Biz hərb istəmirdik

 

 

Kəssə hər kəs tökülən qan izini,

 

Qurtaran dahi odur Yer üzünü.

 

Böyük şairimiz Hüseyn Cavidin bu məşhur misralarından çıxış etsək, Prezident, Ali Baş Komandan İlham Əliyevin necə dahiyanə gördüyü bir daha təsdiq edilmiş olur. Qarabağ Azərbaycanın qan verən yarası idi. Atəşkəs möhkəm deyildi erməni işğalçıları tərəfindən hər gün pozulurdu.

 

Tarix, zaman göstərmişdir ki, gözümüz heç vaxt özgə torpaqlarında olmamışdır, biz min illər boyu yaşadığımız, ömür sürdüyümüz vətənimizdə dinc əməklə məşğul olaraq yaşayıb-yaratmışıq. Amma biz yurdumuzu da kimsəyə verməmişik. Torpaq uğrunda döyüşmüşük, qan tökmüşük.

 

Bu dəfə də belə oldu. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün çağırışlar etdi, səylər göstərdi. Əvəzində ikili standartlar yolunu seçən ATƏT-in Minsk qrupunun diplomatları belə düşündülər ki, vaxt uzandıqca, illər keçdikcə problem unudulacaq, Qarabağ Ermənistana qalacaq. Qərbdə və digər regionlarda yaşayan erməni lobbisinindiasporunun məqsədi də elə bundan ibarət idi.

 

Üstəlik, Azərbaycanın sülh çağırışı Ermənistan tərəfindən zəiflik kimi qarşılanırdı. Onların xəyalı 90-cı illərə gedirdi, öz ordularını yenilməz hesab edirdilər. Bu düşüncə tərzi ilə bir-birinin ardınca təhrikedici hadisələr törədirdilər. Nəzərə almırdılar ki, artıq Azərbaycanın müasir ordusu, cəngavər kimi əsgər və zabitləri var. Məhz onlar sentyabrın 27-də başlayan əks-hücumun ilk həmləsində strateji yüksəklikləri, işğal olunan yaşayış məntəqələrini bir-birinin ardınca düşməndən geri aldılar. Məhz onlar noyabrın 10-da düşməni təslim aktına imza atmağa məcbur etdilər. Noyabrın 20-də Ağdam, 25-də isə Kəlbəcər rayonları bir atəş açılmadan, şəhid vermədən geri alındı. Dekabrın 1-də Laçının bu yolla boşaldılmasını gözləyirik.

 

Bunlar Prezident, Ali Baş Komandan İlham Əliyevin sülhsevərliyinin nəticəsidir. Azərbaycan dövlət başçısının timsalında əvvəldən münaqişənin sülh, danışıqlar yolu ilə həll olunmasını istəyirdi. Əgər belə olsaydı, hər iki tərəfdən nə şəhid olardı, nə də dağıntı. Nə anaların, qız-gəlinlərin, uşaqların gözü yaşlı qalardı, nə də yaşayış məntəqələri xarabalığa çevrilərdi.

 

İndi dünyanın obyektiv, mütərəqqi liderləri, siyasi şərhçiləri, sağlam düşüncəli insanları İlham Əliyevin sülhpərvər siyasətini bəyənir, müdafiə edirlər. Azərbaycan əhalisi isə öz rəhbərinin ətrafında daha sıx birləşdiyini nümayiş etdirir. Salyan şəhər sakini, müəllimə Gülzar Hüseynova deyir ki, 30 ilə yaxın bir vaxtda məhz qan tökülməsini istəmədiyi üçün Azərbaycan tərəfi siyasi danışıqlara üstünlük verirdi: "Lakin, xüsusən, Paşinyanonun komandası müharibəyə hazırlıq gördüklərini, başqa ərazilərimizi işğal etmək planlarını gizlətmirdilər. Nəticəsi nə oldu? Cavablarını aldılar. İndi biz Qarabağın işğaldan azad olunmasını bayram edirik, Ermənistan isə matəm içindədir”.

 

Lənkəran şəhər sakini, aqrar elmlər üzrə fəlsəfə doktoru Həzər Hüseynov isə bildirir ki, Qarabağ polad iradəli, müdrik Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşməndən geri alındı: "Azərbaycanın hər yerində olduğu kimi, Lənkəran da bu günlər sevincbayram içindədir. 30 illik ayrılıqdan sonra məcburi köçkünlərimiz öz yurd yerlərinə qayıdacaqlar. Bundan əziz, bundan əlamətdar bir hadisə ola bilməz. Bu qələbə Azərbaycanda yaşayan bütün azsaylı xalqların, etnik qrupların Azərbaycan bayrağı altında sıx birləşdiklərini bir daha nümayiş etdirdi. İlham Əliyev müdrik liderdir. Dağlıq Qarabağ problemini sülh yolu ilə həll etməyə çalışırdı. Lakin özgələrinin çaldığı havaya Şuşada yallı gedən N.Paşinyan bunu anlamadı. Hələ üstəlik digər ərazilərimizi də zəbt edəcəyini bəyan etdi. Bu onun Azərbaycan xalqını yaxşı tanımadığından irəli gəlirdi. Gördü ki, bu dövlət, bu xalq nəyə qadirdir. Ali Baş Komandan İlham Əliyevin şərtinə əsasən, Ağdam və Kəlbəcər düşməndən döyüşsüz alındı, yaxın günlərdə Laçının da qaytarılması başa çatacaq, özübir şəhid vermədən. Budur sülhsevərliyin nümunəsi”.

 

Seyran CAVADOV,

Azərbaycan.-2020.- 28 noyabr.- S.7.