Düşmən Tapqaraqoyunluda dinc sakinlərin
evlərini hədəf alır
Sentyabrın 27-i səhər saatlarından başlayaraq Ermənistan silahlı bölmələrinin hücumuna əks-həmlə ilə cavab verən Azərbaycan Ordusunun ağır zərbələri qarşısında xeyli sayda canlı və hərbi-texniki itkilərə məruz qalan düşmən cəbhəboyu kəndləri və dinc sakinləri atəşə məruz qoyur.
AZƏRTAC-ın
bölgə müxbiri xəbər verir ki, hazırda
bütün cəbhəboyu ağır döyüşlərin
davam etdiyi bir vaxtda ən çox düşmən təxribatına
məruz qalan yaşayış məntəqələrindən
biri də Goranboy rayonunun Tapqaraqoyunlu kəndidir.
Rəşadətli
Ordumuzun əks-həmləsi ilə strateji əhəmiyyətli
Talış yüksəklikləri düşməndən geri
alındıqdan sonra bu yüksəkliklərlə üzbəüz
yerləşən Tapqaraqoyunlu kəndi erməni birləşmələri
tərəfindən daha intensiv atəşə məruz
qalıb.
Kənddəki
yaşayış evlərini, dinc sakinləri, eləcə də
əhalinin təsərrüfatını hədəfə alan
düşmən Cenevrə konvensiyasının müddəalarına
zidd olaraq, cəbhədəki məğlubiyyətinin əvəzini
dinc sakinlərdən çıxmaq istəyir.
Hazırda düşmən təxribatı nəticəsində Tapqaraqoyunluda onlarla ev, yardımçı təsərrüfatlar qismən, yaxud tamamilə dağılıb. Kənd sakinləri arasında düşmənin atdığı mərmilər nəticəsində xəsarət alanlar da var.
Bununla belə Tapqaraqoyunlu sakinləri arasında böyük ruh yüksəkliyi
var. Kənd sakini Azər
Nağıyev deyib: "Tapqaraqoyunlu
qəhrəman kənddir. Hələ 1990-cı
illərin əvvəlində bizim
silahlı qüvvələr yenicə formalaşmağa
başladığı bir dövrdə
düşmən dəfələrlə bu
kəndi işğal etmək istəmişdi,
amma istəyinə nail
ola bilməmişdi. 2016-cı ilin Aprel döyüşlərində
də düşmənin silahlı birləşmələri
kəndimizi – evləri, yolları, məktəbi və dinc sakinləri atəşə məruz qoydu, dağıntı törətdilər. Onda da istəkləri baş tutmadı. Ümumiyyətlə, bizim kəndimizin sakinləri 27 ildir
ki, düşmənlə üz-üzə
dayanıb, hər səhərini atəş səsləri ilə
açıb. Biz ordumuza
inanır, qələbə müjdəli xəbərlər
gözləyirik”.
Azərbaycan.-2020.-2 oktyabr.- S.10.