Əsgər anaları Paşinyandan hesabat tələb edirlər

 

Ermənistan rəhbərliyi isə həbslər aparmaqla ictimai qəzəbdən xilas olmaq istəyir

 

 

 

 

Ermənistandakı vəziyyət hakimiyyətə qarşı narazılığın miqyasının gündən-günə genişləndiyini göstərir. Müharibədəki məğlubiyyətdən sonra Paşinyan iqtidarının durumu daha da ağırlaşıb. Ermənistan mətbuatının yazdığına görə, 44 günlük müharibə göstərdi ki, ölkənin idarəetmə proseslərinin kökündəki sistem struktur problemləri dərinləşib. Bu fonda isə ölkədə vətəndaş faktoru hiss olunacaq dərəcədə fəallaşıb. Bunu sosial şəbəkələrdə daha qabarıq görmək mümkündür.

 

 

 

 

Baş nazir psixi pozuntulardan əziyyət çəkir

 

 

 

 

Çətin duruma düşən Ermənistan rəhbərliyi vəziyyətdən çıxış yolunu günahkar axtarışında həbslər aparmaqla, kadr dəyişiklikləri həyata keçirməklə ictimai qəzəbdən xilas olmaqda görür. Amma onların bu addımları da ictimai qəzəbi azaltmır. Artıq Ermənistanın Xüsusi İstintaq Xidməti ordunun baş qərargahının sabiq rəisi, ikinci Qarabağ müharibəsi dövründə baş hərbi müfəttiş olan general M.Akopyanın mətbuat konfransında hakimiyyəti kəskin tənqid etdikdən sonra ona qarşı cinayət işi başladıb. Akopyan deyib ki, Nikol Paşinyan psixi pozuntulardan əziyyət çəkir. O, ordunun, müharibənin olduğunu bilmir. Akopyan hələ müharibə zamanı Ermənistan Müdafiə Nazirliyinin ictimaiyyətə ötürdüyü məlumatların yüz faizinin yalan olduğunu, müharibənin ilk 5 günündə ordudan 1500 nəfərin fərarilik etdiyini bildirmişdi.

 

Xatırladaq ki, Akopyan N.Paşinyanın həyat yoldaşını bunkerdən qovduqdan sonra vəzifəsindən uzaqlaşdırılmışdı. Elə buna görə həmin vaxtdan baş nazirin qəzəbinə tuş gəlib. Paşinyan çıxışlarında günahkar axtaranda ilk növbədə Akopyanı hədəfə almışdır.

 

Bu barədə danışan Ermənistan baş naziri deyib ki, özü həyat yoldaşına "Qarabağ müdafiə ordusuqərargahının iclasının keçirildiyi bunkeri ziyarət etməyi tapşırmışdı. Bildirib ki, həyat yoldaşı onun göstərişi ilə Xankəndidə generalları ziyarət etmişdi: "Ermənistanın baş nazirinin ailə üzvünün səfərini hərbçilər dəstəkləməli ruh yüksəkliyi yaratmalı idi. Anna Akopyan Xankəndidəki sığınacaqlarda qida su paylanması ilə şəxsən məşğul olurdu”.

 

Lakin görünən odur ki, M. Akopyanın A.Akopyanı qovması Paşinyan üçün göydəndüşmə olub təsadüfi deyil ki, general məğlubiyyətdə ittiham olunan əsas fiqur olub. Paşinyan təmas xəttinin cənub istiqamətindəki hərbi əməliyyatların uğursuzluğunda da M.Akopyanın günahkar olduğunu deyib. "Cəbhənin cənub istiqamətində iflasa uğrayan general, bir neçə il əvvəl müdafiə nazirliyinin büdcəsindən 42 milyon dollar pul mənimsənilməsi səbəbilə başladılan cinayət işində

 

ittiham olunduğunu unudaraq mətbuat konfransı keçirir”, - deyə baş nazir bildirib.

 

 

 

 

Əsgər valideynlərinin etirazları səngimir

 

 

 

 

Təbii ki, günahkar axtarışı və Paşinyanın digər tədbirləri Ermənistanda vəziyyətin yaxşılaşdırılmasına xidmət etmir. Əksinə, ölkədə vəziyyət gündən-günə ağırlaşır. Hakimiyyət orduda müəyyən işlər gördüyünü iddia etsə də, əvvəllər də müşahidə olunan qanun pozuntuları daha geniş miqyas almağa başlayıb. Erməni ordusunda qeyri-döyüş şəraitindəki itkilər yenə də çoxdur. Bütün bunlar isə, ilk növbədə, Ermənistanda əsgər valideynlərinin hakimiyyətə qarşı daha sərt mövqedən çıxış etməsinə səbəb olub.

 

Əsgər anaları hökumət binasının qarşısında növbəti etiraz aksiyası keçiriblər. Onlar hökumətdən əsgərlərin öldürülməsinə son qoyulmasını tələb ediblər. Paşinyan hökumət binası qarşısında etiraz aksiyası keçirən hərbi qulluqçuların yaxınlarını qəbul edib. Görüşdən sonra aksiya iştirakçıları bildiriblər ki, Paşinyan daha iki gün ona möhlət verilməsini xahiş edib. Baş nazir bildirib ki, noyabrın 30-da əsgər analarının suallarına dəqiq cavablar verəcək.

 

Valideynlərdən Aşot Baqdasaryan bildirib ki, Paşinyan problemlərin araşdırılacağına şəxsən zəmanət versə də, onlar inanmayıblar: "Qeyd etdi ki, son cavabı 30 noyabrdan gec olmadan verəcək. Dedik ki, əgər 30 noyabra qədər son cavab olmasa, özümüz uşaqlarımızın dalınca yola düşəcəyik. Hər şey ona aparır ki, biz uşaqların sağ olmasına inanaq. Bizə deyirlər ki, səsimiz həlak olan hərbçilərin valideynlərindən daha uca çıxır. Ən yaxşı halda gözləyirik ki, uşaqlara məzuniyyət verəcəklər”.

 

Valideynlər övladlarının Ermənistandakı hərbi hissələrə köçürülməsini tələb edirlər. Həmin valideynlərdən biri Mariya Qriqoryan bildirib ki, müharibə müddətində orduda aclıq, səfalət, qanunsuzluq hökm sürüb: "Əsgərlərə lazımi qədər qida vermirlər, onlar aclıqdan əziyyət çəkirlər. Geyimlər isə köhnə və yararsızdır. Övladıma daim bağlamalar, alt paltarı, geyim, çəkmələr alıb göndərirdim. Bəs hanı orduya edilən kömək?! İllərdir heç nə dəyişməyib, əsgərlərin yeməyi, geyimi oğurlanmaqda davam edir. Bu oğurluqlar əsgər ölümü ilə nəticələnən hadisələrə səbəb olur, bunu hamı bilir. Hətta bir dəfə nəzarət-buraxılış məntəqəsində olarkən ət oğurluğunun şahidi oldum”.

 

Müharibədə məhv olmuş erməni hərbi qulluqçularının valideynlərindən Ruzan Melkumyan isə bildirib ki, hakimiyyətdə olanlar ordunun hesabına yenidən varlanmaq istəyirlər: "Onlar əsgər ölümlərinin qarşısını almaq üçün tədbir görmək əvəzinə, yeni ölümlərə şərait yaratdılar. Valideynlər isə səslərini çıxarmırlar. Hansı əsaslarla erməni əsgərlərini Qarabağın sərhədlərini qorumağa aparırdılar və niyə orada öldürürdülər? Bizim övladlarımızın ora aparılması tamamilə qanunsuz idi”.

 

Göründüyü kimi, Ermənistandakı böhran və tənəzzül bu ölkənin ordusunda da acınacaqlı durumun yaranması ilə müşayiət olunur. Orduda korrupsiya, rüşvətxorluq, özbaşınalıq həmişəki kimi geniş vüsət alıb. Baş verən qanunsuzluqlar fonunda gənclər hərbi xidmətə getməkdən imtina edir, valideynlər övladlarını ordudan yayındırırlar.

 

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2020.- 29 noyabr.- S.1;8.