Acizlikdən doğan cinayət

 

Bu gün Azərbaycan Ordusu Ermənistan tərəfindən 30 ildən çox işğal altında saxlandığı torpaqlarını azad etmək üçün Vətən müharibəsi aparır. Belə ki, sentyabrın 27-də səhər tezdən erməni silahlı birləşmələri bütün cəbhəboyu ərazilərdə yaşayan dinc əhalini atəşə tutdu. Mülki əhali arasında ölən və yaralananlar oldu, mal və mülklərə ziyan dəydi.

Cavab olaraq Azərbaycan Ordusu əks-hücumla düşməni işğal etdiyi ərazilərdən qovmağa başladı. Məqsəd həm işğal altında olan torpaqları düşməndən azad etmək, həm də onun silahlı qüvvələrinə mülki əhalini atəşə tutmağa imkan verməməkdir. Döyüşlər zamanı ordumuz düşməndən fərqli olaraq müharibənin aparılması ilə bağlı bütün beynəlxalq qaydalara əməl edir.

Dörd gün döyüşlər getsə də, ordumuz özünün imkanlarından az əraziləri işğaldan azad edib. Səbəb ordumuzun döyüş əməliyyatları apararkən son dərəcə həssas olmasıdır. Azərbaycan Ordusu qarşı tərəfdəki dinc əhaliyə ziyan yetirməmək üçün erməni ordusundan daha böyük məsuliyyət göstərir. Belə ki, mənfur düşmən atəş mövqelərini ya yaşayış məntəqələrinin yaxınlığında, ya da birbaşa daxilində yerləşdirir. İstəkləri odur ki, biz cavab atəşimizlə onların mülki əhalisi arasında çoxlu tələfat olsun, beləliklə, dünya ictimaiyyətinin qınağına tuş gələk. Öz millətindən olan dinc əhalinin ölümünə cəhd edən düşməndən biz yaxşı nə gözləyə bilərik?

Qeyd etdiyimiz kimi, ordumuz bu qədər həssas davransa da, ermənilər bütün dünyaya həyasızcasına bizi dinc əhalini atəşə tutub qətl törətməkdə günahlandırırlar. Lakin fakt faktlığında qalır. İndi dünya ictimaiyyətini aldatmaq o qədər də asan deyil. Azərbaycan tərəfinin yaydığı fotovideo materiallarından kimin nəyə qadir olduğu aşkar görünür. Hələ ermənilərin Xocalıda, Dağlıq Qarabağda digər sərhədyanı bölgələrdə törətdikləri vəhşiliklər yaddaşlardan silinməyib. Bu hadisənin minlərlə canlı şahidi və zərərçəkənləri var.

Hərbi əməliyyatlar başlanan andan informasiya savaşı da start götürüb. Ermənilərin isə rəqiblərinə şər-böhtan atmaqda zəngin təcrübələri var. Bu sahədə onlar heç bir etik qaydalara və təbliğatın normalarına əməl etmirlər. Məlumdur ki, Azərbaycan Ordusu işğal olunmuş ərazilərində döyüş əməliyyatları aparır. Özübunu bütün beynəlxalq hüququn normaları çərçivəsində həyata keçirir. Biz işğalçı deyilikbaşqa dövlətin ərazisinə girməmişik. Ermənilər bunu yaxşı başa düşürlər. Məsələni başqa tərəfə yozmaq üçün ordumuz tərəfindən dinc əhalinin hədəfə alınması barədə informasiya yaymağa üstünlük verirlər. Bununla döyüş meydanında uğur qazana bilməyən ermənilər informasiya cəbhəsində üstünlük əldə etmək istəyirlər və həmin məqsədlə bütün çirkli təbliğat vasitələrinə əl atırlar.

İndi ermənilər istədikləri yalanları öz məqsədləri üçün istədikləri şəkildə dünya ictimaiyyətinə sırıya bilmirlər. Ona görə ki, Azərbaycan tərəfi dərhal onların atəşi nəticəsində ölən və yaralanan mülki əhali barədə məlumatı dünya ictimaiyyətinə çatdırır. Bununla yanaşı, Baş Prokurorluq bütün faktları qeydə alaraq müvafiq maddələrlə cinayət işi açır. Bizim isə ermənilərdən fərqli olaraq yalan uydurmağımıza ehtiyac yoxdur. Müharibənin ilk günündən Ermənistan silahlı qüvvələrinin açdığı artilleriya atəşləri nəticəsində Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndindəki Qurbanovlar ailəsinin 5 üzvü yaşadığı evdə həlak olub, mülklərinə 100 min manat məbləğində ziyan dəyib. Ailənin həlak olan iki üzvü uşaqdır. Bu fakt onu göstərir ki, ermənilər açdıqları atəş nəticəsində uşaqların da həlak olacağını bilirdi. Məqsədləri əhali arasında vahimə yaratmaqla onları doğma yurdlarından didərgin salmaq idi. Biz birinci Qarabağ savaşında belə vəhşiliklərin çox şahidi olmuşuq. Xocalı qətliamında törədilən vəhşiliklərin isə tayı-bərabəri yoxdur.

Döyüşlərin ikinci günü isə Ağdam rayonunun Evoğlu kənd sakini Coşqun Paşayev, Tərtər şəhər sakini Mehman Əliyev düşmənin artilleriya atəşi nəticəsində şəhid olub. Bununla yanaşı, Tərtər rayonunun digər sakinləri - Qənbər Əsədov, Fəxrəddin HüseynovTural İbrahimov yaralanıblar.

Baş Prokurorluğun verdiyi məlumatda deyilir ki, sentyabrın 28-də Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən əlillər və məcburi köçkünlər üçün inşa edilmiş çoxmənzilli yaşayış binasının həyətinə top mərmisinin atılması nəticəsində sakinlərdən Xalıq Abbasov, Elşən Abbasov, Sabir Əsədov həlak olub, Seymur Məmmədov, Faiq Mahmudov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanada yerləşdirilib. Prokurorluğun digər məlumatında qeyd edilir ki, düşmənin açdığı atəş nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd sakini də yaralanıb.

Baş Prokurorluğun sentyabrın 30-da yaydığı məlumatda bildirlir ki, Ermənistan silahlı qüvvələrinin məqsədli şəkildə dinc əhaliyə qarşı törətdiyi terror aktı nəticəsində 14 nəfər mülki şəxs şəhid olub, 46 nəfər yaralanıb. Bundan başqa, düşmənin mülki obyektləri atəşə tutması nəticəsində 65 ev, 5 mülki obyekt yararsız hala düşüb, çoxlu sayda mal-qara tələf olub.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2020.-1 oktyabr.- S.10.