Sərkərdə qətiyyəti, əsgər rəşadəti

 

İşğalçı Ermənistan ordusuna qarşı uğurlu hərbi əməliyyatlar həyata keçirən Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutur

 

Sentyabrın 27-si səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mövqelərini, yaşayış məntəqələrini atəşə tutması nəticəsində hərbçilərimiz və mülki vətəndaşlarımız, o cümlədən qadın və uşaqlar qətlə yetirilib, yaralanıb, çoxsaylı evlərə və obyektlərə ciddi ziyan dəyib. Bu hadisə ilk öncə Ermənistanın işğalçı siyasət yürütməsinin növbəti bariz təsdiqidir.

Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı proseslərin indiyə qədərki gedişatı göstərir ki, Bakı həmişə danışıqlar prosesinə tərəfdar olub, problemin həllinə dair müxtəlif variantlar ətrafında müzakirələrə hazır olub. Prezident İlham Əliyevin "Rossiya-1” telekanalının "60 dəqiqə” proqramına verdiyi müsahibədə qeyd etdiyi kimi, Azərbaycan danışıqlarda həmişə konstruktivlik nümayiş etdirib. Vasitəçilik missiyası üçün cavabdeh olan Minsk qrupunun həmsədrləri də bunu təsdiq edə bilərlər. O cümlədən son iki ildə dəfələrlə bəyan edilib ki, illər boyu işlənib hazırlanmış, Minsk qrupununonun həmsədrlərinin danışıqlar prosesi üçün əsas hesab etdikləri nizamlama prinsiplərinə sadiqik. Üstəlik, son iki ildə və bundan əvvəl də dəfələrlə bəyan edilib ki, Azərbaycan danışıqların formatına da sadiqdir.

Lakin Ermənistanın xüsusən son bir ildə artan hərbi ritorikası, Paşinyan rejiminin öz siyasəti ilə danışıqlar prosesini dalana dirəməsi, o cümlədən son aylarda törətdiyi hərbi təxribatlar problemin müharibə yolu ilə həllindən başqa çıxış yolu qoymadı. Baş nazir Nikol Paşinyanın "Qarabağ Ermənistandır”, "Danışıqların formatı dəyişdirilməlidir”, "Yeni ərazilər işğal edəcəyik” kimi sərsəmləmələri, Yaxın Şərq ölkələrindən erməniəsilli ailələrin, terrorçuların Qarabağa gətirilməsi, qondarma seçkilərin keçirilməsi, Şuşanın paytaxt elan edilməsi kimi təxribatçı hərəkətlər göstərdi, Ermənistanla danışıqların aparılması mənasızdır və müharibədən başqa yol yoxdur. Nümayişkaranə şəkildə əslən Livandan olan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində və qədim Şuşa şəhərində məskunlaşdırılması müharibə cinayətidir. Bu, Cenevrə Konvensiyasının pozulması deməkdir. Sonra onlar Şuşada - Azərbaycan mədəniyyətinin qədim incisində cinayətkar Dağlıq Qarabağ rejiminin qondarma başçısının qondarma inaqurasiyasını keçirdilər. Bütün bunlar şüurlu təxribatlar, Azərbaycanı münaqişəyə cəlb etmək və cavab hərəkətlərinə təhrik etmək idi. Azərbaycan son aylarda təmkin, konstruktivliksağlam düşüncə nümayiş etdirdi. Lakin Ermənistanın Dağlıq Qarabağdakı təxribatçı hərəkətləri baş tutmayanda sentyabrın 27-də məlum hərbi təxribatı törətdilər. Artıq zaman yetişib, torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsi başlayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin müharibə yolu ilə həllinə gətirib çıxaran əsas səbəblərdən biri təbii ki, beynəlxalq təşkilatların məsələyə illərdir laqeyd yanaşması, işğalçıya qarşı təsirli mexanizmləri işə salmamalarıdır. Məlumdur ki, ayrı-ayrı təşkilatlar, xüsusən BMT, NATO, ATƏT, Avropa Şurası lazım gələndə beynəlxalq hüququn təmin olunması istiqamətində qətiyyətli addımlar atır, siyasi və hərbi məzmunlu qərarlar qəbul edə bilirlər. Lakin Azərbaycan torpaqlarının işğalına münasibətdə bunların heç biri baş vermədi. Bütün dünyanın gözü qarşısında Ermənistan beynəlxalq hüqunun normalarını kobud şəkildə pozub, Azərbaycanın ərazi bütövlüyünə qəsd olunub. BMT-nin 1993-cü ildə qəbul etdiyi 4 qətnamə, o cümlədən ATƏT-in və Avropa Şurasının müxtəlif illərdə qəbul etdiyi sənədlər kağız parçasına çevrilib.

Prezident İlham Əliyev bu günlərdə həm BMT-nin tribunasından, həm Avropa İttifaqının Cənubi Qafqaz üzrə təmsilçisi ilə söhbəti zamanı bu məsələlərə ətraflı toxundu, beynəlxalq təşkilatları həm də Ermənistana qarşı təsirli mexanizmlər tətbiq etməyə çağırdı, həm də Ermənistanın son vaxtlar intensivləşdirdiyi təxribatçı əməlləri diqqətə çatdırdı. Əlbəttə, beynəlxalq təşkilatlar, bu gün Azərbaycanı danışıqlara dəvət edən dövlətlər vaxtında Ermənistana təsir etsəydilər, cəbhədə yenidən hərbi əməliyyatlar başlamazdı, problemin danışıqlar yolu ilə həlli istiqamətində işlər davam edərdi.

Beynəlxalq ictimaiyyətin susqunluğunun, hətta bəzi dövlətlərin təəssübkeşliyinin nəticəsidir ki, Ermənistan özünü tam cəzasızlıq mühitində hesab edərək yenidən Azərbaycan torpaqlarına hücuma keçdi. Ancaq unutdular ki, Azərbaycan 1990-cı illərin əvvəllərindəki dağınıq ölkə deyil. Azərbaycan iqtisadi cəhətdən kifayət qədər inkişaf etmiş, güclü orduya malik, Ermənistandan fərqli olaraq bir çox millətlərin nümayəndələrinin mehriban şəkildə yaşadığı multikultural, tolerant bir ölkədir. Paşinyan hakimiyyəti Azərbaycanın əks-hücum əməliyyatlarına başlayacağını güman etmirdi. Bəli, Tovuzda Azərbaycan Ordusu yalnız erməni hərbi bölmələrini ərazilərimizdən çıxardı. Prezidentin qeyd etdiyi kimi, bizim başqa ərazilərdə gözümüz yoxdu. Amma işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın beynəlxalq hüquq normaları ilə tanınmış əraziləridir. BMT həmin torpaqları Azərbaycan ərazisi olaraq tanıyır. BMT Nizamnaməsinin 51-ci maddəsi isə respublikamıza öz ərazi bütövlüyünü təmin etmək hüququ verir. Bu Nizamnaməyə əsasən heç nə təcavüzə məruz qalmış dövlətin fərdi və ya kollektiv özünümüdafiə haqqını gerçəkləşdirməsini əngəlləmir.

Bu günlərdə cəbhə xəttində işğalçı Ermənistan ordusuna qarşı uğurlu hərbi əməliyyatlar həyata keçirən Azərbaycan məhz beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutur. Elə bir vəziyyət yaranıb ki, heç bir dövlət və ya təşkilat Azərbaycana bu müharibəyə görə irad tuta bilməz. Çünki döyüşlər Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində gedir.

Prezident İlham Əliyev hər zaman bəyan edib ki, ikinci Ermənistan dövlətinin yaradılmasına imkan verilməyəcək və respublikamız istənilən yolla ərazi bütövlüyünü bərpa edəcək. Bu günlərdə Ordumuz cəbhə xəttində uğurlu hərbi əməliyyatlar həyata keçirməkdədir. Düşmənin ön xətt mövqeləri darmadağın edilib, bəzi kəndlərimiz işğaldan azad edilib. Bu gün istər işğal olunmuş Dağlıq Qarabağda, istərsə Ermənistanın özündə ciddi humanitariqtisadi fəlakət baş verməkdədir. Nə qədər gizlətməyə çalışsalar da, Ermənistanın canlı itkisi kifayət qədər böyükdür, xəstəxanalar yaralılarla dolub. Vəziyyət o həddə gəlib çatıb ki, Ermənistanda yaşlı kişilərin, qadınların döyüşlərə cəlb olunması müzakirə edilir.

Son günlər beynəlxalq təşkilatlardan, ayrı-ayrı dövlətlərin rəhbərləri tərəfindən əməliyyatların dayandırılması barədə çağırışlar eşidilməkdədir. Amma görəsən niyə indiyə kimi həmin təşkilatlar Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən BMT qətnamələrinin yerinə yetirilməsinə çağırış etməyiblər. Niyə bu təşkilatlar Tovuz hadisələrində Ermənistanın işğalçı dövlət olduğunu bəyan etmədilər. Ağdamda 9 yaşlı Fariz, Füzulidə 2 yaşlı Zəhra ermənilər tərəfindən öldürüləndə bu təşkilatlar harada idilər. Niyə o zaman Ermənistanın uşaq və körpə qatili olduğunu demirdilər.

Ona görə bu gün Azərbaycana atəşkəs çağırışını etməyin özü belə ikili standartların göstəricisidir. Azərbaycanı atəşkəsə dəvət etməkdənsə, Ermənistanı işğal olunmuş əraziləri tərk etməyə çağırmaq lazımdır.

Qarabağ Azərbaycandır!

 

Zahid CƏFƏROV,

Bakı Dövlət Universitetinin

Əmək ekologiya hüququ kafedrasının professoru,

hüquq üzrə elmlər doktoru

 

Azərbaycan.- 2020.-2 oktyabr.- S.6.