Qələbə ilə qayıdacağıq!
Çağırışçılar hərbi hissələrə
yola düşdülər
Bir neçə gündür respublikamızda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə və şöbələrinin qarşısında qələbəlikdir.
Ermənistanın Azərbaycana qarşı sentyabrın 27-də başlatdığı növbəti hərbi təxribatdan sonra minlərlə vətəndaş silaha sarılmaq, torpaqlarımızın azadlığı uğrunda döyüşmək üçün müraciət edir.
Bu proses isə hələ iyul ayından başlayıb. Ermənistanın Tovuz rayonuna
hücumundan sonra on minlərlə vətəndaşımız
könüllü şəkildə
ordu sıralarına qoşulmaq, cəbhədə
düşmənlə döyüşmək
əzmini ortaya qoydu. Təkcə bu ilin iyul ayında İlham Əliyevin çağırışına səs verən 55 mindən çox vətən oğlu respublikamızın ərazi
bütövlüyü uğrunda
döyüşlərdə iştirak etmək üçün arzusunu ifadə etdi. Onlar Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) qeydiyyata
alındılar.
Bu günlərdə
SHXÇDX-nin idarə
və şöbələrinin
qarşısında yaşanan
qələbəlik həm
də Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında
qismən səfərbərlik
elan edilməsi haqqında” 28 sentyabr tarixli fərmanına əsasən ordu sıralarına çağırılan
oğullarımızın yola
salınması ilə
bağlıdır. Dünən
SHXÇDX-nin Bakı şəhəri Nəsimi rayon idarəsinin
qarşısına toplaşan
yüzlərlə insan
çağırışçıları
yola salırdılar. Kimisi övladını, kimisi qardaşını, kimisi dostunu yola salmaq
üçün gəlmişdi.
İdarənin qarşısında qürur
doğuran mənzərə
yaranmışdı. Hər kəsin
üzündə sevinc
var idi, hər kəs qələbəyə köklənmişdi.
Çağırışçılar alqış sədaları
altında, valideynlərin
xeyir-duası ilə avtobuslara minib yola düşürdülər.
Ordu sıralarına yola düşən çağırışçıların
bəziləri ilə
söhbət etməyə
imkan tapdıq. Respublikamızda hərbi vəziyyətin elan olunmasını və bu şəraitdə
informasiya məxfiliyinin
qorunmasının vacibliyini
nəzərə alaraq
onların adlarını
vermirik. Söhbətləşdiyimiz
27 yaşlı çağırışçı
deyir ki, hərbi xidmətini vaxtilə cəbhə xəttində çəkib,
Ermənistanın iyul
təxribatından sonra
isə könüllü
şəkildə döyüşmək
üçün müraicət
edib: "Cəbhə
xəttində xidmət
keçərkən ən
böyük istəyim
Ermənistana qarşı
döyüşmək idi.
Ona görə iyul ayında dərhal döyüşmək üçün
müraciət etdim.
Hərbi
xidmətə çağırıldığım
üçün çox
qürurluyam. Mütləq Qələbə ilə qayıdacağıq. Çünki yüksək vətənpərvərlik
əzmimizin, döyüş
ruhumuzun qarşısında
düşmən heç
vaxt duruş gətirə bilməz”.
Söhbətləşdiyimiz digər
çağırışçının
25 yaşı var, ali təhsillidir.
Deyir ki, cəbhədə qızğın
döyüşlərin getdiyi
indiki şəraitdə
hər kəs ordumuza dəstək olmalıdır: "Mən
də əlimə silah götürüb döyüşməklə ordumuza
dəstək olmaq istəyirəm. Düzdü, ordumuz güclüdü,
şəxsi heyət baxımından sıraları
kifayət qədər
möhkəmdir. Bununla belə
bizim ordu sıralarına çağırılmağımız
olduqca mühümdür.
Təlimdən sonra komandirlərimdən
cəbhə xəttinə
göndərilməyimi xahiş
edəcəm. İnşallah, xalqımızı qələbə
ilə sevindirəcəyik”.
İdarənin qarşısında iki gəncin həyəcanlı mübahisəsi diqqətimizdən yayınmadı. Əvvəlcə onları çağırışçıların yaxınları zənn etdik. Öyrəndik ki, müharibənin başlamasından sonra hər ikisi cəbhədə döyüşmək üçün müraciət edib. Onları qeydə alıblar, lakin ordu sıralarına çağırışın plan əsasında həyata keçirildiyini deyiblər. Çağırılıb çağırılmayacaqları isə bilinmir... Bəli, gənclərin əsəbi hansısa problem yox, vətənpərvər olmaları ilə bağlı idi. Problem isə təki bu olsun...
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2020.-1 oktyabr.- S.7.