İlham Əliyev: “Kəlbəcər
bizimdir”
Eheyy mənim ulu yurdum, əvəzsiz məskənim, doğma ocağım, Kəlbəcərim!
Həsrətindən, qubarından sinəmizdə dağa dönən başıqarlı zirvələrim - Murovum, Dəlidağım, Gamışdağım...
Dizin-dizin sürünərək ətəyinə baş qoymağa, səcdənə gəlirəm!
Sən, ey mənim qibləgahım, ana Vətən, qurbanını qəbul eylə, bağrında ölməyə, torpağına qarışmağa gəlirəm!
Heç zaman qəbul etmədik, bu fikri yaxın buraxmadıq, barışmadıq Kəlbəcərin yoxluğuyla. Harada olduqsa, hayana getdiksə, kəlbəcərliyəm dedik, qürur duyduq bu adı səsləndirməkdən, bu adı eşitməkdən...
Axı Kəlbəcər bizim üçün ev tikib, yuva qurduğumuz hansısa yaşayış yeri anlamına gəlmir, İlahinin Yer üzündə təkrarsız yaratdığı ecazkar cənnət guşəsi canlanır hafizəmizdə... Gözünü bu dünyaya kəlbəcərli kimi açan kəs vurğunu olurdu bu diyarın... Burada dağ dediyinin zirvələri göylərlə yarışır, qayaların şiş ucları buludlara meydan oxuyur, meşələri zümrüddən yaşıl, çəmənləri xalıdan əlvandır, durna gözlü bulaqların zümzüməsi sehrli nəğmə kimi qulaqları sığallayır, dumandan hörülmüş ağ örpəyi Günəşin üzünə rübənd salır...
Elə ona görədir ki, bu əsrarəngizliyi görənlərin hamısı dil açıb şair olurdu, sözlər yandırırdı dillərini, ağızlarını... Sazı basırdılar sinələrinə, Dədə Şəmşir, Məmməd Aslan, Bəhmən Vətənoğlu, Sücaət olurdular... Vəsf eyləyirdilər sıldırım qayalar üzərində səltənət quran bu məğrur Qafqaz qalasını...
Bəlkə də zirvələri Tanrıya daha yaxın olduğu üçündür, bilmirəm, amma onu dəqiq bilirəm ki, biz kəlbəcərlilər Kəlbəcəri İlahi eşqlə sevirik...
Hər fəslin öz gözəlliyi, yaşam tərzi vardı Kəlbəcərdə
Düz 27 il əvvəldən danışıram, hafizəmdə dərin iz, kök salan və ömrümün sonrakı illərində heç zaman yadımdan çıxmayan xatirələrdən... Həyatımın 9-10 ilini əhatə edən həmin Kəlbəcərli günlər elə sonrakı 27 illik yaşantımın da şah nöqtəsində, zirvəsində özünə yer elədi. İndi Kəlbəcər, İstisu, kəndimiz Sınıq kilsə (1992-ci ildə dəyişdirilərək Hacıkənd adlandırılıb), Qoç daş yaylağı, Murov dağı ilə bağlı o qədər hadisələr, mənzərələr yaddaşımda baş qaldırır ki, hansından başlayıb, hansından qurtaracağımı bilmirəm. Hərəsi bir dastanlıq xatirələrdir, şirini də var, acısı da...
Təkcə onu deyə bilərəm ki, Kəlbəcərdə mövcud olan o adət-ənənələr, özünəməxsus toy məclisləri, yas mərasimləri, bayramlar bir də heç zaman yaşanmadı...
Hər fəslin öz gözəlliyi, öz yaşam tərzi vardı Kəlbəcərdə. Baharda qarın üzərində ala-ala talalardan boylanan ətirli bənövşələrdən müəllimlərimizə dəstə tutmaq ən böyük sevincimiz idi. Ümumiyyətlə, yaz fəsli tam mübaliğəsiz demək olar ki, Novruz bayramı ab-havasında keçərdi. Böyüyündən-kiçiyinə hər kəsin sevinclə iştirak etdiyi bir bayram olurdu. Fevraldan Kosa gəzdirmək ənənəsiylə başlayan, çərşənbələrlə davam edib "aş bayramı” ilə bitən bir şölənin iştirakçısı olurduq hamımız...
Yayda məktəblər bağlanan kimi ən sevdiyimiz məkana - Qoç daş yaylağına üz tutardıq. Bu köç karvanı ilə yol getməyin özü belə təsvirəgəlməz bir macəra idi bizim üçün... Yaylaqda qarşımıza xalı kimi sərilən rəngarəng çiçəkli çəmənliklərdə oynamaq, təbiətin ətrini duymaq, göz işlədikcə uzanan yaşıllıqda durna qatarı kimi sıralanmış alaçıqlarda göy gurultusunu dinləmək ecazkar bir hiss yaşadırdı insana.
Təbiətin zənginliyi, insan yaşamı üçün lazım olan bütün maddi sərvətlərin, naz-nemətin bolluğu kəlbəcərlilərin dünya malı üçün hansısa əlavə əmək sərf etməsinə ehtiyac yaratmırdı. Mənəvi zənginlik üçün idi bütün zəhmətləri. Bir məclisləri belə sazsız, sözsüz, şairsiz, aşıqsız keçməzdi. Ən öyündükləri dəyər isə qonaqpərvərlikləri idi. Hətta kiminsə evinə başqa eldən qonaq gələndə həmin kəsi bütün kənd bir-bir evinə qonaq edərdi. Başımızın tacı qonaqların ayağının altında toğlu, əmlik kəsilərdi. Ən gəzməli, görməli yerlərdə gəzdirər, evinə yola salanda isə balından, qaymağından, pendirindən, yağından, yunundan, ətindən, meyvəsindən, tərəvəzindən bir neçə qolu zorlu kişinin güclə daşıya biləcəyi pay tutulardı.
Sonralar, qaçqınlıq illərində isə yolu Kəlbəcərdən keçən bütün insanların dilindən "unikal Kəlbəcər qonaqpərvərliyi” barədə eşitmək hər zaman bizi qürurlandırırdı, sanki yenidən o ellərə, o illərə qaytarırdı...
Güz vaxtı, yəni payızda havalar soyuduqca el yaylaqdan nisbətən isti ərazilərə, binələrə köçərdi. Uşaq hafizəmə dumanı, çəni, çiskini ilə həkk olunan payızın ən gözəl mənzərəsi isə çadırlardan burum-burum qalxıb buludlara qoşulan ağ ocaq tüstüsüdür. İlin bu vədəsində yağ, pendir hazırlanar, motal tutulardı, meşələrdən giləmeyvələr yığılar, qış ehtiyatı görülərdi...
Kəlbəcərin qış
nağılı isə bir başqa olurdu. Bu fəsil yurdumun daha bir peşəkar
memarı idi...
Ətrafda başqa rəng görə bilməzdin, yer də,
göy də ağappaq bərq vuran örpəyə
bürünərdi. Sıldırımlar üzərindən
özünü aşağı atan şəlalələr
bir andaca qıvrım heykəl olur, buzların ağzında
iti qılınc kimi sıralandığı mağaralar sanki
qəzəbli əjdahaya çevrilirdilər....
Şaxtalı, sazaqlı qış axşamlarında
çırta-çırtla yanan odun sobasının ətrafında
nəvələrinə şərf, corab, əlcək toxuyan nənələr
həm də onlara nağıllar danışardılar. Bu zaman isə
çovğunda sovrularaq qəzəblə pəncərəyə
çırpılan qar dənələri sehrli və ecazkar mənzərələr
çəkərdi bizim üçün...
1993-cü
ilin növbəti baharı isə...
1993-cü ilin növbəti baharı isə kəlbəcərlilər
üçün qışa çevrildi. Hər kəs
gərgin, narahat idi. Böyüklərin bu
təlaşı biz uşaqları da məyus edirdi. Müharibə şəraitində
yaşayırdıq. Artıq Kəlbəcər
də atəşə tutulur, bombaların, raketlərin səslərini
lap yaxından eşidirdik.
Bütün
bunlar bir yana, heç yadımdan
çıxmaz, martın 20-dən sonra idi, babamgilin
bağındakı böyük armud ağacının
altında bir qara toyuq banladı. Bunu eşidən nənəmin
dizlərinə çırparaq əlləri ilə
üzünü cırması və dəhşətli qorxu
içərisində bu sözləri dediyini eşitdim:
"Allah, özün saxla, toyuq banladı, göydən
başımıza daş yağacaq...”
Deyə
bilmərəm, nənəmin bədə yozduğu kimi bu
yaşananların toyuğun banlamasıyla əlaqəsi var
idi, ya yox, amma nə yazıq ki, elə həmin hadisədən
bir neçə gün sonra həqiqətən də
başımıza göydən həm daş, həm də
bomba yağmağa başladı...
1993-cü
il aprelin 2-də ərazicə ən
böyük strateji rayonumuz Kəlbəcər Ermənistan tərəfindən
işğal olundu. Əslində Kəlbəcər
rayonu Dağlıq Qarabağ müharibəsi başlayandan iki
tərəfdən mühasirədə idi, 1992-ci ildə
Laçının işğalından sonra Kəlbəcərin
daha bir tərəfi bağlandı və rayon 3 tərəfdən
düşmən mühasirəsində qaldı. Kəlbəcərin Azərbaycanın digər
bölgələri ilə əlaqəsi yalnız 3500 metr
hündürlükdə olan Murov dağı vasitəsilə
həyata keçirilirdi.
Qeyd edək
ki, 1993-cü il mart ayının 23-dən
etibarən 10 sutkadan çox gedən gərgin
döyüşlərdə 701 saylı hərbi hissə, Kəlbəcər
könüllüləri və helikopterçilər özlərindən
15 qat üstün olan düşmən qüvvələri ilə
mühasirə şəraitində vuruşaraq mühasirədə
olan 60 min kəlbəcərlinin təxliyəsinə nail
olmuşdu.
Qarabağın
"qala qapısı” adlanan Kəlbəcərin
işğalı ilə Ermənistan qısa zamanda Azərbaycanın
daha beş rayonunu da zəbt edə bildi.
1993-cü
il aprelin 2-də Murovdan Gəncəyədək
sıralanan köç karvanı gözlərim önündəki
ən acı təsvirdir. Həmin anlar orada
yaşanan ağrı-acı, insanların gözlərindən
oxunan dəhşət, dillərindəki ağılar qiyamətə
qədər yadımdan çıxmaz. Yaddaşıma həkk
olunan hadisələrdən biri isə həmin günlər
göy üzünü qara bulud kimi alan
qarğa-quzğun sürüsüydü. Səs-küylərindən
qulaq tutulurdu və içərisində olduğumuz bu faciəvi
durumu daha da vahiməli edirdi. Bəli, biz Kəlbəcəri
tərk edirdik, qarğa-quzğunlar isə ora tələsirdilər...
Ali
Baş Komandanın "Qarabağ Azərbaycandır!” haqq
nidası Kəlbəcərin 27 illik əsarətinə son
qoydu
Kəlbəcərdən sonrakı yaşantımız
isə tamamilə rəngsiz, boz oldu. Təbii ki, aclıq,
yoxluq, maddi çətinliklər bütün məcburi
köçkünlər kimi, bizləri də bu zaman ərzində
müşayiət etdi. Həyatdakı ən
gözəl illərimiz bu cür sıxıntılarla, əziyyətlərlə
bada getdi. Mənəvi məhrumiyyətlərimizi
təsvir etməkdə isə acizlik çəkirəm.
Təbii ki, toy da etdik, nişan da
apardıq, bayramlarda bir yerə yığışdıq,
qonaq da getdik, amma bütün bu məclislərin heç
birində ürəkdən sevinə bilmədik. Elə bil nə
isə gözləyirdik, hara isə getməyə can
atırdıq, amma gedə bilmirdik...
Beləcə,
düz 1993-cü ilin 2 aprelindən bu əzablar məngənəsində
çırpına-çırpına yaşamağa
çalışdıq...
Amma gün yetişdi, 2020-ci ilin 27 sentyabrı kəlbəcərlilərin
diriliş, 25 noyabr isə Kəlbəcərin qurtuluş
gününə çevrildi.
Müzəffər
Ali Baş Komandan İlham Əliyevin "Qarabağ Azərbaycandır!”
haqq nidası Kəlbəcərin
27 illik əsarətinə son qoydu.
Çay
üstündə qala
Ölkənin cənub-qərb bölgəsinin zirvəsi
hesab olunan Kəlbəcər rayonu dəniz səviyyəsindən
1500-3800 metr yüksəklikdə Tərtər çayı
vadisində Kiçik Qafqazda yerləşir. "Kəlbəcər”
toponiminin mənşəyi qədim türk dilində (oykonimin
ilkin forması Kevliçer kimi qəbul edilib) "çay
üstündə qala” deməkdir.
Kəlbəcər ən qədim insan məskənlərindən
biridir. Bu ərazidə ibtidai insanın təşəkkül
tapması və formalaşması 4 milyon ildən artıq bir
zamana dayanır.
1936
kvadrat kilometr ərazisi, 60 min əhalisi, 128 kəndi olan Kəlbəcər
rayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti,
qədim tarixi abidələri, təbii sərvətləri ilə
seçilir.
Kəlbəcər
ərazisində 30 min ildən çox tarixi olan qədim
yaşayış məskənləri, 6 min il yaşı olan
qaya təsvirləri, çöpşəkilli qədim
türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda
erkən dövr türklüyün, atəşpərəstliyin,
xristianlığın, VII əsrdən isə islamın
yayıldığı dövrlərdə yaradılıb.
Kəlbəcərdə "Türk qəbiristanlığı”
adı ilə tanınan bir neçə qədim məzarlıq
var. Bunların ən böyüyü Alıbəyli, Kəlbəcər,
Zar və başqa kəndlərin ərazisindədir. Qəbiristanlıqlar
müxtəlif əsrlərdə yaradılmış, forma və
ölçüləri ilə bir-birindən fərqlənən
at, qoç, sandıq qəbirüstü fiqurlar,
başdaşı və günbəzlərlə zəngindir.
Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər
Qobustandakı yazılı və şəkilli daşların
oxşarı - "əkiz”lərdir. "Soltan Heydər”,
"Qurbağalı çay”, "Turşsu”,
"Ayçınqıllı”, "Gəlinqayası”,
"Böyükdəvəgözü”, "Sərçəli”
və s. yerlərdəki qayaüstü təsvirlər təkcə
Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan
torpağının qədim insan məskəni olduğunu
sübut edir.
Kəlbəcərdə alban dövrünə aid xeyli
tarixi abidələr də var. Bunlardan ən məşhuru
Xudavəng məbəd kompleksidir. Bu abidə kompleksi
VI-VII əsrlərdə alban knyazı tərəfindən
tikilib, XV əsrdə isə bu abidə alban
knyazlığının dini məbədi olub. Sonralar məbəd bir neçə dəfə təmir
edilib, əlavələr olunub və nəhayət, alban
hökmdarı Həsən Cəlal tərəfindən yenidən
inşa edilib. Həsən Cəlalın
arvadı Minə Xatun bu qalada dəfn olunub. Kəlbəcərdə
"Laçınqaya”, "Lev”, "Uluxan”, "Qalaboynu”,
"Comərd” adlı digər qədim alban abidələri də
var.
Təəssüf ki, erməni vandalları buranı
işğal etdikdən sonra bu tarixi abidələrin əksəriyyətini
məhv ediblər.
Bu
dünyanın xəzinə sandığı Kəlbəcərdədir
Kəlbəcəri təkcə Azərbaycanın deyil,
dünyanın Yer üzündəki xəzinəsi
adlandırsaq, qətiyyən yanılmarıq. Bu qədim
yurd yeraltı və yerüstü təbii sərvətlərlə
zəngindir. Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin məlumatına görə, Kəlbəcər
rayonu ərazisində sənaye əhəmiyyətli
ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü
(Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və
Tutxun qızıl yataqları var. Sənaye əhəmiyyətli
ümumi ehtiyatları 1000 tondan çox olan civə
yataqları da buradadır. Həmçinin tuf, gil, perlit,
üzlük daşı, qum-çınqıl
qarışığı, gözəl dekorativliyə malik 4 mərmər
oniksi, nefroid, 1 obsidian (dəvə gözü), 1 listvenit
yataqları var.
Kəlbəcər Yuxarı İstisu, Aşağı
İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi
çox böyük müalicə-balneoloji təsirə malik
mineral su yataqları ilə də dünyada şöhrət
qazanıb.
İstisu bulağı üstündə 1980-ci illərdə
iri kurort və mineral sudoldurma zavodu tikilmişdi. Həmin zavod
sutkada 800 min litr su istehsal edirdi.
Rayonun İstisu qəsəbəsində ümumittifaq əhəmiyyətli
1 və 2 nömrəli İstisu sanatoriyaları fəaliyyət
göstərirdi. Hər il orada 50 min nəfər
müalicə olunur və istirahət edirdi.
Murovdağ,
Şahdağ, Vardenis, Mıxtökən, Qarabağ silsiləsinin
və Qarabağ yaylasının bir hissəsinin əhatəsində
yerləşən Kəlbəcər şəhərinin ən
yüksək zirvələri Gamış dağı (3724 m) və
Dəlidağdır (3616 m). Ən böyük
çayı Tərtər (yuxarı axını) və onun
qolları Lev çayı, Tutqunçay və
başqalarıdır.
Sərsəng su anbarı da 1976-cı ildə Tərtər
çayı üzərində inşa edilib. Onun ümumi
su tutumu 560 milyon kubmetr, bəndinin hündürlüyü 125
metrdir. Tərtər çayının
yığıldığı bu nəhəng su
anbarının sağ və sol sahilindən çıxan
magistral kanallar vasitəsilə Tərtər, Bərdə,
Yevlax, Ağcabədi, Ağdam və Goranboy rayonlarının
ümumilikdə 79000 hektar əkin sahəsini suvarmaq
mümkündür.
Kəlbəcər
rayonunun Ala göllər, Zalxa gölü və s. kimi saf sulu gölləri var.
4 mindən
artıq müxtəlif növ bitkidən 200-ə qədəri
dərman bitkisidir
1988-ci ildə aparılmış son meşə
quruluşu işlərinə əsasən, Kəlbəcər
meşə təsərrüfatının ərazisi 32774
hektar təşkil edirdi. Bundan əlavə, rayonda 8676 hektara yaxın kolxoz və
sovxoz meşələri, qiymətli balıq növləri olan
çayların ətrafında yerləşmiş 13471 hektar
qoruq meşələri, 15531 hektar ətraf mühitin
mühafizəsi əhəmiyyətli meşələr, 274 hektar
yaşıllıq, 80 hektar meşə-park zonası var idi.
Meşələrdə bitən ağac və kolların
bir neçəsi Azərbaycan Respublikasının
"Qırmızı Kitabı”na daxil edilmişdir. Kəlbəcər
rayonunda dəniz səviyyəsindən 1500-2100 m
hündürlükdə bitən ayıfındığı
və ya ağacvarı fındıq bunlardan biridir. Bəzi ayıfındığı
ağacının hündürlüyü 25 metrə, diametri
48-120 santimetrə çatırdı.
Kəlbəcər rayonu ərazisində 4 mindən
artıq müxtəlif növ bitkidən 200-ə qədəri
dərman bitkisidir.
Rayon işğal olunarkən 140 iri və orta müəssisə, 90 məktəbəqədər uşaq müəssisəsi, 115 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 107 xəstəxana və tibb müəssisəsi, 214 mədəniyyət ocağı ermənilər tərəfindən yandırılıb, darmadağın edilib. Kəlbəcərin 60 min əhalisi ölkənin 61 rayon və şəhərində məskunlaşıb.
Siz də Kəlbəcərə qonaq gəlin və görün ki, yurdumun nə cah-cəlalı var...
Bəli, uşaqlığım, nağıl dünyam keçib bu diyarda... O dağların zirvəsinə, dar keçidlərinə, dolanbac cığırlarına, dik aşırımlarına bələdəm... Göz-gözü görməyən çənində o qədər azmışam, yarpızlı, baldırğanlı bulaqlarından o qədər su içmişəm ki...
Amma bircə dəfə də olsun ağlıma gətirməmişəm ki, haçansa bu ucalığa, bu qüdrətə, bu ecazkarlığa həsrət qalacam...
Elə buna görə də Kəlbəcəri heç zaman yox saymamışam, xatirələrimdə, varlığımda yaşatmışam. İndi isə yenidən doğma yurduma qovuşmağa, torpağına qarışmağa gedirəm. Əslində, Tanrının qüdrətindən var etdiyi bu misilsiz diyarı insan övladı sözlə təsvir etməkdə acizdir. Yaxşısı budur ki, siz də Kəlbəcərə qonaq gəlin və görün ki, yurdumun nə cah-cəlalı var...
Payız axşamında meşə sakit, lal,
deyəsən meşənin yuxusu gəlir.
Buralar bənzəyir bizim yerlərə,
bu yerdən Kəlbəcər qoxusu gəlir...
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2020.- 27 noyabr.- S.8.