Qəddarlığın son həddi

 

Dünyada nasizm ideologiyası alman faşizmi ilə birlikdə tarixə çevrilsə də, erməni faşizmi yüz ildən artıqdır ki, ayaq tutub yeriyir. Ermənilər vəhşiliyindən geri qalmaq əvəzinə, əksinə, peşəkar qatilə çevrilir, bugünkü işğalçı Ermənistanda hakim mövqelərə yiyələnərək, artıq dövlət səviyyəsində dinc Azərbaycan əhalisinə qarşı amansızlıqlar törədir.

Mülki əhaliyə qarşı törədilən erməni cinayətləri həm böyük zaman kəsimini, həm də geniş əraziləri əhatə edir. Lakin buna baxmayaraq, hətta bir nəfərin gördüklərini süzgəcdən keçirmək belə yetərlidir ki, erməni millətçilərinin törətdikləri bütün cinayətlərin ağır və faciəvi mənzərəsini bir müstəvidə cəmləyəsən. Erməni nasizminin yüzillik surətini cızmaq üçün arxivləri araşdırmaq deyil, elə yalnız jurnalist kimi gördüklərimiz də kifayətdir. 1985-1990-cı illərdə Naxçıvanda çalışan xüsusi müxbir kimi sovet Ermənistanında baş verənləri izləyirdik və fürsət düşəndə o tərəfə də keçirdik. Qorbaçovun yenidənqurması ilə qonşu respublikada Azərbaycan əhalisinə qarşı təzyiqlər artmağa başladı. Ən maraqlısı isə o idi ki, kimsə onların haqqını müdafiə etmirdi. Soydaşlarımız həkimlərə müraciət etməkdə, hətta aptekdən dərman almaqda belə çətinlik çəkməyə başladılar. Ardınca hər il Novruz bayramında kütləvi surətdə ailələrini təhlükələrdən qorumaq üçün Naxçıvanda və Azərbaycanın digər rayonlarındakı qohumlarıgilə aparır, bayramdan sonra isə geri qaytarırdılar. Artıq Ermənistanda dinc əhalinin döyülməsi, təqib edilməsi, ictimai yerlərdə alçaldılması adi hal alırdı.

Hədələrə, təqiblərə, hücumlara məruz qalan mülki əhali uşaqdan qocaya kimi müdafiəsiz idi. Azərbaycanın ovaxtkı rəsmi dairələri isə susurdu, cəsarət edib danışanlar, Ermənistana gedib vəziyyətlə tanış olmağa cəhd edilənlər təqib olunurdu. Bizimkilər susduqca ermənilər azğınlaşırdı və yaralananların, döyülənlərin sayı sürətlə artırdı. O illərdə biz Ermənistanın Masis rayonuna gedəndə demək olar ki, artıq bütün kəndlər özünü müdəfiə etməyə çalışırdı. Masisdə texnikum yandırılmışdı, dinc əhali qaçaraq Türkiyə ilə sərhəddəki Rəncbər kəndinə yığılmışdı. Hamı sərhədi keçib Türkiyəyə sığınmağa can atırdı. Bu da mümkün deyildi, çünki sərhədlər sovet qoşunları tərəfindən qorunurdu. Artıq xaricdən gələn silahlı erməni yaraqlıları at oynadırdı.

Masis rayonunun Rəncbər kəndində Aydın adlı hündürboylu, enlikürək bir kişi bizi evinə apardı. Onun böyük aynəbəndi yaralılarla dolu idi. Qonşudakı balaca qız uşağını bizə göstərib bildirdi ki, bu zavallı gördüyü vəhşiliklərin bitməyəcəyindən qorxaraq ağlını itirib. Aydın bizə belə dedi: "Bilmirəm kimsiniz, nəçisiniz. Amma gedin deyin ki, bizə Araz boyu sərhəd zolağının arxasından keçən yolla silah göndərsinlər, un göndərsinlər. Bu rəzillərin çörəyini süfrəmizə qoymayaq. Yerevan iki addımlığımızdadır. Oranı ağlar günə qoymasaq kişi deyilik”.

Lakin kömək göndərilmədi, hətta orada azərbaycanlıların başına gətirilən müsibətlərin bizim mətbuata çıxışı da yasaqlandı. Faciənin böyüklüyü onda idi ki, ermənilərin dinc əhaliyə tutduğu divanı həmişə hər yerdə birinci olmağı bacaran dünya mətbuatı da nədənsə görmədi. Əksinə, müxbir postumuza cəmi bir dəfə Moskvadan özünü hansısa xarici jurnalın əməkdaşı kimi təqdim edən bir qadın zəng vurub soruşdu ki, Naxçıvandakı erməni kəndi boşaldılıbmı? Sualına sualla cavab verdim ki, Ermənistanda yüzlərlə Azərbaycan kəndi boşaldılanda, mülki əhali qovulanda hardaydınız, niyə zəng etmirdiniz, soruşmurdunuz? Telefon xəttində səs kəsildi.

Xaricdən gələn erməni muzdlularının, yaraqlıların sayı çoxaldıqca dinc əhaliyə törədilən qəddarlıqlar artırdı. Elə vəhşiliklər törədilirdi ki, bəlkə Hitlerin əsabələri də onlara "həsəd” apara bilərdi. Heç yadımdan çıxmır, Qafan rayonunda azərbaycanlıların evlərinə od vurulub yandırılanda ora getdik, rayon partiya komitəsinin işçilərindən biri bizə ermənilərin necə qədim və müdrik xalq olmasından moizə oxuyurdu. Pəncərənin arxasında isə dəmir yolu boyu cərgə ilə azərbaycanlıların evləri od tutub yanırdı.

Bu hadisələrdən təxminən 70-80 il əvvəl yaşayan qatil Andronikin etirafları yada düşür: "Mən heç bir şeyin fərqində olmadan bütün Basarkeçər türklərini məhv etdim. Amma güllələrdən istifadə etmirdim, heyfim gəlirdi, bu insanları məhv etməyin ən asan yolu hamısını quyulara doldurub, üzərlərini daşlarla örtmək idi. Mən də elə etdim, bütün qadın, kişi və uşaqları quyulara atdırıb, ağızlarını daşlarla örtərək onları ölümlə üz-üzə qoydum”.

Şərhə ehtiyac yoxdur. Amma bircə onu deyək ki, aradan illər keçməsinə baxmayaraq, Ermənistandan soydaşlarımızı qovan, Xocalı soyqırımını törədən, kəndlərimizi viran qoyan, torpaqlarımızı işğal edən erməni qatilləri bu gün də həmin xəstə ruhlu faşist əqidəsi ilə dinc əhaliyə, qadına, qocaya və günahsız uşaqlara divan tutmaqdan zövq alırlar.

Naxçıvanın Səhiyyə Nazirliyində qaçqınların ən çox hansı hallarda və nə ilə bağlı müraciət etdiklərini soruşduq. Dedilər ki, hamilə qadınlar ölü uşaqlar doğurlar. Demə, insana nəsil artırmaq üçün əmin-amanlıq lazım imiş. Amansız faciələr və təhlükələr eyni dərəcədə qadın və kişi orqanizminə təsir edir və nəsil artırılması dayanır. Ermənistanda amansız əcəlin caynağından qaçıb ölü uşaq doğan qadınlar müasir erməni faşizminin bəşəriyyət üçün nə dərəcədə təhlükəli olduğunu göstərir.

Xocalı faciəsindən sonra Ağdama getdikbaş verən soyqırımının arxasınca tükürpərdən səhnələrin şahidi olduq.

Bu gündemokrat adı ilə hakimiyyətə gələn Paşinyanonun işğalçı ordusu sələflərindən heç nədə fərqlənmir. O, dünyada rəngli inqilabların banisi sayılan Sorosun qanadının altında hakimiyyətə gəlsə də, əməllərində Andronikdən, Amazapsdan, ya da Xocalı və digər soyqırımlarını törədən sələflərindən seçilmir. Paşinyanın gönünü çırpanda altdan babasının yerişini yeriyən bir faşist çıxır. Onun quldurları da mülki əhalinin evlərini hədəfə alır, günahsız uşaqları, qadınları və qocaları qətlə yetirir. Müharibəni dayandırmaq əvəzinə, daha sırtıq həvəslə bütün erməni xalqını səngərə sürüyür.

Azərbaycan döyüşlərdə bütün beynəlxalq hüquqnormalara riayət edir, mülki əhalini hədəfə almır, hətta mühasirəyə düşən quldur dəstələrinə sağ qalmaq şansı verir.

Amma təəssüf ki, dünya baş verənlərin fövqündə deyil. Lakin ən təhlükəlisi odur ki, cilovlanmayan, qarşısı alınmayan erməni faşizmi virus kimi yayılmaq gücünə malikdir. Nə qədər ki, dünya birliyi erməni faşizminin mövcudluğunu təsdiq etmir, nə qədər ki, işğalçı ilə işğala məruz qalan dövlətə eyni məzmunlu çağırışlar edilir, erməni faşizminin ayağı bir o qədər çox yer tutacaq.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2020.-1 oktyabr.- S.10.