Xalqımızın müqəddəs
mübarizəsi
Bu gün tariximizə növbəti şanlı səhifələr yazılmaqdadır. Müqəddəs Vətən torpaqlarımız Ermənistan ordusunun işğalından azad edilir.
Döyüş bölgələrindən şad xəbərlər alırıq. Azərbaycan Ordusunun zəfər yürüşləri hər bir azərbaycanlının qəlbini dağa döndərir. Qürur, fəxr, fərəh hissləri yaşayan xalqımız döyüş bölgələrindən yeni qələbə xəbərləri gözləyir.
Mənfur düşmən yenə öz xislətini göstərir, yaşayış evlərimizi, məktəblərimizi nişan alır. Azərbaycanın mülki əhalisi arasında həlak olanlar var. Ancaq vəziyyətin mürəkkəbliyi, düşmənin namərdliyi yerli sakinlərin gözünü qorxutmur. Hər kəs öz evində, öz yurdunda möhkəm dayanıb.
Bu günlərdə hər birimizi qürurlandıran, ümidləndirən məqamlar çoxdur. Bunlardan ən ümdəsi ölkəmizdə birliyin, bərabərliyin olmasıdır. Hər bir Azərbaycan vətəndaşı dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmrinə müntəzirdir.
Ölkəmizin hər yerində bu günlər döyüş əhvali-ruhiyyəsi, qələbə əzmi hökm sürür.
Əli silah tutan, döyüş qabiliyyətli hər kəs cəbhədə, düşmənə layiqli cavab verən döyüşçülərimizin sırasında olmağı özünə şərəf bilir. Çünki bilirik ki, biz öz torpağımız uğrunda döyüşürük. Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşündə bu həqiqəti bir daha diqqətə çatdırıb: "Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq”.
Dövlət başçısı bu münaqişədə bizim istədiyimizə nail olacağımıza, haqq-ədalətin öz yerini tapacağına və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyinə, uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımızın öz doğma dədə-baba torpaqlarına qayıdacaqlarına əminliyini ifadə edib. "Mən bir daha demək istəyirəm ki, Azərbaycan öz doğma torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında - Azərbaycan torpağında ölür. Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpağında? Biz öz torpağımızda vuruşuruq. Bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik” - görüşdə Prezident İlham Əliyev belə deyib.
Azərbaycan Ordusunun keçirdiyi uğurlu əməliyyat nəticəsində strateji yüksəkliklər, bir neçə yaşayış məntəqəsi işğalçılardan azad edilib. Hələ də Ermənistan ordusunun işğalında qalan Vətən torpaqlarımızı da bu xoş aqibət gözləyir. Prezident İlham Əliyev bir daha nəzərə çatdırıb: "Ona görə erməni xalqı bunu anlamalıdır. Anlamalıdır ki, 30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək, orada bütün binaları, bütün tarixi abidələri dağıtmaq, 1 milyondan çox insanı öz doğma torpağından didərgin salmaq, Azərbaycan xalqına qarşı soyqırımı törətmək cinayətdir. Biz tarixi ədaləti bərpa edirik, tarixi ədaləti! Qarabağ bizim doğma, əzəli, tarixi torpağımızdır. Qarabağ xanlığının tarixinə baxmaq kifayətdir ki, hər kəs görsün, Azərbaycan xalqı əsrlərboyu bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Bizim müqəddəs ocağımız Şuşa şəhəri azərbaycanlılar tərəfindən salınıb. Bu gün işğal altında olan torpaqlar bizim tarixi torpaqlarımızdır. Bizim işimiz haqq işidir. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik, buna bizim haqqımız çatır, bunu edirik və edəcəyik”.
Haqq, ədalət bizim tərəfimizdədir. Çünki Azərbaycan xalqının, Azərbaycan dövlətinin tarixboyu heç bir ölkənin torpağında gözü olmayıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın da bildirdiyi kimi: "Azərbaycan dövləti heç vaxt başqasının torpaqlarına iddialı olmayıb, heç zaman insanlığa qarşı cinayət törətməyib. Azərbaycan Ordusu başqa dövlətin torpaqlarına ayaq basmayıb, o, doğma torpağını qoruyur və onun uğrunda döyüşür!”
Uzun illər Ermənistan ordusu atəşkəs rejiminin tələblərinə məhəl qoymayıb. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə nəinki Azərbaycan Ordusunun mövqelərini, hətta azərbaycanlıların yaşayış məntəqələrini intensiv atəşə tutub. Nəticədə həm Azərbaycan Ordusu, həm də mülki əhali itkilər verib. Şəhid edilən yerli sakinlər arasında uşaqlar, körpələr də olub. Mehriban Əliyeva vurğulayıb: "Ermənistanın növbəti silahlı təxribatına cavab verildi! Azərbaycan Ordusu öz Vətənini müdafiə edərək uğurlu əks-hücum əməliyyatı keçirir və Azərbaycanın işğal altında olan ərazilərini azad edir”.
Bu gün dövlətimiz və xalqımız üçün həm də sınaq, necə deyərlər, dostu düşməndən ayırmaq günüdür. Birinci vitse-prezident Azərbaycan dövlətinə və xalqına dəstək olaraq öz prinsipial və ədalətli mövqeyini nümayiş etdirən bütün insanlara, təşkilatlara və dövlətlərə dərin təşəkkürünü bildirib. İlk növbədə, qardaş Türkiyə xalqına və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana minnətdarlığını ifadə edən Mehriban Əliyeva onların həmrəyliyinin və mənəvi dəstəyinin bu gün hər bir azərbaycanlıya qürur hissi yaşatdığını diqqətə çatdırıb.
Mehriban Əliyeva Azərbaycanın bütün əsgərlərinin, zabitlərinin həyatı və sağlamlığı üçün dua etdiyini bildirib: "Bu gün biz azərbaycanlılar niyyətimizlə, hərəkət və dualarımızla misli görünməmiş birlik göstəririk. Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun!
Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”
Bu müqəddəs arzunun tezliklə həyata keçəcəyinə inamımız böyükdür. Azərbaycan Ordusunun zəfər yürüşü bizi qələbəyə aparır!
Zöhrə FƏRƏCOVA
Azərbaycan.- 2020.-2 oktyabr.- S.1; 5.