Milli Məclisin
sədri MDB PA-nın 51-ci plenar
iclasında iştirak edib
Noyabrın
27-də Müstəqil Dövlətlər Birliyinin (MDB)
iştirakçısı olan dövlətlərin Parlamentlərarası
Assambleya Şurasının iclası və MDB-nin
iştirakçısı olan dövlətlərin Parlamentlərarası
Assambleyasının videokonfrans formatında 51-ci plenar
iclası keçirilib.
Milli
Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildirilib ki, videokonfrans
formatında keçirilən tədbirdə Azərbaycan,
Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya,
Tacikistan, Özbəkistan nümayəndə heyətləri və
bir sıra beynəlxalq təşkilatların təmsilçiləri
iştirak ediblər.
İclasda
Milli Məclisin sədri, MDB PA-da nümayəndə heyətimizin
rəhbəri Sahibə Qafarova da iştirak edib.
Tədbirdə
təşkilati məsələlərə baxılıb,
Rusiya Federasiyası Federal Məclisinin Federasiya
Şurasının Sədri Valentina Matviyenko yenidən MDB PA
Şurasının Sədri seçilib.
Sonra
iclasda COVID-19 pandemiyası ilə əlaqədar MDB
iştirakçısı olan dövlətlərdə
qanunvericilik sahəsində görülmüş tədbirlər,
Avrasiya məkanında iqtisadi inteqrasiyanın vəziyyəti,
perspektivləri və onun normativ-hüquqi təminatı,
2021-ci ildə MDB ölkələrinin dövlət
orqanlarına keçiriləcək seçkilərin
müşahidəsinə hazırlıq, MDB PA-nın AŞPA
ilə əməkdaşlığının istiqamətləri,
MDB PA-nın 2021-ci il üçün fəaliyyət
planı, bir sıra təşkilati və maliyyə məsələləri
müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Azərbaycan.-2020.- 28 noyabr.- S.2.