Hədəfdə yenə dinc əhalidir

 

Erməni terroru amansızlıqla davam edir

 

 

Dünya çoxlu qanlı hadisələrə, döyüşlərə, qırğınlara şahidlik edib... Tarix saysız təcavüzkarlar görüb, xeyli işğalları, müharibələri qanlı səhifələrlə yazıb... Amma bu işğalların bir qırmızı xətti, müharibələrin müəyyən qayda-qanunu, döyüşlərin rəhmi olub...

Ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdiyi qanlı cinayətlərin, vəhşiliklərin isə Yer üzündə misli-bərabəri yoxdur. Elə təkcə Xocalı müsibəti erməni şovinizminin soyqırımı siyasətinin ən dəhşətlisi, insanlığa sığmayan, tarixdə görünməyən terror aktıdır. Xocalı soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifələrindən olmaqla bərabər, bəşər tarixinin də ən genişmiqyaslı və xüsusi amansızlıqla törədilmiş hərbi cinayətlərindəndir...

Əslində Azərbaycan xalqı tək XX əsrin sonlarından deyil, bir neçə yüz il öncədən erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Xalqımız tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilibbütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub.

 

 

Sərsəm erməni ideologiyası

 

 

Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam edib. Özübu siyasət ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilib. Əvvəlcə, 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan sonuncu 300 minə yaxın azərbaycanlı bu ərazidən qovulub. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni ideoloqlarının "dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərimizin, şəhərlərimizin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnib.

Ermənilər tarixən öz havadarlarının köməyi ilə Azərbaycan xalqına qarşı ərazi iddiasında olub, çörəyimizi yeyib, sərvətlərimizdən istifadə edib namərdcəsinə bizə arxadan zərbə vurublar, tarixi torpaqlarımıza, dədə-baba yurdumuza qəddarcasına soxularaq işğal ediblər, xalqımıza qarşı soyqırımı törədiblər. Vəhşiliklərini, amansızlıqlarını, zalımlıqlarını tarixə qanla, dinc, əliyalın əhalini qırmaqla yazıblar.

 

 

 

Qaradağlı sakinləri ermənilərin soyqırımına məruz qalıb

 

Erməni faşistləri tərəfindən işğal olunmasından 28 il ötən Xocavənd rayonunda dinc əhaliyə qarşı soyqırımı aktı həyata keçiriblər. İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış ev dağıdılıb. Xocavəndlilərdən 145 nəfər şəhid olub, 300 nəfərdən çoxu sağlamlığını itirərək əlil olub, 243 uşaq valideynlərindən birini, 3 uşaq hər iki valideynini, 68 qadın həyat yoldaşını itirib.

Dörd ay mühasirədə qalan Qaradağlı kəndinə ermənilərin hücumu zamanı kənd tamamilə dağıdılıb, əhalisinə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub. 800-dən çox əhalisi olan bu qədim Azərbaycan kəndinin girov götürülən 118 sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 33 nəfər isə güllələnib. Ermənilər öldürülən və yaralı halda olan kənd sakinlərini bir yerdə təsərrüfat quyusuna tökərək üzərini torpaqlayıblar.

Böyük çətinliklərlə əsirlikdən azad olunan 50 kənd sakinindən 5-i qadın olmaqla 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib.

Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsidir. Faciə nəticəsində iki ailənin hər birindən 4 nəfər, 6 ailənin hər birindən isə 2-3 nəfər öldürülüb. Bundan başqa, 43 ailə öz başçısını itirib, bir ailənin hər iki valideyni qətlə yetirilib, 146 uşaq yetim qalıb. Qaradağlı kəndində 91 nəfər - kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Öldürülənlərdən 21-i ahıl və qoca, 10-u qadın, 8-i isə məktəbli olub.

 

 

Tarixdə Xocalı müsibətinə bənzər hadisə yaşanmayıb

 

 

Xocalı dəhşətinə, müsibətinə bənzər hadisə isə tarixdə yaşanmayıb. Körpə uşaqlar amansızlıqla öldürülməyib, diri-diri yandırılmayıb... Hamilə qadının sinəsinə süngü sancılmayıb... Diri-diri insanların dərisi soyulmayıb... Ayağı güclə yer tutan ahıllara zor tətbiq edilməyib... Gənclərin əl-ayaqları bağlanaraq başları kəsilməyib...

Bütün bu insanlığa sığmayan vəhşilikləri ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədiblər. Dəhşətli soyqırım nəticəsində 613 nəfər vəhşicəsinə öldürülüb. Onlardan 106-sı qadın və ahıl insan, 63-ü azyaşlı uşaqlar idi. 8 ailə bütövlükdə qətlə yetirilib, 487 nəfər yaralanıb, 150 nəfər itkin düşüb. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Qəddarlığın ən son həddi isə 1275 nəfər dinc sakinin - qocalar, uşaqlar, qadınların əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalmasıdır. 6 min əhalisi olan Xosalı şəhəri tamamilə yandırılıb, öldürülmüş meyitlərin üzərində ermənilər sərxoş halda toy-bayram ediblər. 56 nəfər erməni cinayətkarları tərəfindən xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilib - diri-diri yandırılıb, torpağa basdırılıb, başları kəsilib, üzlərinin dərisi soyulub, körpə uşaqların gözləri çıxarılıb, süngüyə keçirilib, qadınların döşləri kəsilib, hamilələrin qarınları yarılıb, meyitləri təhqir olunub...

Ermənistandan soydaşlarımızı qovan, əzəli yurdumuz olan Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal edən, Xocalı soyqırımını törədən, kəndlərimizi viran qoyan, 1 milyon insanın məcburi köşkün həyatı yaşamasına bais olan erməni qatilləri bu gün də əvvəlki xislətlərini davam etdirir, dinc əhalini, qadını, qocanı və günahsız uşaqları hədəf alıb onları öldürürlər.

 

Məkrli erməninin hədəfi yenə də mülki əhalidir

 

 

Sentyabrın 27-dən etibarən hərbi təxribatlara başlayan işğalçı Ermənistanın faşist xislətli rejimi "ənənəsinə” sadiq qalaraq yenə də çirkin simasını göstərir, kəndlərimizi, dinc əhalini nişana almaqdan çəkinmir. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. Oktyabrın 1-nə qədər olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini artilleriyadan atəşə tutması nəticəsində ikisi uşaq olmaqla, 19 nəfər mülki şəxs həlak olub, 55 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb.

Şanlı Ordumuzla döyüş meydanında üz-üzə gəlməyə cürət etməyən düşmən Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, fərdi və çoxmənzilli yaşayış binalarını, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutaraq dağıntı və yanğınlar törədir, dinc əhalinin, eləcə də dövlətin əmlakına ciddi ziyan yetirir.

İşğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektləri atəşə tutması nəticəsində 169 yaşayış evinə, həmçinin 40 mülki obyektə külli miqdarda ziyan vurulub, eləcə də dinc sakinlərə məxsus nəqliyyat vasitələri yararsız vəziyyətə düşüb, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub.

Ermənistan bu əməlləri ilə sivil dəyərlərdən kənar, mülki insanlara və azyaşlı uşaqlara qarşı xain hücumlar törədən terrorçu ölkə olduğunu növbəti dəfə sübut etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı vurğulayıb ki, bu, erməni faşizminin eybəcər sifətini göstərir: "Biz mülki əhaliyə qarşı heç vaxt vuruşmamışıq. Əks-hücum əməliyyatı başlanan kimi mən bizim bütün komandanlara və Müdafiə Nazirliyinə göstəriş verdim ki, mülki əhaliyə qarşı heç bir addım atılmamalıdır. Bizim hədəflərimiz erməni silahlı birləşmələrinin mövqeləri, texnikası, canlı qüvvəsidir. Amma onlar bizim kəndlərimizi, şəhərlərimizi atəşə tuturlar...”

Dövlət başçısı Dağlıq Qarabağ ermənilərinə müraciətdə ordumuzun dinc əhali ilə ədavəti olmadığını dönə-dönə bildirib. Dünya da görür ki, Azərbaycan Ordusu dinc əhaliyə silah tuşlamır, bir güllə, mərmi belə atmır. Azərbaycan döyüşçüləri yad torpaqlarda deyil, öz qədim yurdunda, işğala son qoyulması, sülhün bərqərar olması uğrunda erməni terrorçularına qarşı savaşır. Artıq xalqın səbri tükənib. Ermənilərin illərlə xalqımıza qarşı törətdikləri bu qanlı cinayətlərin hesabının verilməsi zamanı çatıb. İndi haqq-ədalətin öz yerini tutacağı zamandır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu 30 ildir həsrətində olduğumuz doğma torpaqlarımızı mənfur düşməndən azad edəcək, o yerlərdə ay-ulduzlu üçrəngli bayrağımızı dalğalandıracaq.

 

Xəyalə MURADLI

Azərbaycan.-2020.- 3 oktyabr.- S.1;9.