Heç bir təzyiq Azərbaycanı
yolundan döndərə bilməz
Parlamentdə
Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən
uzaqlaşdırılması tələb edildi
"Hamımızın ürəyi cəbhə xəttində döyüşən ordumuzla döyünür. Ordumuz düşmənə qarşı uğurla əks-hücum əməliyyatı keçirir və ağır zərbələr endirir. Azərbaycan Ordusunun gücünü görən bəzi qüvvələr, vaxtilə heç nə deməyən beynəlxalq təşkilatlar indi müxtəlif bəyanatlarla çıxış edirlər. Bizə təsir göstərib haqq yolundan döndərməyə çalışırlar. Bu beynəlxalq təşkilatlara cavab olaraq Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sözlərini yada salmaq yerinə düşər: "Biz işğal altında olan torpaqlarımızı bərpa edirik. Qarabağ bizim əzəli torpaqlarımızdır. Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Demişdim ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmazsa, Azərbaycanın tam haqqı var ki, məsələ hərbi yolla öz həllini tapsın. Bu haqqı bizə Azərbaycan xalqı verib, bu haqqı bizə beynəlxalq hüquq normaları verib.
Hamımızın eyni fikri var. Ordumuzun müzəffər yürüşü sonuncu erməni əsgər torpaqlarımızdan qovulana qədər davam etməlidir. Bütün xalqımız da, biz də əminik ki, bu, belə olacaq. Bu savaş bizim qələbəmizlə başa çatacaq”.
Milli Məclisin dünənki plenar iclası parlamentin Sədri Sahibə Qafarovanın bu fikirləri ilə başladı.
ATƏT-in
Minsk qrupunun formatı dəyişdirilməlidir
İclasda Ermənistanın təxribatları nəticəsində
cəbhədə başlanan savaş və Azərbaycanın
haqq işinə təzyiqlər göstərməyə
çalışan bəzi qüvvələrin tutduğu
mövqe müzakirə mövzusu oldu. Milli Məclis Sədrinin müavini Fəzail
İbrahimli, Parlamentin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin sədri
Səməd Seyidov, İnsan hüquqları komitəsinin sədri
Zahid Oruc, Regional məsələlər komitəsinin sədri
Siyavuş Novruzov, Mədəniyyət komitəsinin sədri Qənirə
Paşayeva, deputatlardan Fazil Mustafa, Arzu Nağıyev, Sevil
Mikayılova, Kamal Cəfərov, Nigar Arpadarai, Tural Gəncəliyev,
Razi Nurullayev, Bəhruz Məhərrəmov, Şahin
İsmayılov, Naqif Həmzəyev çıxış edərək
əsgər və zabitlərimizin yanında olduqlarını,
onların xaqlımıza qələbə sevinci
yaşadacaqları günün uzaqda olmadığını
vurğuladılar.
Çıxış edənlər birmənalı olaraq
Fransanın Dağlıq Qarabağ münaqişəsinin həlli
istiqamətində tutduğu mövqeyə kəskin etiraz
bildirdilər.
Qeyd edildi ki, Fransa ATƏT-in Mİnsk qrupunun həmsədri
kimi mandatına uyğun hərəkət etmir.
Komitə
sədri Səməd Seyidov ATƏT-in Minsk qrupunun 3 həmsədr
ölkəsinin birgə bəyanatına münasibət bildirərkən
qeyd etdi ki, bu, həmsədrlər səviyyəsində deyil,
3 dövlət başçısının fikri kimi
hazırlanan bəyanat idi. Ancaq bu bəyanatlar bölgədə
sülhə töhfə verməyə xidmət etmir:
"Fransa prezidenti Emmanuel Makronun son açıqlamaları da
bu qəbildəndir. Makron deyir ki,
"Qarabağın Azərbaycan tərəfindən yenidən
ələ keçirilməsini qəbul etməyəcəyik”.
Bu, nə deməkdir?! Qarabağ
Azərbaycan torpağıdır. Azərbaycan
torpağının işğalçıdan azad olunması
Azərbaycan xalqının haqqıdır və beynəlxalq
hüququn tələbidir. Son hadisələr
göstərir ki, ATƏT-in Minsk qrupunun formatı dəyişdirilməlidir.
Fransa ATƏT-in Minsk qrupunun həmsədrliyindən
çəkilməlidir. Azərbaycanın
bu ölkə ilə münasibətlərinə yenidən
baxılmalıdır. Azərbaycanın hərbi
əməliyyatları davam etdirməsi bu cür bəyanatlara ən
yaxşı cavab olacaq”.
Digər çıxış edənlər də birmənalı
şəkildə bildirdilər ki, Fransa prezidentinin
Dağlıq Qarabağdakı vəziyyətlə
bağlı son bəyanatı qeyri-adekvatdır və heç
bir çərçivəyə sığmır. Beynəlxalq
mandata zidd olan belə bəyanatlar sülhə deyil,
balansın pozulmasına gətirib çıxarır. Fransa hökumətinin ATƏT-in Minsk qrupunun həmsədri
kimi münaqişənin sülh yolu ilə həllinə
deyil, daha da qızışdırılmasına, status-kvonun
saxlanmasına gətirib çıxaran bəyanatlar verməsi
qəbuledilməzdir. Ona görə də
Minsk qrupunun formatına yenidən baxılmalı və Fransa
bu məsələlərə özünün ciddi münasibətini
bildirməlidir.
İki
yeni medal təsis edilir
Sonra gündəlikdəki məsələlərin
müzakirəsinə başlanıldı. Milli Məclisin
Sədri Sahibə Qafarova bildirdi ki, gündəliyə
parlamentin sentyabrın 30-da keçirilən iclasında birinci
oxunuşda müzakirədən keçən 14 qanun layihəsinin
ikinci oxunuşda müzakirəsi daxil edilib.
Əvvəlcə
Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti
və dövlət quruculuğu komitəsinin sədri Əli
Hüseynli "Azərbaycan Dəmir Yollarının 140 illiyi
(1880-2020)” yubiley medalının təsis edilməsi ilə əlaqədar
"Azərbaycan Respublikasının orden və
medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik
edilməsi barədə layihəni ikinci oxunuşda müzakirəyə
təqdim etdi. Qanun layihəsinə əsasən, Azərbaycan
Dəmir Yollarının 140 illiyi ilə əlaqədar olaraq təsis
edilən yubiley medalı ilə vəzifələrini nümunəvi
icra edən, fəaliyyətində yüksək nəticələr
göstərən, dəmir yolu nəqliyyatı sahəsində
çalışan işçilər, dəmir yolu nəqliyyatı
sahəsinin inkişafında və təkmilləşdirilməsində
xüsusi xidmətləri olan şəxslər, habelə beynəlxalq
tərəfdaşlar təltif ediləcək. Qanun
layihəsi ikinci oxunuşda qəbul edildi.
"Azərbaycan
Respublikası Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
10 illiyi (2012-2022)” yubiley medalının təsis edilməsi ilə
əlaqədar "Azərbaycan Respublikasının orden və
medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik
edilməsi barədə qanun layihəsinə də ikinci
oxunuşda baxıldı. Vurğulandı ki, bu medalla həqiqi
hərbi xidmət keçən və xidməti vəzifələrini
nümunəvi yerinə yetirən zabit və gizirlər,
müddətdən artıq hərbi xidmət keçən hərbi
qulluqçular, ehtiyatda olan və istefaya buraxılmış hərbçilər,
həmin orqanda səmərəli fəaliyyət göstərən
mülki işçilər, habelə bu sahədə
xüsusi xidmətləri olan digər şəxslər təltif
ediləcəklər. Əli Hüseynli yeni təsis edilən
medalın bu sahədə fəaliyyət göstərən
insanların ruh yüksəkliyinin artırılmasında
xüsusi rolu olacağını dedi, sənədin birinci
oxunuşda müzakirəsi zamanı səsləndirilən təkliflərə
münasibət bildirdi. Layihə səsə
qoyularaq təsdiqləndi.
Övladlığa
götürülmüş, valideynlərini itirmiş
uşaqların təhsil haqlarını dövlət ödəyəcək
İclasda Şəhərsalma və Tikinti Məcəlləsində
dəyişiklik edilməsi haqqında qanun layihəsi də
müzakirə edildi. Bildirildi ki, Azərbaycan Prezidenti 28 dekabr
2018-ci ildə tikinti obyektlərində tikintiyə icazə və
obyektin istismarına icazə verilməsinin sadələşdirilməsi
ilə bağlı tədbirlər haqqında Fərman
imzalayıb. Tikintiyə dövlət nəzarəti
prosedurlarında nəzərdə tutulan sadələşdirmələrlə
əlaqədar müvafiq qanunların təkmilləşdirilməsi
ilə əlaqədar təkliflərin hazırlanması barədə
Nazirlər Kabinetinə tapşırıq verilib. Təqdim edilən qanun layihəsi həmin təkmilləşdirilməyə
dair təklifləri nəzərdə tutur. Qanun layihəsi ikinci oxunuşda təsdiqləndi.
"Dövlət rüsumu haqqında” qanuna təklif
edilən dəyişikliklər də ikinci oxunuşda təsdiq
edildi. Qanun
layihəsinə təklif olunan dəyişikliklər minik
avtomobillərinin özgəninkiləşdirilməsi
haqqında müqavilələrin dövlət qeydiyyatına
alınmasına görə dövlət rüsumunun məbləğinin
hər il üçün təsdiq
olunması mexanizmindən imtina olunmasını və rüsumların
daimi olaraq müəyyən edilməsini nəzərdə
tutur.
Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov
"Vergi Məcəlləsində dəyişiklik edilməsi
haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim etdi. Bildirildi ki, qanun
layihəsi daimi qulluq tələb edən sağlamlıq
imkanları məhdud uşağa və ya birinci dərəcə
əlilliyi olan şəxsə baxan, onunla birlikdə
yaşayan valideynin, arvadın (ərin), himayəçinin və
ya qəyyumun gəlirlərinin gəlir vergisindən azad olunan
hissəsinin artırılaraq 200 manat məbləğində
müəyyən edilməsini, güzəşt tətbiq
olunan kateqoriyaya sağlamlıq imkanları məhdud
uşaqları övladlığa götürən şəxslərin
də aid edilməsini nəzərdə tutur. Deputat sənədin birinci oxunuşda müzakirəsindən
sonra heç bir təklif və ya iradın qeydə
alınmadığını vurğuladı.
Milli Məclisin
Ailə, qadın və uşaq məsələləri komitəsinin
sədri Hicran Hüseynova və deputat Məlahət
İbrahimqızı da bu qanun layihəsi ilə bağlı
fikirlərini bildirdilər. Layihə təsdiq
edildi.
Parlamentin
Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev
"Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə
məsələ ilə bağlı bildirdi ki, layihə
"Övladlığa götürmə sahəsində idarəetmənin
təkmilləşdirilməsi ilə bağlı tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10
dekabr tarixli 393 nömrəli Fərmanına uyğun olaraq
hazırlanıb. Düzəliş
övladlığa götürülən uşaqların təhsil
xərclərinin dövlət vəsaiti hesabına ödənilməsini
ehtiva edir. Bu, ölkəmizdə övladlığa
götürməni, xüsusilə az və
orta təminatlı ailələr tərəfindən valideyn
himayəsindən məhrum olan uşaqların
övladlığa götürülməsini təşviq edəcək.
Deputatlardan Əli Məsimli, Məlahət
İbrahimqızı və Kəmaləddin Qafarov qanun layihəsi
ilə bağlı fikirlərini bildirdilər, valideyn himayəsindən
məhrum olan uşaqlarla bağlı dövlətin üzərinə
götürdüyü vəzifələri yüksək
humanistlik kimi dəyərləndirdilər. Layihə
ikinci oxunuşda qəbul edildi.
Milli Məclisin
Ailə, qadın və uşaq məsələləri komitəsinin
sədri Hicran Hüseynova "Valideynlərini itirmiş və
valideyn himayəsindən məhrum olmuş uşaqların
sosial müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi
barədə (ikinci oxunuş) layihəni şərh edərkən
vurğuladı ki, bu qanun layihəsi də valideyn himayəsindən
məhrum olmuş uşaqların övladlığa
götürülməsinin stimullaşdırılması məqsədi
daşıyır. Təklif olunan dəyişikliklərə əsasən,
övladlığa götürülmüş
uşaqların dövlət, bələdiyyə və özəl
ali və orta ixtisas təhsili müəssisələrində
və ali məktəblərin magistratura səviyyəsində
ödənişli əsaslarla təhsil aldıqları
müddətdə təhsil haqqının dövlət
hesabına ödənilməsi nəzərdə tutulur. Komitə sədri bildirdi ki, birinci oxunuşda
müzakirələr zamanı heç bir təklif qeydə
alınmayıb. Qanun layihəsi təsdiqləndi.
Pedaqoji fəaliyyətinə
qadağa qoyulan şəxsləri işə götürənlər
cərimələnəcək
"Sosial
müavinətlər haqqında” qanuna təklif olunan dəyişikliklərlə
bağlı qanun layihəsini şərh edən parlamentin
Əmək və sosial siyasət komitəsinin üzvü
İlham Məmmədov bildirdi ki, bu layihə də
"Övladlığa götürmə sahəsində idarəetmənin
təkmilləşdirilməsi ilə bağlı tədbirlər
haqqında” Prezidentin 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanına
uyğun olaraq, valideyn himayəsindən məhrum olmuş
uşaqların övladlığa götürülməsini
stimullaşdırmaq və uşaqları övladlığa
götürən ailələri dəstəkləmək məqsədilə
hazırlanıb.
Deputat
birinci oxunuşda müzakirədən sonra heç bir irad və
təklifin səsləndirilmədiyini dedi və layihə səsə
qoyularaq ikinci oxunuşda da təsdiqləndi.
Deputat İlham Məmmədov həmçinin Əmək,
Cinayət və İnzibati Xətalar məcəllələrinə,
"Uşaq hüquqları haqqında” qanuna təklif edilən
dəyişiklikləri də ikinci oxunuşda təqdim etdi. Bildirdi ki,
layihə "Gənclər siyasəti haqqında” qanuna
uyğunlaşdırma xarakteri daşıyır. Layihə səsvermə yolu ilə təsdiq edildi.
Qısa
müzakirədən sonra Azərbaycan Respublikasının
Mülki Prosessual Məcəlləsində, Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan
Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində,
"Yerli (bələdiyyə) vergilər və ödənişlər
haqqında” və "Nağdsız hesablaşmalar
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə və Azərbaycan
Respublikasının Vergi Məcəlləsində dəyişiklik
edilməsi haqqında qanun layihələri də ikinci
oxunuşda təsdiq edildi.
Əmək və sosial siyasət komitəsinin üzvü İlham Məmmədov Əmək Məcəlləsində, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, "Təhsil haqqında”, "Məktəbəqədər təhsil haqqında”, "Peşə təhsili haqqında”, "Əlilliyi olan şəxslərin hüquqları haqqında” və "Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim etdi. Birinci oxunuşdan sonra layihə üzərində heç bir düzəlişin aparılmadığı diqqətə çatdırıldı. Qanun layihəsi səsə qoyularaq təsdiqləndi.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini ikinci oxunuşda təqdim edərkən vurğuladı ki, məcəlləyə yeni 192.12-ci maddə əlavə olunur. Əlavəyə əsasən, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlanılmasına görə vəzifəli şəxslər üç min manat məbləğində cərimə ediləcəklər. Layihə səsə qoyularaq qəbul edildi.
Gündəliyin sonuncu məsələsi olan "Publik hüquqi şəxslər haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihəni Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim etdi. Qeyd edildi ki, təklif olunan dəyişikliyə əsasən, publik hüquqi şəxsin təsisçisi onun strukturu və işçilərin say həddi ilə yanaşı, əməkhaqqı fondunun həcmini də təsdiq edəcək. Layihə ikinci oxunuşda təsdiqləndi.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.-2020.- 3 oktyabr.- S.2.