Həm də… uşaq qatilləri

 

Körpəyə vəhşi heyvanlar belə toxunmur

 

Arxadan zərbə vurmaq namərd işidir, qocaya, qadına əl qaldırmaq ondan da betərlərinin törətdiyi əməl. Uşaq qatili olmaq isə... Bu vəhşiliyin adı yoxdur!

Məlum olduğu kimi, bu il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində bütöv bir ailə həlak olub. Bu ailədə iki balamız, iki məktəb yaşlı uşaq qətlə yetirilib - Şəhriyar QurbanovFidan Qurbanova. Əmioğlu-əmiqızıdırlar. Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbində təhsil alırdılar.

Erməni faşistləri öz xislətlərindən əl çəkmirlər. Azərbaycan Ordusu ilə üzbəüz döyüşdə aciz olan bu vandallar, yalançı "qəhrəmanlar” dinc əhalini, qocanı, uşağı hədəfə götürürlər. Bir çox hallarda igidlərimizdən aldıqları zərbənin heyfinibu yolla çıxırlar. Ən başlıcası isə, körpəyə, azyaşlıya qıymaq onların vəhşi, heyvani xislətindən doğur. Amma, yox! Bəzən meşədəki vəhşi heyvanlar da körpə uşağa toxunmurlar. Sanki uşaq məsumluğu qarşısında öz vəhşiliklərini unudub ona zərər yetirməkdən vaz keçir, uzaqlaşıb gedirlər. Deməli, uşaq qatili olan erməni vandallarını vəhşi adlandırmaq da azdır.

Bu cür vəhşiliklər bəlkə də bəşər tarixində baş verən ən dəhşətli müharibələrdə belə, törədilməyib. Namərd qonşularımız işğal etdikləri ərazilərimizdə yüzlərlə körpəni, azyaşlı uşağı qətlə yetiriblər. Təkcə soyqırımına məruz qalan Xocalımızda ata-anaları, nənə-babaları ilə birgə məhv edilən onlarca uşağı xatırlayaq. Bunu kim edə bilər? İnsanlıqdan bir iynənin ulduzu qədər payı olmayan quduzlaşmış əcaib məxluqlar.

Dünyanı təzəcə dərk etməyə başlayan, səmaya, günəşə boylanıb təzəcə çiçək açan bu fidanlara kim əl qaldıra bilər? Kimin əli onların günahsız qanına boyanar? Cəlladın, qaniçənin. Belə vəhşiliyin müqabilində söz tapmaq, yerə-göyə sığmayan bu günahı, heç bir cinayət məcəlləsində "layiqli” cəzası tapılmayan bu bəd əməli törədənlərə ad vermək çətindir.

Uşaq qatili olmaq erməni faşistlərinin təzə cinayəti deyil. Xəyalən 30 il əvvələ qayıdaq. 1990-cı il martın 23-dən 24-nə keçən gecə namərd qonşularımız Qazax rayonunun sərhədyanı Bağanıs Ayrım kəndinə hücum etdilər. Evləri yandırdılar, qarət etdilər, sakinləri, o cümlədən 70 yaşlı qocanı öldürdülər. Qurbanlardan biri də 39 günlük körpə oldu. Erməni vandalları qundağı ocağa atıb yandırdılar.

Xocalı uşaqlarının qətlinə gələn yol oradan, o vaxtdan başlandı və bitmədi, tükənmədi.

2011-ci il martın 8-də düşmənlər Ağdam rayonunun balaca sakini Fariz Bədəlovu snayper gülləsi ilə öldürdülər. Heç şübhəsiz ki, qaniçən erməni faşistləri bu hadisəni qəsdlə, məhz 8 Mart bayramı günü törətməyi qərara almışdılar... Fariz atasız böyümüşdü, ailənin tək övladı idi. Anası, nənəsi, babası gözlərini ona dikmişdilər.

2017-ci il iyulun 4-də axşamçağı Ermənistan tərəfinin növbəti təxribatı nəticəsində 1 yaş 2 aylıq Zəhra qətlə yetirildi. Balaca qızcığaz 50 yaşlı nənəsi Sahibə Quliyeva ilə birlikdə şəhid oldu.

Erməni cəlladlarının həyatına son qoyduğu uşaqlardan biriTovuzun Ağdam kəndinin məktəbli sakini Şahvələd Süleymanovdur. Bu, kəndin sakinlərinə vaxtilə riyakarcasına "dost”, "kirvə” deyən nankor qonşularımızın 1992-ci il iyunun 25-də etdikləri daha bir namərdlik idi.

Şahvələdin gülər üzü, mehriban çöhrəsi gözümüz önündən hələ də getmir. Çox ağıllı, əməksevər uşaq idi. Kənd məktəbini bitirəndən sonra traktorçu olmağı qərara almışdı. Erməni vandalları onu öz həyətində, ot çaldığı zaman nişan almışdılar.

Bu da faşizmin ən "yüksək” nöqtəsinə çatmış qonşularımızın növbəti təxribatı. Bir neçə gün əvvəl daha iki məktəbli övladımızın ömrünü qırdılar, işıqlı gələcəklərinə sədd çəkdilər. İki qardaşın hərəsinin bir balasını məhv etdilər. İki ailəni gözüyaşlı qoydular. Hamımızın qəlbi göynəyir...

Torpağımızı həyasızcasına işğal etdikləri, ellərimizi-obalarımızı yurd-yuvasından perik saldıqları, atəşkəsi pozduqları, saysız-hesabsız təxribatlar törətdikləri azmış kimi, uşaqları qətlə yetirir bu azğınlar, quzğunlar. Cəzalarına çatacaqlar, İnşallah! Dünya ictimaiyyəti də bu amansızlığa göz yummamalı, uşaq qatillərinə öz sözünü deməlidir.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2020.-1 oktyabr.- S.1; 10.