AZƏRBAYCAN
RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN B Ə Y A N A T I
Fransada fəaliyyət göstərən
ayrı-ayrı türkofob
və islamofob siyasi dairələrin və erməni etnik qruplarının təhriki ilə Fransa Respublikası Senatının 2020-ci il noyabrın 25-də
qəbul etdiyi qətnamə ilə əlaqədar Azərbaycan
Respublikasının Milli
Məclisi aşağıdakıları
bəyan edir:
Ermənistan silahlı qüvvələri
tərəfindən Azərbaycan
Respublikasının 1988–1994-cü illərdə işğal
edilmiş ərazilərində
qeyri-qanuni yaradılan
və heç bir dövlət tərəfindən tanınmayan
“dağlıq Qarabağ
respublikası” adlı
oyuncaq qurumun mövcudluğuna
2020-ci ilin noyabr ayında son qoyulmuşdur;
Fransa Senatı tərəfindən
bu oyuncaq qurumun tanınması zərurətinin irəli sürülməsi Fransa Hökumətini beynəlxalq
hüququn əsas norma və
prinsiplərini pozmağa
təhrik etmək cəhdidir;
Fransa Senatının bu addımı Avropa İttifaqının xarici
və təhlükəsizlik
siyasəti üzrə
qlobal strategiyası, o
cümlədən Avropa
İttifaqı Şurasının
dövlətlərin ərazi
bütövlüyü barədə
2016-cı ildən bəri
ardıcıl qəbul
etdiyi sənədlər
çərçivəsində Fransa Respublikasının üzərinə götürdüyü
öhdəliklərlə bir
araya sığmır;
Sözügedən qətnamənin müddəalarının
həyata keçirilməsi
Avropa İttifaqına
və onun Şərq Tərəfdaşlığı
proqramına sarsıdıcı
zərbə vurmaq potensialı daşıyır;
Cənubi
Qafqazın və bütövlükdə Avropanın
təhlükəsizliyi üçün
təhdid törətmiş
Ermənistan–Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin
30 ilə yaxın bir müddətdə həll edilməməsinin
əsas səbəblərindən
biri sülh danışıqlarında beynəlxalq
vasitəçi rolunu
oynamış dövlətlərin,
xüsusən Fransanın
təcavüzkarı öz
adı ilə çağırmaması, işğalçı
ilə işğala məruz qalan arasında fərq qoymaması olmuşdur;
Cənubi
Qafqaz regionunda qeyri-sabitliyin davam etməsində maraqlı olan xarici qüvvələrin
dəstəyindən cəsarətlənən,
sülh danışıqlarını
birdəfəlik pozmaq
və Azərbaycan torpaqlarının işğalını
legitimləşdirmək istəyən
Ermənistan 2020-ci il sentyabrın 27-də Azərbaycana
qarşı növbəti
təxribata əl atmış, lakin BMT Nizamnaməsinin 51-ci maddəsinə
əsasən özünümüdafiə
hüququndan istifadə
edən Azərbaycanın
həyata keçirdiyi
44 günlük əks-hücum
əməliyyatı təcavüzkar
Ermənistanı sülhə
məcbur etmişdir;
Fransa Senatının qətnaməsində
Azərbaycan tərəfindən
əks-hücum əməliyyatında
Türkiyə silahlı
qüvvələrinin iştirak
etdiyinə və Yaxın Şərqin bəzi münaqişəli
bölgələrindən muzdluların
Ermənistana qarşı
istifadə olunduğuna,
Dağlıq Qarabağda
mülki əhaliyə
qarşı müharibə
cinayətləri törədildiyinə
dair əsassız və saxta iddialar
irəli sürülmüş,
lakin bu iddialarla bağlı heç bir dəlil göstərilməmişdir;
Bununla belə, Ermənistan tərəfindən xarici ölkələrdən, o cümlədən
Fransadan şovinist, irqçi və terrorçu muzdlu dəstələrin müharibə
zonasına gətirilərək
Azərbaycana qarşı
istifadə edildiyinə,
Azərbaycanın hərbi
əməliyyatlar zonasından
uzaqda yerləşən
yaşayış məntəqələrində
dinc əhaliyə və mülki obyektlərə qarşı
ağır müharibə
cinayətləri törədildiyinə
dair təkzibedilməz
faktlar mövcuddur;
Ermənistan silahlı qüvvələri
1992–1994-cü illərdə Azərbaycana qarşı işğalçılıq müharibəsinin
gedişində də
dinc azərbaycanlılara
qarşı bir sıra qətliamlar, o cümlədən XX əsrin
ən dəhşətli
faciələrindən olan
Xocalı soyqırımını
törətmişlər;
Özünü insan hüquqlarına
və demokratik dəyərlərə hörmətin
“nümunəsi” sayan Fransa Respublikası dinc azərbaycanlılara qarşı bu cinayətlər qarşısında
səssiz qalmağa üstünlük vermişdir;
Müstəmləkə hakimiyyəti dövründə
Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə
görə yüz minlərcə dinc sakini kütləvi surətdə qətlə
yetirmişlər. Törədilmiş
soyqırım cinayətləri
Fransanın siyasi tarixində silinməsi mümkün olmayan qara bir ləkədir;
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları
üçtərəfli bəyanat
30 ildən artıq davam edən Ermənistan–Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinə,
Azərbaycan torpaqlarının
işğalına son qoymuş,
Cənubi Qafqaz bölgəsinin gələcək
inkişafına yol açmışdır;
Bu üçtərəfli bəyanat
beynəlxalq hüquq normalarının və prinsiplərinin üstünlüyünü
bərqərar etmiş,
BMT Təhlükəsizlik Şurasının
1993-cü ildə qəbul
etdiyi və Fransa Respublikasının özünün də dəstəklədiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrin, BMT Baş
Məclisinin 2008-ci ildə
qəbul etdiyi 62/243 nömrəli qətnamənin,
eləcə də Avropa İttifaqının
və Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının, İslam
Əməkdaşlığı Təşkilatının, Qoşulmama
Hərəkatının, Avropa
İnsan Hüquqları
Məhkəməsinin və
digər mötəbər
beynəlxalq qurumların
ayrı-ayrı illərdə
qəbul etdikləri sənədlərin icrasını
təmin etmişdir.
Azərbaycan Respublikasının Milli
Məclisi Cənubi Qafqaz bölgəsində Azərbaycanın hərtərəfli
səyləri nəticəsində
yaradılmış yeni
reallıqların bütün
beynəlxalq təşkilatlar
və dövlətlər,
o cümlədən Fransa
Respublikası tərəfindən
qəbul edilməli olduğunu vurğulayır,
bu reallıqların bölgədə nüfuz
sahibi olan Rusiya və Türkiyə tərəfindən
dəstəkləndiyini və
Ermənistan tərəfindən
qəbul edildiyini xatırladır və yuxarıda şərh edilənləri nəzərə
alaraq, Azərbaycan Respublikası Hökumətinə
aşağıdakılarla bağlı çağırış
edir:
1.Son günlərdə tutduğu
mövqe və verdiyi bəyanatlar ilə bitərəfliyini şübhə altına qoyan Fransa Respublikasının ATƏT-in Minsk qrupunun
həmsədrliyindən geri
çağırılması üçün ATƏT-in rəhbərliyinə
müraciət edilsin;
2.Azərbaycan Respublikası ilə
Fransa Respublikası arasında mövcud olan siyasi münasibətlərə
yenidən baxılsın;
3.Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud
olan iqtisadi əlaqələr
dərindən təhlil edilərək,
lazımi tədbirlər görülsün.
Azərbaycan.-2020.- 27 noyabr.- S.1.