Paşinyana
qarşı etirazlar daha
da güclənir
Baş
nazir isə növbədənkənar seçkilərə
getməyəcəyini bəyan edir
Ermənistanda getdikcə gərginləşən siyasi vəziyyət hakim koalisiyanın parçalanması ilə müşayiət olunmaqda, iqtidarın istefasını tələb edənlərin sayının daha böyük sürətlə artdığını göstərməkdədir. Ölkə müxalifətinin keçirdiyi etiraz aksiyaları hakimiyyətin dayaqlarının xeyli laxladığını göstərir. Buna paralel olaraq Ermənistanın həyata keçirdiyi xarici siyasətin gətirdiyi uğursuzluqlar bu ölkəyə xaricdən, həmçinin erməni lobbisi tərəfindən edilən təzyiqləri gücləndirir.
Aksiyalar səngimir
Yerevanda etiraz aksiyaları iki həftədir ki, davam edir. Son aksiyalar zamanı bir qrup vətəndaş Paşinyanın parlamentdəki "Mənim addımım” fraksiyasının deputatlarının yaşadıqları evlərin həyətlərinə gələrək, onları Qarabağı təslim etməkdə və dövləti xəyanətdə iştirakda günahlandırıb. Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik üzrə daimi komissiyasının sədri Andranik Koçaryanın evinin qarşısındakı aksiya zamanı vətəndaşlar "Andranik, xəyanətkar!” şüarı səsləndiriblər. Onlar səsgücləndiricilər vasitəsilə hakimiyyətin son iki ildə vətəndaşları aldatdığını bildiriblər.
Bir qrup etirazçı isə Yerevanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin qarşısında da aksiya keçirməyə başlayıb. Sosial şəbəkələrdə paylaşılan şəkil və videolardan bəlli olur ki, onlar əsasən Almaniya, Fransa səfirliklərinin qarşısında etirazlarını bildirirlər. Aksiya iştirakçıları deyirlər ki, əhali artıq Paşinyana və komandasına inanmır, çünki onlar Ermənistana xəyanət etdilər, xalqa verdikləri vədi yerinə yetirmədilər. Bu gün Ermənistan tarixinin ən ağır günlərini yaşayır və bu vəziyyətdən xilas üçün üfüqdə ümidverici heç nə görünmür. Həmçinin ölkədə məmur özbaşınalığı, rüşvətxorluq və işsizlik tüğyan edir. Vətəndaşlar məhkəmə sistemindən və polis zorakılığından cana gəliblər. Odur ki, vətəndaşlar Ermənistanda hakimiyyət dəyişikliyini labüd hesab edirlər.
Hakimiyyət sosial şəbəkələrdə nəzarəti artırır
Siyasi proseslərin fonunda Paşinyanın reytinqinin sürətli şəkildə aşağı düşməsi hakimiyyət daxilində ciddi gərginlik yaradıb. Məsələn, "İrates” qəzeti yazır ki, hakimiyyət orqanları sosial şəbəkədə artan hücumlardan narahatdırlar. Qeyd olunur ki, baş nazirin durmadan enən reytinqi qarşısında hamıya hazır olmaq və sosial meydanda heç kimə aman verməmək tapşırığı verilib. Əks təqdirdə hamını işdən qovulmaq təhlükəsi gözləyir: "Saxta və real istifadəçilər Paşinyanın atdığı addımları tərifləməyə başlamalıdır. Ən əsası mümkün variantlarla opponentləri neytrallaşdırmaq, onları gözdən salmaq, inqilaba qədər kim olduqlarını başa salmaq tələb olunur. Bütün bunlar da hökumət üzvlərini özlərindən çıxarır. Çünki onlardan "feyk fabriklər”i doldurmaq və Paşinyanla müxalifət arasında sipər rolunu oynamaq tələb olunur”.
Ölkənin keçmiş polis rəisi Vladimir Qasparyan deyib ki, Ermənistan dövlətçiliyini itirir, başqa dövlətlərin nümayəndələri ilə söhbət edə biləcək bir kimsə yoxdur: "Ölkə daxilində anarxiya hökm sürür və bizim məsələlərimiz xaricdə bizsiz həll olunur. Əksəriyyət buna laqeyddir. Cəmiyyət ağ-qaralara bölünüb, hər kəs "mənimdir, sənindir” söhbəti ilə məşğuldur. Bunun son olduğunu başa düşmürsüz? Ermənistan tezliklə yox olacaq”.
Paşinyan müxalifətin çağırışlarını əsassız hesab edir
Baş nazir davam edən etirazlara rəğmən, müxalifət tərəfindən edilən çağırışların Ermənistan cəmiyyətində geniş dəstək almadığını bildirib. O, mövcud vəziyyətdən çoxlarının, hətta özünün də xoşlanmadığını, lakin başqa bir seçimin qalmadığını bildirib: "Düzü, mən də o qədər razı deyiləm, vəziyyətdən hamımız narazıyıq. Ancaq hansı alternativlərimiz olduğunu anlamalıyıq. Vəziyyəti daha da pisləşdirməməyə, sabitləşdirmək və yaxşılaşdırmaq üçün çalışmalıyıq. Erməni cəmiyyəti təslimolma aktının imzalandığı situasiyada bizim üçün daha yaxşı real alternativin olmadığı ilə razılaşır. Fikrimcə, bu, imzalanmış sənədin erməni cəmiyyətində anlayışla qarşılanmasıdır”.
Rəqibləri tərəfindən növbədənkənar parlament seçkilərinin keçirilməsi çağrışlarına gəlincə, Paşinyan ölkənin digər vəzifələrə, ilk növbədə siyasi və iqtisadi sabitliyin və təhlükəsizliyin bərpasına yönəlməsinə ehtiyacın olduğunu vurğulayıb: "İndi Ermənistan hökumətinin və bütün siyasi qüvvələrin əsas vəzifəsi ölkədə tam sabitliyi və təhlükəsizliyi bərpa etmək olmalıdır. Mən yalnız daxili təhlükəsizliyi deyil, həm də xarici tərəfi nəzərdə tuturam. Altıaylıq dövr üçün bir yol xəritəsi dərc etdim və yaxın altı ay ərzində vəziyyəti sabitləşdirmək üçün işləyəcəyik. Bundan sonra növbəti addımlar barədə qərar verəcəyik”.
Erməni xalqı ağır bir reallıqla qarşılaşacaq
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş baş katibi, sabiq baş qərargah rəisi general-polkovnik Yuri Xaçaturovun oğlu İqor Xaçaturov isə N.Paşinyanı yenidən təhqir edib. "4rd.am” saytı yazır ki, son müharibədə iştirak edən İqor Xaçaturov baş naziri uzunqulaq adlandırıb. O, qeyd edib ki, noyabrın 25-də Kəlbəcər Azərbaycana təhvil verilir və bu günü təsadüfən seçmədilər: "25 noyabr Kəlbəcər əməliyyatının liderlərindən biri olan Monte Melkonyanın (erməni terrorçusu-red) doğum günüdür: "İntihar et, Monte səninlə görüşəcək və deyəcək ki, ay eşşək, Ermənistan tarixinin son səhifəsini açan sən idin? Bəlkə də ilk dəfədir ki, söyüş söyürəm. Əslində, hamımızın bu günahda payı var”.
Erməni siyasi ekspert Suren Sarkisyan deyib ki, Ermənistan hakimiyyətinin səhvi nəticəsində tezliklə erməni xalqı ağır bir reallıqla qarşılaşacaq. O, bundan sonrakı mərhələdə Ermənistanın öz müstəqilliyini itirəcəyini söyləyib: "Ermənistan "qismən müstəqil dövlət”ə çevriləcək. Artıq özümüzü Ermənistan dövlətinin təhlükəsizliyini təmin edən və döyüşə hazır orduya sahib bir dövlət kimi göstərə bilmərik. Artıq Ermənistan Qarabağın təhlükəsizliyinin qarantı deyil, bu da bölgədəki kompleks təhlükəsizlik balansında dəyişikliyin olduğunu göstərir”.
Siyasi ekspert bildirib ki, indi Ermənistan heç öz təhlükəsizliyinin qarantı da deyil, ölkənin çoxşaxəli, balanslı və tamamlayıcı xarici siyasəti olmayacaq: "Yəni formalaşmış geosiyasi və regional reallıqlara uyğunlaşacağıq. Bu fəlakətin nəticələrini azaltmaq çətin olacaq”.
Müxalifət öz namizədini xarici dairələrlə razılaşdırır
"Joxovurd” qəzeti yazır ki, N.Paşinyanın istefasını tələb edən 17 partiyanın nümayəndələri Rusiya elitasının nümayəndələri ilə fəal işləyirlər ki, yeni namizədi müəyyən etsinlər. Bildirilir ki, Ermənistanın 17 partiyası üç namizədi - Vazgen Manukyanı, Artur Vanetsyanı və Qrant Baqratyanı müzakirə edib: "Strateji tərəfdaşımız bu namizədlərdən Vazgen Manukyana üstünlük verib. Manukyan bu yaxınlarda namizədlik məsələsini müzakirə etmək üçün Moskvaya yollanıb. Lakin bu, o demək deyil ki, Manukyan gələcəkdə Ermənistann baş naziri olacaq, o, yalnız müvəqqəti hökumətin başçısı olacaq. Yəni Manukyan qısamüddətli hökumətə rəhbərlik edəcək. Qəribədir, amma eyni zamanda aydın olur ki, vətəndaşlar arasında Nikol Paşinyanın çoxsaylı dəstəkçiləri də var”. Nəşrin müxbiri Vazgen Manukyanla bu mövzu ətrafında söhbət etməyə çalışsa da, o, suallara cavab verməkdən imtina edib.
Göründüyü kimi, Ermənistanda dərin siyasi
kataklizm yaşanır. Eyni zamanda Ermənistanda sosial-iqtisadi problemlərin
miqyası daha da artır. Bütün bunların
fonunda N.Paşinyanın
altı ay üçün
müəyyən etdiyi
prioritetlərin reallaşması
tamamilə mümkünsüz
görünür.
Elçin CƏFƏROV,
Azərbaycan.-2020.- 26 noyabr.- S.11.