Ağdam
iqtisadiyyatı: reallıqlar, perspektivlər
Ağdam rayonu Qarabağın mərkəzində - eyniadlı dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Yuxarı Qarabağ regionuna daxil olan Ağdam rayonu 1930-cu il avqustun 8-də yaranıb. Rayonda 1 şəhər, 2 qəsəbə (Quzanlı, Açarlı), 123 kənd var. Dövlət Statistika Komitəsinin 1 yanvar 2020-ci il tarixə olan məlumatına görə, Ağdamın əhalisi 204 min, rayonun işğal olunmayan kəndlərində yaşayan əhalinin sayı isə 46,6 min nəfərdir.
Ağdam işğaldan əvvəl ağır, yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik rayon olmuşdur. Rayon ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektarı kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi. Bitkiçilik məhsulları üzrə tərəvəz, dənli və dənli paxlalılar, o cümlədən buğda, eləcə də şəkər çuğunduru, pambıq, üzüm, meyvə və giləmeyvə, dən üçün günəbaxan, kartof və bostan, heyvandarlıq məhsulları üzrə isə ət, süd, yumurta və yun istehsalı geniş vüsət almışdır.
Ağdamda dəzgah avadanlıqları, aerokosmik və rabitə cihazları və s. istehsal olunurdu. Rayonda traktor və avtomobil təmiri, asfalt, konserv, yağ-pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları emalı ilə bağlı müəssisələr var idi. Həmçinin 39 tikinti təşkilatı, 29 kənd təsərrüfatı və 27 sənaye müəssisəsi, 13 kolxoz və 12 sovxoz, eləcə də onlara xidmət edən 4 təşkilat olmuşdur. Ağdam Dəzgahqayırma Zavodunda 950 nəfər çalışmışdır. Zavodun məhsulları keçmiş SSRİ-nin 125 şəhərinə göndərilirdi. Rayonda 2 dəmir yolu vağzalı və aeroport, avtomobillərə texniki xidmət stansiyaları, məişət xidməti kombinatı, kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi müəssisəsi mövcud idi. Rayondakı taxıl məhsulları kombinatı ildə 80 min ton məhsul istehsal edirdi.
Ağdam əhalisinin milli tərkibi 2009-cu il siyahıyalınmasına əsasən, 99,9 faizi azərbaycanlı, digər 0,1 faizi isə rus, ləzgi, tatar, türk və başqa millətlərdən ibarət olmuşdur. Təhsil müəssisələrində oxuyanların sayı 36.600 nəfər olmaqla, əhalinin 18,1 faizini əhatə etmişdir. Ali məktəblərdəki tələbələrin sayı isə 2431 nəfər olmuşdur ki, bu da ümumilikdə təhsil alanların 6,6 faizi idi.
Digər sosial-iqtisadi göstəricilərə gəldikdə isə, rayon üzrə 2018-ci ildə istehsal edilən sənaye məhsullarının dəyəri müvafiq ilin qüvvədə olan faktiki qiymətləri ilə 12,6 milyon manat olmuşdur. Həmin dövr pərakəndə ticarət dövriyyəsinin dəyəri isə 43,3 milyon manata çatmışdır.
Ağdamın 27 il
işğalda qalmış ərazisinin azad edilməsi rayon
iqtisadiyyatının bərpa işlərindən sonra inkişafını sürətləndirəcəyi
şübhəsizdir. Çünki rayon ərazisi bitkiçilik
və heyvandarlıq üzrə fermer təsərrüfatlarının
və aqroparkların yaradılması, sənaye məhəlləsinin
formalaşdırılması, müalicəvi və idman turizminin
inkişafı istiqamətində geniş
perspektivlər vəd edir. Ağdam
rayonu ticarət mərkəzinin
formalaşması üçün də unikal perspektivə malikdir.
Topdan və pərakəndə ticarət
məntəqələrinin fəaliyyətə
başlaması ilə rayon əhalisinin geniş məşğulluğunu təmin etmək
mümkündür. Habelə rayon tikinti
materiallarının istehsalında keçmiş
təcrübəyə malikdir. Şahbulaq yüksəkliyində yerləşən
daş karxanasının işinin
bərpa edilməsilə sözügedən sektorda
canlanmanı bərpa etmək olar.
Azərbaycan.-2020.- 27 noyabr.- S.8.