Azərbaycanda bir sıra tanınmış özəl şirkətlər Silahlı Qüvvələrə Yardım Fonduna ianə etməklə bağlı müraciət yayıblar

 

Azərbaycanda bir sıra tanınmış özəl şirkətlər Silahlı Qüvvələrə Yardım Fonduna ianə etməklə bağlı müraciət yayıblar.

YAP-dan AZƏRTAC-a bildirilib ki, müraciətdə deyilir: “Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatının qarşısının qüdrətli Azərbaycan Ordusu tərəfindən alınması, düşmənə layiqli cavab verilməsi və işğal altında olan bəzi ərazilərimizin azad edilməsi xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Azərbaycan xalqı öz dövlətinə, Prezidentinə, Silahlı Qüvvələrin Ali Baş Komandanına və Ordusuna qətiyyətli dəstək verir, cəmiyyətimizdə milli həmrəylik hökm sürür. Eyni zamanda, müxtəlif təşkilatlar və qurumlar Silahlı Qüvvələrə Yardım Fonduna ianə etməklə qüdrətli Ordumuza öz dəstəklərini nümayiş etdirirlər”.

Qeyd edək ki, müraciəti imzalayan kompaniyalar arasında “Gidromaşservis” QSC, “Kristal Abşeron” MMC, “AzVirt” MMC, “Bakı İnşaat Sənaye” ASC, “Akkord” şirkətlər qrupu, “SNT” İnşaat Şirkəti, “AKA Group” MMC, “Tunel-Metro İnşaat” MMC, “Real İnşaatTikinti Şirkəti və “AzərTunel” MMC də var.

Müraciətin müəllifləri torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda qətiyyətli mübarizə aparan müzəffər Ordumuza cəmiyyət dəstəyinin zəruri olduğu bir vaxtda bütün özəl şirkətləri və hər bir adamını həmrəylik göstərərək Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna imkan qədər ianə ayırmağa çağırır. Müraciətdə, həmçinin bildirilir: “Çünki bu, ümummilli məsələdir və belə dəstək böyük qələbələrin əldə edilməsinə kiçikolsa, vacib töhfədir. Biz tarixi anlar yaşadığımız bu günlərdə maddi və mənəvi cəhətdən Azərbaycan Silahlı Qüvvələrinin yanında olduğumuzu qürur hissi ilə bildiririk. Əminliklə bəyan edirik ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımız tezliklə işğaldan azad olunacaq. Yaşasın Azərbaycan Əsgəri!”

 

Azərbaycan.- 2020.-1 oktyabr.- S.11.