Gömrük
Akademiyası İspaniyanın Fiskal
Araşdırmalar İnstitutu ilə anlaşma memorandumu
imzalayıb
Dövlət
Gömrük Komitəsinin Akademiyası (DGKA) ilə
İspaniya Krallığının Fiskal Araşdırmalar
İnstitutu (IEF) arasında anlaşma memorandumunun imzalanması
mərasimi keçirilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, onlayn formatda keçirilən mərasimdə komitənin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev, İspaniya Gömrüyünün baş direktoru xanım Pilar Jurado, DGKA-nın rəisi Qulu Novruzov, Fiskal Araşdırmalar İnstitutunun direktoru Aleyin Kuensa və İspaniya səfirliyinin müvəqqəti işlər vəkili İqnasio Sançez Taboada iştirak ediblər.
P.Jurado iki ölkənin gömrük orqanları arasındakı səmərəli, işgüzar münasibətlərdən və perspektivlərdən məmnunluqla söhbət açıb. Baş direktor imzalanacaq memorandumun gömrük təlimləri və tədqiqatları sahəsində əməkdaşlığa töhfə olacağına, qarşılıqlı əlaqələri daha da gücləndirəcəyinə əminliyini ifadə edib.
S.Mehdiyev Azərbaycan ilə İspaniya arasında qarşılıqlı anlaşmaya əsaslanan mövcud əlaqələrdən bəhs edib və bildirib ki, iki ölkə beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, bir-birlərinin ərazi bütövlüyünün, suverenliyinin, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyir və hörmət edirlər.
Komitə sədri bildirib ki, Ümumdünya Gömrük Təşkilatı (ÜGT) ilə Dövlət Gömrük Komitəsi arasındakı səmərəli əməkdaşlıq və qarşılıqlı münasibətlər uğurla inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gömrük sistemində, gömrük işinin səmərəli təşkili, beynəlxalq ticarətin asanlaşdırılması, tranzit əməliyyatlarının sürətləndirilməsi istiqamətində innovativ islahatlar həyata keçirilir. Ümumdünya Gömrük Təşkilatı ilə səmərəli əməkdaşlıq da islahatların uğurla reallaşdırılmasına mühüm töhfə verir.
DGK-nın sədri komitə ilə Ümumdünya Gömrük Təşkilatı arasında "ÜGT-nin e-Learning Modullarından istifadə üzrə Lisenziya” verilməsinə dair razılaşma imzalandığını bildirib. Təhsildə yeni metod və yanaşmaları ehtiva edən, bilik və məlumatların elektron qaydada məsafədən əldə olunmasına, öyrənilməsinə, təhlil edilməsinə və dəyərləndirilməsinə şərait yaradan bu sistemin tətbiqi Azərbaycanın gömrük xidməti əməkdaşlarının bilik və bacarıqlarının artırılmasında, potensialın gücləndirilməsində mühüm rol oynamaqla yanaşı, təcrübə mübadiləsi istiqamətində də səmərəli nəticələrin əldə olunmasını təmin edir.
O vurğulayıb ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən şanlı qələbə nəticəsində Azərbaycan üçün yeni dövr başlayıb. Ordumuzun uğurlu əməliyyatları nəticəsində Azərbaycan-İran sərhədinin işğal altında olan 132 kilometrlik hissəsinin də işğaldan azad olunaraq Azərbaycanın nəzarətinə qaytarıldığını diqqətə çatdıran S.Mehdiyev bildirib ki, ölkəmizin ərazi bütövlüyünün təmin olunması, düşmənin məğlub edilməsi bütün digər sahələr kimi gömrük xidməti qarşısında da ciddi vəzifələr qoyur.
Gömrük Akademiyasının əsas missiyası ölkəmizin gömrük xidmətinin inkişaf tempini qoruyub saxlamaq və daha da irəli aparmaq üçün yüksək peşəkarlığa və fərqli bacarıqlara sahib mütəxəssislər hazırlamaqdır deyən DGK-nın sədri qeyd edib ki, 2019-cu ildə 700-dən çox gömrük xidməti əməkdaşı akademiyada təşkil edilən ixtisasartırma təlimlərində iştirak edib: "Təəssüflə qeyd etməliyəm ki, qlobal pandemiya cari ildə bu istiqamətdə fəaliyyətimizə təsirsiz olmayıb. Hazırda bir sıra təlimlərin məsafədən onlayn həyata keçirilməsində ən yaxşı təcrübələrin tətbiqi nəzərdən keçirilir. DGKA ilə İspaniya Krallığının Fiskal Araşdırmalar İnstitutu arasında gömrük təlim-tədrisi üzrə anlaşma memorandumunun imzalanması bu baxımdan əhəmiyyətli hadisədir”.
Sonra Dövlət Gömrük Komitəsinin Akademiyası ilə İspaniyanın Fiskal Araşdırmalar İnstitutu arasında anlaşma memorandumu imzalanıb. Sənədi DGKA-nın rəisi Q.Novruzov və Fiskal Araşdırmalar İnstitutunun direktoru A.Kuensa imzalayıblar.
Qeyd edək ki, anlaşma
memorandumunda iki ölkə
arasında qarşılıqlı maraq doğuran sahələr, o
cümlədən gömrük və əlaqədar
sahələrdə təlimlərin, kursların, seminarların
və digər tədbirlərin keçirilməsi, elektron tədris və distant
təhsil üzrə birgə fəaliyyətlər,
tələbə, heyət, informasiya
mübadilələri, elmi araşdırma
və tədqiqatlar, beynəlxalq əməkdaşlıqda
qarşılıqlı dəstək, onlayn
kursların yaradılması və onlardan
birgə istifadə, ikili və beynəlxalq
layihələrin hazırlanması və digər məsələlər
nəzərdə tutulur.
Azərbaycan.-2020.- 28 noyabr.- S.8.