Fransanın antiazərbaycançı
mövqeyi bu dəfə
də iflasa uğrayacaq
Torpaqlarımızın azadlığı uğrunda 44 gün davam edən Vətən müharibəsi ədalətin qələbəsi ilə başa çatdı. Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə çevrilən bu savaş döyüş meydanında Ermənistanın darmadağın edilməsi ilə 30 il davam edən işğala son qoydu. Bu qalibiyyətlə bütün dünya öz haqqı uğrunda mübarizə aparmağa qadir olan güclü Azərbaycan dövlətini gördü. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu Qələbə ilə vətənimizi bütün dünyaya həm də döyüş meydanında qalib dövlət kimi təqdim etdi.
Azərbaycanın qələbəsinə bütün dostlarımız sevindi, erməni işğalına son qoyulmasını öz zəfərləri kimi qeyd etdilər. Erməni təəssübkeşlərinin və havadarlarının bağrına isə xəncər kimi sapıldı bu qələbə. Bu baxımdan Fransanın siyasi dairələrinin Vətən müharibəsinin ilk günündən neytrallıq prinsipini itirməsini və Azərbaycanın əleyhinə açıq şəkildə ortaya qoyduqları mövqeni başa düşmək çətin deyil.
Fransa danışıqlar
prosesində vasitəçilik
edən ATƏT-in Minsk qrupunun
həmsədridir. Həmsədrlik institutunun bəlli
prinsipləri var ki, bunlardan ən
birincisi neytrallığın
qorunmasıdır. Yəni həmsədr
olan dövlət bu prinsiplər üzrə öhdəliyinə
uyğun olaraq danışıqlar prosesinin
tərəflərindən hansınınsa
birinin tərəfini tutmalı, onun mövqeyini müdafiə etməli deyil. Amma Fransada güclü erməni lobbisinin olması səbəbindən
bu ölkənin müxtəlif formalarda Ermənistana siyasi dəstək verməsi məlum idi. Zaman-zaman bəzi beynəlxalq təşkilatlar tərəfindən
Azərbaycana qarşı
ortaya qoyulan qərəzli mövqenin Fransa senatının deputatları tərəfindən
birmənalı dəstəklənməsi
də erməni təəssübkeşliyindən irəli gəlir. Fransa senatında erməni soyqırımının
tanınması və
bir neçə il əvvəl
erməni soyqırımının
inkar edilməsinə görə qanunun qəbul edilməsi tək qardaş Türkiyəyə deyil, həm də Azərbaycana qarşı yönəlmiş addımlardır.
Çünki erməni
sevgisini gizlətməyən
bir dövlət Dağlıq Qarabağ münaqişəsinin ədalətli
həllinə heç
vaxt razı ola bilməzdi.
28 ildir yaradılmış
ATƏT-in Minsk qrupunun danışıqlar
prosesində heç bir müsbət nəticə əldə edə bilməməsinin səbəblərindən biri
də məhz Fransanın tutduğu ədalətsiz mövqe, Ermənistanın işğal
siyasətini dəstəkləməsidir. Bu ölkənin rəsmi dairələri bir dəfə də olsun BMT-nin qətnamələrinin
yerinə yetirilməsinə
çağırış etməyiblər. Bir dəfə
də olsun danışıqlar prosesində
Fransa siyasi dairələri tərəfindən
Azərbaycanın haqlı
mövqeyini müdafiə
edən fikir səsləndirilməyib. Onu
da xatırladım ki, iki il əvvəl Fransanın bir sıra şəhərlərinin
bələdiyyələri ilə
Dağlıq Qarabağdakı
separatçı rejim
arasında "dostluq
xartiyaları” imzalanmışdı.
Düzdür, Azərbaycan dövlətinin
uğurlu diplomatiyası
nəticəsində həmin
bələdiyyələrin Dağlıq Qarabağın
separatçı rejimi
ilə imzaladıqları
"xartiyalar” elə Fransa məhkəmələri
tərəfindən ləğv
edildi. Bununla belə bu cür sənədlərin
imzalanması Fransanın
siyasi dairələrinin
razılığı olmadan
baş tuta bilməzdi.
Vətən müharibəsinin ilk günlərindən
isə Fransa neytral mövqeyini kənara qoyaraq açıq şəkildə
Ermənistanın müdafiəsinə
qalxdı. Fransa Prezidenti Makron
erməni sevgisindən
irəli gələn bəyanatları ilə öncə onu təsdiq etdi ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə
aparılan danışıqların
baş tutmamasının
səbəbkarı elə
Fransanın özüdür.
Fransanın dövlət başçısı
öz açıqlamaları,
telefon zəngləri,
digər ölkələrin
rəhbərləri ilə
apardığı danışıqlarla
Azərbaycana qarşı
təzyiq yolunu tutdu. Lakin Azərbaycan Prezidenti
İlham Əliyev sübut etdi ki, heç bir siyasi təzyiq
onu yolundan döndərə, torpaqlarımızın
işğaldan azad edilməsinin qarşısını
ala bilməz. Həm
Makronun, həm də digər fransız siyast dairələrinin niyyətləri
gözlərində qaldı
və Azərbaycan işğal altındakı
torpaqlarını azad
edərək, Ermənistanın
kapitulyasiyasına nail oldu.
Azərbaycana qarşı təzyiqlərin
mümkünsüz olduğunu
görən Fransa ötən ay təşəbbüslə
çıxış edərək
BMT Təhlükəsizlik Şurasının
rəhbəri adından
Dağlıq Qarabağda
başlanmış müharibə
ilə bağlı Ermənistanın maraqlarına
cavab verən qətnamənin qəbuluna
da cəhd etdi. Hansı ki, bu qətnamədə BMT-nin
1993-cü ildə qəbul
etdiyi, Fransanın özünün də lehinə səs verdiyi 4 qətnaməyə,
ümumiyyətlə, istinad
edilmirdi. Ona görə
Prezident İlham Əliyevin sədri olduğu Qoşulmama Hərəkatına üzv
olan dövlətlər
tərəfindən həmin
qərəzli qətnamənin
qəbulunun qarşısı
alındı və Fransa tərəfi rüsvay olaraq bu layihəni geri götürdü.
Noyabr ayının
10-da Azərbaycan və
Rusiya prezidentlərinin,
Ermənistanın baş
nazirinin imzaladığı
üçtərəfli bəyanat
ölkəmizin Dağlıq
Qarabağ münaqişəsindəki
hərbi qələbəsinin
nəticəsi oldu. Bu bəyanatla Ermənistan kapitulyasiya edildi və Prezident İlham Əliyevin şərtlərinə uyğun
olaraq Ağdam, Kəlbəcər və Laçın rayonlarından
qoşunlarının çıxarılmasına
dair öhdəlik götürdü. Artıq bu
rayonlardan ikisi - Ağdam və Kəlbəcər azad olundu. Dekabrın 1-də isə Laçın
rayonu Azərbaycan Ordusunun nəzarətinə
keçəcək.
Lakin görünən odur ki, Fransanın siyasi dairələri Azərbaycan torpaqlarının işğaldan azad olunması faktı ilə barışa bilmirlər. Son günlər bu ölkənin siyasi dairələrinin açıqlamaları, üçtərəfli bəyanata qarşı çıxmaları da bunu göstərdi. Noyabrın 25-də Fransa Senatında Dağlıq Qarabağdakı separatçı rejimin tanınması ilə bağlı qətnamənin qəbulu isə bu ölkənin Ermənistanın işğal siyasətinə dəstək verməsinin aydın sübutu oldu.
Dağlıq Qarabağda ədalətin bərpa olunmasından sonra belə bir qətnamənin qəbul edilməsi Fransanın tarixən yürütdüyü imperialist siyasətdən qaynaqlanır. Bu həm də fransanın son illərdə güclənən islamofob siyastini aydın nümunəsidir. Demokratiya pərdəsinə bürünən Fransanın orta əsrlərdən başlayaraq planetin müxtəlif yerlərində ekspansiya həyata keçirdiyi, Afrikada soyqırımlar törətdiyi unudulmayıb. Bu günün özündə də planetin müxtəlif yerlərində Fransa işğalı davam edir.
Fransa senatında bu qətnamənin qəbulu zamanı bəzi həqiqətlər də ortaya çıxdı. Məlum oldu ki, qətnamə layihəsinin müəllifləri ermənilərin Fransada kompakt yaşadıqları şəhərlərdən seçilən senatorlardır. Bu layihəyə səs verənləri Fransanın maraqlarından daha çox növbəti seçkilərdə erməni lobbisinin dəstəyinin əldə edilməsi düşündürür. Eyni zamanda məlum olur ki, gözlərini yumub layihəyə səs verənlərin böyük əksəriyyətinin Dağlıq Qarabağda hərbi əməliyyatların başa çatmasından belə xəbərləri yoxdur. Bəli, Fransa senatı bu cür fəaliyyəti ilə nəinki öz dövlətini gözdən salır, həm də dövlətçiliyinə böyük zərbə vurur. Qətnamənin qəbulundan sonra bir neçə senatorun öz səsini geri götürməsi bu həqiqətləri təsdiq edir.
Bütövlükdə, bu qətnamə beynəlxalq hüquqa olan hörmətsizliklə yanaşı, Fransanın siyasi rüsvayçılığıdır. Bu, Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxan, üçtərəfli Bəyanata qısqanclıqla yanaşan Fransa parlamentinin təxribatçı və utanverici addımıdır. Azərbaycan üçün bu qətnamə adi kağız parçasından başqa bir şey deyil. Əgər Fransa senatı bu addımı ilə həm də ermənilərə təsəlli vermək istəyirsə, artıq bunun heç bir faydası yoxdu. Çünki Azərbaycan torpaqlarını azad edib, Dağlıq Qarabağın tacı olan Şuşa şəhəri öz sahiblərinə qayıdıb, ikinci erməni dövlətinin yaradılması kimi sərsəm ideyaya birdəfəlik son qoyulub.
Fransanın siyasi dairələri erməni lobbisinin əlində alətə çevrildiklərindən Azərbaycanla olan münasibətləri dəyərləndirə bilmədilər. Bundan sonra Azərbaycan özü Fransa ilə siyasi münasibətlərinə yenidən baxacaq. Milli Məclisin bununla bağlı hökumətə çağırış etməsi də tamamilə təqdirəlayiqdir. Bu mənada İkinci Qarabağ müharibəsində uduzan tək Ermənistan yox, həm də Fransadır.
Səttar
MÖHBALIYEV,
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri,
Milli Məclisin deputatı
Azərbaycan.-2020.- 28 noyabr.- S.4.