Yurd həsrətimizə son
qoyulacağı günə çox
qalmayıb
Artıq 30 ildir ki, torpaqlarımızın işğal altında olduğunu bütün dünya bilir. Amma elə həmin dünyanın gözü qarşısında Azərbaycanın haqq səsi eşidilmir, yaxud çoxları özünü eşitməməzliyə vurur. Zərbəsi bizə dəyib - neçə ildir elimizdən, obamızdan ayrı düşmüşük.
İşğalda olan rayonlardan biri də Qubadlıdır. Camaatımız mərddir. 1993-cü ildən bəri çətinliklərə dözüb, amma Vətən sevgisi sönməyib. Bu duyğu həmişə bizimlədir - yollarımız bir gün açılacaq və torpaqlarımıza qayıdacağıq.
Ötən illər ölkəmiz ayağa qalxmış, inkişaf etmişdir. Düşmənlərimiz özlərini bizim torpaqların sahibi kimi aparmağa çalışsalar da, atın izinin itin izindən böyük və dərin olduğunu unudublar. Elə şeylər var ki, onların ömrü vaxtnandır. Zaman keçir, hər iş aydınlıq tapır.
Doğulub böyüdüyüm Qubadlı rayonu Qarabağın gözəl məkanlarındandır. İnsanlar dağların havasını udur, təbiətin buralara bəxş etdiyi gözəlliklərlə fəxr edirdilər. Şimaldan Laçın, şərqdən Cəbrayıl, cənubdan Zəngilanla həmsərhəd olan rayonumuz tarixi-mədəni, dini abidələrlə zəngin idi. Burada IV əsrə aid "Gavur dərəsi” ibadətgahı, "Qalalı” və "Göyqala” abidələri, "Dəmirçilər türbəsi” və digər tarixi abidələr vardı. Təəssüf ki, erməni qəsbkarları həmin abidələri talan edərək dağıtmışlar.
Bədnam qonşularımızın torpaq iddiası üzündən cəlb olunduğumuz münaqişə quruculuq işlərinə əngəl törətdi, rayonu müharibə meydanına çevirdi. Qaçaq Nəbinin, Həcərin qəhrəmanlıq ənənələrini davam etdirən igid döyüşçülərimiz Əliyar Əliyev, Kazımağa Kərimov, Aqil Məmmədov, Vasili Əliyev, Kərəm Mirzəyev, Bəylər Ağayev, Aslan Atakişiyev, Ələkbər Əliyev, Səfa Axundov şəhidlik zirvəsinə qalxaraq göstərdikləri şücaətə görə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görüldülər.
Keçən illər ərzində bir an da olsun qəlbimizdən yurd sevgisi azalmayıb. Məskunlaşdığımız rayonlarda daim vətənimizin torpaqlarının azad olacağı günü səbirsizliklə gözləmişik. Rayonumuzun gənclərini öz torpaqlarını sevmək hissi ilə böyütmüşük.
Son günlər ermənilərin törətdiyi təxribata cavab olaraq Ordumuzun uğurlu əks-hücumu düşmənin yerini özünə göstərir. Ali Baş Komandanın əmri və ordumuzun şücaəti sayəsində bütün Azərbaycanın gözlədiyi gün gəlib. Yağı düşmən layiqli cəzasını alır. Qubadlı sakinləri son nəfərinə kimi Ali Baş Komandanla, Ordumuzla birlikdədir.
Qubadlının qocalı-cavanlı bütün sakinləri müzəffər Ordumuzun qələbəsini yaxınlaşdırmağa hazırdır. Bir nəfər kimi silahlanıb cəbhəyə getməyə hazırıq. Təki, tezliklə Azərbaycan torpaqları işğaldan azad edilsin və üçrəngli bayrağımız Qarabağda dalğalansın. Qoy, bütün dünya bilsin ki, Qarabağ Azərbaycandır və bu ədaləti bərpa edən Ali Baş Komandanımız, güclü Ordumuz var. Gələcək bizim, Qələbə bizimlədir!
Nəriman HƏMİDOV,
Qubadlı rayon ağsaqqalı
Azərbaycan.- 2020.-1 oktyabr.- S.7.