Özgə torpağında çirkli çəkmələrlə

 

Hekayə

 

 

 

 

"Kim başqasının torpağını zor ilə əlindən alırsa, demək, Tanrının özünə qarşı çıxmış olur”.

Həzrət Məhəmməd

 

 

 

"Vətəndən kənarda xoşbəxtlik yoxdur, hər kəs öz doğma torpağında kök salmalıdır”.

İvanTurgenev, klassik rus yazıçısı

 

 

 

 

Sən bir işə bax, gərək elə məhz həmin o ömrünün ən xoşbəxt günündə götürüb onu ən bədbəxt günə pərçimləyəydilər? İndi bu bədbəxtlik sanki əbədi idi, hər gün vəziyyətin düzələcəyinə ümid edirdisə də, hər gün hər şey bir az da pisə doğru gedirdi. Güllə səslərindən, mərmi vıyıltısından diksinir, barıt qoxusundan iyrənirdi daha.

 

Bunkerləri yeni idi, xüsusi səylərlə hasil olmuşdu, ora dünyanın sementini, qumunu işlətmişdilər. Elə bil, ordu rəhbərliyi duyurmuş ki, 27 ildən sonra müharibə bərpa ediləcək, bu dəfə hücumda azərbaycanlı əsgərlər olacaq, onun əsgərləri də azərbaycanlıların hücumunun səngiməsini burada gözləyəsi olacaqlar.

 

Qagikgilin dəstəsi on iki nəfər idi. Onlara dəstək gəlməyincə bunkeri tərk etməmək tapşırığı verilmişdi. Gözlükdən yaxınlaşan düşmən əsgərlərini izləməli, içlərinin ən cəsarətlisi qabağa yeriyib düşməni bircə gülləyə "qonaq eləməli” idi. Amma elə oldu ki, qəflətən yer-göy lərzəyə gəldi. Qarşı tərəfdən sərrast atılan top mərmiləri onların gizləndiyi bunkerin yan-yörəsinə düşüb monumental saydıqları tikilini partladıb-dağıtmağa başladı, hətta qəlpələrin yağış səslərini də onlar aydınca eşidirdilər. Daha bir mərmi onların gizləndiyi bunkerin düz üstünə düşdü. Beton divarlar silkələndi, bunkerin bir tərəfi çökdü. Çıxıb qaçsınlarmı? Yoxsa gözləsinlər? Nicat yolu görən hansı idi? Çıxıb qaçsalar, gülləyə tuş gəlməzdilər yəni? Burda qalsalar bəs, növbəti mərmi onları daş-qalaq altında məhv etməyəcəkdi ki?

 

Dəstənin başçısı, nisbətən yaşlı, saqqalı az qala sinəsinəcən sallanmış Livan ermənisi idi. Sifətindən daim zəhrimar yağır, hamıyla kobud davranırdı. Fasiləsiz də söyüş söyürdü. Onun adı, soyadı nə idi, kimsə bilmirdi. Amma hamı onu "Zverik” deyə çağırırdı. Yanındakı cavan əsgərlərə Suriyada PKK sıralarında türklərə qarşı vuruşda qəhrəmanlığından çox danışmışdı. Deyirdi, Ermənistan tarixinə Andranik Ozanyandan, Qaregin Njdedən sonra ən böyük qəhrəman kimi məhz özü düşəsidir.

 

- Ara, nə xəbərdir, dovşan kimi qorxmağa başlamısız?! Siz bilmirsiniz e, orda - Suriyadada da toplar çox idi. Dava top davası idi. Amma biz qurtulmuşduq!

 

Qagik indi bildi ki, Zverik həm də Azərbaycan dilini bilirmiş. Çünki indiyə qədər bu dildə əsla danışmamışdı, nədənsə axırıncı mərmidən sonra düşmən dilində çərənləməyə başlamışdı.

 

Komandirin əcnəbi dildə danışması azərbaycanca sözlərin qol-qabırğasını qırmaqla olsa belə, danışa bildiyi üçün onun nə dediyini anlayan Qagikdən başqa bunkerdəki digər döyüşçülərin hamısını qorxuya saldı. Komandirin ana dilində danışmaması onlardan nəyisə gizlətməsi anlamını bildirmirdi ki?

 

Çoxu, xüsusən gənc olanları cəbhəyə yeni gəlmişdilər. Silahla rəftarı belə düz-əməlli bilmirdilər. Hələ elə bir güclü döyüşə də düşməmişdilər. İlk dəfəsindən belə çətinə düşmələri təəssüfləndirirdi hamısını, təəssüflənmə bir yana, canlarına hədsiz qorxu da salmışdı. Üstəlik, bu Zverikin kim olduğunu bilsəydilər, yəqin ki, azərbaycanlı əsgərlər heç bunlara - onun əlinin altındakılara da rəhm etməyəcəkdilər.

 

Axırıncı dəfə ratsiya ilə komanda gəldi: biz ara sakitləşən kimi xəbər edəcəyik, hamı bunkerlərdən çıxıb geri çəkiləcək!

 

Zverikin ratsiyada danışana qəzəblə çəmkirməsi əsgərlərə sarılarını uddurdu: "Siz hara qaçırsınız? İndi mən çıxaram, görüm, bu əmri hansı satqın verib. Sonadək vuruşacağıq!”

 

Zverikin əlləri əsə-əsə ratsiyanı kənara atması, bir az da rənginin qaçması Qagikin nəzərindən yayınmadı.

 

Anidən bunkerə ölü sükutu çökdü. On iki insandan çıxan nəfəs belə sanki havadaca dondu, bunkerin beton tavanından asılıb qaldı.

 

Zverikin silahını götürməsi, "Arxamca bir-bir çıxarsınız” əmri özünü çox gözlətmədi. Çökmüş betonun altını bir az qazıyıb açılmış deşikdən iri bədəni ilə sivişib çıxdı. Arxasınca da nisbətən yaşlı əsgərlər sürünüb getdilər. Heç bir an keçməmiş yeni partlayış oldu. Bayırda qışqırıq, söyüş səsləri ətrafı başına götürdü. Sonra da yenidən ara sakitləşdi.

 

...Qagik qaldığı yerdən tərpənməmişdi. Gözünü dolandırıb baxdı. Ətraf tüstü və toz dumanına bürünmüşdü. İçəridə özündən başqa daha dörd nəfər qalmışdı. İkisi Artaşatdan gələn gənclərdi. Digər ikisi isə onunla birgə Yerevandan gəlmişdilər. Üç günlük alayarımçıq təlimdən sonra onları Suqovuşana göndərmişdilər. Ürək-dirək də vermişdilər ki, "Heç nədən qorxmayın, məşhur Zverik sizin komandiriniz olacaq. O, elə bir qəhrəmandır ki, adı dillərdə gəzir. Suriyada neçə türk əsgəri öldürüb, heç bilirsiniz?” Artaşatdan gələn gənclərdən biri dilini dinc qoymayıb ironiya ilə: - Yəqin ona güllə də batmır, eləmi? - sualını vermiş, sual bitər-bitməz Zverikin qəzəbli baxışını üzərində hiss edib səsini udmuşdu. Həmin an Qagik də öz hesabını almışdı. Anlamışdı ki, bu Zverik deyilən hər kimdirsə, vəhşi xislətlidir. Onun üçün özününkü, ya özgəsi deyilən bir fərq yoxdur.

 

Gənc əsgərlər döyükə-döyükə Qagikə baxırdılar. Yaşca onlardan iki-üç bayram böyük idi, ali təhsilliydi, ailəliydi, sözsüz, başbilənlik etmək, qərar vermək onun səlahiyyətinə keçməliydi.

 

Çıxsınlarmı, çıxmasınlarmı?

 

Yenə qulaqbatırıcı mərmi yağışı, yenə sükut.

 

Vaxt keçirdimi? Keçirdisə, nə qədər vaxt keçmişdi əsgər yoldaşları çıxıb gedəli?

 

Burda - yarıuçmuş bunkerdə, daşların altında səs çıxarmadan görəsən nə qədər duruş gətirə bilərdilər? Çörəksiz, susuz nə qədər qalmaq olardı? Ac-susuz dözmək ələ keçməkdən, ölməkdən ki yaxşıydı?

 

Zorən cəbhəyə gətizdirilmişdilər, bu ədalətsiz müharibənin iştirakçısı olmaları heç birinin ürəyindən deyildi. Ermənistandan Dağlıq Qarabağa, oradan da bura - Azərbaycanın Tərtər bölgəsinə yollananda hamısı narazılıq etmişdi, sanki aqibətlərini öncədən duymuşdular. Təkcə o donuz oğlu donuz Zverikin heç nə vecinə deyildi, fikri-zikri nəsə bir şücaət göstərib sinəsinə dəmir-dümür asdırmaq idi.

 

İlk tanışlıq vədələrində artaşatlı gənclər zarafatları ilə seçilirdilər. Onlardan biri indiki bu dəhşət saçan anda da yumor hissini itirmədiyini büruzə verməklə ya onlara, ola da bilsin özü özünə təsəlli verdi, deyəsən, bunkerin qapı-pəncərəsindən içəri soxulmaq istəyən ölümə mane olmağa çalışdı:

 

- Nə qəm dəryasına batmısız, e? Deyirlər, gülüş olan yerə ölüm ayaq basa bilmir. Gəlin sizə bir lətifə danışım. Bir dəfə bir erməni, bir gürcü və bir azərbaycanlı...

 

Artaşatlı danışırdı, Qagikinsə fikri burdan çox-çox uzaqlarda idi. Doğrudan da niyə axı belə oldu, lənətə gəlmiş müharibə onu məhz doğum evindəmi haqlamalıydı, dünyaya yenicə gəlmiş balasını qucağına alıb evinə aparmağa imkan verməməliydi?

 

Növbəti mərmi vıyıltıları içərinin səslərini "xırp” kəsdi. Bunker növbəti dəfə silkələndi, başlarına qum-kəsək yağdı. Yox, deyəsən burda qalmaq elə də təhlükəsiz deyildi. Gənc əsgərlər dinməz-söyləməz Qagikin ağzına baxdılar. Bu şəxs onlardan böyük idisə, demək, həyat təcrübəsi çoxuydu, ailəliydisə, demək, məsuliyyətliydi, həm də ali təhsilliydisə, demək, daha bilikliydi. Nə etmək lazım olduğunu ondan başqa kim biləsiydi ki?

 

Qagik Yerevan Dövlət Universitetini bitirmişdi. Qafqazşünaslıq ixtisası dar çərçivə ixtisası kimi görünsə belə, əslində böyük bir regionu, onlarca irili-xırdalı xalqı keçmişindən üzübəri öyrədirdi. Əvvəlcə elmi işçi olmaq istəyirdi. Qafqaz xalqları tarixini müxtəlif alternativ mənbələrdən oxuyub öyrəndikdən sonra Qafqazda erməni xalqının qədimliyi mövzusundan əl çəkmişdi. Başa düşmüşdü ki, ona universitetdə öyrədilənlərlə həqiqi Ermənistan tarixi arasında fərq çoxdur. Üstəlik, tarixlərinin saxtakarlıq, gözə kül üfürmə məramı ayrı-ayrı məqamlarda açıqca gözünə də girmişdi. Hətta bir dəfə mühazirələrin birində tanınmış professor Gülbəndyana verdiyi sualla az qala universitetdən də qovulacaqdı. Tərs və prinsipial idi, doğma anasına da güzəştə getməzdi. Dünyanın ən qədim xalqının məhz erməni xalqı olmasını, bu xalqın az qala Paleolit dövründən üzübəri Qafqazda məskunlaşmasını ahəstə-ahəstə bəyan edən Gülbəndyana sual vermişdi ki, "Hansı səbəbdən bu gün erməni ailələrində mütləq matriarxat hökm sürdüyü, qadınların tam hökmranlığı qəbul edildiyi halda irisindən xırdasınacan bütün digər Qafqaz xalqlarında mütləq patriarxat hökm sürür, kişilərin söylədiyi kəlmə qadınlar üçün qanun sayılır? Düzünü deyin, azlığın çoxluğa tabe olması qanunu bəlkə burada əksinə işləyir, çoxluq azlığa tabedir? Ermənilər Qafqazın ən qədim, ən köklü xalqıdırsa, demək bütün digər xalqlar bura sonradan gəliblər?”

 

Uşaqlıqdan atasız böyümüşdü, ədalət axtarmışdı, əmrə müntəzir olmaq ona xas deyildi. Yalançı Ermənistan tarixini yaradanlara ikrah edərək tədqiqatını dayandırmış, universitet təhsilindən sonra bir neçə ay müəllim işləsə də, peşəsindən də əl çəkməli olmuşdu. Zehinləri zəhərləmək istəməmişdi. Xırda bizneslə məşğul olurdu, topdan ətriyyat alıb pərakəndə satırdı, çörəkpulunu çıxarırdı. Millətçi və hərəkatçı olan, fikirdə dabandabana onun ziddini təşkil edən anası təqaüddəydi, təqaüd pulu alırdı, həyat yoldaşı isə tibb bacısıydı, vaxtlı-vaxtında cüzi də olsa əməkhaqqını alırdı. Əslində pis dolanmırdılar, uşaqları da doğulub özüylə ruzi-bərəkət gətirəsiydi. Amma bu müharibə, bu lənətə gəlmiş müharibə gəlişi ilə hər şeyi necə də alt-üst etdi...

 

...Bunkerə çökmüş sükutu yenə də artaşatlı gənclər pozdular, bu dəfə digəri astadan zümzümə etməyə başladı ki, digərlərinin də qırışıqları açılsın. Qagikinsə xəyalı iyirmi gün əvvələ - onu xoşbəxtlər xoşbəxti edəsi halda bədbəxtlər bədbəxti edən həmin o günə güzar etdi.

 

Arvadını doğum evindən çıxarasıydı, dünyaya yenicə gələn körpəsini evlərinə aparasıydı. Üç gün öncə anası onu şad xəbərlə muştuluqlayanda "Bəlkə uşağın adını Artsax qoyaq?” təklifini də vermişdi, amma anasının sevincinə, qonşuların da aramsız təbriklərinə başı qarışdığından adın fərqinə varmamışdı. Ancaq üç gündən sonra anası ilə birgə arvadını və oğlunu doğum evindən gətirməyə yollananda sanki birdən ayılmışdı. Anası bir daha təkrarlayanda ki, "nəvəmin adını Artsax qoymuşam”, lap əsəbiləşmişdi. Üzünü çevirib indiyə qədər xətrinə dəymədiyi anasına sərt şəkildə çəmkirmişdi:

 

- Artsax nədir, ana?

 

- Necə yəni Artsax nədir? Artsak bizim tarixi məskənimizdir. Düz-dünya Artsaxdan danışır, sən bilmirsən Artsax nədir?

 

Qagik əvvəlcə üzdən getmiş, anasının xətrinə çox dəyməmək fikri ilə "uşağa torpaq adı verməyin düşər-düşməzi” arqumenti ilə "Artsax” adının üstündən xətt çəkmək istəmişdi, amma anasının iki ayağını bir başmağa dirədiyini gördükdə istər-istəməz hirsini boğa bilməmişdi:

 

- Ay ana, sən hardan bilirsən Artsax bizim tarixi məskənimizdir?!

 

- Bəs tarixi məskənimiz olmasa, bizimkilər orada niyə qan tökür, niyə vuruşur?

 

- Çünki allahsızdırlar, vicdansızdılar.

 

- Qagik, sən nə danışırsan? Niyə allahsız, vicdansız olsunlar?

 

- Ona görə ki, özgə malına tamah salırlar.

 

Ana - Mariya Qagikin sözlərini eşitcək birdən-birə büzüşmüşdü. O, oğlunu diqqətlə süzmüşdü. Qagik onun gözlərində balaca, 2-3 yaşlı bir uşağa çevrilmişdi, o uşağa ki, Mariya başını sığallaya-sığallaya onun qulağına pıçıldayardı: "Oğlum, yadında saxla, bu dünyada türk adlı bir millət yaşayır. Onlar sənin əzəli düşmənlərindir”. Ana sanki hər dəfəsində oğluna hansısa gizli bir sirrin üstünü açırdı, halbuki zaman-zaman Mariya bu "sirri” oğluna təkrar-təkrar söyləməkdəydi və hər dəfə də tapşırardı: "Yaddan çıxarma bunu, oğlum”.

 

Mariya bəxtdən millətçi bir ailədə doğulmuşdu, onun atası Akop çəkməçi olsa da, siyasi proseslərin həmişə önündə getmişdi, övladlarını qatı millətçi kimi böyüdərək "Kim ki bizdən deyil, demək bizim düşmənimizdir” ideologiyasına sürükləmişdi. Təsadüfi deyil ki, ona "Daşnak Akop” deyirdilər.

 

Tələbəliyində Mariya gizli millətçi dərnəyə üzvlüyədək gedib çıxmışdı. Ermənistanda Qarabağ hərəkatı başlayanda, İrəvandakı Teatr meydanında mitinqlər öz apogey nöqtəsinə çıxanda Mariya da öncül mövqelərdə qərarlaşmışdı.

 

Oğlunu ağıllı, təhsilli biri kimi böyütdüyündən, onu vətənpərvər birisi kimi tanıyırdı, yenicə dünyaya gəlmiş nəvəsini də qəhrəman kimi təsəvvür edirdi, Artsax adını ona yaraşdırırdı, yəgin ki, nəvəsinin ilk eşitdiyi söz də Mariyanın "Türk bizim düşmənimizdir” sirri olacaqdı. Amma indi oğlu ümumerməni məsələsinə naxələf çıxırdı? Hərəkatda, meydanlarda bərkiyən, neçə-neçə bəyanatlar, petisiyalar imzalayan cəsarətli, əzmkar bir qadının oğlu niyə belə eləsin axı?

 

Necə olsa da, Mariya öz mövqeyini asanlıqla əldən vermək fikrində deyildi. Yenidən tarixə rakurs etmiş, oğluna çox da uzaq olmayan keçmişdən danışmışdı. Dağlıq Qarabağı tələb edən izdihamlı mitinqlər, Teatr meydanının nəbzinin "miatsum”la döyünməsi, şəxsən özünün odlu-alovlu çıxışları, erməni cavanlarını mübarizəyə ruhlandırmaları... Mariya qürur hissi ilə oğluna danışmışdı ki, həmin gənclər də onun və silahdaşlarının çağırışlarından güc alaraq Qarabağın üzərinə gediblər, Qarabağı türklərdən azad ediblər.

 

Bu söhbətlər Qagikin özü üçün də gözlənilməz olmuşdu, anasını millətçi birisi kimi tanıyırdısa da, bir qadının hərəkat liderliyinə meyillənməsi onun ağlına belə gəlməzdi. Sakitcə anasından soruşmuşdu:

 

- Bunlar nə vaxt olub, ay ana?

 

Anası da gözü önündə eynən balaca uşaq kimi dayanan Qagiki bağrına basıb öpmüşdü, istəmişdi ki, oğlu barı bundan sonra anasının Qarabağ uğrundakı mübarizəsinin tarixçəsini yaxşı bilsin.

 

- Bunlar 80-ci illərin sonları 90-cı illərin əvvəllərində olub, mənim balam. Onda sən hələ dünyaya göz açmamışdın. Meydanda bizim qışqırıqlarımız sayəsində erməni cavanlarının qanı cuşa gəlirdi. Onlar məhz bizim sayəmizdə azərbaycanlıları bir nəfər kimi öncə Ermənistandan, ardınca da Böyük Qarabağdan qovub çıxartmışdılar.

 

Qagik elə doğum evinin qabağındaca ədalətsiz danışan anası ilə mübahisə etməyə məcbur olmuşdu, müxtəlif tarixlər, faktlar gətirmək çabalarına girişmişdi. Amma anası ona aman vermir, dil-boğaza qoymurdu:

 

- Yenə azərbaycanlılar baş qaldırıblar. Böyük Qarabağı qaytarmaq istəyirlər. Amma havayı şeydir. Yuxularında görərlər. Bizim erməni cavanları onlara təzə Xocalı, Qaradağlı faciələri yaşadarlar, ağılları başlarına gələr.

 

Qagikin etirazları yağış kimi yağırdı:

 

- İndi o zaman deyil, ana. Bəlkə də, onlar bundan sonra dərs alacaqlar. O vaxt elədikləri cinayətlərə, törətdikləri əməllərə görə cavab verməli olarlar.

 

Amma ana təslim olmurdu:

 

- Yox, yox, Qagik, dünya bizim t

 

ərəfimizdədir. Biz çox qədim xalqıq. Biz yeri gələndə heç nəyə, heç kimə rəhm etmirik. Biz onların burunlarını ovub yerlərinə oturdarıq.

 

- Siz, yəni kim?

 

- Bütün dünya erməniləri. Hamısına xəbər vermişik. Axışıb gəlməkdədirlər. Tezliklə Qarabağa hücum çəkən azərbaycanlılar qan içində boğulacaqlar.

 

- Sən nə danışdığını bilirsən, ana?

 

- Mən nə danışdığımı yaxşı bilirəm, nəvəmi də qəhrəman erməni əsgəri kimi böyüdəcəm. Ona başa salacam ki, heç vaxt düşmənə rəhm etməsin.

 

Qagik doğum evinin qəbul şöbəsinə adlayanda anası ilə danışmağın faydasız olduğunu başa düşmüş, daha dinməmişdi. Amma qəti qərara gəlmişdi ki, oğlunun adını Artsax yazdırmayacaq. Nə yazdırsa da, anasının razılaşmayıb dava-dalaş salacağını da başa düşürdü. Ona görə də yaddaşında tarixlə bağlı olub-qalan adları aramağa başlamışdı. Pompey ordusunun erməni əsilli bir əsgərinin adını yadına salmışdı. Bu, Vartan idi. Hərçənd ki, Qagik tarixi yaxşı bildiyindən ona da əmin idi ki, Vartanın qəhrəmanlığı da uydurmadır. Vartan, əslində Qafqaz xalqlarına xəyanət etmiş erməni casusunun adıydı. Amma hər halda Artsax olmaqdansa, Vartan olmaq daha yaxşıydı.

 

Doğum evinin ikinci mərtəbəsinə qalxmışdılar. Burada baş həkimin qəbul otağı yerləşirdi. Qagik dəhlizdə oturub gözləmişdi, anası içəriyə keçmişdi.

 

Doğum evinin tibb işçiləri Mariyanı yaxşı tanıyırdılar. Axı Yerevanda məşhur mitinqlərdə onun cır səslə mikrofonla danışmağı yaşlı nəslin yadından çıxmamışdı. Cavan nəsil də az-çox onu tanıyanlardan barəsində eşitdikləri üçün Mariyanın qabağını kəsməmişdilər, o, birbaşa baş həkimin yanına girmişdi. Baş həkim yaşlı bir qadın idi. Mariya onu yaxşı tanıyırdı. Çünki qız nəvələri də dünyaya gələndə onun yanına gəlib-getmişdi, payını, umacağını da kəsməmişdi. Mariya düşünürdü ki, baş həkim onu gülə-gülə qarşılayacaq, tez ayağa qalxacaq, xalatının cibini də ona tərəf yaxın edəcək ki, Mariya hədiyyəsini asanlıqla ora qoysun. Amma Mariyanın gözlədiyi kimi olmamışdı. Baş həkim heç yerindən tərpənməmişdi də. Başını azca qaldırıb Mariyanın salamını alıb ona yer göstərmişdi. Mariya əyləşmək istəməmişdi, özüylə gətirdiyi gül dəstəsini masanın üstünə qoymaq istəmiş, gözləri ilə kabinetə nəzər salanda gözü bir tərəfdə boş güldanı almışdı. Güldanı götürüb suyla doldurmaq üçün bayıra çıxmaq istəmişdi, amma baş həkim ona əli ilə oturmağa işarə eləmişdi.

 

Mariya baş həkimin qəribə davranışından bir şey anlaya bilməmişdi. Elə bil onun tanıdığı həmişəki acgöz insan deyildi.

 

Nəhayət baş həkimin sirri açılmışdı, o, masanın siyirməsini çəkmiş, xeyli axtarışdan sonra bir kağız tapıb çıxararaq öncə özü diqqətlə oxumuş, sonra Mariyaya uzatmışdı. Mariya istər-istəməz yarım vərəqlik kağızın üstündəki bir neçə cümləlik yazıya nəzər yetirmişdi. Bu, Yerevanın Mərkəzi Hərbi Komissarlığından gəlmiş çağırış vərəqi idi. Orada açıq-aydın Stepanyan Qagikin adını görəndə gözlərinə inanmamışdı. Bir daha oxumuş, yenə oxumuşdu... Bəli, onun oğlunu səfərbərliyə çağırırdılar.

 

Mariyanın səsi batmışdı. Ha istəmişdi ki, nəsə desin, amma deyə bilməmişdi. Heç anlamırdı bu çağırış vərəqəsinin doğum evinə nə dəxli var. Hələ orasını demirdi ki, kim cəsarət edib Mariyanın oğlunu hərbi xidmətə çağıra bilərdi?

 

Onun ağlından bu an nələr keçirdi, inciklik, küskünlük dolurdu içinə... O, Qarabağ uğrunda can qoyub. Birinci Qarabağ savaşında nə qədər cavanları döyüşə ruhlandırıb, özü də onlarla birgə Qarabağa gedib, orada hərbi hissələrin qonağı olub, günlərlə hərbçilərin yanında qalıb. Birinci Qarabağ savaşının qəhrəmanları onu yaxşı tanıyır, hələ arabir onun evinə qonaq da gəlirlər. Doğrudur, az qala aradan 30 il keçib, hamısı yaşlanıblar. Amma ənənə davam edir.

 

Tezliklə baş həkim məsələnin kökünü açmışdı. Demək, hər şeyə əl atan Hərbi Komissarlıq buna da əl atırmış. Zorən insanları cəbhəyə aparmaq üçün kimin övladı dünyaya gəlirdisə, onun başının üstünü məhz doğum evindəcə kəsdirirmişlər.

 

Baş həkim ona izah eləmişdi ki, əgər oğlu hərbi komissarlığa gedib çağırışa razılıq verməsə, gəlinini və uşağı xəstəxanadan buraxmayacaqlar.

 

Mariya pərt halda istəmişdi köhnə təhər-tövrunu işə salsın, Ermənistan uğrunda, Qarabağ uğrunda xidmətlərini xatırlatsın. Səsini də qaldırmaq istəmişdi. Amma deməzsənmiş, baş həkim tədbirini öncədən görübmüş, onun barmağını hansısa bir düyməyə uzatması ilə Mariyanın tanımadığı qara maskalı, hərbi formalı şəxslər içəri doluşmuşdular. İki nəfər Mariyanın qoluna girmiş, demək olar, onu zorla qaldırıb qapıdan bayıra çıxarmışdılar.

 

Məsələ Qagikə aydın olanda o, qınayıcı baxışlarla anasına baxmışdı, bu baxışlar bir kəlmə ifadə etmişdi: "Ay ana, bu da sənin Artsaxın!”

 

 

(ardı var)

 

Mirələmov, Hüseynbala Fazil oğlu.

Azərbaycan.-2020.- 28 noyabr.- S.7.