Daha 30 il gözləməyə vaxtımız yoxdur
Prezident İlham Əliyev "Əl-Cəzirə”
televiziya kanalına müsahibəsində Azərbaycanın
haqlı mövqeyini beynəlxalq ictimaiyyətə növbəti
dəfə çatdırdı
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də "Əl-Cəzirə” televiziya kanalına müsahibə verib.AZƏRTAC müsahibəni təqdim edir.
Jurnalist: Azərbaycan Respublikasının Prezidenti, "Əl-Cəzirə”yə müsahibə verdiyiniz üçün Sizə təşəkkür edirəm.
Prezident İlham Əliyev: Sizi görməyə çox şadam.
-Ermənistan və Azərbaycan arasında hazırkı münaqişə 20 ildən artıqdır ki, başlayıb. Müəyyən irəliləyişlər və geriləmələr olmuşdur, lakin bu vaxta kimi sülhə nail olunmamışdır. Niyə görə bu münaqişə bu qədər uzun çəkir?
-Əsas səbəb odur ki, Ermənistan sülh istəmir. Onlar bizim torpaqları həmişəlik işğal altında saxlamaq istəyirlər. Onlar status-kvonu dəyişmək istəmirlər və bu da münaqişənin bu qədər uzun çəkməsinin səbəbidir. Əgər Ermənistan iradə göstərsəydi və əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı, münaqişə uzun illər bundan əvvəl həll edilmiş olardı. Çünki 1993-cü ildə Ermənistan ərazilərimizin bir hissəsini işğal etdikdə BMT Təhlükəsizlik Şurası qoşunların bizim ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul etdi. Lakin bu qətnamələr kağız üzərində qalmaqdadır. Həll yolunun tapılması üçün vasitəçilik aparmaq məqsədilə Minsk qrupu artıq 28 ildir ki, fəaliyyət göstərir və heç bir nəticə yoxdur. Qeyd etdiyim kimi, əsas səbəb Ermənistanın mövqeyidir, ikinci səbəb Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına başlamaq üçün vasitəçilər tərəfindən təkid göstərilməməsi və təzyiqin olmamasıdır. Bir çox hallarda mən bu məsələni qaldırmışam və demişəm ki, Ermənistanı qətnamələrin tələblərinə əməl etməyə məcbur etmək və torpaqlarımızın boşaldılmasına başlamaq üçün ona qarşı beynəlxalq sanksiyalar tətbiq olunmalıdır. Lakin mənim müraciətlərimə müvafiq şəkildə cavab verilməmişdir və indi baş verənlər Ermənistanın destruktiv siyasətinin nəticəsidir.
-Beləliklə, Siz deyirsiniz ki, Azərbaycan beynəlxalq
müstəvidə narahatlıq doğuran hüquqi məsələlərə
görə beynəlxalq səviyyədə layiq olduğu dəstəyi
almır?
-Beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərar və qətnamələri baxımından bizim çox geniş dəstəyimiz var. Dediyim kimi, beynəlxalq ali orqan olan BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın qoşunlarının geri çəkilməsini tələb edən qətnamələr qəbul etmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası eynisini edib. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar və başqaları eynisini edib, lakin bu, kifayət etmir. Beləliklə, münaqişənin həlli üçün hüquqi çərçivəmiz var, lakin təcavüzkara kifayət qədər praktiki təzyiq yoxdur. Beləliklə, biz burada beynəlxalq hüquq və reallıqda baş verənlər arasında ziddiyyət görürük. Ermənistan tərəfindən beynəlxalq hüquqa və normalara açıq şəkildə məhəl qoyulmaması beynəlxalq hüququn işləmədiyinin və ya selektiv üsulla işlədiyinin yaxşı göstəricisidir. Bildiyiniz kimi, bəzi hallarda Təhlükəsizik Şurasının qətnamələri bir neçə gün, bəlkə də bir neçə saat ərzində icra olunur. Lakin bizə gəldikdə qətnamələr uzun illərdir ki, kağız üzərində qalıb. Beləliklə, təcavüzkara praktiki təzyiqin olmaması münaqişənin nəyə görə bu qədər uzun çəkməsinin səbəblərindən biridir.
-Siz Ermənistanı bu müharibəni, bu
münaqişəni başlamaqda
günahlandırırsınız. Bir çoxları iddia edə
bilər ki, Ermənistan öz cari ərazisini və 2018-ci ildəki
məxməri inqilabdakı qələbəni nəzərə
alaraq münaqişənin başlamasına risk etməzdi. Buna
Siz nə deyərdiniz?
-Bu cür təhlillərin səbəbinin nə olduğunu bilmirəm. Lakin biz burada nə görürük, biz yerlərdə nə baş verdiyini görürük. Əgər son iki ildə "inqilab”dan sonra Ermənistanın nə etdiklərinə və nə bəyan etdiklərinə nəzər salsaq görərik ki, onlar bizi həmişə təhrik ediblər və yeni müharibəyə başlamağı hədəfə alıblar və bunun səbəbi danışıqları tamamilə pozmaq idi. Onlar Azərbaycana qarşı bir neçə hərbi təxribat törədiblər. İyulun 12-də onlar münaqişə regionundan çox uzaqda olan Tovuz rayonunda, Azərbaycanın qərbində, Ermənistan-Azərbaycan sərhədindəki kəndlərimizə və hərbi mövqelərimizə hücum ediblər. Onların bunu nə üçün etdiklərini başa düşmək çox çətin idi. Onlar ağır artilleriya ilə bizə hücum etdilər. Hərbi qulluqçular arasında ilk itkiləri Azərbaycan tərəfi verdi. Bizim dörd hərbi qulluqçumuz və 76 yaşlı bir kəndli dərhal öldürülmüşdür. Beləliklə, biz cavab tədbiri görməli idik. Cavab verdikdən və onlar acı məğlubiyyətlə üzləşdikdən sonra geri çəkildilər, atəşkəs üçün yalvarmağa başladılar. Onda da mən dedim ki, bizim Ermənistanın ərazisində heç bir hərbi məqsədlərimiz yoxdur. Biz onları geri oturdan kimi və onlar istədiklərini həyata keçirə bilmədiklərini başa düşən kimi toqquşmalar dayandı. Toqquşmalar yalnız dörd gün davam etdi. Sonra avqustun 23-də Ermənistan ordusu tərəfindən ərazimizə daxil olmaq və terror aktlarını törətmək üçün göndərilmiş diversiya qrupu dağıdılmışdır və bu diversiya qrupunun başçısı yaxalanmışdır. Hazırda o, istintaq altındadır. O, mülki vətəndaşlarımıza və hərbi qulluqçularımıza qarşı terror aktları törətmək üçün göndərildiyini bildirən ifadələr verir. Bunu biz etməmişdik, bunu onlar etdilər. Sonra sentyabrın 27-də baş verənlər bu siyasətin məntiqi davamıdır. Bundan əlavə, biz onların bəyanatlarına, söylədiklərinə nəzər salsaq, onların bizi təhrik etməsi açıq-aşkar görünür. Bir il bundan əvvəl Ermənistanın baş naziri "Qarabağ Ermənistandır” bəyan etmişdir və bu bəyanat danışıqları tamamilə mənasız edir. Çünki danışıqlar masasında olan əsas məsələlərdən biri işğal edilmiş ərazilərin Azərbaycana qaytarılmasıdır. Əgər o, "Qarabağ Ermənistandır” deyir və onun anlayışına görə Qarabağ təkcə keçmiş Dağlıq Qarabağ muxtar vilayəti deyil, buraya bütün işğal olunmuş ərazilər daxildir. Bu, onların bu əraziləri geri qaytarmaq istəmədikləri, bu, danışıqların sonu deməkdir.
-Ermənistan nəyə görə risk edib təxribata
əl atıb?
-Birincisi, hesab edirəm ki, onlar danışıqlar prosesini tamamilə məhv etmək istəyirdilər. Sonra onlar etdikləri kimi, buna görə bizi günahlandırmaq və "baxın, Azərbaycanla danışıqlar aparmaq mümkün deyil” söyləmək istəyirdilər. Hesab edirəm ki, səbəblərdən biri də onların daxili çətinlikləri ola bilər. Çünki biz indi Ermənistanda baş verənləri bilirik. Onlar çox ciddi siyasi böhrandan əziyyət çəkirlər. Hücuma keçməmişdən iki gün əvvəl əsas müxalifət partiyasının rəhbəri həbs edilmişdir. Sabiq iki prezident barədə cinayət araşdırması aparılır. Faktiki olaraq, Ermənistanda diktatura rejimi yaradılmışdır. İnqilabdan sonra baş nazirin verdiyi bütün vədlər kağız üzərindədir. Heç nə icra edilməmişdir. Orada adambaşına görə pandemiya ilə əlaqədar vəziyyət dünyada ən pis vəziyyətlərdən biridir. Beləliklə, diqqəti yayındırmaq lazım idi və o, bunu edə bildi. İndi isə o, nə etməyə çalışır? Guya Azərbaycanın təcavüzü qarşısında cəmiyyəti bir araya gətirmək və öz şəxsi hakimiyyətini gücləndirmək istəyir. Beləliklə, onların fikrincə, hər şey çox məntiqlidir, lakin onlar çox böyük səhv etdilər. Bundan əlavə, təcavüzdən bir neçə gün əvvəl mən BMT Baş Assambleyasında çıxış etdim və dedim ki, onlar müharibəyə hazırlaşırlar və onları dayandırmaq lazımdır. Bu da baş verdi.
-Bundan əvvəl Siz dediniz ki, Ermənistan ordusu
işğal etdikləri ərazilərdən qeyd-şərtsiz
çıxmalıdır, indi regionda hansı məqsədləriniz
var?
-Kim, biz?
-Bəli, Azərbaycan
olaraq.
-Bizim mövqeyimiz dəyişməz
olaraq qalır. Mənim tələb etdiklərim
tamamilə beynəlxalq hüquqa müvafiqdir, çünki
bütün dünya Azərbaycanın ərazi
bütövlüyünü tanıyır və
dünyanın heç bir ölkəsi "Dağlıq
Qarabağ respublikası”nı tanımır. Mənim söylədiyim sözlər demək olar
ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin
mətnidir. Onlar bizim ərazilərimizi tərk
etməlidir və yalnız ondan sonra müharibə dayanacaq,
münaqişəyə son qoyulacaq. Ola
bilsin müəyyən müddət keçdikdən sonra Ermənistan
və Azərbaycan xalqları sülh şəraitində
birlikdə yaşaya biləcəklər. Bu,
bizim mövqeyimizdir və o, dəyişməzdir. Bu, tarixi həqiqətə, beynəlxalq hüquqa və
həmçinin düşünürəm ki, regionumuzdakı
bu günün siyasi və geosiyasi reallıqlarına əsaslanır.
Hesab edirəm ki, Ermənistan hökuməti
özlərinin qlobal arenada "əhəmiyyətinə”,
onlara göstərilə biləcək mümkün beynəlxalq
dəstəyə həddindən artıq böyük qiymət
veriblər və bizi təhrik etməklə, bizə hücum
etməklə böyük səhvlərə yol veriblər.
İndi də onlar ciddi məğlubiyyət
acısını yaşayırlar.
-Siz Ermənistanın baş naziri Nikol Paşinyanla
danışıqlar masasına getməyi qəbul edərdinizmi?
-Əslində,
danışıqlar dayanıb. Çünki onun "Qarabağ Ermənistandır”
ifadəsindən sonra mən danışıqlar
üçün heç bir imkanın
olmadığını dedim. Lakin Minsk qrupunun həmsədrləri
Ermənistan hakimiyyətinin yeni olduğunu, ola
bilsin emosiyalarına və sözlərinə tam hakim ola bilmədiyi
üçün məndən xahiş edərək deyirdilər
ki, Azərbaycan daha çox anlayış göstərsin. Mən
dedim ki, yaxşı, gəlin cəhd edək. Biz
sülh yolunu tapmaq istəyirik, ona görə də biz uzun illərdir
ki, gözləyirdik və bu yayındırıcı
yanaşma olmasaydı, yəqin danışıqlar davam edəcəkdi.
Bu bəyanatdan sonra mənim Ermənistanın
baş naziri ilə görüşüm oldu. Lakin görüşlər tamamilə mənasız
idi, rəsmi xarakter daşıyırdı. O, mənə
əraziləri geri qaytarmayacaqlarını deyirdi. Əgər onlar bunu etmək istəmirlərsə, əgər
onlar neçə illər ərzində Minsk qrupu tərəfindən
hazırlanmış prinsiplərə qarşı
çıxırlarsa və danışıqları məhv
edirlərsə, bundan sonra nədən danışmaq olar ki?
Danışıqlar birtərəfli qaydada
aparıla bilməz. Bizim tərəfdaşımız
olmalıdır. Lakin Ermənistanın
simasında bizim hələ danışıqlarda tərəfdaşımız
yoxdur.
-Onda
danışıqlar masasına qayıtmaq üçün Azərbaycanın
ilkin şərti kimi Ermənistanın işğal olunmuş ərazilərdən
çıxmasını deyə bilərikmi?
-Əslində, Ermənistanın
baş naziri bizə qarşı ilkin şərtlər irəli
sürüb.
Yeri gəlmişkən, düşünürəm
ki, bu da növbəti təxribatdır. Bir
neçə ay öncə o, Azərbaycan üçün
yeddi ilkin şərt irəli sürmüşdü. Əslində, o, öz gündəliyini bizə və
Minsk qrupuna diktə etmək istəyirdi. Bu
ilkin şərtlərdən biri də ondan ibarət idi ki, Azərbaycan
"Dağlıq Qarabağ hökuməti” ilə
danışıqlar aparmalıdır. Bunu
təkcə biz yox, həm də Minsk qrupu rədd etdi. Çünki bu, iyirmi ildən çox müddət
ərzində hazırlanmış danışıqların
formatını tamamilə dəyişir. Danışıqlar
Ermənistan və Azərbaycan arasında aparılır.
Beləliklə, o, bizə qarşı ilkin
şərtlər irəli sürür və biz onları rədd
etdik. Onun bunu etmə səbəbi
ondadır ki, o, danışıqların dayanmasını və
status-kvonun dəyişməz olaraq saxlanmasını istəyirdi.
Bizə gəldikdə, biz həmişə
danışıqlara hazırıq. Biz
heç vaxt danışıqlardan imtina etməmişik.
Əvvəlki illərdə danışıqlar
prosesində çətin vaxtlar yaşamışıq.
Heç də hər şey rəvan getmirdi.
Lakin Ermənistanın əvvəlki rəhbərləri
ilə bizim prosesimiz olub və biz mərhələli
yanaşmanı işləyib hazırlamışdıq.
Əks halda, biz bu qədər uzun illər bu
prosesdə iştirak etməzdik. Bu,
faydasız vaxt deyildir. Hesab edirəm ki, biz
çox böyük irəliləyişə nail olmuşduq.
Mən bu prosesdə 2003-cü ildən bəri
iştirak edirəm. Mən Ermənistanın
iki sabiq prezidenti ilə işləmişdim. Biz irəliləyişə
nail olduq, bu, asan deyildi. Bizdə
çox müxtəlif fikirlər var idi, lakin biz mərhələli
şəkildə irəliləyirdik və indiki məqamda əldə
etdiklərimizi işləyib hazırlamışdıq. Paşinyan hakimiyyətə gəldikdən sonra nəinki
ondan əvvəl olanları məhv etdi, o, ondan əvvəl sanki
Ermənistanın mövcud olmadığı və indi yeni
Ermənistanın yaradıcısı kimi davranmaq istəyirdi.
O, işlənilmiş bütün prinsipləri məhv etdi. Buna görə bütün məsuliyyət onun və
onun hökumətinin üzərindədir.
Yeri gəlmişkən, Ermənistanda
rasional insanlar bunu başa düşür. Onlar Ermənistan
əhalisinə xəbərdarlıq edərək bu şəxsin
onların ölkəsini fəlakətə apardığı
ilə bağlı bəyanatlar verirlər. Danışıqlarda belə davranmaq olmaz, Azərbaycanı
belə təhrik etmək olmaz.
Digər bir təxribat Azərbaycanın
qədim Şuşa şəhərində
qondarma "Dağlıq Qarabağ lideri”nin qondarma
"andiçmə” mərasiminin təşkil olunması idi.
Heç bir digər qondarma "Dağlıq
Qarabağ lideri” bunu etməmişdir. O, bunu nəyə
görə etdi? Azərbaycanlıların hisslərini
təhqir etmək üçün. Sonra
onlar qondarma "Dağlıq Qarabağın parlamenti”ni Xankəndidən
Şuşaya köçürməyi qərara aldılar.
Nə üçün? Azərbaycanlılara
qarşı daha bir təhqir. Onlar
işğal olunmuş ərazilərdə Livandan olan erməniləri
açıq şəkildə məskunlaşdırır və
bunu televiziyada nümayiş etdirirlər. Bu,
Cenevrə Konvensiyasının kobud şəkildə
pozulmasıdır və burada məqsəd onların bizə
qarşı nifrətini nümayiş etdirmək idi. Onun etdiyi hər şey danışıqlar prosesini məhv
etmək məqsədini daşıyırdı. Lakin indi
onlar danışıqların aparılması
üçün yalvardıqda, Paşinyan dünya liderlərinə
dəfələrlə zəng etdikdə və Azərbaycandan
şikayət etdikdə, hesab edirəm, bu liderlər ona deməlidirlər
ki, sən danışıqlar prosesini pozdun, sən Azərbaycanı
təhrik etdin, sən azərbaycanlıların hisslərini təhqir
etdin. Ona görə sən bunun
üçün məsuliyyət daşımalısan. Erməni xalqı, - mən bir neçə gün
bundan əvvəl Ermənistan xalqına müraciət etdim, -
buna görə onu məsuliyyətə cəlb etməlidir.
Bizim erməni xalqı ilə problemimiz yoxdur.
Onlar bizim vətəndaşlarımızdır.
Azərbaycanda minlərlə erməni
yaşayır və Dağlıq Qarabağda yaşayanları
da öz vətəndaşlarımız hesab edirik. Biz onları Azərbaycanda bir çox digər millətlərin
və etnik azlıqların nümayəndələri kimi
bizimlə birlikdə yaşamağa dəvət edirik. Buna görə Ermənistan bu təhrikedici bəyanatları
səsləndirməkdən tamamilə çəkinməlidir,
onlar "Qarabağ Ermənistan deyil” kimi yeni bəyanatla
çıxış etməlidir və sonrasına biz
baxarıq.
-Beləliklə,
bu siyasi dalanda Rusiya vasitəçiliyi Azərbaycan
üçün məqbuldurmu?
-Rusiya Amerika Birləşmiş
Ştatları və Fransa ilə birlikdə vasitəçi
olan ölkələrdən biridir. Bu prosesdə iştirak etdiyim 17 il ərzində hər üç ölkə
prosesdə eyni dərəcədə iştirak edib. Prosesdə kifayət qədər yüksək səviyyədə
koordinasiya var. Əlbəttə ki, Rusiyanın xüsusi
mövqeyi var, çünki o, regionda Azərbaycana qonşu
ölkədir, onun Ermənistanla dövlət sərhədi
yoxdur. Lakin buna baxmayaraq, Rusiya Azərbaycan
və Ermənistanla yaxşı münasibətləri və
tarixi münasibətləri olan bir ölkədir. Buna
görə əlbəttə ki, vasitəçilik etmək
üçün onların rolu və bacarığı
obyektiv səbəblərə görə regiondan uzaqda yerləşənlərlə
və ola bilsin, son onillikdə burada nələrin
baş verdiyini tam şəkildə bilməyənlərlə
müqayisədə çox yüksəkdir.
Ona görə də
düşünürük ki, üç ölkə birlikdə
işləməyə davam etməlidir, əgər onların
hamısı neytrallığı qorusa. Bu,
mühümdür. Son günlərdə əks-təsir
göstərən, neytrallıq mövqeyində müəyyən
dəyişikliyi nümayiş etdirən bəzi bəyanatlar
görməyimiz bizi narahat edir. Hər bir ölkənin
öz mövqeyi ola bilər, bu,
normaldır. Lakin əgər siz belə həssas
məsələdə vasitəçisinizsə, bu mövqedən
çıxış etməlisiniz. Əgər milli
mövqeyinizdən çıxış etmək istəyirsinizsə,
onda siz Minsk qrupunun həmsədrliyindən
çıxmalısınız, istədiyinizi deyin, kimi istəyirsinizsə
onu günahlandırın, baş verənlərlə
bağlı sübutu olmayan xəbərlər verin və
sözsüz ki, heç kim etiraz etməyəcək.
Lakin əgər siz vasitəçisinizsə,
neytral olmalısınız, vasitəçi
olmalısınız. Əks halda, vasitəçilik
bizim tərəfimizdən qəbul edilməyəcək.
-Beynəlxalq
ictimaiyyət atəşkəs
çağırışları edir. Lakin həm Azərbaycan,
həm də Ermənistan tərəfinin son bəyanatlarını
nəzərə alaraq, Siz atəşkəslə bağlı
beynəlxalq ictimaiyyətin
çağırışlarına məhəl qoymamaq
seçimini edirsiniz?
-Xeyr, biz buna göz yummuruq. Lakin atəşkəs birtərəfli qaydada əldə
oluna bilməz. Bu günlərdə mənə
zəng vuran liderlərə bu mesajı çatdırmağa
çalışıram ki, başlayan Azərbaycan tərəfi
olmayıb. Biz özümüzü
müdafiə etməli idik. Əgər biz
bu dəfə etdiyimiz kimi cavab verməsəydik, bu gün
mülki şəxslərimiz arasında yüzlərlə
itki olacaqdı. Hələ də itkilərimiz
çoxdur. Bu səhər mən məlumat
aldım ki, mülki şəxslər arasında 19 itkimiz var,
onlardan 2-si uşaqdır. Mülki
insanlarımız arasında 54 yaralı var. Ermənilərin
artilleriya hücumu nəticəsində 300-dən çox evə
ziyan dəyib və ya tamamilə dağılıb. Onlar bizim kəndlərə, insanlarımıza
hücum edir, bacardıqları qədər çox azərbaycanlı
öldürmək istəyirlər. Dünən
onlar Ermənistan ərazisindən uzaq məsafəli raketlərdən
istifadə etməyə başladılar. Bununla
da onlar istifadə etdikləri bu silahları Azərbaycan
üçün qanuni hədəfə çevirirlər və
biz bu hədəfləri məhv etməliyik. Sonra isə onlar bizi günahlandıracaqlar ki, biz Ermənistan
ərazisinə hücum edirik. Onlar bunu istəyirlər.
Onlar münaqişəyə
üçüncü tərəfləri cəlb etmək istəyirlər
ki, bu tərəflər onları müdafiə etsinlər və
onlar üçün daha 30 illik qanunsuz işğalı təmin
etsinlər. Atəşkəs – yaxşı, bəs,
hansı şərtlərlə? Şərtlər
belə olmalıdır ki, onlar ərazilərdən
çıxmalıdırlar. Mən 2 gün bundan əvvəl
dedim ki, qoy onlar çıxmağa başlasınlar, qoy
çıxmaqla bağlı bizdə cədvəl olsun, qoy
onlar üzərlərinə vasitəçilər tərəfindən
təsdiq olunmuş ciddi öhdəliklər
götürsünlər, atəşkəs rejiminə əməl
etsinlər və əlbəttə ki, biz də eyni şeyi edəcəyik.
Bu hərbi toqquşma bizim nəyimizə
lazımdır? Bizə
torpaqlarımızın sülh yolu ilə geri qayıtması
lazımdır. Biz sülh yolu ilə həllə istəkli
olduğumuzu 28 il ərzində
nümayiş etdirdik. Bu 28 il ərzində
toqquşmaların olduğu vaxtlar oldu və ən
böyüyü indidir. Daha biri 4 il bundan əvvəl
olmuşdu. Beləliklə, bu, bizim
mövqeyimizdir və Ermənistan tərəfdən siyasi və
hərbi təxribatlar barədə dediklərimi nəzərə
alsaq, düşünürəm ki, bu, tamamilə
ağlabatandır.
-Sonuncu
münaqişəyə baxdıqda, Azərbaycan Ordusu cəbhədə
müəyyən irəliləyişə nail olub və
xüsusilə Füzuli rayonu ətrafında bəzi kəndləri
geri alıb. Bu, o deməkdir ki, Azərbaycan geri
qaytardığı həmin ərazilərdən geri çəkilməyə
hazırlaşmır?
–Xeyr, əlbəttə ki, xeyr! Çünki bu ərazilər bizə məxsusdur.
Bu ərazilər qədim
torpaqlarımızdır. Bu ərazilər
bizim insanların əsrlərboyu yaşadığı ərazilərdir
və onlar ermənilər tərəfindən işğal
olunub və dağıdılıb. Füzulidə,
Ağdamda və Azərbaycanın başqa şəhər və
kəndlərində, işğal olunmuş ərazilərin cənub-şərqində
baş verənlərlə bağlı internetdə şəkillər
var. Onların bir neçə qanunsuz yaşayış məntəqələrinin
olduğu Laçın və Kəlbəcər rayonlarında
da dağıntılar var, lakin bu ərazidə olduğu qədər
ağır deyil. Bu, bizim
torpağımızdır. Biz onu geri
almışıq, biz onu güc yolu ilə geri
qaytarmışıq, biz onları itkilər verərək geri
qaytarmışıq, biz heç vaxt bundan geri dönməyəcəyik.
Biz orada yaşayacağıq. Bizim həmin ərazilərdən güclə
çıxarılmış insanlarımız bu gün demək
olar ki, 30 ildir bir arzu ilə, bir amalla yaşayır – geri
qayıtmaq. Mən sizə 2016-cı ilin
aprelində yenə də erməni təcavüzü nəticəsində
əks-hücuma keçməklə ərazilərimizin bir
hissəsini azad etməyimizlə bağlı əyani bir
nümunə göstərə bilərəm. Kəndlərimizdən biri ermənilər tərəfindən
dağıdılmışdı və azərbaycanlılar
geri qayıda bilmirdilər, çünki ermənilərin
mövqeləri dağlarda idi. Biz
qaçqınlar üçün yeni kənd tikdik və hətta
heç vaxt o torpağı görməyənlər, ondan
sonra dünyaya gələnlər belə hamısı Cocuq Mərcanlıya
qayıtdı. Mən demişdim ki, Cocuq Mərcanlı
ləyaqətimizin rəmzidir, iradəmizin rəmzidir və
Cocuq Mərcanlı bizim qayıdışımızın rəmzidir.
Mən demişdim ki,
qayıdışımız indi başlayır. Mən əminəm ki, o ərazilərdən
köçürülənlərin hamısı geri
qayıdacaq. Geri qayıtmağa yol yoxdur,
çünki hər şey dağılıb. Hər şey. Bir tikili belə
qalmayıb. Hər şey
dağılıb. Sözsüz ki, biz
kömək edib şəhərləri, kəndləri yenidən
quracağıq, onların əvvəlki adlarını
qaytaracağıq. Çünki ermənilər
bizə qarşı mədəni soyqırımı törədiblər.
Onlar işğal olunmuş ərazilərdə
bütün məscidləri dağıdıblar. Onlar məscidlərdə donuz və inək saxlamaqla
bütün müsəlmanları təhqir edirlər. Onlar şəhərlərimizin, kəndlərimizin
adlarını dəyişdiriblər. Bütün
adlar qaytarılacaq. Biz öz
torpaqlarımıza geri qayıdacağıq. Bu, bizim qanuni hüququmuzdur. Bu,
bizim üçün tarixi vəzifədir və əminəm
ki, biz buna nail olacağıq.
-Qafqaz çox
mürəkkəb regiondur, təkcə coğrafi nöqteyi-nəzərdən
deyil, həm də mədəniyyət, etnik mənsubiyyət
və sosial quruluş nöqteyi-nəzərdən. Siz xalqların öz müqəddəratını təyin
etmək hüququna inanırsınızmı?
–Bilirsiniz, bu, erməni təbliğatının
əsas etibarilə beynəlxalq hüquq üzrə mütəxəssis
olmayan sadə insanlardan ibarət beynəlxalq ictimai rəyi
çaşdırmaq üçün tez-tez istifadə etdiyi məqamdır.
Lakin beynəlxalq hüququn Helsinki Yekun
Aktında əks olunan əsas prinsiplərinin çox
aydın izahı var ki, orada ərazi bütövlüyü prinsipi
üstündür. Öz müqəddəratını
təyinetmə beynəlxalq hüququn mühüm prinsiplərindən
biridir. Lakin əgər biz geriyə
baxıb BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına nəzər
salsaq görərik ki, öz müqəddəratını təyinetmə
ölkələrin ərazi bütövlüyünə ziyan
vurmamalıdır. Başqa bir mühüm
məqam odur ki, ölkənin ərazi bütövlüyü
güc yolu ilə dəyişdirilə bilməz, ölkə əhalisinin
razılığı olmadan dəyişdirilə bilməz.
Ona görə də Dağlıq Qarabağ məsələsində
sözsüz ki, öz müqəddəratını təyinetmə
ermənilərin etmək istədikləri şəkildə
işləmir. Başqa bir arqument odur ki,
erməni xalqı artıq öz müqəddəratını
təyin edib. Onların müstəqil Ermənistan
dövləti var. Bu gün ermənilər hər yerdə
yaşayırlar. Onlar Fransada
yaşayırlar, onlar Amerikada yaşayırlar, onlar Rusiyada
yaşayırlar, onlar Yaxın Şərqdə
yaşayırlar. Qoy, onlar öz müqəddəratlarını
həmin ölkələrdə istəsinlər. Əgər ermənilər özlərinə məxsus
olmayan torpaqları istəsəydilər və sadəcə
olaraq, əksəriyyət olduqlarına görə həmin
torpaqları istəsəydilər, həmin ölkələrin
rəhbərliklərinin reaksiyası necə olardı? Bu, onların uzun illər istifadə etdikləri
taktikadır - gəlmək, dəstək istəmək, torpaq
istəmək və sonra özlərinin qondarma qədim tarixləri
barədə feyk xəbərlər hazırlamaqla və həmin
torpaqları özləri üçün tələb etməklə
ərazinin tarixi kimliyini dəyişməyə başlamaq.
Qoy Dağlıq Qarabağa öz müqəddəratını
təyinetmə vermək istəyən ölkələr
öz torpaqlarının bir hissəsini Dağlıq
Qarabağdan olan ermənilərə versinlər, onları qəbul
etsinlər və orada onlara öz müqəddəratını
təyinetmə hüququ versinlər. Onda
baxaram onların reaksiyası necə olacaq.
–Hazırda vəziyyət
necədir? Ruslar, iranlılar, türklər, fransızlar,
amerikalılar münaqişə ilə bağlı
narahatlığını ifadə edirlər. Bu münaqişə
nə vaxtsa regional ola bilərmi?
–Mən belə
düşünmürəm. Zənnimcə,
bunun üçün əsas yoxdur və biz bu münaqişənin
regional münaqişəyə çevrilməsinin qəti
olaraq əleyhinəyik. Ermənistanın
etmək istədiyi məhz budur. Ona görə
də onlar Azərbaycana bəzi xarici dəstəklə
bağlı feyk xəbərlər icad edirlər. Lakin, eyni zamanda, onlar özləri xarici dəstək
istəyirlər. Ona görə də mən elə hiss
edirəm ki, hazırda, döyüş meydanında çox
ciddi məğlubiyyətlə üzləşdikləri bir
vaxtda, onların əsas hədəfi bu münaqişəni
regional münaqişəyə çevirməkdir. Lakin mən əminəm ki, qeyd etdiyiniz ölkələr
heç vaxt bunun olmasına imkan verməyəcəklər.
Çünki regionumuzda təhlükəsizlik
bütün region ölkələrinin maraqlarına xidmət
edir və qeyd etdiyiniz ölkələr arasında Türkiyə,
Rusiya, İran region ölkələridir. Digər
ölkələrin bura ilə, regionla əlaqəsi yoxdur.
Onlar region ölkələri deyil. Onların danışıqlara şərait yaratmaqla
bağlı mandatı var, çünki bu, 1992-ci ildə
baş verib. Biz, şəxsən mən
Minsk qrupunun belə tərkibdə olmasına görə
cavabdeh deyilik. Sözsüz ki, əgər
biz sülhə şərait yarada biləcək hər hansı
kontakt qrupunun tərkibi ilə bağlı bu gün qərar
versəydik, əlbəttə, tərkib tamamilə fərqli
olardı. Mən konkretləşdirmək
istəmirəm, lakin bəzi ölkələrin qərəzli
davranışı səbəbindən həmin qrupda yeri
olmazdı. Beləliklə, biz, xüsusilə
region ölkələrinin münaqişədən kənar
durması, heç bir halda münaqişəyə müdaxilə
etməməsi üçün əlimizdən gələni
etməliyik və Ermənistana xəbərdarlıq etməliyik
– işğalı dayandır. İşğalı
dayandır və onda siz xeyrini görəcəksiniz. Onda siz uzun illər ərzində bu təcavüz səbəbindən
Ermənistan rəhbərliyinin Ermənistanı məhrum
etdiyi iqtisadi, investisiya, enerji və nəqliyyat sahələrində
regional layihələrə inteqrasiya edəcəksiniz. Beləliklə, biz bu münaqişənin
mümkün qədər tez bir zamanda dayanması, həllin
mümkün qədər tez tapılması üçün əlimizdən
gələni etməliyik. Biz "bunu
dayandırın, biz işləyəcəyik,
danışıqlar aparacağıq, yardım edəcəyik”
kimi bəyanatlara qulaq asmaq mövqeyində deyilik. Biz bunu dəfələrlə eşitmişik.
Bizim daha 30 il gözləməyə
vaxtımız yoxdur. Münaqişə indi həll
olunmalıdır. Ermənistana kömək etmək istəyənlər
onların, belə demək mümkünsə, yaxın tərəfdaşları
qoy onlara kömək etmək üçün desinlər ki, əraziləri
tərk edin, iradənizi nümayiş etdirin, atəşi
dayandırın, deyin ki, bu gün, ya sabah, bir həftəyə
mən Ağdamı tərk edəcəyəm, növbəti
dəfə, növbəti həftə Füzulini tərk edəcəyəm,
növbəti həftə Kəlbəcəri tərk edəcəyəm
və s. və biz dayanarıq. Bu, çox ədalətli
mövqedir. Bu, müharibəyə deyil,
sülhə istiqamətlənmiş mövqedir.
–Ankaranın bu
münaqişəyə hərbi nöqteyi-nəzərdən öz
təyyarələri və sair ilə cəlb olunmasına dair
Ermənistanın iddiaları barədə nə deyə bilərsiniz?
–Bu, yalan məlumatdır. Bunun sübutu yoxdur. Mən bununla
bağlı artıq bəyanatlar vermişəm. Türkiyə bizim qardaş ölkəmizdir. Ermənistanın hücumunun ilk günündən,
ilk saatından Türkiyə Azərbaycana tam dəstəyini
ifadə etdi. Qardaşım, Prezident
Ərdoğan dəfələrlə çox mühüm bəyanatlar
verib. Dünən parlamentin açılış
sessiyasında çıxış edərkən o, daha bir
mühüm bəyanat verdi ki, Türkiyə
Azərbaycanın yanındadır və Azərbaycan tək
deyil. Biz bu dəstəyi hiss edirik. Biz türk
qardaşlarımıza, Prezidentə və digər rəsmi
şəxslərə çox minnətdarıq. Lakin Türkiyə heç bir şəkildə
münaqişəyə cəlb olunmayıb. Ermənistanın artıq mediada yer almayan feyk xəbərlərindən
biri odur ki, Türkiyəyə məxsus F-16 təyyarəsi Ermənistanın
Su-25 təyyarəsini vurub. Bu, feyk xəbərdir.
Sübut haradadır? Sübut
yoxdur. Yerə enən və havaya qalxan hər
bir təyyarə kompüterdədir. Hər
kəs nə baş verdiyini görə bilər. Mən təəccüblənirəm, niyə Minsk
qrupunun həmsədr ölkələri – Fransa, ABŞ, Rusiya
buna münasibət bildirmir. Onlar bu feyk xəbərə
münasibət bildirmir. Onların bəziləri
Azərbaycan və Türkiyənin buraya terrorçular dəvət
etməsi kimi başqa feyk xəbərlərə münasibət
bildirir.
–Mən məhz bu
barədə soruşmaq istəyirdim, cənab Prezident. Ermənistan, həmçinin Türkiyəni
suriyalı müxalif döyüşçüləri Azərbaycana
gətirməkdə ittiham edir.
–Bu, tamamilə feyk xəbərdir. Eynilə Türkiyəyə məxsus F-16-nın
onların Su-25-ni vurması kimi feyk xəbərdir. Onların Su-25 təyyarəsi qəzaya
uğrayıb. Mənə məlumat
verilmişdi ki, o, pilotun təcrübəsizliyi ucbatından
dağa çırpılıb.
–Amma onlar bunu
sübut etmək üçün dəlillərinin
olduğunu deyirlər.
–Qoy göstərsinlər. Haradadır dəlil? Təkcə
Ermənistan deyil, əfsuslar olsun, mən dünən
eşitdim ki, Fransa prezidenti də bəyanat verib. O,
ayın 27-də axşam mənə zəng vurmuşdu, mən
ona bunun səhv, yanlış olduğunu dedim. O, bu bəyanatı
heç bir dəlil olmadan verib. Qoy o, bizə dəlil
versin, sübut versin. Yalnız sözlərdir.
Biz də çox söz deyə bilərik, amma
demirik, məsuliyyətli davranırıq. Azərbaycanda
hər hansı xarici ölkənin iştirakına dair
heç bir dəlil belə yoxdur. Biz nə
ediriksə, özümüz edirik. Bizim
qabil ordumuz var. Ordumuzda kifayət qədər insan var,
ehtiyatımızda kifayət qədər insan var. Mən qismən
səfərbərlik elan etmişəm. Bu,
bizə ehtiyac olacağı təqdirdə ehtiyatda olan on minlərlə
adamı cəlb etməyə imkan verəcək. Beləliklə, bizim buna ehtiyacımız yoxdur.
Ermənistanın buna ehtiyacı var,
çünki Ermənistan əhalisinin sayı azalır, cəmi
2 milyon nəfərdir. Ona görə də
onlar özləri Yaxın Şərqdən insanları cəlb
edirlər və bizim sübutumuz var, təkcə erməni əsilliləri
deyil. Yeri gəlmişkən, Yaxın
Şərqdən gələnlərin erməni əsilli
olması və ya qeyri-erməni əsilli olmasının heç
bir fərqi yoxdur. Əgər kimsə
xaricdən muzdlu kimi döyüşməyə gəlirsə,
bununla beynəlxalq səviyyədə məşğul
olunmalıdır. Bu ittihamlar tamamilə əsassızdır.
Biz onları rədd edirik və dəlillərin
ortaya qoyulmasını tələb edirik.
– Siz də Ermənistanın
gətirdiyi əcnəbi muzdlularla bağlı dəlilləri
ortaya qoyacaqsınızmı?
-Bizdə artıq bəzi kəşfiyyat
məlumatları var və bundan əlavə dünən mənə
göstərdilər ki, internetdə videolar var, Yaxın Şərqdən
olan insanlar erməni əsgərləri ilə birlikdə
oturub, onların formasını geyiniblər, onlarda Ermənistan
milli bayrağı var, onlar birlikdə oturub müzakirə
aparırlar. Səsi yoxdur, lakin
düşünürəm ki, bu, yetərlidir. Onlar buna görə məsuliyyət
daşımalıdırlar.
-Diplomatiya nə
vaxtsa işləyə bilərmi? Yoxsa, sizin
üçün yeganə həll müharibədir?
–Mən artıq demişəm ki, Ermənistan
beynəlxalq hüquqa əməl etsə, ərazilərin bir
hissəsindən vaxt cədvəlinə müvafiq olaraq dərhal
çıxmağa başlasa, - əlbəttə ki, biz Azərbaycanın
ərazi bütövlüyünü bərpa etməliyik, -
diplomatiya işləyə bilər. Yeri gəlmişkən,
Ermənistanda bu hökumət hakimiyyətə gəlməmişdən
əvvəl biz danışıqlar masasındakı məsələləri
müzakirə edəndə ilk bənd o idi ki, münaqişə
Azərbaycanın ərazi bütövlüyü əsasında
həll olunmalıdır. Bu, bərpa
olunmalıdır. Bizim tələbimiz budur
və düşünürəm ki, bunu tələb etməyə
haqqımız var.
-Azərbaycan
Prezidenti İlham Əliyev, "Əl-Cəzirə”yə
müsahibə verdiyiniz üçün çox sağ olun.
–Təşəkkür
edirəm.
Azərbaycan.- 2020.-4 oktyabr.- S.1-2.