi və Böyük Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandanımız və Qəhrəman Azərbaycan Əsgəri 10 noyabrı Azərbaycan tarixinə qızıl hərflərlə yazdı.
Qürurverici haldır ki, bu gün erməni cəlladları məhz Azərbaycan Liderinin diktə etdiyi şərtlər və müəyyənləşən qrafik üzrə Azərbaycanın işğal edilmiş torpaqlarından rədd olurlar. Lakin torpaqlarımızı tərk edən mənfur düşmən burada da özünün erməni xislətinə xas olan nankorluğa əl atır. Tarixi erməni vandalizmi yenə də davam etdirilir. Doğma torpaqlarımızı dinc şəraitdə tərk etməsinə imkan verdiyimiz ermənilər getməzdən öncə tikililəri vəhşicəsinə dağıdır və yandırır, meşələrimizi qırmaqla ekoloji terror törədirlər.
Son iki yüz ildə ermənilərin azərbaycanlı əhaliyə qarşı yeritdiyi etnik təmizləmə və soyqırımı siyasəti, Azərbaycanın əzəli torpaqları hesabına öz ərazilərini genişləndirmək cəhdləri və son günlərdə baş verən erməni vandalizmi bir daha bizim necə məkrli düşmənlə qonşu olduğumuzu göstərdi. Lakin, mənfur düşmənin bütün cəhdlərinə baxmayaraq, tarixi Azərbaycan torpaqları işğaldan tam azad edilir və özünün əsl sahiblərinə qaytarılır.
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın işğaldan azad olunmuş Füzuli, Cəbrayıl və Ağdam rayonlarına səfər etmələri hər birimizdə böyük fəxarət və qürur hissi yaradıb. Qətiyyətli Liderin bu addımı yaşadığımız sonsuz qələbə sevincini daha da artırmış oldu. Digər tərəfdən də, döyüş meydanında qazandığımız rəşadətli qələbənin və diplomatik masada əldə etdiyimiz qalibiyyətin memarı olan Müzəffər Ali Baş Komandanımız bununla işğaldan azad olunan ərazilərimizdəki erməni vəhşiliyini dünyaya bir daha nümayiş etdirdi.
30 ilə yaxın müddətdə düşmən tapdağında olan ərazilərdə quruculuq işlərinə dərhal start verilib. Dövlət başçısının Ağdam şəhərinə səfəri çərçivəsində dediyi aşağıdakı fikirlər tarixi torpaqlarımızda həyata keçiriləcək genişmiqyaslı işləri aydın şəkildə ifadə edir: "Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik”.
Azərbaycan Respublikasının Prezidentinin Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun, eləcə də Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi haqqında müvafiq sərəncamları bu sahədə atılan ilk addımlardır. Fikrimizcə, yaxın tariximizdə bu silsilədən olan çoxsaylı sənədlərin imzalanmasının və müvafiq işlərin həyata keçirilməsinin şahidi olacağıq.
Bu gün, sözün əsl mənasında, hər bir azərbaycanlının və bütöv Azərbaycanın ürəyi Şuşada, Ağdamda və düşmən işğalından azad olunan digər tarixi torpaqlarımızda döyünür. Var olsun Müzəffər Ali Baş Komandanımız! Var olsun Şanlı Azərbaycan Ordusu!
Qarabağ Azərbaycandır!
Şahin BAYRAMOV,
Mingəçevir
Dövlət Universitetinin rektoru,
iqtisad üzrə fəlsəfə doktoru
Nizami ZEYNALOV,
Mingəçevir Dövlət
Universitetinin dekanı, tarix üzrə fəlsəfə
doktoru
Azərbaycan.-2020.- 26 noyabr.- S.8.