Parlament hökuməti
Fransa ilə siyasi
münasibətlərə yenidən baxmağa
çağırdı
Noyabrın 26-da Milli Məclisin növbəti plenar iclası keçirildi. Parlamentin sədri Sahibə Qafarova öncə onu bildirdi ki, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq, noyabrın 25-də Kəlbəcər rayonu erməni işğalçılarından azad olunub.
"Eşq olsun
Ali Baş Komandan İlham Əliyevə! Eşq Olsun
Müzəffər Azərbaycan
Ordusuna!" deyən spiker bu münasibətlə
təbriklərini çatdırdı.
Qeyd olundu ki, dekabrın
1-dək Laçın rayonu
da işğaldan azad ediləcək.
Daha sonra Fransa Senatında
qəbul edilən bədnam qətnamə ilə bağlı fikirlərini bildirən Milli Məclisin sədri dedi: "Fransa Senatında Azərbaycana qarşı çirkin siyasi aksiya təşkil olunub və təxribat xarakterli bir qətnamə qəbul edilib. Bu sənədə ötəri nəzər saldıqda belə onun nə qədər
qərəzli bir yanaşmaya əsaslandığını
görmək olar.
Qətnamədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti
kobudcasına təhrif
edilib, xalqımızın
apardığı Vətən
müharibəsinin üzərinə
kölgə salmağa
cəhd göstərilib,
ölkəmizə böhtanlar
atılıb.
İş o yerə çatmışdır
ki, Fransa Senatının üzvləri
Fransa hökumətini
artıq mövcud olmayan qondarma "Dağlıq Qarabağ Respublikası”nı tanımağa, bölgədə
1994-cü ildə mövcud
olmuş sərhədləri
qaytarmağa çağırıblar.
Sədr bildirdi ki, Milli
Məclis Fransa Senatının bu qətnaməsi ilə bağlı ciddi bir bəyanat qəbul etməlidir və gündəliyin birinci məsələsi məhz bu bəyanatla
bağlıdır.
Məlum olduğu kimi, 30 ilə yaxındır ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin dinc
yolla nizama salınması üçün
danışıqlar aparılırdı. 1994-cü ildən Fransa bu danışıqlarda vasitəçilik edən
ATƏT-in Minsk qrupunun həmsədridir.
Azərbaycan torpaqlarının işğalına son qoyulması
üçün aparılan
danışıqlarda heç
bir nəticə olmamasının əsas səbəblərindən biri
məhz beynəlxalq vasitəçilərin, xüsusən
də Fransanın təcavüzkarı öz
adı ilə çağırmaması, işğalçı
ilə işğala məruz qalan ölkələr arasında
fərq qoymaması idi.
Son vaxtlar biz Fransa
dövlətinin siyasi
və dövlət xadimlərinin, hakimiyyət
orqanlarının Azərbaycana
qərəzli münasibətinin
dəfələrlə şahidi
olmuşuq. Fransa prezidenti, xarici
işlər naziri öz bəyanatları ilə göstərirdilər
ki, Cənubi Qafqazda və bütün Avropada sülh üçün əsas təhdid mənbəyi olan və indi məğlub
duruma düşən
Ermənistanı birtərəfli
qaydada müdafiə edəcəklər. Bütün bunlar
Fransanın həmsədr
kimi bitərəfliyini
şübhə altına
alırdı və
BMT Təhlükəsizlik Şurasının
daimi üzvü kimi onun niyyətləri
barəsində bir sıra suallar doğururdu.
Azərbaycanın səyləri nəticəsində
bu gün regionda tamamilə yeni bir reallıq
yaranıb. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla
Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinə,
Azərbaycan torpaqlarının
işğalına son qoyuldu.
Bu reallığı bölgədə nüfuz
sahibi olan Rusiya və Türkiyə dəstəklədi.
Bu reallıq Fransanın
vəkillik etməyə
çalışdığı Ermənistan tərəfindən
də qəbul edilibdir. Düşünürəm ki, Fransa özü də yaranmış vəziyyətlə
barışmalı, haqsızı
müdafiə etməkdən
əl çəkməli,
haqqın və haqlının tərəfində
dayanmalıdır. Azərbaycana qarşı çirkin siyasi oyunlar quran qüvvələr təzyiq, şər-böhtan
yolu ilə nəyəsə nail olacaqlarına
ümid etməsinlər.
Azərbaycan xalqı bundan
sonra da möhtərəm Prezidentimizin
ətrafında yumruq kimi birləşərək
dövlətimizə və
xalqımıza qarşı
yönələn bütün
qəsdləri dəf
edəcək”.
Sahibə
Qafarovanın təklifi
deputatlar tərəfindən
razılıqla qarşılandı
və Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz bəyanatının
mətnini hazırlamaq
üçün Milli
Məclisin Beynəlxalq
münasibətlər və
parlamentlərarası əlaqələr
komitəsinin sədri
Səməd Seyidov rəhbər olmaqla deputatlar Cavanşir Feyziyev, Əminə Ağazadə və Fazil Mustafadan ibarət komissiya təşkil olundu.
İclasda Fransanın Azərbaycana qarşı bu ədalətsiz və qərəzli addımı
ilə bağlı geniş müzakirələr
keçirildi. Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, komitə sədrləri Zahid Oruc, Bəxtiyar Əliyev, Tahir Rzayev, deputatlar Nigar Arpadarai, Kamal Cəfərov, Anar İsgəndərov, Erkin Qədirli, Fazil Mustafa, Əli Məsimli, Fəzail Ağamalı, Kamilə Əliyeva, Aqil Abbas, Vahid Əhmədov,
Məlahət İbrahimqızı,
Sahib Alıyev, Qüdrət
Həsənquliyev, Aydın
Mirzəzadə, Razi Nurullayev və digərləri çıxış
edərək Fransanın
bu hərəkətini
Azərbaycanın ərazi
bütövlüyünə və beynəlxalq hüquqa qarşı hörmətsizlik kimi qiymətləndirdilər.
Sonra deputat Cavanşir Feyziyev hazırlanmış bəyanatın
mətnini oxudu. Səsvermədə bəyanata müsbət münasibət bildirildi (Bəyanatın mətni qəzetin bugünkü sayında dərc olunub).
İclasda gündəlikdəki digər
məsələlərin müzakirəsi
keçirildi. Əvvəlcə
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Vətən müharibəsində
qələbə münasibətilə”
Azərbaycanın orden
və medallarının
təsis edilməsi ilə əlaqədar
"Azərbaycan Respublikasının
orden və medallarının təsis
edilməsi haqqında”
qanunda dəyişiklik
edilməsi barədə
və "Vətən
Müharibəsi Qəhrəmanı”
adının təsis
edilməsi haqqında”
qanun layihələrini
üçüncü oxunuşda
təqdim etdi. Layihələrin birinci və ikinci oxunuşlarda müzakirələri
zamanı səslənən
təkliflərə münasibətini
bildirən Əli Hüseynli dedi ki, hazırlanan sənədlər orden və medallarla bağlı formalaşmış
qanunvericiliyə tam uyğundur.
Qanun layihələrinin əsasnaməsində
və təsvirində
Azərbaycan dövlətçiliyi,
Qarabağın tarixi,
milli və hərbi atributlarla bağlı bütün elementlər öz əksini tapıb.
Deputatlardan Fəzail Ağamalı,
Aydın Mirzəzadə
və Qüdrət Həsənquliyev qanun layihələri ilə bağlı fikirlərini səsləndirdilər və
sənədlərin mükəmməl
şəkildə hazırlandığını
bildirdilər.
Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul olundu.
İclasda "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)” yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə də qanun layihəsinə üçüncü oxunuşda baxıldı. Əli Hüseynli qanun layihəsinin əvvəlki oxunuşlarda müzakirəsi zamanı və ondan sonra komitəyə heç bir yeni təklifin daxil olmadığını söylədi. Qanun layihəsi üçüncü oxunuşda qəbul olundu.
Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov üçüncü oxunuşda "Ətraf mühitin mühafizəsi haqqında” qanuna təklif olunan dəyişiklikdən bəhs etdi. Qeyd olundu ki, layihə ölkə Prezidentinin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olub. "Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”na əsasən hazırlanan qanun layihəsi qalınlığı
15 mikrona qədər olan polietilen torbaların idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi ilə bağlı qadağaları özündə ehtiva edir. Sənəd 2021-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Layihəyə görə, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi də 2021-ci il iyulun 1-dən məhdudlaşdırılacaq. Komitə sədri qeyd edib ki, qanun layihəsinin ikinci oxunuşda müzakirəsindən sonra komitədə yeni bir təklif qeydə alınmayıb. Layihə səsə qoyularaq üçüncü oxunuşda təsdiq edildi.
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təqdim edən Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, dəyişiklik uyğunlaşdırma xarakteri daşıyır. Layihə üçüncü oxunuşda qəbul olundu.
"Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli məlumat verdi. Deputat bildirdi ki, qanuna təklif olunan dəyişiklik uyğunlaşdırma xarakteri daşıyır. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının təhlükəsizliyinə, istifadə edilən avtonəqliyyat vasitələrinin istismarına və saxlanılmasına, bu sahədə dövlət tənzimləməsinə nəzarəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti, publik hüquqi şəxs statusuna malik Bakı Nəqliyyat Agentliyi, aidiyyəti şəhər icra hakimiyyətlərinin tabeliyində olan "Sumqayıt Nəqliyyat” və "Gəncə Nəqliyyat” MMC-lər həyata keçirir. Bu sahədə fəaliyyət göstərən orqanların icra hakimiyyəti orqanı və publik hüquqi şəxs, məhdud məsuliyyətli cəmiyyət olmasını nəzərə alaraq, qanunun 26.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanı” sözlərinin "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz olunması təklif olunur. Layihə təsdiq edildi.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2020.- 27 noyabr.- S.1-2.