İlham Əliyev
Ağdam həsrətinə son qoydu
Torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsində işğaldan azad olunan rayonlarımızın sırasına noyabr ayının 20-də biri də əlavə olundu.
Əhalisinin sayına görə işğal olunmuş rayonlarımız arasında birinci olan, olduqca strateji əhəmiyyət daşıyan Ağdam ordumuzun nəzarəti altına keçdi. Ağdamın işğaldan azad olunması möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan şanlı Qələbənin nəticəsidir.
44 günlük müharibə Azərbaycan üçün şərəf və milli ləyaqət məsələsi idi. İlham Əliyevin Ali Baş Komandanlığı ilə qəhrəmanlıqla döyüşən ordumuz və öz rəhbəri ətrafında sıx birləşən, həmrəylik nümayiş etdirən xalqımız bu müharibədən şərəflə və ləyaqətlə çıxdı.
Vətən müharibəsinin məntiqi nəticəsi olaraq noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, habelə Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyanat işğalçının məğlubiyyətinin rəsmi və hüquqi təsdiqi oldu. Bəyanatda yer alan müddəalar və qarşıya qoyulan vəzifələr Ermənistanın respublikamızın ərazi bütövlüyü ilə bağlı razılaşmaları yerinə yetirməsinə məcbur edilməsindən ibarətdir. 30 ilə yaxın idi torpaqlarımızı işğal altında saxlayan, sülh danışıqlarının bəndini yerinə yetirməkdən boyun qaçıran Ermənistanı Azərbaycan güc yolu ilə torpaqlarımızı tərk etməyə məcbur etdi. Azərbaycan Ordusu işğalçını torpaqlarımızdan qovaraq, dəmir yumruqla məhv edərək çıxardı. Ali Baş Komandan İlham Əliyev bütün dünyaya, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinə sübut etdi ki, danışıqları anlamayan Ermənistanı müharibə yolu ilə başa salmaq mümkündür.
Savaş günlərində Azərbaycan Ordusu bütün dünyaya milli mübarizənin əsl nümunəsini göstərdi. Rəşadətli əsgərlərimiz döyüş meydanlarında yeni qəhrəmanlıq salnamələri yaratdılar, bir-birinin ardınca kənd və şəhərlərimizi, rayonlarımızı, milli qürurumuzun ünvanı olan Şuşanı işğaldan azad etdilər. Xalqımız bu müddətdə Ali Baş Komandan İlham Əliyevin bir daha dərin siyasi iradəsini, sərkərdə qətiyyətini gördü. İlham Əliyevin mübarizə əzmi hər birimizi böyük qələbəyə ruhlandırdı, ordumuzun uğurları ilə müşayiət olundu.
Üçtərəfli bəyanatın şərtlərinə əsasən noyabr ayının 20-də işğaldan azad olunan Ağdam rayonunun Azərbaycanın nəzarəti altına keçməsi Cəbrayıldan, Füzulidən, Zəngilandan, Qubadlıdan və Şuşadan sonra Vətən müharibəsində bütün xalqımızın növbəti tarixi zəfəri oldu. Azərbaycan Ordusu bir güllə belə atmadan, itki vermədən, yalnız Ermənistanı kapitulyasiyaya məcbur etməklə Ağdamı işğaldan azad etdi. 27 illik işğaldan sonra Ağdam öz azadlığına, öz sahiblərinə qovuşdu.
Biz ağdamlılar əmin idik ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, Prezident İlham Əliyevin uğurla və qətiyyətlə davam etdirdiyi siyasi kursun nəticəsi olaraq günlərin birində torpaqlarımız, o cümlədən Ağdam düşmən tapdağından azad ediləcək. Hər gün bu arzu ilə yaşadıq, bu inamla torpaqlarımızın azad olunacağı tarixi hadisəni gözlədik. Artıq Ağdam şəhərinin mərkəzində Azərbaycanın Dövlət bayrağı dalğalanır. Öz müdrik siyasəti, yüksək qətiyyəti və diplomatik ustalığı ilə İlham Əliyev Ağdamı bizə qaytardı. Ağdam azaddır və bütün ağdamlılar bu günlərdə sözlə ifadə edilməyəcək qədər dərin sevinc hissi yaşayırlar.
Ağdamın azad edilməsindən cəmi 3 gün sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdam şəhərinə səfər etmələri isə ictimaiyyət və ağdamlılar tərəfindən bir başqa sevinc və coşqu ilə qarşılandı. Bu, Müzəffər Ali Baş Komandanın, qalib sərkərdənin səfəri idi. Öz çıxışında bir daha ağdamlıları təbrik edən Prezident İlham Əliyev sanki qəlbimizdən keçənləri duyurdu: "Bu gün mən buradayam, Ağdam şəhərindəyəm. Ağdam məscidini ziyarət etmişəm, Azərbaycan Dövlət Bayrağını qaldırmışam. Biz Ağdama qayıtmışıq. Bütün ağdamlıları bu tarixi hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm. Bilirəm ki, ağdamlılar bu günü uzun illər ərzində səbirsizliklə gözləyiblər. Həm işğal dövründə - 30 ilə yaxın müddət ərzində, eyni zamanda, İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi dövründə gözləyirdilər ki, Ağdam işğaldan nə vaxt azad ediləcək. Biz öz tarixi missiyamızı şərəflə yerinə yetirdik, işğal olunmuş torpaqları düşməndən azad etdik”.
Ağdamın işğaldan azad edilməsi BMT Təhlükəsizlik Şurasının 1993-cü il iyulun 29-da qəbul etdiyi 853 saylı qətnamənin icra olunmasıdır. Bu sənəddə işğalçı qüvvələrin Ağdam rayonunu və digər işğal altındakı rayonları dərhal tərk etməsi tələb olunurdu. Lakin Ermənistan ötən 27 ildə bu qətnamənin tələblərini yerinə yetirməkdən imtina etdi. Təəssüf ki, ayrı-ayrı dövlətlərə qarşı beynəlxalq hüquqi öhdəliklərin yerinə yetirilməsi ilə bağlı təzyiqlər göstərilsə də, Ermənistana gözün üstə qaşın var deyən olmadı. Üstəlik, müxtəlif vasitələrlə Ermənistanın işğal siyasətinə dəstək ifadə olundu. Lakin 44 günlük müharibədə qalib olan Azərbaycan Ermənistanı BMT-nin Ağdamla bağlı qətnaməsini yerinə yetirməyə məcbur etdi. İlham Əliyev güc yolu ilə beynəlxalq hüququn tələbinin icra olunmasını təmin etdi. Azərbaycan sübut etdi ki, özü təkbaşına işğalçını torpaqlarından qovmağa qadirdir.
Azərbaycan Ordusu torpaqlarımızı azad etdikcə həm də bütün dünya erməni vəhşiliyinin şahidi oldu. Kənd və şəhərlərimizin dağıdılması hər birimizi göynətdi. İşğaldan azad edilmiş bütün ərazilərimiz erməni vandallığının qurbanı olub, şəhər və kəndlərimiz viran qoyulub, xalqımıza və dövlətimizə qarşı cinayət törədilib, təbiətimizə qəsd edilib. Ağdam şəhərindən əsər-əlamət qalmayıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müharibə tam başa çatdıqdan sonra dağıdılmış yurd yerlərimizin qiymətləndirilməsi aparılacaq. Bu işə beynəlxalq qurumlar və xarici ekspertlər də cəlb ediləcək. 30 il ərzində bizə vurulmuş ziyan hesablanacaq və bundan sonra beynəlxalq məhkəmələrdə Ermənistana qarşı təzminat davası açılacaq. O cümlədən son günlərdə də Ağdamı və Kəlbəcəri yandıran düşmən bunların da cavabını mütləq verəcək.
Ağdam sovet illərində nəinki Azərbaycanda, bütün ittifaq miqyasında tanınan rayon idi. Ağdamın şöhrəti ittifaqın hər yerindən gəlirdi. Əminik ki, Prezident İlham Əliyevin sayəsində işğaldan azad olunmuş bütün şəhər və rayonlarımız, kənd və qəsəbələrimiz ən qısa müddətdə yenidən qurulacaq. Ölkəmizin inkişafı və dövlət başçısının yüksək siyasəti bunu əminliklə söyləməyə əsas verir. Ağdam rayonu da tezliklə əvvəlki şöhrətini yenidən özünə qaytaracaq, Azərbaycanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək.
Vasif HƏSƏNOV,
YAP Ağdam Rayon Təşkilatının
Gənclər Birliyinin sədr müavini
Azərbaycan.-2020.- 28 noyabr.- S.1;5.