İraq bölgədəki gərgin vəziyyətdən narahatdır

 

Oktyabrın 2-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla İraqın Xarici İşlər naziri Fuad Hüsseyn arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Fuad Hüsseyn bölgədəki gərgin vəziyyətlə bağlı narahatlığını ifadə edib və hazırkı durumla maraqlanıb.

Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələri tərəfindən sentyabrın 27-də Ermənistanın bütün cəbhə xətti boyu Azərbaycana qarşı iriçaplı silahlar və artilleriya qurğularından istifadə edərək həyata keçirdiyi yeni təcavüz aktına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin əks həmlələr həyata keçirdiyini qarşı tərəfin diqqətinə çatdırıb. Ermənistanın ənənəvi olaraq beynəlxalq humanitar hüququ kobud şəkildə pozduğu, azərbaycanlı mülki əhali və infrastrukturu atəşə tutduğu, nəticədə mülki insanlar arasında itkilərin olduğu barədə İraq Xarici İşlər nazirinə məlumat verilib. Davamlı sülh və təhlükəsizliyə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının qətnamələri başda olmaqla, beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin yerinə yetirilməsinin zəruriliyi vurğulanıb.

 

Azərbaycan.-2020.- 3 oktyabr.- S.3.