Əli Əhmədov: "Vasitəçiyə
inam yoxdursa, demək o artıq vasitəçi ola
bilməz"
“Qondarma Dağlıq Qarabağın tanınmasının tövsiyyə edilməsinə dair Fransa Senatının qəbul etdiyi qətnamə, mübahisəsiz olaraq, dünya miqyasında ən qeyri- obyektiv, zərərli və prinsipsiz sənəd hesab edilə bilər. Sözügedən qətnamənin timsalında beynəlxalq ictimaiyyət vasitəçinin öz vəzifə borcuna məsuliyyətsiz və qeyri-səmimi yanaşmasının şahidi olub".
"Report"un xəbərinə görə, bunu Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Fransa Senatının məlum qərarına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının verdiyi mandata uyğun olaraq Azərbaycan - Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamasalınmasında vasitəçilik missiyasını öz üzərinə götürən dövlətlərdən biri kimi Fransadan tələb olunan ən mühüm şərt obyektivlik, tərəfsizlik və qərəzsizlikdir. Bütün siyasi nüanslara, simpatiya və antipatiya hallarına rəğmən, vasitəçi münaqişə tərəflərinin hər birinə qərəzsiz münasibət göstərməyi bacarmaq zorundadır: "Fransa dövlətinin vaxtilə Prezident Fransua Mitteranın timsalında Dağlıq Qarabağ münaqişəsinin nizamasalınmasında Minsk Qrupunun həmsədlərindən biri kimi tam qərəzsiz mövqe nümayiş etdirəcəyi ilə əlaqədar verdiyi vədlər unudulmayıb. Əslində, vasitəçilik missiyasına razılıq verən dövlətin qərəzsiz mövqedə durması siyasi əxlaq və beynəlxalq hüquqa hörmət məsələsidir. Bu mənada ayrıca vəd verməyə bəlkə də ehtiyac yoxdur. Münaqişə tərəflərinə münasibətdə qərəzsiz davranış sərgiləmək istəməyən və ya bacarmayan dövlət sadəcə olaraq vasitəçilik missiyasından imtina edir".
Əli Əhmədov bildirib ki, Fransa Senatının noyabr ayının 25-də Dağlıq Qarabağın tanınması haqqında məsuliyyətsiz qətnaməsi bu ölkənin öz üzərinə götürdüyü öhdəliklərə onun qanunverici hakimiyyət orqanı nümayəndələrinin məhəl qoymaq fikrində olmadığını göstərir. Ədalət və bərabərlik kimi dəyərlər üzərində qurulan Fransa Respublikasında bir sıra siyasi xadimlərin, ələlxüsus Senatın üzvlərinin böyük bir hissəsinin ədalət anlayışı ilə bir araya sığmayan hərəktlərinə təəssüflənməyə bilmirsən: “Fransa dünyanın ən mühüm beynəlxalq qurumu olan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir. Daşıdığı beynəlxalq status Fransadan istənilən mübahisələrdə ədalətli mövqe nümayiş etdirmək məsuliyyəti tələb edir. Öz məsuliyyətini dərk etməyən dövlətin beynəlxalq münasibətlərlə əlaqədar taleyüklü qərar qəbul etmək, hakim rolunu oynamaq səlahiyyəti ciddi suallar doğurur. Fransa Senatının üzvləri erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrə Təhlükəsizlik Şurasının daimi üzvü kimi Fransa Respublikasının səs verdiyini bilməmiş deyillər. Onlar Fransa Senatının Dağlıq Qarabağ problemi ilə əlaqədar mövqeyinin BMT Təhlükəsizlik Şurasında qəbul edilmiş qətnamələrdə əks olunan beynəlxalq hüquq və prinsiplərinə zidd olduğunu da yaxşı anlayırlar. Görünür, bu qərarı qəbul edən siyasi xadimlər üçün eyni məsələ ilə bir - birinə daban - dabana zidd olan mövqe nümayiş etdirmək, beynəlxalq hüquqa hörmətsizlik göstərmək hər hansı narahatçılıq yaratmır. Əlbəttə, bu onların seçimidir. Lakin ədalətli olmayan, bəyənilməyən, ölkənin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi adına və mövqeyinə yaraşmayan seçimdir.
ATƏT-in Minsk Qrupunun öz fəaliyyətini
nə vaxt və necə
canlandıracağı hələ dumanlı görünür.
Lakin Fransa
Senatının qəbul etdiyi məlum qətnamənin
Minsk Qrupunun fəaliyyətinə
ağır zərbə vurduğu şəksizdir.
Xüsusilə də, Azərbaycanın Minsk
Qrupunun həmsədri kimi
Fransanın tərəfsizliyinə inamı ciddi
şəkildə sarsılıb. Vasitəçiyə inam yoxdursa, demək o artıq vasitəçi ola
bilməz”.
Azərbaycan.-2020.- 27 noyabr.- S.2.