Noyabr Azərbaycan üçün düşərli aydır

 

Bu ay ölkəmizin dövlətçilik, hərb və neft-qaz sənayesi tarixində mühüm hadisələrlə zəngindir

 

 

Bu ilin noyabr ayında ən ümdə arzumuza çatdıq, ən böyük muradımıza yetdik. Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə çoxdandır həsrətini çəkdiyimiz doğma Qarabağa qovuşduq. Ümumiyyətlə, noyabr Azərbaycan üçün düşərli aydır. Müxtəlif illərin həmin ayında dövlətimizin, xalqımızın həyatında çox önəmli hadisələr baş verib.

 

Biz noyabr ayının 12-də Azərbaycan Respublikasının Konstitusiya Gününü, 17-də isə Milli Dirçəliş Gününü qeyd edirik. Bu ayın mühüm hadisələrlə necə zəngin olduğunu neft-qaz sənayesi tariximizə nəzər saldıqda da aydın görmək mümkündür.

 

71 il əvvəlin təqvimindəki 7 noyabr sonralar Neft Daşları adını almış mədən-şəhərin "doğum günüolmaqla bərabər, həm də tarixə dünyada dəniz nefti erasının başlandığı gün kimi düşüb.

 

1949-cu ilin həmin günü Xəzərin açıq qoynunda ilk quyunun fontan vurduğu vaxtdan indiyədək buradan fasiləsiz olaraq neftqaz çıxarılır. Ehtiyatlar isə hələ çoxdur.”Neft Daşları” NQÇİ-nin (Neft və Qazçıxarma İdarəsi) əməkçiləri bu karbohidrogenləri dənizin dibindən böyük ustalıqla çıxarırlar.

 

"Möcüzələr adası” adlandırılan bu məkan polad dirəklər üstündə qərar tutan əfsanəvi dəniz şəhəri kimi 71 ildir dünyanı heyrətə gətirir. Bütün bunlar Xəzərin fırtınalı qoynunda ekstremal şəraitdə işləyən Azərbaycan neftçisinin fədakar əməyinin, ona hərtərəfli qayğısını getdikcə artıran Azərbaycan dövlətinin dəstəyinin nəticəsidir.

 

23 il əvvəl noyabr ayının əvvəlində "Çıraq” platformasından hasilata başlanması ilə AÇG ("Azəri-Çıraq-Günəşli”) yataqlarından əməliyyatlara start verilib.

 

1997-ci il noyabrın 12-də bu münasibətlə platformada təntənəli mərasim keçirildi. Ulu Öndər Heydər Əliyevin tədbirdə iştirak etməsi və AÇG tərəfdaşlarının nümayəndələri, neftçilər, xarici ölkələrdən gəlmiş qonaqlar qarşısında çıxış etməsi bu hadisənin önəmini bir daha təsdiqlədi.

 

Hər bir yataqdan hasilata başlanması iqtisadi cəhətdən böyük əhəmiyyət daşıyır, ölkənin neft sənayesində mühüm hadisə sayılır. "Çıraq”dan ilk neftin alındığı gün isə bütövlükdə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Çünki bu, həmin vaxt iqtisadi durumu çox zəif olan ölkənin dirçəlişinə və böyük gələcəyinə hesablanmış "Əsrin müqaviləsi” çərçivəsində çıxarılan ilk neft idi.

 

AÇG Azərbaycanın iqtisadi inkişafının təmin edilməsində misilsiz rol oynadı. Onun ardınca digər neft-qazixrac layihələri ölkənin böyük həcmdə valyuta ehtiyatları əldə etməsinə imkan verdi. Azərbaycan dövləti bu ehtiyatlardan səmərəli istifadə edərək onları ölkənin əsas inkişaf istiqamətlərinə yönəltdi. 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan Respublikası Dövlət Neft Fondu(ARDNF) yaradıldı.

 

Neft-qaz gəlirlərindən bəhs edərkən Prezident İlham Əliyev demişdir: "Əsrin kontraktı”nın nəticələri, sadəcə olaraq, Neft Fonduna gələn gəlirlərlə ölçülmür. Bunun çox genişçox böyük təsiri olubbu günvar. Biz "qara qızıl”ı insan kapitalına çevirə bildik. Biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə etdikbu gün dünya miqyasında bu, xüsusilə qeyd edilir. Bir çox ölkələrin zəngin neft yataqları var, ancaq o ölkələr səfalət içindədir, yoxsulluq şəraitində yaşayırlar. O ölkələrdə sabitlik pozulur, neft o ölkələrə fəlakət gətirir. Azərbaycanda isə neft rifah, inkişaf, sabitlik, güc gətirir”.

 

21 il əvvəl noyabrın 18-də İstanbul zirvə toplantısında Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin marşrutunu müəyyənləşdirən sənəd imzalanıb.

 

1999-cu il noyabrın 18-də BTC qarşısında yaşıl işıq yandıran bu sazişin imzalanması Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və dünyadakı nüfuzu sayəsində mümkün oldu. Sənədə beş ölkənin - Azərbaycanın, Gürcüstanın, Türkiyənin, ABŞ-ın və Qazaxıstanın dövlət başçıları imza atdılar. Bu, uzun bir yolun, böyük bir yüksəlişin başlanğıcı idi. O vaxt söhbət yalnız BTC-dən getsə də, əslində irəliyə doğru nəhəng addım atılaraq neçə-neçə qlobal layihə üçün təməl qoyulurdu.

 

Prezident İlham Əliyev bir çox çıxışlarında BTC-nin getdikcə artan əhəmiyyətini dönə-dönə vurğulayıb. Qeyd edib ki, düzgün strategiyanın icra edilməsi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilməsi nəticəsində biz artıq pəncərədən başlayaraq böyük qapı açmışıq. Azərbaycan beynəlxalq enerji ailəsinə daxil ola bilib. Bu, Azərbaycanın həm siyasi, həm iqtisadi baxımdan böyük uğurlar əldə etməsinə təkan verib.

 

Ulu Öndər Heydər Əliyevin adını şərəflə daşıyan kəmər 14 ildən çoxdur Azərbaycan neftini dünya bazarlarına fasiləsiz, təhlükəsiz ixrac edir. Kəmərə eləcə də müəyyən həcmdə Qazaxıstan, Türkmənistan və Rusiya nefti vurulur. BTC-nin daşıdığı neft indiyədək Ceyhan limanında 4595 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.

 

Bu il noyabrın 15-də Trans-Adriatik Qaz Boru Kəməri (TAP) kommersiya əməliyyatlarına başlayıb. Peşəkarlardan ibarət çoxmilli sənaye komandası "Cənub qaz dəhlizi”nin bu hissəsini vaxtında və etibarlı şəkildə sona çatdırıb.

 

TAP "Cənub qaz dəhlizi”nin Avropa qoludur. Onun tikintisinə Yunanıstanın Saloniki şəhərində dörd il yarım əvvəl başlanmışdı. Bu, Azərbaycandan Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirəcək qovşaq layihəsidir. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir.

 

TAP-ın uzunluğu 878 kilometrdir. Kəmər Yunanıstanda 550, Albaniyada 215 kilometr məsafə qət edir. Sonra Adriatik dənizinin dibi ilə 105 kilometr irəliləyərək İtaliyada sahilə çıxır. Burada kəmərin marşrutu 8 kilometr uzanır və "Snam Pete Gas” qazötürmə sisteminə çatır.

 

Xatırladaq ki, TAP Avropaya Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng "Şahdəniz” yatağından hasil olunan təbii qazı nəql edir. Kəmər Türkiyə-Yunanıstan sərhədində - Kipoi məntəqəsində Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə birləşir.

 

TAP Avropa üçün stratejiiqtisadi əhəmiyyət daşıyır və yeni təbii qaz mənbəyinə etibarlı çıxışı təmin edir. Kəmər Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, təchizatın diversifikasiyasında, həmçinin karbon emissiyasının azaldılmasında mühüm rol oynayır. Sistem keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir.

 

Flora SADIQLI,

Azərbaycan.-2020.- 27 noyabr.- S.1;4.